Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3148/2023 27.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, 92 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılması, əmlakın təhvil verilməsi, yaradılmış maneələrin aradan qaldırılması və məhrum olduğu 28350 manat məbləğində vəsaitin, 275.05 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək iddia predmeti olan əmlakın cavabdeh tərəfindən boşaldılması, əmlakın təhvil verilməsi, yaradılmış maneənin aradan qaldırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 6 fevral 2018-ci il tarixli, ******* nömrəli Çıxarışda qeyd edilir ki, ünvan 2 ünvanındakı qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. xx.xx.2018-ci il tarixindən İddiaçı ilə X1 aralarında icarə müqaviləsi bağlamışlar. Lakin Cavabdeh maneələr törətməsi (obyekti zəbt edərək, ora avadanlıqlar yerləşdirmiş və kilidlə bağlamışdır) nəticəsində əmlakdan istifadə mümkünsüz hala gəlmişdir və tərəfindən qeyri-yaşayış sahəsi hələ də boşaldılmayıb. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa müvafiq izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, 22 ildir ki, həmin əmlak onların istifadəsindədir, ailəsi ilə mübahisələndirilən əmlakın yerləşdiyi binanın 1-ci mərtəbəsində yaşayır, həmin sahəni zirzəmi kimi işlədir. İddiaçının həmin sahəyə necə çıxarış almasından məlumatsızdır, lakin həmin çıxarışı inzibati qaydada mübahisələndirmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq olunmuş: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* saylı çıxarışının surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu, X2 küçəsi 92 ünvanında olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeyd edilmişdir; - xx.xx.2018-ci il tarixli, 3796 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” AR Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhəri Nərimanov rayonu, X2 küçəsi 92 ünvanında yerləşən 17.4 kv.m qeyri-yaşayış sahəsini hərracdan satış qiyməti ilə 5000 manata “Alıcı” İddiaçı satmağı, “Alıcı” İddiaçı isə onun dəyərini ödəməyi, müəssisənin bütün öhdəliklərini və borclar üzrə məsuliyyəti öz öhdəsinə götürmüşdür; - “Alıcı” İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun və göndəriş qəbzinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Nərimanov rayonu, X2 küçəsi 92 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq 3 gün ərzində təhvil verilməsi, əks halda məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdar edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi 92 ünvanında yerləşən, ümumi sahəsi 17.4 kv.m olan qeyri-yaşayış sahəsi AR Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddiaçı satılmış, bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixli qeyd aparılmışdır. Həmin qeyriyaşayış sahəsi Cavabdeh istifadəsindədir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, qeyd edilən qeyri-yaşayış sahəsinin boşaldılması, əmlakın təhvil verilməsi, yaradılmış maneənin aradan qaldırılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” işində qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipini, mülkiyyətindən məhrumetmənin yolverilməzliyini və mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhkəmə qeyd olunan qanunvericilik normalarından və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasından çıxış edərək hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etməsi və maneələr yaratması sonuncunun qanunla qorunan mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnir. İddiaçının tələb hüququ, həmçinin Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Qeyd edilən normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia). Vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Göstərilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, mülki işin materiallarından və tərəflərin izahatlarından, mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi 92 ünvanında yerləşən ümumi sahəsi 17.4 kv.m. olan qeyri-yaşayış sahəsinin Cavabdeh sahibliyində və istifadəsində olduğu müəyyən edilmişdir; sonuncunun mübahisəli qeyri-yaşayış sahəsi üzərindəki sahibliyinin isə hər hansı hüquqi əsasa söykəndiyi, iddiaçı ilə hər hansı bir müqavilə (əvəzsiz istifadə, icarə və sair) bağlandığı iş materialları ilə öz təsdiqini tapmır. İstifadə və sahiblik hüququnun olması isə cavabdehin başqasına məxsus əmlakdan öz istəyinə uyğun olaraq uzun müddət istifadə etməsi ilə əlaqələndirilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı “mülkiyyət hüququ üzrə ona məxsus olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verməsini” tələb etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan çıxarış, texniki pasport kimi sənədlərlə mübahisələndirilən əmlak üzərində İddiaçı mülkiyyəti təsdiq edilmişdir. Cavabdeh isə öz izahatında qeyd edilən əmlakın yerlədiyi binanın 1-ci mərtəbəsində yaşamasını, 22 ildir ki, qeyri-yaşayış sahəsindən istifadə etdiklərini bildirsə də, bu hüququnu təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, iş materiallarından göründüyü kimi, iddiaçının mübahisələndirdiyi əmlak qanuni əsaslarla iddiaçıya məxsusdur və onun öz əmlakı üzərində mülkiyyət hüququnu sərbəst həyata keçirməsinə cavabdeh maneələr törədir. Müvafiq əmlaka mülkiyyət hüququ iddiaçıya məxsus olsa da, cavabdeh qeyri-yaşayış sahəsinin boşaldılması və təhvil verilməsindən imtina edir. Mübahisəli əmlak iddiaçının mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan və onun mülkiyyətindən sərbəst istifadəsi başqa şəxslərin hüquqlarını pozmadığından, cavabdehin isə mövcud vəziyyətdə əmlakdan istifadə hüquqları olmadığından, əmlak üzərində sahibliyi qanunsuz olduğundan iddia təmin edilməli və cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçıya məxsus əmlakdan istifadə edərək iddiaçını mülkiyyətindən faktiki olaraq məhrum etmiş olur və hüquqi nəticə etibarı ilə onun konstitusion hüququ olan mülkiyyət hüququnu pozur. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi 92 ünvanında yerləşən ümumi sahəsi 17.4 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməli, əmlakdan istifadə ilə bağlı yaradılmış maneə aradan qaldırılmalı və ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi 92 ünvanında yerləşən ümumi sahəsi 17.4 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi 92 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən istifadə ilə bağlı Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İş üzrə ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3148/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3148/2023
27.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver