Məhkəmə qərarları › İş №e-2(005)-2549/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2549/2022

06.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2549/2022 06.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdeh X2, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaklarda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaklarda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi, 8 saylı bina, 7-ci blok, 7-ci mərtəbə, 75.32 m ümumi sahəsi olan 823 saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi, 8 saylı bina, 5-ci blok, 1-ci mərtəbə, 532 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 129.39 m olan mənzilə İddiaçı ½ hissədə pay hüququnun tanınması, o cümlədən birgə nikah dövründə əldə edilmiş Mercedes C230 minik markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməklə həmin avtomobilin ½ hissəsinə İddiaçı mülkiyyət hüququnun tanınması, müqavilənin etibarsız hesab olunmadığı təqdirdə avtomobilin həmin tarixə real bazar dəyəri kimi 14000 manat pulun ½ hissəsinin – yəni, 7000 manat pul vəsaitinin və iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh X1 alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi, 8 saylı bina, 7-ci blok, 7-ci mərtəbə, 75.32 m ümumi sahəsi olan 823 saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi, 8 saylı bina, 5-ci blok, 1-ci mərtəbə, 532 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 129.39 m olan mənzilə İddiaçı ½ hissədə pay hüququnun tanınması o cümlədən birgə nikah dövründə əldə edilmiş Mercedes C230 minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin tarixə real bazar dəyəri kimi 14000 manat pulun ½ hissəsinin – yəni, 7000 manat pul vəsaitinin və iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh X1 alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh İlkin Qəhrəmanov xx.xx.2009-cu ildə 852 nömrəli aktla rəsmi nikaha daxil olublar və həmin nikahdan 2 uşaqları dünyaya gəlmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 2253/2020 qətnaməsi ilə onlar arasında xx.xx.2009-cu il tarixdə Nərimanov Rayon Qeydiyyat şöbəsində qeydə alınmış və 852 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Tərəflər birgə nikahları dövründə cavabdeh İlkin Qəhrəmanovun adına rəsmiləşdirilməklə Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi, 8 saylı bina, 7-ci blok, 7-ci mərtəbə, 75.32 m2 ümumi sahəsi olan 823 saylı mənzili və Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi, 8 saylı bina, 5-ci blok, 1-ci mərtəbə, 532 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 129.39 m2 olan mənzili əldə etmişlər. Belə ki, həmin mənzillərə dair müqavilələr müvafiq olaraq xx.xx.2011-ci il və xx.xx.2014-cü il tarixlərdə bağlanmış və dəyərləri tam şəkildə ödənmişdir. Ərizəyə əlavə olunan alqı-satqı müqavilələri, aktlar və maliyyə arayışı da həmin mənzillərin birgə nikah dövründə İlkin Qəhrəmanovun adına rəsmiləşdirilməklə alındığını təsdiq edir. Buna görə də, Ailə Məcəlləsinin və Mülki Məcəllənin tələblərinə əsasən həmin mənzillər tərəflərin ümumi birgə mülkiyyəti hesab olunur. Odur ki, iddiaçı qeyd olunan tələblə məhkəməyə etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X2, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinə etiraz edərək iddianının təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2253/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı ilə xx.xx.2009-cu il tarixdə Nərimanov Rayon Qeydiyyat şöbəsində qeydə alınmış və 852 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahı pozulması, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X8 cavabdeh (anası) İddiaçı yanında saxlanılması və xx.xx.2020-ci il tarixdən başlayaraq iddiaçı X1 xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində aliment tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 14420 nömrəli xx.xx.2011-ci il tarixli müqavilədən görünür ki, "xxxx" ASC ilə X6 arasında Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi, 8 saylı bina, 7-ci blok, 7-ci mərtəbə, 75.32 m ümumi sahəsi olan 823 saylı mənzili alqı-satqısına dair müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş 19083 nömrəli xx.xx.2014-cü il tarixli müqavilədən görünür ki, "xxxx" ASC ilə X6 arasında Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi, 8 saylı bina, 5-ci blok, 1-ci mərtəbə, 532 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 129.39 m olan mənzili alqı-satqısına dair müqavilə bağlanmışdır. Beləliklə, məhkəmə baxışı iclasında tərəfin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, iddiaçı birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlaklara dair tərəflərin ½ paylarının müəyyən edilməsi ilə bağlı tələblə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Məhkəmə tərəflər arasında nikah pozulduğunu mübahisələndirilən əmlakların tərəflərin birgə nikah dövründə alqı-satqı yolu ilə əldə edildiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbi üzrə cavabdeh tərəfindən verilmiş iddia ərizəsini daşınmaz əmlaklara münasibətdə əsaslı hesab edir. Belə ki,Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ərin diqqətəlayiq mənafeyini, o cümlədən ar-arvadın biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin istinad edilən müddəalarına əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göründüyü kimi qanunvericilik birgə nikah dövründə əmlakın tərəflər arasında bölünməsi, əvəzinin ödənilməsi və ya əvəzləşdirilməsi diskresion imkanlar müəyyən etmişdir. Hazırda mübahisə predmeti olan əmlaklar ilkin iddia üzrə iddiaçının mülkiyyətinə keçməsi zamanı tərəflərin birgə nikah dövrünü əhatə etdiyindən, habelə qeyd olunan əmlakların qanunvericliklə birgə nikah dövründə alınsa belə tərəfin şəxsi əmlakı kimi qiymətləndirilən üsulla əldə edilmədiyindən məhkəmə qeyd olunan əmlaklar üzərində iddia üzrə tərəflərin mülkiyyət hüquqlarının müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Lakin iddiaçı tələbində nikah dövründə əldə edilmiş Mercedes C230 minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin tarixə real bazar dəyəri kimi 14000 manat pulun ½ hissəsinin – yəni, 7000 manat pul vəsaitinin ona ödənilməsini tələb etmişdir. Qeyd olunan tələblə razılaşmayan məhkəmə bildirir ki, məhkəmə araşdırması zamanı Mercedes C230 minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin mülkiyyətinə keçməsi və daha sonra xx.xx.2020ci il tarixdə alqı-satqı müqaviləsi əsasında digər şəxsə satılması müəyyən edilmişdir. Göründüyü kimi nəqliyyat vasitəsi tərəflərin birgə nikah dövründə əldə edilmiş və satılmışdır. İddiaçı həmin nəqliyyat vasitəsinin 14000 manat dəyərləndirərək həmin satışdan əldə edilmiş məbləğin yarısını yəni 7000 manatını cavabdeh tərəfindən ödənilməsini tələb edir. Buna baxmayaraq iddiaçı qeyd olunan əmlakın satışından əldə edilmiş vəsaitin cavabdeh tərəfindən tərləfin birgə təssərrüfatı zamanı istifadə etməməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Lakin cavabdeh məhkəməyə təqdim etdiyi sübutlarda birgə nikahdan olan övladlarının təhsil aldıqları müəssisəyə ödənişlər etmişdir. Qeyd olunan ödənişlərə dair qəbzlərdə cavabdehin həm birgə nikah dövründə həmçinin nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqlarını təhsil haqlarını ödəməsini həmin ödənişlərin mənbəyi kimi qeyd olunan nəqliyyat vasitəsinin satılmasında əldə edilmiş gəlir əsasında həyata keçirildiyini göstərmişdir. Məhkəmə hazırda göstərilən hallara əsasən bildirir ki, hazırda iddia tələbi üzrə iddiaçı nəqliyyat vasitəsinin satılmasından əldə edilmiş 14000 manatının yarısı 7000 manat pulun ödənilməsini tələb etdiyindən, qeyd olunan məbləğin ailənin birgə gəlirlərinə deyil cavabdehin şəxsi məqsədləri üçün xərcləməsi, habelə özündə saxlamasına dair sübutları təqdim etməlidir. Belə ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda məhkəmə tələbin nəqliyyat vasitəsinə yönəlmiş hissəsinin yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə zidd hesab edərək tələbin həmin hissəsdə rədd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi, 8 saylı bina, 7-ci blok, 7-ci mərtəbə, 75.32 kv.m ümumi sahəsi olan 823 saylı mənzilə və Bakı şəhəri Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi, 8 saylı bina, 5-ci blok, 1-ci mərtəbə, 532 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 129.39 kv.m olan mənzilə dair İddiaçı ½ hissədə pay hüququ tanınmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi, 8 saylı bina, 7-ci blok, 7-ci mərtəbə, 75.32 kv.m ümumi sahəsi olan 823 saylı mənzilə və Bakı şəhəri Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi, 8 saylı bina, 5-ci blok, 1-ci mərtəbə, 532 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 129.39 kv.m olan mənzilə dair İddiaçı ½ hissədə pay hüququ tanınsın. Ərizə qalan hissədə təmin edilməsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar