Məhkəmə qərarları › İş №e-2(005)-212/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-212/2023

08.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-212/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın üzərinə Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov 57 ünvanında tikilən binadan müqavilə üzrə 1-ci blok, 10-cu mərtəbə, 3 otaqlı, sahəsi 110 kvm olan 64 №li mənzil; 1-ci blok, 10-cu mərtəbə, 1 otaqlı, sahəsi 74 kvm olan 70 №li mənzil; 1-ci blok, 9-cu mərtəbə, 1 otaqlı, sahəsi 74 kvm olan mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında ünvan 2 ünvanında tikilən binadan mənzillərin alqı-satqısına dair aşağıdakı müqavilələr bağlanmış və dəyəri tam həcmdə ödənilmişdir: 1) xx.xx.2018-ci il tarixli 15 saylı müqavilə: 1-ci blok, 10-cu mərtəbə, 3 otaqlı, sahəsi 110 kvm olan 64 №li mənzil. Dəyəri 132000 manat; 2) xx.xx.2018-ci il tarixli 16 saylı Müqavilə: 1-ci blok, 10-cu mərtəbə, 1 otaqlı, sahəsi 74 kvm olan 70 №li mənzil. Dəyəri 88800 manat; 3) xx.xx.2018-ci il tarixli 17 saylı Müqavilə: 1-ci blok, 9-cu mərtəbə, 1 otaqlı, sahəsi 74 kvm olan mənzil. Dəyəri 88800 manat; Tərəflər arasında bağlanmış Müqavilələrə əsasən mənzillərin dəyəri iddiaçı tərəfindən tam həcmdə ödənilmişdir. Lakin bu günədək mənzillər təhvil verilməmiş, iddiaçının hüquqları pozulmuşdur. İddiaçı dəfələrlə cavabdeh MMC-yə mənzillərin ona təhvil verilməsi, müqavilə üzrə öhdəliklərini icra etməsi barədə bildirsə də, bir nəticə əldə olunmamışdır. İddiaçı faktiki olaraq ona məxsus olan, dəyərini tam ödədiyi mənzilləri təhvil ala bilmir, onlara sahiblik etmək və istifadə etmək imkanından məhrumdur. Bu səbəbdən hazırda mənzillərin təhvil verilməsi öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirakı məhkəmə tərəfindən təmin edilərək Bakı İstintaq Təcridxanasından gətirilən Cavabdeh nümayəndəsi X4 izahatında bildirdi ki Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov 57 ünvanında tikilən binadan müqavilə üzrə 1-ci blok, 10-cu mərtəbə, 3 otaqlı, sahəsi 110 kvm olan 64 №li mənzili X1. Bu mənzilə dair İddiaçı ilə bağladığı müqavilə yalan əqdir. Mənzili İddiaçı satmaq niyyəti olmamışdır. İddiaçı ilə bağlanmış digər iki əqd isə həmin əqdlərdə göstərilmiş hüquqi nəticələri yaratmaq niyyəti ilə bağlanmış, yalan əqdlər deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli 15 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov 57 ünvanında tikilən binanın 1-ci blok, 10-cu mərtəbə, 3 otaqlı, sahəsi 110 kvm olan 64 №li mənzili 132000 manata; xx.xx.2018ci il tarixli 16 saylı müqaviləyə əsasən həmin binanın 1-ci blok, 10-cu mərtəbə, 1 otaqlı, sahəsi 74 kv.m olan 70 №li mənzili 88800 manata; xx.xx.2018-ci il tarixli 17 saylı müqaviləyə əsasən yenə həmin binanın 1-ci blok, 9-cu mərtəbə, 1 otaqlı, sahəsi 74 kvm olan mənzili 88800 manata alınması barədə İddiaçı və Cavabdeh arasında müqavilə imzalanmışdır. xx.xx.2018-ci il tarixli, 15, 16 və 17 saylı müqavilələrə aid maliyyə arayışlarından aydın olur ki, İddiaçı qeyd edilən müqavilələr üzrə Cavabdehnə heç bir borcu yoxdur. Məhkəmə vurğulayır ki, istənilən bir tələb barəsində iddia qaldırıldıqda məhkəmənin üzərinə düşən ən əsas və vacib vəzifə həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Pozulmuş hüquqların bərpasını təmin etmək vəzifəsini daşıyan məhkəmə bunu tərəflərin həmin tələbə dair hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil sürətdə müəyyən etmək səlahiyyətinə malikdir. Hüququn pozulub-pozulmaması da qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu nöqteyi-nəzərdən müqaviləyə istinad edilərək, hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, həmin müqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsinə zərurət yaranır. Belə ki, müqaviləyə istinad edilərək, irəli sürülən tələbin hüquqi əsasının olub-olmaması ilk növbədə istinad olunan müqavilənin etibarlı olub-olmamağından asılıdır və tələbin əsaslandığı müqavilənin etibarsız olması, həmin müqavilə üzrə tələb hüququnun yaranmadığını göstərir. Hazırki vəziyyətdə də bu barədə tələb olmadığı halda belə, müqavilə üzrə tələb hüququnun yaranıb-yaranmamasını, yəni müqavilənin etibarlıolubolmamasını müəyyən etmək üçün onun etibarlı olub-olmamasına hüquqi qiymət verilməlidir. Başqa sözlə, müqavilənin etibarlı olub-olmaması məsələsinə bu barədə tələbin olub-olmamasından asılı olmayaraq hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının “alıcı” kimi göstərildiyi müqavilə cavabdehin Nizamnaməsinə əsasən belə müqavilələri bağlamaq səlahiyyətinə malik olan və həmin müqavilələr imzalanan zaman Cavabdeh MTK-nın sədri olan Məhəmmədov T.B tərəfindən imzalanmış və MTK-nın möhürü ilə təsdiq edilmişdir. Ona həmin müqavilədə göstərilən əmlakın dəyərinin ödənilməsini təsdiq edən və yenə də buna səlahiyyətli olan MTK-nın sədri tərəfindən imzalanmış və MTK-nın möhürü ilə təsdiq edilmiş maliyyə arayışı verilmişdir. Bu baxımdan tərəflər arasında “alqı-satqı” Müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Məhkəmə qeyd edir ki, mənzilin başqa şəxslərə satılması etimalının olması mənzilin iddiaçıya təhvil verilməməsi üçün nəinki əsas ola bilməz, ümumiyyətlə heç əsas kimi nəzərdən keçirilə bilməz. Mülki işin materiallarından və tərəflərin izahatından müəyyən edilir ki, tərəflər arasında mənzil alqı-satqısına dair müqavilələr bağlanmışdır. Müqaviləyə əsasən satıcı olan cavabdeh sözügedən mənzilləri iddiaçıya təhvil verməyi, alıcı olan iddiaçı isə öz növbəsində müqavilələr üzrə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edlir ki, alıcı öz öhdəliyini lazımınca yerinə yetirmişdir. Lakin cavabdeh tərəfindən müqavilələrin predmeti olan mənzilləri iddiaçıya təhvil verilməmiş, müqavilə öhdəliklərinin icrasına yönələn heç bir hərəkət etməmişdir. Belə olan halda iddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh MTK-nın nümayəndəsi X4 İddiaçı yoldaşı ilə aralarında pul münasibətlərinin olmasını; məhz bu səbəbdən ünvan 3 ünvanında 10-cu mərtəbədə yerləşən ümumi sahəsi 109,0 kv.m olan 3 otaqlı mənzil barədə yalan əqd bağladığını bildirsə də, bu hallara dəlalət edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə həmçinin cavabdehin iddianı qismən etiraf etməsi və İddiaçı ilə Cavabdeh MTK arasında bağlanan üç müqavilədən ikisinin həqiqi, birinin yalan olması ilə bağlı izahatına münasibət bildirərək qeyd edir ki, cavabdehin qismən etirafı işin hər hansı halı ilə sübut olunmadığından əsassızdır. N.Hacıyevin iddianı qismən etməsi, İddiaçı hüquqlarını və qanunla qorunan mənafeyini pozur. Digər tərəfdən məhkəmə qeyd edir ki, N.Hacıyevin M.Xəlilov tərəfindən ona qarşı edilən hədənin nədən ibarət olmasını izah edə bilməmiş; bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməmiş, eyni zamanda, cavabdehlə bağlanmış müqavilənin etibarsızlığını mülki mühakimə icraatı qaydasında mübahisələndirməmişdir. Məhkəmə cavabdehin nümayəndəsi N.Hacıyev barəsində Azərbaycan Respublikası Prokurorluğunun Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işinin aparılmasını, barəsində məhkəmə tərəfindən “həbs” qətimkan tədbiri seçilməsini; X2 həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını; həmçinin cavabdehin nümayəndəsinin bildirdiyi halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etmədiyini nəzərə alaraq, məhkəmə prosesi zamanı verdiyi izahatı məsuliyyətdən yayınmaq, istintaq orqanının zərərçəkmiş şəxs qismində tanıdığı şəxslə barışmaq cəhdi kimi qiymətləndirir və mötəbər sübut növü hesab etmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Azərbaycan Respublikasının MPM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının MPM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının MPM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanılmış müqavilə üzrə iddiaçı tərəf öz öhdəliklərini icra etdiyi halda qarşı tərəf müqavilənin icrasına yönələn hərəkətlər etməmiş, müqavilə öhədliklərinin icra edilməsi ilə bağlı iddiaçılar tərəfindən edilən müraciətlərə cavab verilməmişdir. Mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməlidir. Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MTK-nın ünvan 3 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1ci blok, 10-cu mərtəbə, 3 otaqlı, sahəsi 110 kv.m. olan 64 №li mənzilin; 1-ci blok, 10-cu mərtəbə, 1 otaqlı, sahəsi 74 kv.m. olan 70 №li mənzilin; 1-ci blok, 9-cu mərtəbə, 1 otaqlı, sahəsi 74 kv.m. olan mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə kimi qoyulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar