Məhkəmə qərarları › İş №e-2(005)-3226/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3226/2025

22.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3226/2025 22.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı MTK-nın Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 67 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi, cavabdehin ünvan 1 ünvanında inşa edilən 19 mərtəbəli binanın birinci blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,98 kv.m olan 67 nömrəli 3 otaqlı mənzildən çıxarılması, ünvan 1 ünvanında inşa edilən 19 mərtəbəli binanın birinci blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,98 kv.m olan 67 nömrəli 3 otaqlı mənzilin boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 67 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən 19 mərtəbəli binanın birinci blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,98 kv.m olan 67 nömrəli 3 otaqlı mənzilin satılmasına dair razılıq əldə olunmuşdur. Müqavilənin 4.1-ci bəndinə əsasən mənzilin dəyəri 325440 manat məbləğində qiymətləndirilmiş, ilkin ödəniş olaraq 35440 manat, yerdə qalan 290000 manat isə hər ay 12083 manat olmaqla 24 ay ərzində ödənilməli idi. Cavabdeh tərəfindən müqavilənin bu bəndi qismən icra olunmuş, mənzilə görə ilkin olaraq 35440 manat ödənilmiş, yerdə qalan məbləğ hər ay 12083 manat olmaqla ödənilməli olduğu halda tam icra edilməmişdir. Cavabdeh tərəfindən müqavilənin şərti pozularaq, hər ay 9000 manat, 10000 manat və s. ödənişlər olmaqla mənzilə görə ilkin ödənişlə birlikdə cəmi 167940 manat ödəniş edilmişdir. Halbuki müqavilə şərtinə əsasən, müddətin bitdiyi 2025-ci ilin aprel ayına kimi bütün məbləğ, yəni 325440 manat məbləğində pul "xxxx" MTK-ya ödənilməli idi. Müqavilənin şərtləri cavabdeh tərəfindən pozulduğuna və nəzərdə tutulmuş müddət ərzində pul məbləği MTK-ya ödənilmədiyinə görə müqavilə vaxtından əvvəl pozularaq (5.3-cü bəndə əsasən) bu barədə cavabdehə xx.xx.2025-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqdan da göründüyü kimi mənzil üzrə müqavilənin vaxtından əvvəl pozulması, mənzilin digər müştəriyə satıldıqdan sonra ödənilmiş məbləğin 10 faizi tutularaq qalan məbləğin qaytarılması qeyd edilmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən və iddia ərizəsindən görünür ki, Cavabdeh rəsmi qeydə alındığı ünvan ünvan 2ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 və 35.2-ci maddələrinə əsasən isə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, hazırki iş üzrə cavabdehin rəsmi qeydə alındığı ünvan Nərimanov Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aid deyildir. Hazırki mülki işə müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əşyanın olduğu yer üzrə məhkəmə tərəfindən baxılıb-baxılmaması məsələsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüquqlarından məhrumetmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 iyun 2021-ci il tarixli Qərar). Hazırki iş üzrə iddiaçının tələbi qeyd edilən maddənin təsir dairəsinə düşmür. Belə ki, iddia tələbi tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlıdır və müvafiq işə müstəsna aidiyyət qaydalarına uyğun olaraq deyil, ümumi aidiyyət qaydalarına uyğun baxılmalıdır. İşin hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixdə alğı-satqı müqaviləsi bağlanmışdır və iddiaçı cavabdehə öz mülkiyyətində olan mənzili satmaqla ona təhvil vermişdir. Müqavilənin dəyəri 325440 manat müəyyən edilmiş, 2025-ci ilin aprel ayına kimi tam ödənilməsi şərtləndirilmiş, cavabdeh tərəfindən cəmi 167940 manat ödəniş edilmişdir. İddiaçı mənzilin dəyəri tam ödənilmədiyindən qeyd edilən müqavilənin ləğv edilməsini və cavabdeh tərəfindən mənzilin boşaldılaraq təhvil verilməsini xahiş edir. Mənzilin boşaldılması tələbi müqavilənin ləğv edilməsi tələbinin təmin edilib-edilməməsindən asılı olan tələbdir. Müqavilənin ləğv edilməsi tələbinə isə ümumi aidiyyat qaydalarına uyğun olaraq baxılmalıdır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də ödənilmiş dövlət rüsumu geri qaytarılmalı və iddiaçıya ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 114, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MTK-nın Cavabdeh qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********37) rüsum ödəyicisi İddiaçı MTK-ya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar