Məhkəmə qərarları › İş №e-2(005)-3322/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3322/2025

14.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3322/2025 14.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə 16 saylı mediasiya təşkilatında bağlanmış MŞB/16/2025-00861 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 2016-cı ildə nikaha daxil olmuş, həmin nikahdan 2 uşaqları dünyaya gəlmişdir. Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə 16 saylı mediasiya təşkilatında MŞB/16/2025-00861 saylı barışıq sazişi imzalamışdır. Həmin sazişə əsasən 2-ci tərəf nikaha daxil olanadək 1-ci tərəfin ona verdiyi 25.000 manat pulu xx.xx.2025-ci il tarixədək 1-ci tərəfin özünə qaytarmağı öhdəsinə götürür. 2-ci tərəf nikah dövründə əldə olunmuş mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzili (reyestr nömrəsi: **********01- 05101- 093035, qeydiyyat nömrəsi: **********, çıxarışın verilmə tarixi: xx.xx.2020) xx.xx.2025-ci il tarixədək 1-ci tərəfə bağışlamasını və bu müqavilənin notariat qaydasında rəsmiləşdirilməsini, həmçinin bununla əlaqədar oqanunvericilikdə tələb olunan bütün hərəkətlərin edilməsini, o cümlədən sənədlərə imza etməyi öhdəsinə götürür. 2-ci tərəf təsdiq edir ki, bu sazışın 2-ci bəndində göstərilən daşınmaz əmlak başqa şəxslərin hüquqlarından azaddır, həbs və girov altında deyildir. 2-ci tərəfin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildə olan cehiz əşyalarının (2 nəfərlik yataq mebeli, 1 nəfərlik yataq mebeli, yorğan-döşək, dəsmallar, qablar, heykəllər, tozsoran, ütü, soba, ətçəkən, grinder, sokçəkən, xalça, çaydan, çəngəl dəsti, stol stul dəsti) 1-ci tərəfə verməyi öz öhəsinə götürür. 1-ci tərəf xx.xx.2025-ci il tarixdə 2-ci tərəfin iddiası üzrə Nərimanov rayon Məhkəməsində nikahların pozulmasına dair keçiriləcək məhkəmə iclasında nikahlarının pozulmasına razılığını bildirəcəyini öz öhdəsinə götürür. Tərəflər razılığa gəldilər ki, 2-ci tərəf aylıq əmək haqqının 1/3-ni işlədiyi müəssisənin mühasibatlığından 1-ci tərəfin adına açılacaq hesaba ödəniləcəyi üçün tələb olunan zəruri sənədləri həmin müəssisənin mühasibatlığına təqdim etməyi öz öhdəsinə götürür. Tərəflər öhdələrinə götürürlər ki, bu sazişdə nəzərdə tutulanlar istisna olmaqla bir-birilərinə qarşı hər hansı əmlak, digər iddia və tələbləri yoxdur, gələcəkdə də olmayacaqdır. Lakin maraqlı şəxs sazişin üzərindən xeyli müddət keçməsinə və ərizəçinin dəfələrlə alimenti tələb etməsinə baxmayaraq sazişin icrasından yayınaraq pulu ödəməkdən imtina etmişdir. Maraqlı şəxs həmin sazişdə qeyd edilən aliment öhdəliyini yerinə yetirmədiyindən həmin sazişin təsdiq edilməsinə dair məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, izahatında göstərmişdir ki, o, hər ay alimentini alır ancaq, o, hər dəfə alimentin ödənilməsi üçün maraqlı şəxsə müraciət etmək istəmir. Maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz edərək, alimenti ödədiyini bildirmiş, habelə ərizəyə baxılmasını nikahın pozulmasından sonraya təxirə salınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - 30.06.2025-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, “Hədiyyə verən” (Maraqlı şəxs) ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 69.44 kv/m olan mənzilin tam mülkiyyət üzrə tam hissəsini (69.44 kv/m) "Hədiyyə alanın" (Ərizəçi) mülkiyyətinə verir. - xx.xx.2025-ci il tarixli, MŞB/16/2025-00861 nömrəli Bakı 16 X1 Barışıq Sazişinə əsasən, tərəflər Ərizəçi (gələcəkdə 1-ci tərəf adlanacaq) və Maraqlı şəxs (gələcəkdə 2-ci tərəf adlanacaq) aşağıda qeyd olunanlar barədə razılığa gəldilər:

1. 2-ci tərəf nikaha daxil olanadək 1-ci tərəfin ona verdiyi 25.000 (iyirmi beş min) manat pulu xx.xx.2025-ci il tarixədək 1-ci tərəfin özünə qaytarmağı öhdəsinə götürür.

2. 2-ci tərəf birgə nikah dövründə əldə olunmuş mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 3 otaqlı mənzili (reyestr nömrəsi: **********01-05101-093035, qeydiyyat nömrəsi: ********** ,çıxarışın verilmə tarixi: xx.xx.2020) xx.xx.2025-ci il tarixədək 1-ci tərəfə bağışlamasını və bu müqavilənin notariat qaydasında rəsmiləşdirilməsini, həmçinin bununla əlaqədar qanunvericilikdə tələb olunan bütün hərəkətlərin edilməsini, o cümlədən sənədlərə imza etməyi öz öhdəsinə götürür.

3. 2- ci tərəf təsdiq edir ki, bu sazişin 2- ci bəndində göstərilən daşınmaz əmlak başqa şəxslərin hüquqlarından azaddır, həbs və girov altında deyildir.

4. 2-ci tərəfin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildə olan cehiz əşyalarının (2 nəfərlik yataq mebeli, 1 nəfərlik yataq mebeli, yorğan-döşək, dəsmallar, qablar, heykəllər, tozsoran, ütü, soba, ətçəkən, grinder, sokçəkən, xalça, çaydan, çəngəl dəsti, stol stul dəsti) 1-ci tərəfə verməyi öz öhdəsinə götürür.

5. 1-ci tərəf xx.xx.2025-ci il tarixində 2-ci tərəfin iddiası üzrə Nərimanov Rayon Məhkəməsində nikahlarının pozulmasına dair keçiriləcək məhkəmə iclasında nikahlarının pozulmasına razılığını bildirəciyini öz öhdəsinə götürür.

6. Tərəflər razılığa gəldilər ki, 2-ci tərəf aylıq əmək haqqının aliment olaraq 1/3-ni işlədiyi müəssisənin mühasibatlığından 1-ci tərəfin adına açılacaq hesaba ödəniləcəyi üçün tələb olunan zəruri sənədləri həmin müəssisənin mühasibatlığına təqdim etməyi öz öhdəsinə götürür.

7. Tərəflər öhdələrinə götürürlər ki, bu sazişdə nəzərdə tutulanlar istisna olmaqla birbirilərinə qarşı hər hansı əmlak, digər iddia və tələbləri yoxdur, gələcəkdə də olmayacaqdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən,. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-ci maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin qanunun 34.4-cü maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər xx.xx.2025-ci il tarixdə mediasiya prosesində barışıq əldə etmişlər, ərizəçi yalnız aliment hissəsində sazişin maraqlı şəxs tərəfindən hər ay xəbərdar edildikdən sonra icra edildiyini və həmin hissədə sazişin təsdiq edilib, rəsmi qaydada hər ay maraqlı şəxsdən alimentin əmək haqqından tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilərək, göstərilən hissədə barışıq sazişi (6-cı bəndi) təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu marqalı şəxsdən alınaraq, ona ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinin 6cı bəndi “Tərəflər razılığa gəldilər ki, 2-ci tərəf aylıq əmək haqqının aliment olaraq 1/3-ni işlədiyi müəssisənin mühasibatlığından 1-ci tərəfin adına açılacaq hesaba ödəniləcəyi üçün tələb olunan zəruri sənədləri həmin müəssisənin mühasibatlığına təqdim etməyi öz öhdəsinə götürür.” təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Maraqlı şəxs işə baxılması ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu tutularaq Ərizəçi ödənilsin. Alimentin icrası dərhal təmin edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar