Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-359/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-yə qarşı «əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib olunmuş 12.08.2021-ci il tarixli Əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evi xüsusı mülkiyyət hüququ əsasında ona məxsusdur. 2019-cu ildə evini girov qoyaraq "xxxx" KB ASC-dən kredit götürmüşdür. Krediti götürdükdən sonra ödəniş cədvəlinə uyğun olaraq vaxtı-vaxtında ödəmələri edirdi. Lakin “COVİD-19” pandemiyası ilə əlaqədar olan xüsusi karanlin rejimi elan olunduqdan sonra fəaliyyət göstərə bilməmiş və bu səbəbdən banka olan ödəmələrində çətinlik yaranmağa başlasa da, imkanı daxilində ödənişlər edirdi. Buna baxmayaraq, bank pandemiya vəziyyətindən istifadə edərək ipotekaya qoyulmuş evini ələ keçirmək niyyətinə düşmüşdür. Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən 17.11.2020-ci il tarixli 8İ-6293 reyestr nömrəli icra qeydi aparılaraq tutmanın ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi təklif olunmuşdur. Daha sonra isə Gəncə şəhəri üzrə icra İdarəsinin məktubu əsasında cavabdeh "xxxx" MMC tərəfindən sözügedən evin qiymətləndirilməsi həyata keçirilmişdir. Lakin cavabdeh tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə təqdim olunmuş 12.08.202İ-ci il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabatıda evin qiymətinin 45000 manat olduğu göstərilmişdir, Bu tamamilə absurd bir qiymətdir. Qeyd etdiyim kimi evi 2 mərtəbəli olmaqla minimum qiyməti 150000 manatdan yuxarıdır. Bu qiymət bankın sifarişi əsasında qəsdən bu qədər az göstərilmişdir ki, sonradan bank cüzi qiymətə evi özü alsın. 14.01.2022-ci il tarixli ərizə əsasında "xxxx" KB ASC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirdi və rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" MMC-yə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda 30.03.2022-ci il tarixdə ərizə təqdim edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib iddia ərizəsinin təmin edilməməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 avqust 2021-ci il tarixli 269 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X4 küçəsi, ev 9 A ünvanında yerləşən 0.0325 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin likvid dəyəri 45000 manat müəyyən edilmişdir. İşdə olan “S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi”nin 01.03.2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X4 küçəsi, ev 9 A ünvanında yerləşən 0.0325 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin Bazar dəyəri 50.000 manat, likvid dəyəri 45.000 manat müəyyən edilmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, qiymətləndirilmə aparılarkən qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında iddiaçı qiymətləndirilmə barədə rəyin etibarsız hesab olmasını təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Belə ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.) Həmin Qanunun 10-cu maddəsinin tələbindən isə görünür ki, qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Qanunun qeyd edilən tələblərindən görünür ki, qiymətləndirmənin nəticələri haqqında rəy Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən qaydalar daxilində tərtib olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydalarının 1-ci hissəsinə əsasən qiymətləndirmə standartlarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən qiymətləndirmə standartları tam şəkildə bu sahədə olan beynəlxalq normalara və prinsiplərə uyğun hazırlanmalıdır. Standartların bir hissəsi Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitə tərəfindən hazırlanmış standartlara əsasən hazırlanmalıdır. Digər hissəsi isə həmin komitə tərəfindən beynəlxalq standartlaşdırma sahəsində rəhbər tutulan prinsiplər əsasında işlənməlidir. Həmin “Qaydalar”ın 2.8-ci bəndinə əsasən daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində peşəkar fəaliyyət normaları qiymətləndirmə normalarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmənin nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq qiymətləndirmə normalarının yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları göstərilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 avqust 2021-ci il tarixli 269 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, qiymətləndirici tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə riayət olunmuş, onun tələblərinə müvafiq əsaslandırılma aparılaraq mübahisəli obyektin qiyməti təyin edilmişdir. Məhkəmə tərəfindən təkrar olaraq əmlakın bazar qiymətinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin olunmuş, əmlakların dəyərinin iddia olunandan daha yüksək olduğu müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 avqust 2021-ci il tarixli 269 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatında göstərilən əmlakların dəyərinin yuxarı göstərilməsi barədə iddiaçının dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-yə qarşı «əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-yə qarşı «əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №e-2(005)-359/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-359/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver