Məhkəmə qərarları › İş №e-2(005)-2981/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2981/2022

04.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2981/2022 04.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı cavabdehlər X1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “daşınmaz əmlakın bölünməsi” tələbinə daitiddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “daşınmaz əmlakın bölünməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə verilərkən dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməldir. İddia ərizəsindən göründüyü kimi iddiaçı tərəf iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi barədə məlumatları iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat; 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda - 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5-ci maddəsinə əsasən iddia qiyməti 1.000.000 manatdan çox olduqda - 1290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) məbləğində dövlət rüsum ödənilir. Azərbaycan Respublikası MPM-nin 112.1.9-cu maddəsinə əsasən fiziki şəxslərə mülkiyyət hüququ üzrə məxsus olan tikintilərə mülkiyyət hüququ haqqındakı iddialarda— tikintilərin qiyməti ilə, lakin inventar qiymətindən az olmamaq şərti ilə, bu olmadıqda— sığorta müqaviləsi üzrə məbləğdən az olmamaq şərti ilə, hüquqi şəxslərə məxsus olan tikintilər üçün isə balans qiymətindən az olmamaq şərti ilə müəyyən edilir. Hazırda iddiaçı tərəfindən qaldırılmış iddia əmlakın ½ hissədə bölgüsüdür. İddiaçı iddia ərizəsindən əmlakın 260000 manat satılmasını qeyd etmişdir. Göründüyü kimi mübahisə predmeti olan əmlakının yarı dəyəri 130000 manat bərabərdir. Belə olan halda iddiaçı hazırda məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumunu düzgün müəyyən etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Məhkəmə belə hesab edir ki, ərizə geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.2, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “daşınmaz əmlakın bölünməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün (qəbz nömrəsi 9********) ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar