Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2545/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı X1, onun vəkili X5, Cavabdeh1 MMC-nin nümayəndəsi X7, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X1 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “protokol və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X3 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “protokol və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16,8 kv. metr mənzilin satılmasına dair, “ X8” MMC tərəfindən keçirilmiş və xx.xx.2019-cu il tarixli 99/1 saylı protokol və“ X8” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışa əsasən, İddiaçı2 mülkiyyətində olan mənzil üzərində mülkiyyət hüququ iddiaçıların birgə nikahı dövründə əldə edildiyindən, yalnız İddiaçı2 borclu olduğu icra sənədinə görə həmin mənzil hərraca çıxarıla bilməzdi. Mənzil birgə nikah dövründə əldə edildiyi üçün, onun ½ hissəsi İddiaçı2, ½ hissəsi İddiaçı1 mülkiyyətindədir. Eləcə də qeyd edir ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-2169/2019 saylı qətnaməsi ilə, İddiaçı1 cavabdeh İddiaçı2 qarşı iddiası təmin edilmiş və ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16,8 kv. metr mənzil üzərində İddiaçı1 2/3 hissədə, İddiaçı2 1/3 hissədə pay hüququ müəyyən edilmişdir. Həmin qətnamə qüvvəyə minmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı X3, onun vəkili X9 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyniməzmunlu izahat verib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək, ona etiraz etdi və onu qeyd etdi ki, 1. Hərrac təşkilatı İcra şöbələri tərəfindən göndərilmiş sifariş məktubları əsasında hərrac təşkil edir. 2. Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli, 317902/2017-4-7F saylı sifariş məktubuna əsasən təşkilatımız tərəfindən hərrac keçirilmişdir. 3. İddia ərizəsində qeyd edilmiş məsələlər hərrac təşkilatına sifariş məktubu daxil olana qədər həll edilir, heç biri hərrac təşkilatının səlahiyyətlərinə aid deyildir. İddiaçılar hərrac təşkiltı tərəfindən yol verilmiş hər hansı qanun pozuntusunu vurğulamamışlar. Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, prosessual müddətlər ötürülməmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır və İddiaçı2 və İddiaçı1 Nadiq qızının cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “99/1 saylı xx.xx.2019-cu il tarixli protokolun və müqavilənin etibarsız hesab edilməsinə dair” iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçılar İddiaçı2 və İddiaçı1 Nadiq qızının cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “99/1 saylı xx.xx.2019-cu il tarixli protokolun və müqavilənin etibarsız hesab edilməsinə dair” iddia tələbinə iddia müddəti tətbiq edilməsi və iddia tələbinin rədd edilməsi barədə müvafiq məhkəmə aktı çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinə etiraz edərək, iddianın əsassız olduğunu, bu səbəbdən də təmin edilməməsini xahiş etdi. Məhkəmə mülki işin materiallarını tədqiq edib, proses iştirakçılarının izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 5(003)-279/2016 nömrəli qərarına görə xx xxxxxx 1950-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Bilgəh qəsəbəsi S. İbadağa küçəsi ev 15-də qeydiyyatda olan və yaşayan İddiaçı2 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulmuşdur. Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli, 8(008)-429/2018 nömrəli qərardadına görə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1465 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə İddiaçı2 mülkiyyətində olan Sabunçu rayonu, Bilgəh qəsəbəsi, S.İbadağa küçəsi 15 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabunçu Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 05 aprel 2019-cu il tarixli 317902/2017-4-7-F nömrəli məktuba əsasən Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 8(008)-429/2018 saylı xx.xx.2018-ci il tarixli qərardada əsasən 110000 (yüz on min) manat məbləğində qiymətləndirilmiş İddiaçı2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən əmlak hərrac yolu ilə satılmalıdır. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 31 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatına görə İddiaçı2 məxsus Bkı şəhəri, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 110000( yüz on min) manat təşkil edir. “X8” MMC Hərrac Təşkilatının 15 iyul 2019-cu il tarixli, 99/1 nömrəli hərrac yekunları barədə protokoluna görə İddiaçı2 məxsus Abşeron rayonu, Zəfəran savxozu ərazisi (ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin tam dəyəri (rəqəm və sözlə); 110000 (bir yüz on min) manat, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə (Vergi və Mülki məcəllərinə) uyğun olaraq 10% endirimlə 99000 (doxsan doqquz min) manat, 20% endirimlə 88000 (səksən səkkiz min) manat, 30% endirimlə 77000 (yetmiş yeddi min) manat olmaqla hərrac mərkəzinə 3850(üç min səkkiz yüz əlli) manat beh məbləği ödənilməklə 77000(yetmiş yeddi min) manata Cavabdeh2 satılmışdır və bu xüsuslar eynilə 15 iyul 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədə də öz əksini tapmışdır. Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 xx.xx.2018-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə borclu İddiaçı2 məxsus ünvan 2 ünvanında yerləşən mənzil müsadirə edilərək onun realizə edilməsi nəticəsində əldə ediləcək pul vəsaiti zərərçəkmiş şəxs və mülki iddiaçı X11 dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsinə sərf edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2-ci maddəsinin birinci hissəsinə əsasən vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 89-cu maddəsinə əsasən tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı2 məxsus Abşeron rayonu, Zəfəran savxozu ərazisi (ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi 77000 (yetmiş yeddi min) manata ) Cavabdeh2 hərrac yolu ilə satılmışdır. İddiaçılarının tələblərinin əsasını hərracın keçirilməsi qaydası deyil, hərracdan satılan əmlakın onların ümumi birgə mülkiyyətlərində olması və həmin əmlak hərracdan satılarkən mülkiyyət hüququnun pozulması təşkil edir. Bununla bağlı nəzərə alınmalıdır ki, mübahisələndirilən hərrac Cavabdeh2 təşəbbüsü ilə deyil, İddiaçı2 borc məbləğinin tutulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar keçirilmişdir. Yəni, hərrac “İcra haqqında” Qanunun 53 və 61.2-ci maddələrinə uyğun olaraq icra məmurunun sifarişi əsasında keçirilmişdir. Bu zaman qeyd olunmalıdır ki, qeyd olunan Qanunun müddəalarına görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarət olmaqla, həmin hərəkətlərdən birincisi icra məmurunun təqdimatı əsasında məhkəmə tərəfindən, sonrakı hərəkətlər isə icra məmuru tərəfindən həyata keçirilir. Bundan başqa cavabdeh tərəfindən mübahisə predmeti olan əmlakın iddiaçıların yeganə yaşayış yeri olduğu və onların ümumi mülkiyyətində olduğu üçün ona tələb yönəldilə bilinmədiyi mövqeyi əsassızdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. 23 iyul 2021-ci il tarixli qərarında isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Həmin qərarda Konstitusiya Məhkəməsi göstərmişdir ki, öhdəliklərə münasibətdə isə qeyd edilməlidir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ərarvadın ümumi birgə öhdəliyi hesab edilir. Yuxarıda qeyd olunanlara əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16,8 kv. metr mənzilin satılmasına dair “X8” MMC tərəfindən keçirilmiş və xx.xx.2019-cu il tarixli 99/1 saylı protokol və “X8” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də iddianın rədd edilməsi əsaslıdır. Bundan başqa məhkəmə iddia tələbi rədd edildiyindən cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə əlavə hüquqi qiymət verilməsinə lüzum görməyərək, gəldiyi bu nəticəni prosessual qənaət prinsipi baxımından əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və X1 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “protokol və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2545/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2545/2022
05.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver