Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-391/2022 01.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı «X4» Bakı filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «X4» Bakı filialının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsinə və tələbin girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «X4» Bakı filialının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsinə və tələbin girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 22121,55 manat (bundan 19529,06 manat vaxtı keçmiş borcu, 2592,49 manat faiz borcu təşkil edir) məbləğində 03.11.2021-ci il tarixinə olan kredit borcunun, ödənilmiş 156,37 manat dövlət rüsumunun tutulması və «X4» Bakı filialına verilməsi, həmin tələbin kreditin qaytarılmasının təminatı kimi Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilərək hərrac vasitəsilə satılması, mənzilin qiymətləndirilməsi, hərrac vasitəsilə satıldıqdan sonra «X4» Bakı filialına olan kredit borcunun ödənilməsi və satıldıqdan sonra 1 ay müddətinə boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «X4» Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış 29.11.2019-cu il tarixli 103 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X4» Bakı filialı Cavabdeh1 arasında 29.11.2019-cu il tarixli 202 saylı, Cavabdeh3 arasında 29.11.2019-cu il tarixli 201 saylı zaminlik müqaviləsi və 29.11.2019-cu il tarixli 103 saylı İpoteka müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 1099,68 manat ödəməli idi. Müqavilənin 4.2-maddəsinə əsasən faizlər ssuda hesabında borc əmələ gələn gündən hesablanır və faizlərin ödənilməsi üçün əsas «Borcalanın» ssuda və ya vaxtı keçmiş ssuda hesabından çıxarışlar təşkil edir. Bu müqavilənin 2.2-ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi»-nin hər hansı bir şərti pozulduqda «Bank» verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» cədvəl üzrə 03.11.2021-ci il tarixə Banka kredit borcu üzrə ödəniş olaraq 24685,96 manat ödəniş yerinə yetirməli idi, 16451 manat ödəniş həyata keçirmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuş, lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Banka»a illik 29% ödəməlidir. 03.11.2021-ci il tarixə cavabdehin Banka olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə 22121,55 manat təşkil edir. Bundan 19529,06 manat vaxtı keçmiş kredit borcu, 2592,49 manat faiz borcu təşkil edir. Cavabdehlərə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi tələb olunsa da, bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Cavabdeh2 ilə bağlanmış 29.11.2019-cu il tarixli, 103 saylı kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə öz öhdəliklərinin icra olunmasının təminatı kimi Cavabdeh3 «İpoteka qoyan»a məxsus olan ünvan 1 İpoteka olaraq təqdim etmişdir. İpoteka müqavilələri dövlət qeyydiyatına alınaraq, bu barədə reyestrdə müvafiq qeydlər edilmişdir. Məhz bu şəxslərin ipoteka qoyulmuş mənzildə qeyydiyatda olduqlarına görə onların cavabdeh qismində işə cəlb olunması vacibdir. AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində tutmanın əmlaka yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Məhkəmə iclasında iddiaçı «X4» Bakı filialının nümayəndəsi X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin iddia tələbi üzrə həcmin artırılması barədə ərizə vermişdir. Cavabdehlərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: «X4» Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış 29.11.2019-cu il tarixli, 103 saylı Kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 19 faiz ödəmək şərti ilə 30000 manat məbləğində kredit verilmiş, borcalan isə verilmiş kreditin təyinatı üzrə xərclənməsini və kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsini yoxlamaq və tələb etmək öhdəsini götürmüşdür. Verilmiş ssuda vəsaitlərinin təminatı 29.11.2019-cu il tarixli, 103 saylı İpoteka müqaviləsi, 29.11.2019-cu il tarixli 201 və 202 saylı zaminlik müqavilələri olmuşdur. «X4» Bakı filialı ilə Cavabdeh3 arasında bağlanmış 29.11.2019-cu il tarixli, 103 saylı İpoteka müqaviləsindən görünür ki, Cavabdeh3 müqavilə üzrə Cavabdeh2 öhdəlilərinin icra olunmasının təminatı olaraq ünvan 1 ünvanında olan əmlakı «X4» Bakı filialına ipoteka kimi təqdim etmişdir. 29.11.2019-cu il tarixli, 201 və 202 saylı Zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh1 və Cavabdeh3 «X4» Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış 29.11.2019-cu il tarixli, 103 saylı kredit müqaviləsi üzrə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. 03.11.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh2 03.11.2021-ci il tarixə kredit müqaviləsi üzrə əsas borcunun məbləği 19529,06 manat və faizlərin məbləği 2592,49 manat təşkil edir. «X4» Bakı filialı tərəfindən 15.07.2021-ci il tarixdə cavabdehlərə ünvanlanmış bildirişlərdən müəyyən olunur ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən kredit borcunun tutulması ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsinə başlanması barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmakın Dövlət reyestrindən ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 17b ünvanında yerləşən 18 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında tam payda Cavabdeh3 məxsusdur. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 29.10.2021-ci il tarixdə «X4» Bakı filialı ünvanladığı məktubun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 17b ünvanında yerləşən 18 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. "xxxx" MMC-nin 07.02.2022-ci il tarixli, SN 06 nömrəli qiymətləndirmə rəyinin məzmunundan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 17b ünvanında yerləşən 18 saylı mənzilin bazar dəyəri 105000 manat, likvid dəyəri 95000 manat müəyyən edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iddiaçının nümayəndəsi tərəfindən verilmiş iddia tələbi üzrə həcmin artırılması barədə ərizəyə münasibətdə bildirir ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələbindən göründüyü kimi, hazırda iddia tələbinin həcminin artırılması məhkəmənin baxış iclasında verildiyi üçün yolverilməzdir. Belə ki, iddiaçı tərəf iddia tələbinin həcminin artırılmasına səbəb olaraq cavabdeh tərəfindən məhkəmə araşdırması gedən dövrdə ödəniş etmədəyindən, cavabdehin kredit müqaviləsi üzrə faiz borcunun artması davam etdiyini göstərmişdir. Lakin iddiaçı tərəf məhkəməyə iddia ilə müraciət edən zaman, məhkəmə araşdırmasının müəyyən edilmiş prosessual müddətdə aparılacağını bilmiş və bu müddət ərzində hər dəfə ödənilməmiş borca hesablanan faiz üçün tələbin artırılmasını məhkəmə məqbul hesab etmir. Odur ki, iddiaçının nümayəndəsinin təqdim etdiyi iddia tələbi üzrə həcmin artırılması barədə ərizə məhkəmə tərəfindən qəbul edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu, o cümlədən yaranmış faiz və cərimə borcunu iddiaçıya ödəməlidir. Məhkəmə Cavabdeh2 tərəfindən iddiaçı «X4» Bakı filialına ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun cavabdehdən tutulması hissəsində tam təmin edilməli, həmin kredit müqaviləsindən irəli gələn 03.11.2021-ci il tarixinə olan 19529,06 manat əsas borc və 2592,49 manat faiz borcu olmaqla, ümumilikdə 22121,55 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu cavabdehdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçı «X4» Bakı filialının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, «X4» Bakı filialı-ipoteka saxlayan ilə Cavabdeh3-ipoteka qoyan və Cavabdeh2-borc alan arasında 29.11.2019-cu il tarixdə bağlanmış 103 saylı İpoteka müqaviləsinə əsasən 29.11.2019-cu il tarixli, 103 saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 17b ünvanında yerləşən 18 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 istehlak krediti müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı şəxsə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdeh şəxslərə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əşyanın satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh2 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 17b ünvanında yerləşən 18 saylı mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı və mənzil açıq hərracdan satıldıqdan sonra boşaldılmalı, orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmalıdırlar. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə onun ilkin satış qiyməti əmlakın qiymətləndirilməsi ekspertizası ilə müəyyən olunmuş likvid dəyərində, yəni 95000 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı “X4” Bakı filialı tərəfindən ödənilmiş 156,37 manat məbləğində dövlət rüsumu və 300 manat qiymətləndirmə ekspertizasının keçirilməsi üçün xidmət haqqı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçı “X4” Bakı filialının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 29.11.2019cu il tarixli, 103 saylı Kredit müqaviləsinə əsasən 19529,06 manat əsas borc və 2592,49 manat faiz borcu olmaqla, cəmi 22121,55 manat məbləğində borc, həmçinin dövlət rüsumuna görə ödənilmiş 156,37 manat və 300 manat qiymətləndirmə ekspertizasının keçirilməsi üçün xidmət haqqı iddiaçı “X4” Bakı filialının xeyrinə tutulsun. Cavabdehlərdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi “X4” Bakı filialı qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus ünvan 1 saylı mənzilə yönəldilsin. Həmin mənzil ilkin satış qiyməti 95000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə realizə edilsin. Mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh3 verilsin. Cavabdeh3 məxsus ünvan 1 saylı mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-391/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-391/2022
01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver