Məhkəmə qərarları › İş №e-2(005)-3764/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3764/2024

07.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3764/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs göstərilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində göstərilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında Bakı 11 saylı Mediasiya təşkilatında xx.xx.2024-cü il tarixdə bağlanmış Barışıq Sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi cavabdeh Maraqlı şəxs ilə 29 noyabr 2008-ci il tarixində Bakı şəhəri Səadət Sarayında 4050 saylı akt qeydi ilə qeyd edilməklə nikaha daxil olmuşdur. Birgə nikahdan iki uşaqları var. Böyük oğlu X4 xx.xx.2010-cu il təvəllüdlü, kiçik oğlu X5 xx.xx.2013-cü il təvəllüdlüdür. Münasibətləri pozulduğu səbəbindən rəsmi olaraq boşanmaq qərarına gəldilər. Qanunvericiliyə uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesinin keçirilməsi üçün mediasiya qurumuna müraciət etdilər. Mediasiya təşkilatında bütün mübahisəli məsələləri müzakirə edərək, razılığa gəldilər və xx.xx.2024-cü il tarixdə Barışıq Sazişi bağladılar. Barışıq Sazişinin şərtlərinə əsasən, nikahın pozulması, uşağın himayəsi, aliment və əmlak bölünməsi məsələləri ilə bağlı razılığa gəldilər. Bundan sonra maraqlı şəxs nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmədi. Hazırda nikahın pozulması və uşaqların onun himayəsində qalması ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bağışıq Sazişinin şərtlərinə əsasən 1. Tərəflər saziş imzalandıqdan sonra aralarında olan nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşmışlar. 2. Birinci tərəf övladları xx.xx.2010-cu il doğum tarixli X1 və xx.xx.2013-cü il doğum tarixli X2 ikinci tərəfin himayəsində qalmasına etiraz etmir. 3. Birinci tərəf ikinci tərəfə xx.xx.2024-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladları yetkinlik yaşına çatanadək hər ayın 10-na qədər hər birinə 1000 (min) manat olmaqla,cəmi 2000 (ikimin) sabit pulməbləğində aliment ödəməyi öz öhdəsinə götürmüşdür. 4. İkinci tərəf birinci tərəfə yuxarıda qeyd edilən övladları ilə həftənin 3 günü əvvəlcədən xəbər verməklə günün istənilən vaxtlarında heç bir maneə yaratmadan ünsiyyət qurmağına şərait yaradacaq. 5. Tərəflər bir birilərinə uşaqların digər tərəfin iştirakı olmadan xaricə çıxarılması üçün etibarnamə verəcəklərini öhdələrinə götürürlər. 6. Birinci tərəf ikinci tərəfə 2031-ci ilədək Bakı şəhərinin mərkəz rayonlarında dəyəri minimum 350000 manat olaraq üç otaqlı mənzil almasını öhdəsinə götürür. 7. Yuxarıda qeyd edilən uşaqlar hansı təhsil müəssisəsində oxumalarından asılı olmayaraq hər növbəti təhsil ili başlayanadək onların təhsil xərclərini birinci tərəf tam ödəyəcəyini öhdəsinə götürür. 8. Birinci tərəf ikinci tərəfə öztəşəbbüsü əsasında növbəti üç ilərzində 180000 manat məbləğində təzminat ödəyəcək. Ərizə üzrə maraqlışəxs barışıq sazişinin şərtlərinə əməl olunmasından yayınır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, nikahın pozulması, uşaqların ölkədən çıxması ilə bağlı tərəflər arasında razılıq əldə edilmişdir. Maraqlı şəxs tərəfindən öhdəliklər icra edilməmişdir. Maraqlı şəxs tərəfindən aliment və uşaqların təhsil haqqları ödənilməmişdir. Ərizənin təmin edilməsini xahiş edir. Uşaqlarla ünsiyyətlə bağlı məsələnin tənzimlənməsi ilə bağlı bəndin təsdiq edilməsinə də etiraz etmir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında bildirmişdir ki, hazırda işsizdir. Onun alacağı böyük məbləğdə pul var və həmin pulu aldıqdan sonra ödənişləri edəcəkdir. O işləməsə də uşaqların ərzaq xərclərini hazırda o ödəyir. Barışıq sazişini bağlayan vaxt ümid edirdi ki, nikahları pozulmayacaq, ərizəçi ilə barışacaqlar. Lakin ərizəçi məhkəməyə nikahın pozulması tələbi ilə müraciət edib. Uşaqların ananın himayəsində qalmasına etiraz etmir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Məhkəməyə təqdim edilmiş, “Birinci tərəf” Ərizəçi ilə “İkinci tərəf” Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinə əsasən: - Tərəflər saziş imzalandıqdan sonra aralarında olan nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşmışlar. - Birinci tərəf övladları xx.xx.2010-cu il doğum tarixli X1 və xx.xx.2013-cü il doğum tarixli X2 ikinci tərəfin himayəsində qalmasına etiraz etmir. - Birinci tərəf ikinci tərəfə xx.xx.2024-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladları yetkinlik yaşına çatanadək hər ayın 10-na qədər hər birinə 1000 (min) manat olmaqla,cəmi 2000 (iki min) sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürmüşdür. - İkinci tərəf birinci tərəfə yuxarıda qeyd edilən övladları ilə həftənin 3 günü əvvəlcədən xəbər verməklə günün istənilən vaxtlarında heç bir maneə yaratmadan ünsiyyət qurmağına şərait yaradacaq. - Tərəflər bir birilərinə uşaqların digər tərəfin iştirakı olmadan xaricə çıxarılması üçün etibarnamə verəcəklərini öhdələrinə götürürlər. - Birinci tərəf ikinci tərəfə 2031-ci ilədək Bakı şəhərinin mərkəz rayonlarında dəyəri minimum 350000 manat olaraq üç otaqlı mənzil almasını öhdəsinə götürür. - Yuxarıda qeyd edilən uşaqlar hansı təhsil müəssisəsində oxumalarından asılı olmayaraq hər növbəti təhsil ili başlayanadək onların təhsil xərclərini birinci tərəf tam ödəyəcəyini öhdəsinə götürür. - Birinci tərəf ikinci tərəfə öz təşəbbüsü əsasında növbəti üç ilərzində 180000 manat məbləğində təzminat ödəyəcək. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Göründüyü kimi, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyən, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edən “Mediasiya haqqında Qanun” tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi ilə qəbul edilmişdir. “Mediasiya haqqında Qanun”un: 24.6. maddəsinə əsasən, mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. 32.1.1. maddəsinə əsasən, tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən vaxtında könüllü qaydada icra edilməmişdir. Yuxarıda sadalanan qanunvericilik müddəalarından aydın olur ki, barışıq sazişi üçün 10 gün könüllü icra müddəti müəyyən edilmişdir. Maraqlı şəxs isə könüllü icra müddətini pozmuşdur. Məhkəmə hesab edir ki, Ərizəçi haqlı olaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə barışıq sazişinin birinci hissəsi olan “tərəflər saziş imzalandıqdan sonra aralarında olan nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşmışlar” hissəsi ilə bağlı qeyd edir ki, “Elektron məhkəmə” sistemindən çıxarışdan görünür ki, Ərizəçi Maraqlı şəxs qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş Nərimanov Rayon Məhkəməsinin icraatındadır. Göründüyü kimi, bu hissədə barışıq sazişi icra edildiyindən təsdiq edilə bilməz. Məhkəmə barışıq sazişinin “tərəflər bir birilərinə uşaqların digər tərəfin iştirakı olmadan xaricə çıxarılması üçün etibarnamə verəcəklərini öhdələrinə götürürlər.” hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarından olan 7 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilən Maraqlı şəxs ərizəsindən görünür ki, xx.xx.2010-cu il doğum tarixli X1 və xx.xx.2013-cü il doğum tarixli X2 yetkinlik yaşına çatanadək Ərizəçi ilə birlikdə Azərbaycan Respublikasından kənara istənilən xarici ölkələrə gedib qayıtmalarına heç bir etirazı yoxdur. Göründüyü kimi barışıq sazişinin bu hissəsi icra edildiyindən, bu hissənin təsdiq edilməsi ilə bağlı əsas aradan qalxmışdır. Məhkəmə barışıq sazişinin “Birinci tərəf ikinci tərəfə 2031-ci ilədək Bakı şəhərinin mərkəz rayonlarında dəyəri minimum 350000 manat olaraq üç otaqlı mənzil almasını öhdəsinə götürür.” və “Birinci tərəf ikinci tərəfə öz təşəbbüsü əsasında növbəti üç ilərzində 180000 manat məbləğində təzminat ödəyəcək.” hissələri ilə bağlı qeyd edir ki, qanunvericiliyə əsasən maraqlı şəxs barışıq sazişini könüllü icra müddətində icra etmədikdə məcburi icra üçün barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi qeyd edilən şərtlər gələcəkdə baş verəcək hallar üçün nəzərdə tutulmuşdur. Həmin şərtlərin icra edilməməsindən söhbət gedə bilməz. Barışıq sazişi bu hissədə də təsdiq edilə bilməz. Məhkəmə barışıq sazişinin “Yuxarıda qeyd edilən uşaqlar hansı təhsil müəssisəsində oxumalarından asılı olmayaraq hər növbəti təhsil ili başlayanadək onların təhsil xərclərini birinci tərəf tam ödəyəcəyini öhdəsinə götürür.” hissəsi ilə bağlı qeyd edir ki, barışıq sazişinin bu şərti qeyri-müəyyəndir və gələcəkdə maraqlı şəxsin hüquqlarının pozulmasına gətirib çıxara bilər. Eyni zamanda barışıq sazişinin bu bəndinin icrası da qeyri-mümkündür. Barışıq sazişi bu hissədə də təmin edilə bilməz. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanuna zidd olmayan digər hissələrdə - uşaqların himayəsi, aliment və uşaqla ünsiyyət hissələrində məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə maraqlı şəxsin alimentin məbləği ilə bağlı hisəsinə müasibətdə bildirdiyi dəlillərlə bağlı qeyd edir ki, barışıq sazişini könüllü olaraq imzalayıb, bu zaman ona barışıq sazişinin bağlanmnasının hüquqi nəticələri izah edilib. Barışıq sazişinin alimentlə bağlı bəndi aydın və icra ediləbilən şəkildə tərtib edilib. Belə olan təqdirdə məhkəmə hesab edir ki, barışıq sazişinin təsdiq edilməsinə maneə olan hər hansı bir hal yoxdur. Maraqlı şəxsin dəlilləri isə mülahizə xarakteri daşıyır. AR Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində göstərilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qismən təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/11/2024- 00269 nömrəli barışıq sazişi məcburi icra məqsədilə aşağıdakı hissədə təsdiq edilsin: - Birinci tərəf (Maraqlı şəxs) övladları xx.xx.2010-cu il doğum tarixli X1 və xx.xx.2013cü il doğum tarixli X2 ikinci tərəfin (Ərizəçi) himayəsində qalmasına etiraz etmir. - Birinci tərəf (Maraqlı şəxs) ikinci tərəfə (Ərizəçi) xx.xx.2024-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladları yetkinlik yaşına çatanadək hər ayın 10-na qədər hər birinə 1000 (min) manat olmaqla,cəmi 2000 (iki min) sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürmüşdür. - İkinci tərəf (Ərizəçi) birinci tərəfə (Maraqlı şəxs) yuxarıda qeyd edilən övladları ilə həftənin 3 günü əvvəlcədən xəbər verməklə günün istənilən vaxtlarında heç bir maneə yaratmadan ünsiyyət qurmağına şərait yaradacaq. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 11 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/11/2024-00269 saylı barışıq sazişinin digər hissələrdə təsdiq edilməsindən imtina edilsin. Tərəflərə izah edilsin ki, xx.xx.2024-cü il tarixli, MŞB/11/2024-00269 saylı barışıq sazişi təsdiq edilməsindən imtina edilmiş hissələri üzrə mübahisə yarandığı təqdirdə, ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları var. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar