Məhkəmə qərarları › İş №e-2(005)-3279/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3279/2024

14.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3279/2024 14.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi MMC-nın nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi MMC-nın maraqlı şəxs qismində Maraqlı şəxs göstərilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi MMC (Maraqlı şəxs qismində göstərilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında Mediasiya prosesi nəticəsində imzalanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi və dövlət rüsumu olaraq ödənilmiş 100 manat vəsaitin maraqlı olan şəxsdən tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında mövcud olmuş mülki-hüquq münasibətləri zamanı maraqlı şəxs olan Maraqlı şəxs MMC-yə 566,92 manat borcu yaranmışdı. Maraqlı şəxs öz öhdəliyini yerinə yetirmədiyindən yaranmış mübahisəni mediasiya vasitəsi ilə həll etməyi təklif etmişdir. Aralarında xx.xx.2023-cü il tarixli “Barışıq Sazişi” bağlanmışdır. Maraqlı şəxs Barışıq Sazişinin 2.1-ci maddəsində qeyd olunmuş qaydada ödənişlərini həyata keçirməyi öhdəsinə götürsə də, buna tam və vaxtında əməl etməmişdir. Ümumi borcundan bu vaxtadək cəmi 100 manat ödəniş etmişdir ki, son nəticədə onun qalıq 466,92 manat borc öhdəliyi hələ də icra edilməmiş olaraq qalmışdır. Maraqlı şəxs barışıq sazişini könüllü qaydada icra etməkdən boyun qaçırır və bu səbəblə də həmin sazişin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi MMC-nın nümayəndəsi və vəkili Nümayəndə yuxarda qeyd edilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Həmin Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəməyə təqdim edilmiş, “birinci tərəf” Ərizəçi MMC ilə “ikinci tərəf” Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: - Maraqlı şəxs 466,92 manat borcu 2024-cü ilin yanvar ayından başlayaraq, hər ay 100 manat Ərizəçi MMC-yə ödəməyi üzərinə götürmüşdür. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmış, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi qalıq borcun ödənilməsi üçün razılığa gəlinmiş, lakin Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi MMC-nın (Maraqlı şəxs qismində göstərilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməli, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Eləcə də, ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pul Maraqlı şəxs tutularaq Ərizəçi MMC ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli nömrəli aşağıda qeyd edilən məzmunlu barışıq sazişi təsdiq edilsin: - Maraqlı şəxs 466,92 manat borcu 2024-cü ilin yanvar ayından başlayaraq, hər ay 100 manat Ərizəçi MMC-yə ödənilməlidir; Ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pul Maraqlı şəxs tutularaq Ərizəçi MMC-yə ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar