Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-274/2025 26.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan mənzilin hərracdan satılması və sair tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1zil üzərindəki ümumi paylı mülkiyyət hüququna xitam verilməklə naturada bölünməsi, iddiaçılar İddiaçı2 məxsus payın 1/4 hissədə və İddiaçı1 məxsus payın 2/4 hissədə naturada ayrılması və həmin hissələrə iddiaçıların tam mülkiyyət hüququnun tanınması, naturada bölgü mümkün olmadıqda həmin əmlakın açıq hərracda satılaraq satış pulunun tərəflər arasında paylarına uyğun bölgüsü barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, ünvan 1zil üzərindəki ümumi paylı mülkiyyət hüququna xitam verilməklə naturada bölünməsi, iddiaçılar İddiaçı2 məxsus payın 1/4 hissədə və İddiaçı1 məxsus payın 1/4 hissədə naturada ayrılması və həmin hissələrə iddiaçıların tam mülkiyyət hüququnun tanınması, bu mümkün olmadıqda cavabdehin payına mütənasib olaraq 50000 manat ödənilməklə payının ayrılması və mülkiyyət hüququna xitam verilməsi, bu mümkün olmadıqda həmin əmlakın açıq hərracda satılaraq satış pulunun tərəflər arasında paylarına uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1zil xüsusi mülkiyyət hüququ əsasında 1/4 hissədə Cavabdeh, 1/4 hissədə İddiaçı2 və 2/4 hissədə İddiaçı1 məxsusdur. Onlar tərəfindən dəfələrlə cavabdehə paylı mülkiyyətçi kimi şifahi və yazılı təkliflər edilərək bildirilmişdir ki, onlara və cavabdehə məxsus paylar aralarında bölünsün, yaxud da paylar öz aralarında alınması yolu ilə cavabdehin mülkiyyət hüququna xitam verilsin. Lakin müraciətlər cavabsız qalmışdır. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa müvafiq izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov r-nu, Ə.Əliyev küçəsi, ev 39, 11 saylı mənzil 1/4 hissədə Cavabdeh adına, 1/4 hissədə İddiaçı2 adına, 2/4 hissədə İddiaçı1 adına qeydə alınmışdır; - İddiaçı1 və İddiaçı2 tərəfindən İddiaçı1 ünvanlanmış bildirişin surətindən görünür ki, mənzilə dair hər hansı təkliflərlə bağlı yazılı şəkildə qeyd edilən ünvana cavab göndərilməsi xahiş edilmiş, əks halda payın ayrılması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/600 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küç, ev 39 ünvanında yerləşən 11 saylı mənzilin iddiaçılar İddiaçı2 məxsus 1/4 hissəsinin və İddiaçı1 məxsus 2/4 hissəsinin naturada təcrid şəklində ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat təşkil edir; - "xxxx" MMC-nin 0260 saylı, xx.xx.02025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küç, ev 39 ünvanında yerləşən ümumi sahəsi 77,85 kv.m olan 11 saylı mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar dəyəri 200000 manat müəyyən olunmuşdur; - İddiaçı1 və İddiaçı2 tərəfindən İddiaçı1 payın satılması ilə bağlı ünvanlanmış bildirişin surətindən görünür ki, İddiaçı1 məxsus hissəyə mütənasib olaraq 50000 manat ödənilməsi yolu ilə payın ayrılması və mülkiyyət hüquqununa xitam verilməsi barədə məsələyə münasibət bildirməsi xahiş edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar və cavabdeh ünvan 4 ünvanında yerləşən 11 saylı mənzilin paylı mülkiyyətçiləridir. İddiaçılar paylı mülkiyyət hüququna xitam verilməsi ilə bağlı cavabdehə təklif göndərsələr də tərəflər arasında razılıq əldə olunmamışdır. Hazırda iddiaçılar cavabdehə məxsus olan payın qarşılığında 50.000 manat ödənilməsi və paylı mülkiyyət hüququna xitam verilməsini, bu mümkün olmazsa, mənzilin açıq hərracda satılması və satış pulunun tərəflər arasında müvafiq paylara uyğun olaraq bölüşdürülməsini xahiş edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 213.1 və 213.2-ci maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər Həmin Məcəllənin 220.2 və 220.3-cü maddələrinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki qanunvericiliyin müvafiq müddəalarından göründüyü kimi, əmlaka fərdi mülkiyyət hüququ əsasında malik olan mülkiyyətçilərdən fərqli olaraq, paylı mülkiyyətin mülkiyyətçiləri öz səlahiyyətlərini sərbəst şəkildə həyata keçirə bilmirlər. Bu baxımdan, Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməklə əvvəla, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir, bu mümkün olmadığı təqdirdə ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malik olur. İddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilən Mülki Məcəllənin 220.6-cı maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Məcəllənin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Hər bir mülkiyyətçi yalnız özünə məxsus payın ayrılmasını tələb etmək hüququna malikdir. Digər mülkiyyətçinin payının naturada ayrılması və ya kompensasiya ödənilməklə ümumi mülkiyyətdəki payına xitam verilməsi barədə iddia qaldırıla bilməz. Bu qaydanın yeganə istisnası Mülki Məcəllənin 220.4-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən maddənin tətbiqi ilə bağlı vurğulamışdır ki, ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllə, 220.4-cü maddə). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli qərarı). Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarındakı izahlardan müəyyən olunur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi. Bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Yəni əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu qaydalara əsasən əvvəlki iki mərhələnin tətbiqi mümkün olmadığı halda isə əşya məhkəmə qərarı ilə açıq hərracdan satıla və əldə olunan vəsait paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülə bilər. Qeyd edilən məcburi qaydanın tətbiqi həm ayrılmaq istəyən paylı mülkiyyətçinin, həm də qalan mülkiyyətçilərin mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Belə ki, bununla bir tərəfdən mülkiyyətçiyə əmlakdakı payına sərəncam vermək, digər tərəfdən isə qalan mülkiyyətçilərə əşyanı ümumi paylı mülkiyyətlərində saxlamaq imkanı verilir. Ona görə də, bu mərhələlərin yoxlanılması formal xarakter daşımamalı, tərəflər bundan istifadə etməklə bir-birinin hüquqlarını reallaşdırmağa maneə yaratmamalı, hüquqdan sui-istifadəyə yol verilməməlidir. Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir. Məhkəmə daşınmaz əşyanın naturada bölünməsi tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 10/600 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küç, ev 39 ünvanında yerləşən 11 saylı mənzilin iddiaçılar İddiaçı2 məxsus 14 hissəsinin və İddiaçı1 məxsus 2/4 hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin iddiaçıların xx.xx.2025-ci il tarixdə cavabdehə göndərdikləri bildirişdən görünür ki, İddiaçı1 və İddiaçı2 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küç, ev 39 ünvanında yerləşən ümumi sahəsi 77,85 kv.m olan 11 saylı mənzilə dair paylarının ayrılması üsulu və şərtləri ilə bağlı qarşı tərəfə təklif göndərilmişdir. İddia tələbinin cavabdehin payına mütənasib olaraq 50000 manat ödənilməklə mülkiyyət hüququna xitam verilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, kompensasiya ödənilməklə ümumi mülkiyyətdəki payına xitam verilməsi yalnız mülkiyyətçinin payı cüzi olduqda mümkündür. Hazırki iş üzrə cavabdeh isə mənzil üzərində 1/4 hissədə mülkiyyət hüququna malikdir. Bu hissədə pay isə cüzi hesab edilə bilməz. Bu baxımdan, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən cavabdehin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi qanunvercilik tələbləri ilə ziddiyyət təşkil edir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, ünvan 5 ünvanında yerləşən mənzildə payların ayrılması ona tənasübsüz zərər vurmadan açıq-aşkar mümkün olmadığından, eləcə də cavabdehin iddiaçılara paylarının dəyərinə görə kompensasiya vermək fikri olmadığından, qeyd edilən əmlakın satılması və satış pulunun tərəflər arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə tələbləri əsaslı olmuşdur. Məhkəmə əmlakın satışının keçiriləcəyi hərracın formasına münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2024 saylı. xx.xx.2024-cü il tarixli vahid məhkəmə təcrübəsi yaradan qərardadına əsasən ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Qeyd edilən mövqedən çıxış edərək və iddiaçıların mənzili əldə etmək istəklərini nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəli əmlakın satışı ilk növbədə qapalı hərrac qaydasında keçirilməli, yalnız bu baş tutmadığı halda açıq hərracın keçirilməsi təmin olunmalıdır. Həmçinin qeyd edilməlidir ki, işin hallarından da göründüyü kimi iddiaçılar cavabdehə məxsus payın alınması üçün təşəbbüslə çıxış etmişlər və bu da bir daha əmlakın ilk növbədə paylı mülkiyyətçilər üçün satışa çıxarılmasının zəruriliyinin təsdiq edir. Mübahisə predmeti olan əşyanın açıq hərracdakı ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olub-olmamasına münasibətdə isə ilk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması proseduru isə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-43-cü maddələrinin tələbləri nəzərə alınmadan Mülki Məcəllənin 415-ci maddəsinə, “İcra haqqında” Qanunun müvafiq müddəalarına, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 2021-ci il 24 noyabr tarixli 02/2021 nömrəli qərardadında qeyd olunmuş hüquqi mövqelərə uyğun həyata keçirilməlidir. "xxxx" MMC-nin 0260 saylı, xx.xx.02025-ci il tarixli qiymətləndirmə hesabatı ilə, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küç, ev 39 ünvanında yerləşən ümumi sahəsi 77, 85 kv.m olan 11 saylı bazar dəyəri 200.000 manat müəyyən olunmuşdur. Yuxarıda da qeyd edildiyi kimi keçirilən ekspert tədqiqatı nəticəsində əmlakın bazar dəyərinin təqribən 200.000 manat olması öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, əmlak qapalı hərracda satılmadığı təqdirdə, açıq hərracın seçilməsi zamanı onun ilkin dəyəri kimi 200.000 manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küç, ev 39 ünvanında yerləşən 11 saylı mənzilin ilkin satış qiyməti 200000 manat müəyyən edilməklə paylı mülkiyyətin iştirakçıları üçün qapalı hərrac vasitəsilə, mənzil qapalı hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərrac keçirilməklə satılmalı və satışdan əldə olunan pul vəsaiti ümumi paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun olaraq İddiaçı1 2/4 hissədə, İddiaçı2 1/2 hissədə və Cavabdeh 1/2 hissədə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küç, ev 39 ünvanında yerləşən 11 saylı mənzilin ilkin satış qiyməti 200000 (iki yüz min) manat müəyyən edilməklə paylı mülkiyyətin iştirakçıları üçün qapalı hərrac vasitəsilə, mənzil qapalı hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərrac keçirilməklə satılsın və satışdan əldə olunan pul vəsaiti ümumi paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun olaraq İddiaçı1 2/4 hissədə, İddiaçı2 1/2 hissədə və Cavabdeh 1/2 hissədə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, müxbir hesabAZ41NABZ013601**********3944) ödənilsin. Tərəflərə izah edilsin ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən Mülki Prosessual Məcəllənin 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-274/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-274/2025
26.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver