Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2389/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş (açar sözlər: mənzilin sahiblik və istifadəyə verilməsi öhdəliyi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında tikilmiş 6 bloklu binanın 1-ci blok, 12-ci mərtəbəsindəki, ümumi sahəsi 145 kv.m olan 3 otaqlı mənzili Bədəlova (Məmmədova) Çinara Çingiz qızının sahibliyinə və istifadəsinə verilməsi vəzifələrinin "xxxx" MTK-ya həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MTK arasında Kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2018-ci il tarixli 14 nömrəli müqavilə bağlanmışdır. Bədəlova (Məmmədova) Çinara Çingiz qızı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli 14 nömrəli müqaviləyə əsasən satıcı ünvan 1 ünvanında tikdiyi 6 bloklu binanın 1-ci blok, 12-ci mərtəbəsindəki, ümumi sahəsi 145 kv.m olan 3 otaqlı mənzili alıcıya satmağı, alıcı isə həmin mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK tərəfindən Bədəlova (Məmmədova) Çinara Çingiz qızına verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, o, ünvan 1 ünvanında yerləşən 6 bloklu binanın 1-ci blok, 12-ci mərtəbəsindəki, ümumi sahəsi 145 kv.m olan 3 otaqlı mənzilin ümumi dəyəri 174 000 (yüz yetmiş dörd min) manat olan pulu tam ödəmişdir, borcu yoxdur. İddiaçı yuxarıda qeyd olunan müqavilə üzrə mənzilin dəyərini tam şəkildə ödəmişdir. Yəni bu müqavilə üzrə iddiaçı üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında icra etmişdir. Lakin "xxxx" MTK ilə artıq bir neçə ildir ki, müqavilə bağlanmasına baxmayaraq həmin əmlak hələ də iddiaçının sahiblik və istifadəsinə verilmir. Cavabdeh tərəflə dəfələrlə əlaqə saxlayıb əmlakın təhvil verilməsi ilə bağlı müraciətlər etsə də qarşı tərəf üzərinə düşən öhdəlikləri bu günə qədər yerinə yetirməmişdir. Yaranmış bu vəziyyət isə iddiaçının mülkiyyətçi kimi hüquqlarını kobud şəkildə pozur. Həmçinin bildirmək istəyirəm ki, cavabdeh "xxxx" MTK-ya müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi, daşınmaz əmlakın 1 həftə ərzində təhvil verilməsi ilə bağlı pretenziya məktubu da göndərilmişdir. Lakin cavabdeh tərəfindən daşınmaz əmlakın təhvil verilməsi ilə bağlı hər hansısa bir tədbir görülməmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsi səbəblərinin üzrlü olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2389/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. III. İşin faktiki halları: - X1 ilə satıcı "xxxx" MTK arasında xx.xx.2018-ci il tarixli 14 nömrəli müqavilə bağlanmışdır. müqaviləyə əsasən satıcı ünvan 1 ünvanında tikdiyi 6 bloklu binanın 1-ci blok, 12-ci mərtəbəsindəki, ümumi sahəsi 145 kv.m olan 3 otaqlı mənzili alıcıya satmağı, alıcı isə həmin mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi məbləği 174000 manatdır. - "xxxx" MTK tərəfindən X2 verilmiş maliyyə arayışından görünür ki, o, "xxxx" MTK-ya məxsus ünvan 1 ünvanında yerləşən binanın 1-ci giriş, 12-ci mərtəbəsindəki, ümumi sahəsi 145 kv.m olan 3 otaqlı mənzilin ümumi dəyəri 174 000 (yüz yetmiş dörd min) manat olan pul payçı X3 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iclasında təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında 15 dekabr 2018-ci il tarixdə ünvan 2 ünvanında 12 mərtəbədə yerləşən yerləşən, ümumi sahəsi 145 m2 olan 3 otaqdan ibarət mənzilə dair müqavilə bağlanmış. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etmişdir. Cavabdeh tərəfindən iddiaçıya maliyyə arayışı verilərək, ünvan 1 ünvanında yerləşən binanın 1-ci giriş, 12-ci mərtəbəsindəki, ümumi sahəsi 145 kv.m olan 3 otaqlı mənzilin ümumi dəyəri 174 000 (yüz yetmiş dörd min) manat məbləğin iddiaçı tərəfindən ödənilməsi və onun MTK-ya borcunun olmaması qeyd olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçıya müqavilə predmeti olan mənzil təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulduğunu əsas gətirərək məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia tələbi üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. - 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. -398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddsəsinə görə mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. İddia tələbi üzrə mənzilin tələb edilməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin tələbləri baxımından cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklərin təmin edilməsini əhatə edir. Tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmişdir. Belə ki, qeyd olunan mənzilin müqavilə ilə nəzərdə tutulmuş dəyərinin tam şəkildə cavabdehə ödənilməsi – iddiaçının cavabdehə borcunun olmaması iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən iddiaçıya verilmiş maliyyə arayışı ilə təsdiq olunur. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında mənzilin alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş əmlakın dəyərini cavabdehə ödəmiş, cavabdeh isə həmin qaraj sahəsini iddiaçıya təhvil verməyərək öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hazırda iddia tələbini əsaslı hesab edərək, həmin müqavilə üzrə cavabdehin üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsini iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirərək, mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən və cavabdehin dövlət rüsumundan azad olması hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında tikilmiş 6 bloklu binanın 1-ci blok, 12ci mərtəbəsindəki, ümumi sahəsi 145 kv.m olan 3 otaqlı mənzilin Bədəlova (Məmmədova) Çinara Çingiz qızının sahibliyinə və istifadəsinə verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, dövlət rüsumu kimi ödənilmiş 100 manat Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. VI. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında tikilmiş 6 bloklu binanın 1-ci blok, 12-ci mərtəbəsindəki, ümumi sahəsi 145 kv.m olan 3 otaqlı mənzilin Bədəlova (Məmmədova) Çinara Çingiz qızının sahibliyinə və istifadəsinə verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2389/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-2389/2023
04.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver