Məhkəmə qərarları › İş №e-2(005)-171/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-171/2024

10.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-171/2024 10.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Süleymanova Aysel Qurban qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzillərin təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında tikilmiş binanın 1-ci mərtəbəsində ümumi sahəsi 220 kv.m olan qeyri yaşayış sahəsi, ünvan 1 ünvanında tikilmiş 6 bloklu binanın 1-ci blok, 10-cu mərtəbəsində ümumi sahəsi 75 kv.m olan 2 otaqlı mənzil, ünvan 1 ünvanda tikilmiş 6 bloklu binanın 1-ci blok, 4cü mərtəbəsində, ümumi sahəsi 80 kv.m olan 2 otaqlı mənzilin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi vəzifələrinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MTK arasında Kooperativ binada mənzil tikintisi haqqında müxtəlif tarixli müqavilələr bağlanmışdır. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il 15 nömrəli müqaviləyə əsasən satıcı ünvan 1 ünvanında tikdiyi 6 bloklu binanın 1-ci blok, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 75 kv.m olan 2 otaqlı mənzili alıcıya satmağı, alıcı isə həmin mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh MTK tərəfindən İddiaçı verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, o, ünvan 1 ünvanında yerləşən 6 bloklu binanın 1-ci blok, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 75 kv.m olan 2 otaqlı mənzilin ümumi dəyəri 90 000 manat olan pulu tam ödəmişdir, borcu yoxdur. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli 16 nömrəli müqaviləyə əsasən satıcı ünvan 1 ünvanında tikdiyi 6 bloklu binanın 1-ci blok, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 80 kv.m olan 2 otaqlı mənzili alıcıya satmağı, alıcı isə həmin mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MTK tərəfindən İddiaçı verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, o, ünvan 1 ünvanında yerləşən 6 bloklu binanın 1-ci blok, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 80 kv.m olan 2 otaqlı mənzilin ümumi dəyəri 96 000 manat olan pulu tam ödəmişdir, borcu yoxdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 171/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə “ünvan 1 ünvanında tikilmiş binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinin ayrıca icraata ayrılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmiş, eyni zamanda məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsinə dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddəyə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qiyabi icraat qaydasında təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 16 saylı müqavilədən görünür ki, alıcı Cavabdeh MTK-nın ünvan 1 ünvanında tikəcəyi koorperativin yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbəsində 2 otaqlı mənzil üçün Cavabdeh Kooperativinə müraciət edir, kooperativ isə qeyd edilən ümümi sahəsi 80 kv.metr təşkil edən mənzili verməyi öhdəsinə götürür. Mənzilin hər bir kv.metr sahəsinin ilkin dəyəri 1200 manatdır. Müqavilənin ümumi məbləği 96000 manat təşkil edir; - Cavabdeh MTK-nın maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən Cavabdeh MTK-ya məxsus binanın 1-ci giriş, 4-cü mərtəbəsində, sahəsi 80 kv.m olan, 2 otaqlı mənzilin pay dəyəri olan 96000 manat məbləğində pul payçı İddiaçı tərəfindən tam ödənilmiş, MTK-ya borcu yoxdur; - Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 15 saylı müqavilədən görünür ki, alıcı Cavabdeh MTK-nın ünvan 1 ünvanında tikəcəyi koorperativin yaşayış binasının 1-ci giriş, 10-cu mərtəbəsində 2 otaqlı mənzil üçün Cavabdeh Kooperativinə müraciət edir, kooperativ isə qeyd edilən ümümi sahəsi 75 kv.metr təşkil edən mənzili verməyi öhdəsinə götürür. Mənzilin hər bir kv.metr sahəsinin ilkin dəyəri 1200 manatdır. Müqavilənin ümumi məbləği 90000 manat təşkil edir; - Cavabdeh MTK-nın maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən Cavabdeh MTK-ya məxsus binanın 1-ci giriş, 10-cu mərtəbəsində yerləşən sahəsi 75 kv.m olan, 2 otaqlı mənzilin pay dəyəri olan 90000 manat məbləğində pul payçı İddiaçı tərəfindən tam ödənilmiş, MTK-ya borcu yoxdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 16 saylı müqaviləyə əsasən ünvan 3 ünvanında, 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1 blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv.metr olan 2 otaqlı mənzil və xx.xx.2018-ci il tarixli, 15 saylı müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 10-cu mərtəbəsində yerləşən 2 otaqlı mənzilin tam dəyəri müqavilədə müəyyən edilmiş həcmdə və qaydada ödənildikdən sonra verilməsi şərtləndirilmişdir. İddiaçı tərəfindən mənzillərin dəyəri tam şəkildə ödənilmiş və müqavilə üzrə öhdəlikləri icra edilmiş, lakin mənzil iddiaçıya təhvil verilməmişdir. Hazırda iddiaçı mənzillərin təhvil verilməsi öhdəliyinin icrasının cavabdehin üzərinə qoyulmasını xahiş edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425-ci maddəsi). Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 165-ci maddəsinə uyğun olaraq, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir (Mülki Məcəllənin 178.8-ci maddəsi) Eyni Məcəllənin 752.1 və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. İddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə uyğun olaraq isə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Hazırki işdən göründüyü kimi, satıcı Cavabdeh MTK mənzili tikib alıcıya təhvil verməyi, alıcı İddiaçı isə öz növbəsində mənzilin dəyərini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin İddiaçı tərəfindən müqavilə üzrə öhdəliyinin tam şəkildə icra edilməsinə baxmayaraq, cavabdeh mənzilin iddiaçıya təhvil verilməsində maneəçilik törətmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Halbuki iddiaçının həmin mənzilə dair hüquqi şəxslə bağladığı müqavilə qüvvədədir, onun etibarsız olması və ya ləğv edilməsinə dair hər hansı bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, cavabdeh hüquqi şəxs müqavilə üzrə yaranmış öhdəliklərini icra etməlidir. Qeyd olunduğu kimi, həmin müqavilə tərəflərin əqdləri bağlamaqda əsas götürülən iradə sərbəstliyi prinsipləri çərçivəsində mülki qanunvericiliyin normalarına uyğun bağladıqları qarışıq (əsasən podrat) müqavilədir və həmin müqavilə çərçivəsində sifarişçi kimi çıxış edən iddiaçı üzərinə düşən vəzifələri yerinə yetirərək mənzilin dəyərini tam ödəmiş, MTK isə mənzili tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərarında ifadə olunmuş mövqeyinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Eyni zamanda, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Haqverdiyev Azərbaycana qarşı” 29 yanvar 2015-ci il tarixli və “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarlarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Göründüyü kimi, iddiaçının müqavilədə verilməsi öhdəliyi nəzərdə tutulmuş mənzilə münasibətdə sahiblik və istifadə hüququ yaranmaqla yanaşı, mülkiyyət hüququna dair qanuni gözləntisi də yaranmışdır. Həmçinin qeyd olunmalıdır ki, Mülki Məcəllənin 5.3 və 6.1.5-ci maddələrinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Müqavilə şərtlərinin məcburiliyinə və icra edilməli olması tələbinə əsaslanaraq hazırki iş üzrə tərəflər, aralarında bağlanmış müqavilə üzrə razılaşdırılmış şərtlər əsasında öz öhdəliyini icra etməlidirlər. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçının pay haqqını verdiyi mənzilə sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehin mənzili iddiaçıya təhvil verməkdən yayınması qanunsuz olmuşdur. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq, razılaşdırılmış mənzili tələb etmək iddiaçının hüququdur, mənzili iddiaçıya təhvil vermək isə cavabdeh MTK-nın vəzifəsidir. Hazırki iş üzrə cavabdeh mənzili iddiaçıya təhvil vermək öhdəliyini yerinə yetirmək vəzifəsi daşımasına baxmayaraq, müqavilənin bağlanmasından xeyli müddət keçsə də öz öhdəliklərini tam şəkildə icra etməmiş, öz öhdəliklərinin icrasından yayınmışdır. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün əsaslıdır. İddiaçının izahatına və iş materiallarına əsasən mübahisələndirilən mənzillər iddiaçıya təhvil verilmədiyindən, qeyd edilən normalar hazırki mübahisəyə tətbiq edilməli və cavabdeh tərəfindən öz öhdəliyinin icrası vəzifəsi onun üzərinə qoyulmalıdır. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 4 ünvanında inşa edilmiş 6 bloklu, çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv.metr olan 2 otaqlı mənzil və həmin binanın 1-ci giriş, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 75 kv. metr olan 2 otaqlı mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 4 ünvanında inşa edilmiş 6 bloklu, çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 4cü mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv.metr olan 2 otaqlı mənzil və həmin binanın 1-ci giriş, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 75 kv. metr olan 2 otaqlı mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar