Məhkəmə qərarları › İş №e-2(005)-1678/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1678/2024

04.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1678/2024 04.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Ərizəçi vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə, “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə, “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs oğlu ilə Qasımova (Soltanova) Şərqiyyə Çingiz qızı arasında xx.xx.2022-ci il tarixli bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4073/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə (hakim S.Ədilova) əsasən, Maraqlı şəxs oğlu ilə Qasımova (Soltanova) Şərqiyyə Çingiz qızı arasında xx.xx.2015-ci il tarixdə Səadət Sarayı Bakı nikah evi tərəfindən qeydə alınmış və 72 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, xx.xx.2015-ci il təvəllüdlü X4 oğlu iddiaçı (anası) Qasımova (Soltanova) Şərqiyyə Çingiz qızının himayəsində saxlanılması qət edilmişdir. Sözügedən məhkəmə qətnaməsinə əsasən, xx.xx.2015-ci il təvəllüdlü X4 oğlunun saxlanılması üçün alimentin ödənilməsi məsələsi məhkəmə qətnaməsi ilə müəyyən edilməmişdir və məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, 5 saylı Mediasiya Təşkilatının xx.xx.2022-cı il tarixli barışıq sazişinə əsasən, tərəf Qasımova Şərqiyyə Çingiz qızı uşağın ananın himayəsində qalması, alimentin məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi ilə bağlı mediasiya müraciət etmişdir. Barışıq Sazişini imzalamaqla tərəflər öz aralarında razılığa gəldiklərinə dair qərar vermişlər. Razılığa əsasən, tərəflər övladları olan X4 oğlunun üdülləvət) xx.xx.2016-cı il) ana Şərqiyyə Çingiz qızının himayəsində qalmasını razılaşdılar; Tərəflər övladlarının maddi ehtiyaclarının ödənilməsi üçün ata Maraqlı şəxs hər ay stabil olaraq 600,0 (altı yüz) manat olmaqla aliment məbləğinin ödənişini həyata keçirəcək. Vəsait hər ayın sonuncu həftəsində Qasımova Şərqiyyə Çingiz qızının adına açılacaq kart və ya bank hesabına ödəniləcək. Vəsait 2022-ci ilin ayından sonuncu həftəsindən etibarən ödəniləcək; Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri məcburi icrası üçün məhkəmə, icra və probasiya şöbəsinə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə, icra və probasiya şöbəsinə və ya notariusa müraciət edərsə, həmin sazişin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə düzəliş və ya əlavələr edilə bilməz. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasıya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər xx.xx.2015-ci ildə nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X4 oğlu doğulmuşdur. Sonradan tərəflərin münasibətləri pisləşmiş, faktiki olaraq birgə yaşamırlar, onların arasında ər-arvad münasibətlərinə son qoyulmuşdur, ümumi təsərrüfat aparmırlar, tərəflər mediasiya prosesində nikahın pozulmasına, uşaqların himayəsi və aliment məsələsinə dair razılığa gəlmişlər. Hazırda isə, sözügedən Barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. Belə ki, cavabdeh Maraqlı şəxs oğlu Barışıq sazişindən irəli gələn tələbləri zaman-zaman icra etmir və ya qismən icra edir. Məhkəmə iclasında Ərizəçi vəkili Vəkil ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 4073/2022 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Qasımova (Soltanova) Şərqiyyə Çingiz qızı arasında xx.xx.2015-ci il tarixdə Səadət Sarayı Bakı nikah evi tərəfindən qeydə alınmış və 72 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X1 (anası) Qasımova (Soltanova) Şərqiyyə Çingiz qızının himayəsində saxlanılması qət edilmişdir. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişinin məzmunundan görünür ki, tərəflər aşağıda göstərilən tələblər üzrə göstərilən şərtlərlə razılığa gəldilər: 2.1. Tərəflər öhdəlik götürür ki, gələcəkdə bir-birilərinə qarşı heç bir şiddət göstərməyəcək, bir-birilərinin şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməyəcəklər; 2.2. Tərəflər Sazişin şərtləri pozulduğu təqdirdə, şərəf və ləyaqətin alçaldılmasına təhrik gördükləri, Barışıq Sazişinin şərtlərini yerinə yetirmədikləri halda Məhkəməyə müraciət etmək hüququna malik olduqlarını razılaşdırırlar; 2.3. Tərəflər övladları olan X1 (təvəllüdü xx.xx.2016-cı il) ana Ərizəçi himayəsində qalmasını razılaşdılar; 2.4. Tərəflər övladlarının maddi ehtiyaclarının ödənilməsi üçün ata Maraqlı şəxs hər ay stabil olaraq 600,0 (altı yüz) manat olmaqla aliment məbləğinin ödənilməsini həyata keçirəcək. Vəsait hər ayın sonuncu həftəsində Ərizəçi adına açılacaq kart və ya bank hesabına ödəniləcək. Vəsait 2022-ci ilin sentyabr ayından sonuncu həftəsindən etibarən ödəniləcək. 2.5. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.6. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə, icra və probasiva şöbəsinə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə, icra və probasiva şöbəsinə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir; 2.7. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notariusun icra qeydinə əsasən həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən,. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-ci maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin qanunun 34.4-cü maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, bu baxımdan məhkəmə hesab edir ki, mediator X2 tərəfindən təsdiq edilən tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış barışıq sazişinin 3-cü bəndi qeyd olunmuş şərtlərlə təsdiq olunmalıdır. Belə ki, hazırda ərizəçi barışıq sazişinin 2.4-cü bəndinin maraqlı şəxs tərəfindən icra edilməsini xahiş edir, həmin hissədə maraqlı şəxs tərəfindən üzərinə götürülmüş öhdəliyin icra edilmədiyini bildirir. Bu səbəbdən də, məhkəmə barışıq sazişini yalnız həmin hissədə təsdiqləməyi əsaslı hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixli Barışıq sazişinin 2.4-cü bəndində qeyd edilən “tərəflər övladlarının maddi ehtiyaclarının ödənilməsi üçün ata Maraqlı şəxs hər ay stabil olaraq 600 (altı yüz) manat olmaqla aliment məbləğinin ödənilməsini həyata keçirəcək. Vəsait hər ayın sonuncu həftəsində Ərizəçi adına açılacaq kart və ya bank hesabına ödəniləcək. Vəsait 2022-ci ilin sentyabr ayından sonuncu həftəsindən etibarən ödəniləcək” hissəsi təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixdən başlayaraq hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar