Məhkəmə qərarları › İş №e-2(005)-3277/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3277/2024

02.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3277/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi Ərizəçinin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi MMC-nin Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesindaə bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi MMC Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesindaə bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi MMC ilə Maraqlı şəxs arasında Mediasiya prosesi nəticəsində imzalanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi və dövlət rüsumu olaraq ödənilmiş 100,0 manat vəsaitin maraqlı olan şəxsdən tutularaq ərizəçiyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında mövcud olmuş mülkihüquq münasibətləri zamanı maraqlı şəxs olan Maraqlı şəxs ərizəçiyə 601,38 manat borcu yaranmışdı. Maraqlı şəxs öz öhdəliyini yerinə yetirmədiyindən ərizəçi, yaranmış mübahisəni mediasiya vasitəsi ilə həll etməyi təklif etmişdir. Beləliklə, Ərizəçi və maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli “Barışıq Sazişi” bağlanmışdır. Maraqlı şəxs Barışıq Sazişinin 2.1-ci maddəsində qeyd olunmuş qaydada ödənişlərini həyata keçirməyi öhdəsinə götürsə də, buna tam və vaxtında əməl etməmişdir. Belə ki, o, ümumi borcundan bu vaxtadək cəmi 100,0 manat ödəniş etmişdir ki, son nəticədə onun qalıq 501,38 manat borc öhdəliyi hələ də icra edilməmiş olaraq qalmışdır. Göründüyü kimi maraqlı şəxs 12 dekabr 2023-cü il tarixli Barışıq Sazişini könüllü qaydada icra etməkdən boyun qaçırır və bu səbəblə də həmin sazişin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X2 ərizənin məzmununa uyğun izahat verərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərədə keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Ərizəçi MMC ilə Maraqlı şəxs arasında 12 dekabr 2023-cü il tarixdə Biləsuvar rayonu 11 saylı Cəbrayıl qəsəbəsi – Cəbrayıl 1 saylı Mediasiya təşkilatında mediasiya reyestrində MSC/MT020/2023-01710 nömrəsi ilə qeydiyyatdan keçmiş Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır: - Tərəflər olan MKT İstehsalat Kommersiya MMC və 2-ci tərəf Maraqlı şəxs arasında olan 601,38 (altı yüz bir manat otuz səkkiz qəpik) manat borc məbləğinin ödənilməsi müzakirə edildi. Tərəflərin razılaşmasına əsasən 2-ci tərəf Maraqlı şəxs İsamayıl oğlu həmin borcdan 2024-cü ilin yanvar ayından başlayaraq hər ay 100 ( yüz) manat ödəməyi öz öhdəsinə götürür. Başqa tələb yoxdur. Bu əsasla işə xitam verilir. -Əgər barışıq sazişi könüllü icra olunmasa məhkəməyə müraciət olunaraq təsdiq edildikdən sonra məcburi icraya yönəldiləcəyini bilirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqmda məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Beləliklə yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edilir ki, şəxslər arasında məhkəmədən kənar qaydada mübahisələrin həlli nəzərdə tutulmuşdur. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi 2 halda məhkəmə tərəfindən təsdiq edilir: 1) Mediasiya institutunun tətbiqi dairəsinə daxil olan mübahisələrlə bağlı məhkəmənin icraatında olan iş üzrə tərəflər arasındakı mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Bu halda məhkəmə barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. 2) Məhkəməyə müraciət etməmişdən öncə mediasiya vasitəsilə bağlanmış barışıq sazişi əgər tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmadıqda və ya könüllü icradan imtina olunduqda yalnız məcburi icra üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edilə bilər. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, tərəflər mediasiya prosesi nəticəsində “601,38 manat borcun tələb edilməsi” tələbi üzrə razılığa gələrək 12 dekabr 2023-cü il tarixli barışıq sazişi bağlamışlar. Sazişə əsasən Maraqlı şəxs İsamayıl oğlu həmin borcdan 2024-cü ilin yanvar ayından başlayaraq hər ay 100 (yüz) manat ödəməyi öz öhdəsinə götürmüşdür. Saziş eyni tarixdə tərəflər, həmçinin mediator tərəfindən imzalanaraq qüvvəyə minmiş və tərəflər üçün məcburi xarakter daşımışdır. Sazişin 6-cı bəndinə əsasən, saziş tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Bununla belə barışıq sazişinin şərtləri könüllü qaydada yerinə yetirilməmişdir, maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü qaydada icra etməkdən yayınır. Hazırda ərizəçi qeyd olunan barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, maraqlı şəxs qanunvericiliklə müəyyən edilmiş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən, barışıq sazişi qanunauyğun olduğundan hər hansı bir üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla təsdiq edilməlidir. Məhkəmə onu da qeyd edir ki, barışıq sazişin təsdiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək üçün Ərizəçi MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişində xərclərlə bağlı qeyd edilmişdir ki: “...Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir” (9-cu bənd). Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanmış 12 dekabr 2023-cü il tarixli, mediasiya reyestrində MSC/MT020/2023-01710 nömrəsi ilə qeydiyyatdan keçmiş Barışıq sazişi təsdiq edilməli, ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçinin xeyrinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi MMC ilə Maraqlı şəxs arasında 12 dekabr 2023-cü il tarixdə Biləsuvar rayonu 11 saylı Cəbrayıl qəsəbəsi – Cəbrayıl 1 saylı Mediasiya təşkilatında mediasiya reyestrində MSC/MT020/2023-01710 nömrəsi ilə qeydiyyatdan keçmiş Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: “- Tərəflər olan MKT İstehsalat Kommersiya MMC və 2-ci tərəf Maraqlı şəxs arasında olan 601,38 (altı yüz bir manat otuz səkkiz qəpik) manat borc məbləğinin ödənilməsi müzakirə edildi. Tərəflərin razılaşmasına əsasən 2-ci tərəf Maraqlı şəxs İsamayıl oğlu həmin borcdan 2024-cü ilin yanvar ayından başlayaraq hər ay 100 ( yüz) manat ödəməyi öz öhdəsinə götürür. Başqa tələb yoxdur. Bu əsasla işə xitam verilir.” Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar