Məhkəmə qərarları › İş №e-2(005)-3004/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3004/2024

02.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3004/2024 02.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh MTK-nın nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olmuş ünvan 1, 35 saylı evin 24 saylı mənzilinin əvəzinə cavabdeh tərəfindən ünvan 1, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi və Ə.Əlizadə küçələrinin kəsişməsində inşa edilmiş yaşayış binalarının birindən 84.67 kv.m-dən ibarət təmirli mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında imzalanmış 15 sentyabr 2021-ci il tarixli, 047 saylı əvəzləşdirmə müqaviləsinə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 77 saylı, xx.xx.2021-ci il tarixli sərəncamının 1-ci bəndinə əsasən Cavabdeh MTK ünvan 1, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi və Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş ünvan 1, 35 saylı evin 24 saylı mənzilinin əvəzinə güzəştli şərtlərlə yeni inşa ediləcək binanın A blokunun 2-ci mərtəbəsində, 1 saylı 84.67 kv.m-dən ibarət təmirli mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 2.3.2-ci bəndinə görə cavabdeh iddiaçıya məxsus, söküntüsü nəzərdə tutulan mənzildən köçdüyü andan yeni inşa ediləcək binada ona veriləcək mənzilin açarı təqdim edilənədək aylıq 400 manat icarə haqqı ödəyir. Müqavilənin 2.3.3-cü bəndinə görə cavabdeh binanın bünövrəsinin qoyulduğu andan 18 ay müddətinə mənzilin açarlarını iddiaçıya təqdim edir. Artıq müqavilənin imzalanmasından 3 ilə yaxın bir vaxt keçmiş, həmin yerdə cavabdeh tərəfindən bir çox binalar inşa edilsə də, heç bir səbəb olmadan iddiaçının mülkiyyətində olan mənzilin yerində bina tikilmir və müqavilə üzrə təhvil verilməli olan mənzil bu günə kimi təhvil verilməmişdir. Artıq 3 ilə yaxındır ki, iddiaçı kirayələrdə yaşayır və öz mənzilinə köçə bilmir. Məsələ ilə əlaqədar dəfələrlə cavabdehin ünvanında olsalar da, məsələ öz həllini tapmamışdır. Bundan əlavə, cavabdeh müqavilənin 2.3.2-ci maddəsinə əsasən ödənilməli olan aylıq kirayə haqqını da vaxtında ödəmir, hər dəfə kirayə haqqının vaxtından müəyyən müddət keçdikdən sonra bu barədə şifahi xəbərdarlıq etdikdən sonra icarə haqqını ödəyir. Sonuncu ayın kirayə haqqı isə bu günə kimi ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, 2021-ci ildə onlar məhlədə 2 mərtəbəli həyət evlərində yaşayırdılar və həmin ərazi dördbucaqlı formasında idi. Bu dördbucaqlı ərazinin bir hissəsi onların məhləsi idi və həmin məhlə birinci onların mənzilindən başlamaqla söküldü. Bu pilot layihə deyil, kommersiya məqsədli bir plan idi. Tərəflər arasında müqavilə bağlandı və bu müqavilə əsasında onlara hər ay 400 manat ödəniş olunmalı idi və sökülən məhlə ərazisində onlara ev verilməli idi. Onun mənzilinin yerləşdiyi yerdə bina sökülüb yenisi tikilməyə başlansa da, ona mənzilinin söküldüyü yerdən deyil, həmin məhlədə yerləşən digər söküləcək binanın yerində inşa edilməli olan binadan verilməsi barədə müqavilə bağlamışlar. Lakin eyni ərazidə yerləşdiyindən o hansı binanın veriləcəyinə əhəmiyyət verməmişdir. 3 il ərzində bu dördbucaqlı dediyi ərazidə digər məhlələr sökülməyə başlandı. Artıq əhali hazır evlərə köçməyə başlayıb, lakin onlara veriləcək ərazidə yerləşən binanın söküntüsünə heç başlanılmayıb. Onlar bu 3 il ərzində ayda ən azından 4-5 dəfə Nərimanov Rayon İcra Hakimiyyətində olurlar. Binanın tikintisinə başlamamaqları azmış kimi, cavabdeh tərəf kirayə haqlarını da ödəmir. Nərimanov Rayon İcra Hakimiyyəti və ya digər qurumlara şikayət etdikdən sonra 2 ayın pulunu verirlər. Həmin ərazinin sahəsi çox böyükdür. Orada onlar tərəfindən bir neçə bina tikilmişdir, tikilən evlər hazırdır və hətta satışa çıxarılıb. Müqavilədə qeyd olunmuşdur ki, katlavan qazılandan 18 ay ərzində təhvil verilməldir. O, cavabdeh tərəfindən inşa edilmiş yeni mənzil istəyir, çünki ətrafda 9-10 bina var. Hətta onlardan sonra çıxarılan sakinlərin də evləri tikilib və əhali ora köçürülüb. Amma onlara veriləcək binanın heç katlavanı qazılmağa başlanmayıb ki, evdən də söhbət getsin. Cavabdeh tərəfin məsuliyyətsizliyinə görə onlar əziyyət çəkirllər. Buna görə onlara həmin ərazidə cavabdeh tərəfindən inşa edilmiş istənilən binadan eyni sahəyə malik mənzilin verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi Vəkil bildirmişdir ki, iddiaçı başqa hazır binadan ona mənzil verilməsini istəyir. Lakin o evlərin hər biri hansısa sakin üçün nəzərdə tutulub, yəni hazırda tikilmiş olan binadan iddiaçıya mənzil versələr, sabah o mənzilin verilməsi nəzərdə tutulmuş vətəndaşla da problem yaşanacaqdır. Tərəflər arasında müqavilə bağlanmışdır və o, qüvvədədir. Müqavilənin şərtləri dəyişdirilməyib. Hazırda binanın hazır olmamasının əsas səbəbi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə yaranmış problemdir. Lakin yaxın zamanda bina inşa edilməyə başlanacaq və iddiaçı mənzillə təmin ediləcəkdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı (“Mülkiyyətçi”) ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 047 nömrəli əvəzləşdirmə müqaviləsinin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 77 saylı, xx.xx.2021-ci il tarixli sərəncamının 1-ci bəndinə əsasən Cavabdeh MTK ünvan 1, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi və Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş ünvan 1, 35 saylı evin 24 saylı mənzilinin əvəzinə güzəştli şərtlərlə yeni inşa ediləcək binanın A blokunun 2-ci mərtəbəsində, 1 saylı 84.67 kv.m-dən ibarət təmirli mənzili “mülkiyyətçi”yə təhvil verməyi, “Mülkiyyətçi” isə bu müqaviləyə əsasən ona məxsus mənzili söküntü üçün Cavabdeh MTK-ya təhvil verməyi, bu müqavilədə göstərilən şərtlərə uyğun yeni inşa edilmiş binada verilən mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür; - Müqavilənin 2.3.2-ci maddəsinə görə, Cavabdeh MTK “Mülkiyyətçiyə” məxsus söküntüsü nəzərdə tutulan mənzildən köçdüyü gündən yeni inşa ediləcək binada ona verilən mənzilin açarı təqdim olunana qədər 400 manat məbləğində kirayə pulu ödəyir; - Müqavilənin 2.3.3-cü bəndinə əsasən, Cavabdeh MTK binanın bünövrəsi qoyulduğu andan 18 ay müddətinə mənzilin açarlarını “Mülkiyyətçiyə” təqdim edir; - Cavabdeh MTK-nın Köçürmə Komissiyasının Sədri İmanov Kamandar, Cavabdeh MTK-nın Komissiya üzvü Əli Məmmədov və digər tərəfdən Qarabağ 35 mənzil 24 ünvanında yaşayan İddiaçı imzaları ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 639 nömrəli aktın surətindən görünür ki, xx.xx.2021-ci il tarixində İddiaçı özünəməxsus mənzili söküntü məqsədi ilə Cavabdeh MTK-ya təhvil vermişdir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh MTK ilə müqavilə bağlayaraq, ünvan 1, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi və Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən yaşayış binasındakı faktiki sahəsi 38,22 kv.m. olan mənzilini sökülmək üçün cavabdehə təhvil etmiş, əvəzində isə binanın bünövrəsi qoyulduğu andan 18 ay müddətində həmin ərazidə yeni inşa ediləcək binanın A blokunun 2-ci mərtəbəsində, 1 saylı 84.67 kv.m-dən ibarət təmirli mənzilin ona təhvil verilməsi barədə razılığa gəlmişlər. Hazırda iddiaçı onun yaşadığı mənzilindən 2021-ci ildən köçməyinə və onun mənzilinin yerləşdiyi binanın sökülməsinə baxmayaraq, ona başqa, qonşu binada mənzil veriləcəyinin şərtləndirildiyini, lakin həmin binanın müqavilənin bağlanmasından 3 il keçməyinə baxmayaraq sökülməyə başlanmamasını bildirərək, hazır binadan ona mənzil verilməsini xahiş edir. Cavabdeh isə aralarında müqavilə şərtlərinin müəyyən edildiyinə və həmin müqavilənin qüvvədə olduğuna, müqavilədə nəzərdə tutulmuş və iddiaçıya təhvil veriləcək binanın inşasına başlanılmadığına istinad edərək iddiaya etiraz edir. Mülki Məcəllənin 385.1 və 386.1-ci maddələrinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli,iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 405.1-ci maddəsinə müvafiq olaraq, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı). Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (448.2). Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin (448.4). İş materiallarından görünür ki, iddiaçı ona məxsus mənzilin söküntüsünə icazə verməyi və mənzili boşaltmağı, tikinti şirkəti Cavabdeh MTK isə mənzili alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə iddiaçı müqavilə bağlandıqdan 1 həftə sonra öz öhdəliyini icra etmiş və mənzili boşaldaraq cavabdehə təhvil vermişdir. Cavabdehin isə öz öhdəliyinin icrası müddəti tərəflər arasında bağlanmış müqavilənin 2.3.3-cü bəndində nəzərdə tutulmuşdur. Həmin bəndə görə, binanın bünövrəsi qoyulduğu andan 18 ay müddətinə mənzilin açarları “Mülkiyyətçi”yə təqdim edilməlidir. Mülki Məcəllənin “Öhdəliyin icrası müddəti” adlanan 427-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər (427.1). Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görəonu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur (427.2). Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (427.4). Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən göründüyü kimi, müqavilədə cavabdehin öz öhdəliyini icra etməsi müddəti kimi “binanın bünövrəsinin qoyulduğu andan 18 ay müddətində” ifadəsi nəzərdə tutulmuşdur. Lakin həmin şərt qeyrimüəyyən olmaqla, mənzilindən mərhum olmuş vətəndaşın hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Belə ki, müqavilənin 15 sentyabr 2021-ci il tarixdə bağlanmasına, mənzilin sökülmək üçün xx.xx.2021-ci il tarixdə verilməsinə, iddiaçının üzərinə düşən öhdəliyi icra etməsindən 3 ildən çox müddət keçməsinə baxmayaraq, iddiaçıya təhvil verilməli olan mənzilin yerləşəcəyi binanın bünövrəsi hələ də qoyulmamışdır və nə zaman qoyulacağı bəlli deyildir. Göründüyü kimi, müqavilədə qeyrimüəyyən ifadələrdən istifadə edilmişdir və müqavilə ağlabatan müddət ərzində icra edilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Mülki Məcəllənin 420.2-ci maddəsinə uyğun olaraq, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Məhkəmə tərəfindən yerli baxış keçirilərkən də müəyyən edilmişdir ki, iddiaçıya təhvil verilməsi nəzərdə tutulan A blokunun yerləşəcəyi ərazidə inşa ediləcək binanın nəinki bünövrəsi qoyulmamış, ümumiyyətlə köhnə binanın söküntüsünə başlanılmamış, sakinlər köçürülməmişdir. Cavabdeh şirkət tərəfindən iddiaçıya məxsus olmuş mənzilin yerləşdiyi bina isə sökülmüş, yerində yeni binanın inşasına başlanılmışdır. Nəzərə alınmalıdır ki, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.2-ci maddəsi). Beləliklə, məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulmuş “binanın bünövrəsi qoyulduğu andan 18 ay müddətinə mənzilin açarları “Mülkiyyətçi”yə təqdim edilməlidir” şərti qeyri-müəyyən olduğundan həmin hal iddiaçının xeyrinə şərh edilməli, müqavilə ağlabatan müddət ərzində icra edilmədiyindən cavabdehin öz öhdəliyini pozması kimi qəbul edilməlidir. Əks hal müqavilənin icrasının qeyri-müəyyən müddətə uzadılması və iddiaçının mülkiyyət hüquqlarının pozulmasının davam etməsinə səbəb olacaqdır. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 17 sentyabr 2021-ci il tarixli Qərarı). Hazırki iş üzrə iddiaçıya təhvil verilməsi nəzərdə tutulan A blokunun inşasına başlanılmadığından, iddiaçıya məxsus mənzilin yerləşdiyi köhnə binanın sökülməsinə və yerində yenisinin inşasına baxmayaraq iddiaçıya həmin ərazidə deyil, hələ də söküntüsünə başlanılmayan qonşu ərazidə yerləşən A blokundan mənzilin verilməsi barədə razılaşma qeyd edilən hissədə etimad və vicdanlılıq prinsiplərinə zidd olduğundan həmin hissədə etibarsızdır. Belə ki, cavabdehin hansı hissədən tikintiyə başlayacağını bilməməsi ağlabatan deyildir. İddiaçı isə müqavilədə ona məxsus binanın yerləşdiyi ərazidən deyil, yanındakı binadan mənzil veriləcəyini güman etmədiyini, hansı blokun harada yerləşdiyinə, müqavilədə hansı blokun qeyd edildiyinə əhəmiyyət vermədiyini bildirmişdir. İddiaçı 3 ildən çoxdur ki, kirayə mənzillərdə yaşamağa məcbur olmuş və müqavilədə təhvil verilməsi nəzərdə tutulan mənzilin yerləşəcəyi binanın inşasına isə nə zaman başlanacağı, müqavilə öhdəliyinin borclu tərəfindən nə zaman icra ediləcəyi ona məlum deyildir. Bütün bu qeyd olunan hallar iddiaçıya müqavilə ilə şərtləşdirilmiş fərdimüəyyən əşya ilə eyni xüsusiyyətlərə malik əşyanın verilməsini məhkəmə qaydasında tələb etmək hüququ vermişdir. Mülki Məcəllənin fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələrini müəyyən edən 452.1-ci maddəsinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyini icra etməli, iddiaçıya həmin ərazidə inşa edilmiş binalardan birində eyni sahəyə malik mənzili təhvil verməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki mülki iş üzrə iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 047 saylı müqaviləyə əsasən iddiaçıya verilməli olan yeni inşa ediləcək ünvan 1 ünvanında A blokunun 2-ci mərtəbəsində yerləşməsi nəzərdə tutulan 1 saylı 84,67 kv.metrdən ibarət təmirli mənzilin əvəzinə həmin ərazidə inşa edilmiş eyni sahəyə malik təmirli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh MTKnın üzərinə qoyulmalıdır. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 047 saylı müqaviləyə əsasən iddiaçıya verilməli olan yeni inşa ediləcək ünvan 1 ünvanında A blokunun 2-ci mərtəbəsində yerləşməsi nəzərdə tutulan 1 saylı 84,67 kv.metrdən ibarət təmirli mənzilin əvəzinə həmin ərazidə inşa edilmiş eyni sahəyə malik təmirli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulsun. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar