Məhkəmə qərarları › İş №e-2(005)-2320/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2320/2025

16.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2320/2025 16.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçinin nümayəndəsi-vəkili Vəkil, Maraqlı şəxs Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı Şəhəri 6 saylı Mediasiya Təşkilatında keçirilmiş mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/6-01089 nömrəli barışıq sazişinin Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş xx.xx.2023-cü il təvəllüdlü X3 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 15-nə kimi hər ay üçün 235 (iki yüz otuz beş) manat aliment haqqının Ərizəçi adına olan bank hesabına ödəməsi hissəsində təsdiq edilməs, həmçinin hüquqi yardım üçün ödənilmiş 300 manatın, eləcə də ödənilmiş 50 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, “mənimlə bağlanmış müqaviləyə əsasən nümayəndələri və vəkili olduğum Ərizəçi hüquqlarının müdafiəsi mənə həvalə edilmişdir. Bildirirəm ki, Bakı Şəhəri 6 saylı Mediasiya Təşkilatında keçirilmiş, mediasiya prosesi nəticəsində təmsil etdiyim Ərizəçi ilə hazırki iş üzrə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə, 57 nömrə ilə qeydiyyata alınmış nikahın məhkəmə qaydasında pozulmasını bəyan və təsdiq edərək etiraz etməmələri, Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş xx.xx.2023-cü il təvə lüdlü X1 anası Ərizəçi himayəsində qalmasına etiraz etməməsi, Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş xx.xx.2023-cü il təvə lüdlü X3 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 15-nə kimi hər ay üçün 235 (iki yüz otuz beş) manat aliment haqqının Ərizəçi adına olan bank hesabına ödəməsinə dair razılığa gələrək xx.xx.2024-cü il tarixli, MŞB/6-01089 nömrəli barışıq sazişi bağlanmışdır. Göründüyü kimi barışıq sazişinin tələblərinə əsasən tərəflər razılığa gəliblər ki, nikah pozulmasına etiraz etmirlər, azyaşlı uşaq anasının himayəsində qalacaq, həmçinin uşaq yetkinlik yaşına çatanadək hər ay ikinci tərəf birinci tərəfə 235 manat aliment ödənişi edəcəkdir. Nikah məhkəmə qaydasında pozulmuş, yetkinlik yaşına çatmayan uşaq hal-hazırda da, barışıq sazişinin tələblərinə əsasən anasının himayəsindədir, lakin barışıq sazişi üzrə aliment öhdəliyi hal-hazıradək icra edilmir. Lakin tərəflər barışıq sazişi bağlasalar da, sonradan barışıq sazişinə aliment ilə bağlı olan hissəsində ikici tərəf əməl etməmiş, alimenti ilə bağlı ödənişlər icra edilməmişdir. Belə olan halda isə tərəflər arasında bağlanmış barışıq sazişinin alimentin ödənilməsi hissəsində məhkəmə qaydasında təsdiq edilməsi labüddür.” Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, ona qarşı verilmiş barışıq sazişinin təsdiqinə dair yalnız aliment hissədə yəni oğlu X1 yetkinlik yaşına çatanadək hər ay 235 manat alimentin ondan tutularaq Ərizəçi verilməsinə dair hissədə ərizənin təmin edilməsini, lakin hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat, mediatr üçün ödənilmiş 50 manat, dövlət rüsumuna görə ödənilmiş 50 manatın ondan tutulması hissədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Bildirmişdir ki, barışıq sazişi bağlandığı vaxtdan hal-hazıradək aliment ödənişini icra etməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və xərclərin maraqlı şəxsdən tutulmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs ərizəsinə uyğun izahat verərək, ərizənin qismən – mediasiya sazişinin aliment hissədə təsdiq olunması hissədə təmin olunmasını, hüquqi yardım və dövlət rüsumuna dair xərclər hissədə təmin olunmamasını xahiş etdi. Məhkəmə, ərizəçinin nümayəndəsi-vəkilinin və maraqlı şəxsin izahatlarını dinləyərək, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərədə keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı Şəhəri 6 saylı Mediasiya Təşkilatında keçirilmiş mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/6-01089 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: - Tərəflər kimi çıxış edən Ərizəçi və Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə, 57 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasını bəyan və təsdiq edir, etiraz etmirlər. - İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş xx.xx.2023cü il təvəllüdlü X1 anası Ərizəçi himayəsidnə qalmasına etiraz etmir. - İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş xx.xx.2023cü il təvəllüdlü X3 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 15-nə kimi hər ay üçün 235 (iki yüz otuz beş) manat aliment haqqının Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqmda məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Beləliklə yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edilir ki, şəxslər arasında məhkəmədən kənar qaydada mübahisələrin həlli nəzərdə tutulmuşdur. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi 2 halda məhkəmə tərəfindən təsdiq edilir: 1) Mediasiya institutunun tətbiqi dairəsinə daxil olan mübahisələrlə bağlı məhkəmənin icraatında olan iş üzrə tərəflər arasındakı mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Bu halda məhkəmə barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. 2) Məhkəməyə müraciət etməmişdən öncə mediasiya vasitəsilə bağlanmış barışıq sazişi əgər tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmadıqda və ya könüllü icradan imtina olunduqda yalnız məcburi icra üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edilə bilər. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, tərəflər mediasiya prosesi nəticəsində “nikahın pozulması, uşağın himayəsi və aliment” tələbi üzrə razılığa gələrək xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlamışlar. Sazişə əsasən Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş xx.xx.2023-cü il təvəllüdlü X3 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 15-nə kimi hər ay üçün 235 (iki yüz otuz beş) manat aliment haqqının Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Saziş eyni tarixdə tərəflər, həmçinin mediator tərəfindən imzalanaraq qüvvəyə minmiş və tərəflər üçün məcburi xarakter daşımışdır. Həmçinin Sazişə əsasən tərəflər könüllü icra ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətlərdən əlavə hər hansı xüsusi razılığa gəlməmişlər. Sazişin 6-cı bəndinə əsasən, saziş tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Bununla belə barışıq sazişinin şərtləri könüllü qaydada yerinə yetirilməmişdir, maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü qaydada icra etməkdən yayınır. Hazırda ərizəçi qeyd olunan barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, maraqlı şəxs qanunvericiliklə müəyyən edilmiş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən, barışıq sazişi qanunauyğun olduğundan hər hansı bir üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla təsdiq edilməlidir. Məhkəmə onu da qeyd edir ki, barışıq sazişin təsdiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək üçün ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixdə 50 manat məbləğində dövlət rüsumu, habelə hüquqi xidmət göstərilməsi məqsədilə Bakı şəhəri 19 saylı Vəkil Bürosuna 300 manat vəsait ödənilmişdir. Hazıki iş üzrə ərizəçinin məhkəmə mübahisəsinə görə peşəkar hüquqi xidmət alması işin mübahisəsiz halıdır. Belə ki, ərizəçi məhkəmədə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən təmsil olunmuşdur. Tərəflər arasında bağlanmış barışıq sazişində xərclərlə bağlı qeyd edilmişdir ki: “...Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir” (9-cu bənd). Belə olan halda məhkəmə hesab edir ki, tələbin həcmi nəzərə alınmaqla, ərizəçi tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu, habelə hüquqi yardıma görə ödənilmiş 300 manat vəsait maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı Şəhəri 6 saylı Mediasiya Təşkilatında keçirilmiş mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/6-01089 nömrəli barışıq sazişi təsdiq edilməli, ərizəçi tərəfindən hüquqi yardım üçün ödənilmiş məbləğin əvəzi kimi 300 (üç yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat maraqlı şəxsdən tutularaq ərizəçinin xeyrinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı Şəhəri 6 saylı Mediasiya Təşkilatında keçirilmiş mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/6-01089 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2023-cü il təvəllüdlü X3 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 15-nə kimi hər ay üçün 235 (iki yüz otuz beş) manat aliment haqqını Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. Maraqlı şəxs hüquqi yardım üçün ödənilmiş məbləğin əvəzi kimi 300 (üç yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat tutularaq Ərizəçi xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar