Məhkəmə qərarları › İş №e-2(005)-2034/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2034/2023

27.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2034/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil1, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs göstərilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində göstərilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı şəhəri 16 saylı Mediasiya təşkilatının mediatoru X2 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti ünvanda yerləşən ümumi sahəsi 5,2 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 2825 kv.m. olan 240 çarpayılıq xəstəxananın, Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti, ev 111, 16 saylı mənzilin, Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti, 113 saylı ünvanda yerləşən qeyriyaşayış sahəsinin 38.1 kv.m hissəsinin, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasını və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisı, 2074 saylı bağ evinin Ərizəçi ilə Maraqlı şəxs arasında ½ hissədə payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs xx.xx.1994-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikah xx.xx.2019-cu il tarixdə birgə ərizələri əsasında Nərimanov rayon Qeydiyyat şöbəsində pozulmuşdur. Birgə nikah dövründə Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti ünvanda yerləşən ümumi sahəsi 5.2 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 2825 kv.m. olan 240 çarpayılıq xəstəxananı, Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti, ev 111, 16 saylı mənzili, Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti, ev 113 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 38.1 kv.m hissəsini, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasını və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisı, 2074 saylı bağ evini birgə nikahda olduqları müddət ərzində birgə qazancları hesabına əldə etmişlər. Bakı şəhəri 16 saylı Mediasiya təşkilatında, mediasiya prosessi zamanı əmlaklarda onların hər birinin ½ hissədə payının müəyyən edilməsi ilə bağlı razılığa gəlmiş və bunla bağlı xx.xx.2023-cü il tarixdə barışıq sazişi tərtib edilərək, təsdiq olunmuşdur. “Barışıq sazişi”nin 7-ci bəndinə əsasən tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil1 yuxarda qeyd edilən məzmunda izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, X1 vaxt olmadığı üçün barışıq sazişin icrasında iştirak edə bilməmiş, həmçinin ərizənin təmin edilməsinə etiraz etmədiklərini qeyd etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəməyə təqdim edilmiş, “birinci tərəf” Ərizəçi ilə “ikinci tərəf” X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-00647 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: -Ərizəçi adına olan, Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti ünvahda yerləşən ümumi sahəsi 5.2 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahısi 2825 kv.m olan 240 çarpayılıq xəstəxananın yarımçıq tikilisini 1/2 hissəsinə Ərizəçi digər 1/2 hissəsinə Maraqlı şəxs payı müəyyən edilsin; -Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti, ev 111, 16 saylı mənzilin 1/2 hissəsinə Ərizəçi digər 1/2 hissəsinə Maraqlı şəxs payı müəyyən edilsin; -Bakı şəhəri Nərimanov rayonu, X7 prospekti, ev 113 saylı ünvanda yerləşən qeyri yaşayış sahəsinin 38.1 kv.m hisəsinin 1/2 hissəsinə Ərizəçi digər 1/2 hissəsinə Maraqlı şəxs payı müəyyən edilsin; -ünvan 7 ünvanda yerləşən qeyri yaşayış binasının 1/2 hissəsinə Ərizəçi digər 1/2 hissəsinə Maraqlı şəxs payı müəyyən edilsin; -Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisi, 2074 saylı bağ evinin ½ hissəsinə Ərizəçi digər ½ hissəsinə Maraqlı şəxs payı müəyyən edilsin; Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan xx.xx.2023-cü il tarixli, MŞB/16-00647 nömrəli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/16-00647 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-00647 nömrəli aşağıda qeyd edilən məzmunlu barışıq sazişi təsdiq edilsin: - Ərizəçi adına olan, Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti ünvahda yerləşən ümumi sahəsi 5.2 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahısi 2825 kv.m olan 240 çarpayılıq xəstəxananın yarımçıq tikilisini 1/2 hissəsinə Ərizəçi, digər 1/2 hissəsinə Maraqlı şəxs payı müəyyən edilsin; - Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti, ev 111, 16 saylı mənzilin 1/2 hissəsinə Ərizəçi, digər 1/2 hissəsinə Maraqlı şəxs payı müəyyən edilsin; - Bakı şəhəri Nərimanov rayonu, X7 prospekti, ev 113 saylı ünvanda yerləşən qeyri yaşayış sahəsinin 38.1 kv.m hisəsinin 1/2 hissəsinə Ərizəçi, digər 1/2 hissəsinə Maraqlı şəxs payı müəyyən edilsin; - ünvan 7 ünvanda yerləşən qeyri yaşayış binasının 1/2 hissəsinə Ərizəçi, digər 1/2 hissəsinə Maraqlı şəxs payı müəyyən edilsin; - Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisi, 2074 saylı bağ evinin ½ hissəsinə Ərizəçi, digər ½ hissəsinə Maraqlı şəxs payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar