Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4474/2025 01.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş (açar sözlər: əmrin ləğv edilməsi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi, iddia müddəti) Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mülki işin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025ci il tarixli attestasiya komissiyasının qərarının ləğv edilməsi, 21 saylı 11 illik L.M.Rastrapoviç adına X14 Məktəbinin direktoru Məmməd Quliyevin 02 aprel 2025-ci il tarixli, 40 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1988-ci ildə Azərbaycan SSSR Mədəniyyət Nazirliyinin təyinatına əsasən Dəvəçi (indiki Şabran) rayon 7 illik uşaq musiqi məktəbinə fortopiano müəllimi vəzifəsinə təyin edilmişdir. 2 il orada işlədikdən sonra xx.xx.1990-cı il tarixdən 21 nömrəli uşaq musiqi məktəbində pedoqoq vəzifəsində çalışmışdır. Lakin xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. İmtahan verilən zaman onun ixtisasının fortepiano müəllimi olmasına baxmayaraq, komissiya heyəti tərəfindən əvvəlcədən imtahana hazırlaşmaq üçün verilən proqramdan kənar suallar verilmişdir. Əmr bu tarixdə verilsə də, əmrin və əmək kitabçasının surətini xx.xx.2025-ci il tarixdə almışdır. Komissiya heyyəti tərəfindən ona qarşı haqsızlıq və qərəzli mövqe tutularaq verdiyi düzgün cavabları səhv cavab kimi qəbul etmiş və onun müəllim kimi nüfuzuna xələl gətirmişlər. Belə ki, hansı məşhur pianoçuları tanıyırsınız sualına cavab verməyinə baxmayaraq, “cavab verə bilmədi” kimi qeyd edilmişdir. Bir çox suallara düzgün cavab verdiyi halda səhv cavab kimi qeyd edilmişdir. İmtahan vaxtı orada olan fortepiano musiqi aləti çox bərbad kökləndiyindən həmin alətdə ifa etmək çətin olmasına baxmayaraq, o, fortepianoda bir müəllim kimi səlist və sərbəst ifa etmiş və onun ifası sona qədər dinlənilib hətta komissiya heyətinin üzvlərindən biri onun ifasını çox bəyəndiyini bildirməsinə baxmayaraq imtahan vərəqində “ifası orta idi” kimi göstərilmişdir. Bunların doğru olduğu imtahan vaxtı quraşdırılmış kameraların videogörüntülərində əks olunur. Həmçinin xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müşaviri Cəsarət Valehov tərəfindən keçirilən iclasda attestasiyası imtahanından sonra heç bir müəllimin işdən azad olunmayacağı barədə bildirilsə də, 21 saylı Uşaq Musiqi Məktəbində keçirilən attestasiya imtahının nəticələrindən narazı olduğu üçün Məktəbin direktoru Məmməd Quliyevin 40 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Mübahisələndirilən əmr birbaşa olaraq ona qarşı qərəz altında imzalanmışdır. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, iddia məhkəməyə iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmrdən şikayət müddəti qanunvericilikdə 1 aydır. Odur ki, iddia məhkəməyə iddia müddətinin ötürülməsi ilə verildiyindən iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı iddia müddətinin bərpası haqqında ərizə verərək qeyd etmişdir ki, təqdim edilmiş videogörüntüdən göründüyü kimi Mədəniyyət Nazirliyinin nümayəndəsi Cəsarət Valehov və onunla birlikdə iştirak edən məktəbin direktoru ictimai televizayda yayımlanan verilişdə birmənalı şəkildə qeyd etmişdir ki, attestasiyanın məqsədi işçinin işdən çıxarılması deyil, yalnız onların biliyinin qiymətləndirilməsidir. Həmin anda aparıcılar da “siz bu çıxışla minlərlə müəllimin ürəyinə su sərpdiniz” ifadəsini qeyd etmişdir. Hətta bundan sonra o, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi - Metodiki və İxtisasartırma mərkəzinin təqdim etdiyi təlimlərdə iştirak etmişdir. Buna görə də o, təlimlərdən sonra işə bərpa olunacağına əmin olmuşdur. Onun işdən azad olunması ilə bağlı hər hansı məlumatı olmamış, nə elektron poçt və SMS vasitəsilə, nə də işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərilməsi ilə bağlı məlumat daxil olmamışdır. Sonadək o hesab etmişdir ki, ixtisasartırma təlimlərindən sonra o işə bərpa olunacaqdır. Ona yalnız əmək haqqı oturmuşdur. Lakin digər ödənişlərlə bağlı hər hansı məlumatı olmamışdır. Həmçinin məhkəməyə təqdim edilən əmrin alınmasının surətindən göründüyü kimi o, xx.xx.2025-ci il tarixdə əmrin surətini almışdır. Bu səbəbdən müddətin ötürülməsinin üzrlü hesab edilməsini xahiş etmişdir. İİ.Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəninin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, fortepiano müəllimi olduğu üçün onun əsas ifası qiymətləndirilməli idi. Onun vəzifəsi uşağa pianoda ifa etməyi öyrətməkdir. Ona aidiyyatı olmayan suallar verilmişdir. O, hansısa nəzəri suala cavab vermədiyinə görə pis müəllim hesab oluna bilməz. Onun müddətsiz müqaviləsi və 37 illik stajı vardır. İlk dəfə idi ki, attestasiyada iştirak etmişdir. Atesstasiyadan bir neçə həftə əvvəl məktəbin direktoru və nazirliyin nümayəndəsi, televiziyaya çıxaraq müəllimləri atessdasiyadan çəkinməmələrinə, atesstasiyanın cavablarına görə heç kimin işdən çıxarılmayacağını, bunun sadəcə bir yoxlanış olduğunu bildirərək onları arxayın salmışlar. Atesstasiyadan sonra isə gözlənilmədən işdən çıxarmışlar. Buna baxmayaraq ona əmək kitabçası verilməmişdir, o da ixtisasartırma kurslarına getmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, üzvlərdən Nigar Məlikova iddiaçıya qarşı qərəzli mövqe nümayiş etdirmişdir. Təqdim ediilmiş səs yazısında onun başqa müəllimin atesstasiyası zamanı digər komissiya üzvlərini, əleyhinə səs verməyə məcbur etdiyi müşahidə edilir. Atesttasiyadan aşağı bal toplaması nəticəsində işçi əlavə ixtisasartırma kurslarına da göndərilə bilərdi. Hətta iddiaçı Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi- Metodiki və İxtisasartərma mərkəzinin təqdim etdiyi təlimlərdə iştirak etmişdir. Lakin sentyabr ayında işə başlayan zaman iddiaçıya məlum olmuşdur ki, işdən çıxarılmışdır. Mədəniyyət Nazirinin müşaviri Cəsarət Valehov da keçirilən iclasda attestasiya imtahanından sonra heç bir müəllimin işdən çıxarılmayacağına dair çıxışı da vardır. Həmin çıxışda attestasiyanın məqsədinin müəllimlərin biliyinin qiymətləndirilməsi olduğu bildirilmişdir. Həmçinin iddia müddətinin tətbiqi ilə bağlı bildirilməlidir ki, müddət işçinin hüquqlarının pozulduğu andan hesablanır. Qanunvericiliyin tələbinə əsasən də rəsmi xəbərdarlıq olunmalıdır. Lakin iddiaçıya işdən çıxarılması ilə bağlı heç bir rəsmi məlumat verilməmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi (direktoru) X7 bildirmişdir ki, iddiaçıya aprel ayında əmək kitabçasını götürməsi bildirilsə də, o gəlməmişdir. Nazirliyin dəvəti ilə o da imtahanda iştirak etmişdir. İmtahanda veriləcək sualların proqramını 2-3 ay qabaqcadan verimişdilər. Müəllimlər imtahandan keçə bilsin deyə hazırlıq keçmək üçün müəllimləri dəvət etdiyində Hicran müəllimə gəlmirdi. İmtahan vaxtı proqramdan kənar sualların verilməməsinə baxmayaraq, iddiaçı suallara cavab verə bilməmişdir. İmtahan münsiflərindən biri həmin məktəbin professoru olmuşdur. 5 münsiflər heyəti olmuşdur. 4-ü əleyhinə, 1-i isə lehinə səs vermişdir ki, həmin şəxs məktəbin professoru olmuşdur. İİİ. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 35-ci maddənin Vİ hissəsi. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 11-ci maddə. İşəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək, işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək, əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək, əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək, işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək hüquqları vardır. 46.1-ci maddə. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 65.1-ci maddə. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.2-ci maddə. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 65.3-cü maddə. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.4-cü maddə. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 65.5-ci maddə. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 65.6-cı maddə. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 65.7-ci maddə. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 67.1-ci maddə. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67.2-ci maddə. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. 70-ci maddənin “c” hissəsi. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddənin 1-ci hissəsi. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71.3-cü maddə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 74-cü maddənin ikinci hissəsi. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 83-cü maddənin 1-ci hissəsi. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddənin 2-ci hissəsi. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 83-cü maddənin 3-cü hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 288-ci maddənin “x” bəndi. İşçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır 296-cı maddənin 2-ci hissəsi. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddənin 3-cü hissəsi. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddənin 4-cü hissəsi. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 300-cü maddənin 1-ci hissəsi. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 372.2-ci maddə. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddə. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377-ci maddə. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 35-ci maddə. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan başlanmış sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarı Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları: 2.1-ci maddə. Attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir. 2.4-cü maddə.Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 2.6-cı maddə. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir. Attestasiya komissiyası attestasiyanın nəticələrinə görə ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığı və iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçini müstəsna hallarda xüsusi hazırlıq və iş stajı tələb edən vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə tövsiyə edə bilər. Bununla belə, attestasiya komissiyası müvafiq tövsiyələrinin səbəblərini göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektivtədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinkömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.4-cü maddə. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi - xx.xx.2025-ci il tarixli attestasiya vərəqəsindən görünür ki, İddiaçı atesstasiya kommisiyasından keçmişdir. Verilmiş suallar və cavablar “əsərin ifası və təhlili: təhlil yox idi. İfa orta idi. Qammanın ifası: İfa edə bilmədi. Aplikatura səhv idi. Üzdən oxuma: Çox zəif idi. Başqa hansı Azərbaycan bəstəkarı Cəngi rəqsi yazıb: cavab verə bilmədi. Hansı məhşur pianoçuları tanıyırsınız: Cavab verə bilmədi.” kimi qeyd edilmişdir. 1 nəfər lehinə, 3 nəfər isə əleyhinə səs vermişdir. X1 (sədr), X5 (katib), X9, X3, X4 (HİK) tərəfindən imzalanmışdır. Attestasiya olunanın tutduğu vəzifəyə uyğun olmadığı qeyd edilmişdir. - Cavabdeh xx.xx.2025-ci il tarixli, 40 nömrəli əmrinin surətindən görünür ki, Bakı şəhər L.və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı xx.xx.2025-ci il tarixindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Əsas kimi Bakı şəhər L.və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin Attestasiya komisiyyasının xx.xx.2024-cü il tarixli qərarı və qərarı əks etdirən attestasiya vərəqəsi və xx.xx.2025-ci il tarixli, 2 nömrəli protokolu qeyd edilmişdir; - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı və Abşeron-Xızı regionları üzrə musiqi və incəsənət məktəblərində fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə çalışan təhsilverənlərin 2025-ci ilin fevral-mart aylarında keçirilmiş attestasiyasının nəticələrinə əsasən kiçik səs çoxluğu (komissiya üzvlərindən 2 nəfərin lehinə və 3 nəfərin əleyhinə səsverməsi) ilə tutduğu vəzifəyə uyğun hesab edilməyərək əmək müqavilələrinə xitam verilmiş şəxslər üçün təlimlərə cəlb olunmaq və xüsusi olaraq təşkil ediləcək müsabiqə əsasında yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı yaradılmışdır. Bununla əlaqədar Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən cari ilin 1 may - 7 iyul tarixlərində təlimlər təşkil edilmişdir. Attestasiya komissiyasının 3-dən çox üzvü tərəfindən əleyhinə səs verilməklə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlərin müraciəti nəzərə alınaraq, onların sözügedən təlimlərdə iştirakına razılıq verilmiş və İddiaçı da təlimlərdə iştirak etmişdir; - Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Beləliklə, məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixindən Cavabdeh fortepiano müəllimi vəzifəsində çalışmışdır. Nazirlk tərəfindən attestasiya keçirilmiş və həmin attestasiyanın nəticələrinə uyğun olaraq, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli, 40 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmiş, həmin əmrə əsas kimi xx.xx.2025-ci il tarixli attestasiya komissiyasının qərarı göstərilmişdir. Hazırda iddiaçı işdən azad edilməsinin qanunsuz olduğunu, əmrin əsassız tərtib edildiyini, attestasiyada verilən sualların proqrama uyğun olmadığını bildirərək, əmrin ləğv edilməsini və işə bərpa edilməs və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini xahiş edir. Cavabdeh isə iddiaçının keçirilmiş attestasiyada verilmiş suallara cavab verə bilmədiyini və həmçinin iddia müddətinin ötürüldüyünü bildirərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən əsas normativ hüquqi akt Əmək Məcəlləsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Nəzərə alınmalıdır ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq, əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Hazırkı işin hallarından göründüyü kimi, iddiaçı Cavabdeh xx.xx.1990-cu il tarixli əmrinə əsasən həmin məktəbdə fortepiano müəllimi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə attestasiya keçirilmiş və attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmişdir. 35 illik fəaliyyətindən sonra ilk dəfə keçirilmiş attestasiyanın nəticələrinə əsaslanaraq xx.xx.2025-ci il tarixdə məktəbin direktoru tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Halbuki Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin məzmunundan göründüyü kimi, qanunun bu göstərişi imperativ xarakter daşımır. Qanun müqavilənin ləğv edilməsini mütləq qaydada tələb etməməklə, onu işəgötürənin səlahiyyətinə buraxmışdır. Əmək Məcəlləsinin 67-ci maddəsinin 2-ci hissəsində aydın şəkildə göstərilmişdir ki, attestasiya komissiyasının qərarı tövsiyə xarakteri daşıyır və işəgötürən attestasiya komissiyasının bu tövsiyəsini nəzərə alaraq, işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsi isə nəzərdə tutur ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Məhkəmə qeyd edir ki, iddiaçı uzunmüddətli pedaqoji staja malik olmaqla yanaşı, müvafiq ixtisasartırma təlimlərində iştirak etmiş, fəaliyyəti dövründə əmək funksiyasını yerinə yetirməsi ilə bağlı ona qarşı intizam tənbehi tətbiq edilməmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən iddiaçının peşə hazırlığının artırılması, əlavə təlimlərə göndərilməsi və ya başqa uyğun vəzifədə istifadə edilməsi imkanları araşdırılmadan birbaşa əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunmalıdır ki, işəgötürən mövcud vəziyyətdə yuxarıda göstərilən halları, iddiaçının şəxsiyyətini, kollektivdə nüfuzunu, attestasiyanın ilk dəfə keçirildiyini və digər amilləri nəzərə alaraq daha yüngül və məqsədəuyğun vasitələrin istifadə edilməsi məsələsini müzakirə edə, iddiaçını başqa vəzifəyə keçirmək, kurslara cəlb etmək kimi imkanlarından istifadə edə bilərdi. Buna baxmayaraq işəgötürən məsələni işçi üçün ən ağır formada həll edərək əmək müqaviləsinə tutduğu vəzifəyə uyğun olmaması əsası ilə xitam vermişdir. Məhkəmə hesab edir ki, əmək müqaviləsinə bu formada xitam verilməsi işçinin əmək hüquqlarına ən ağır müdaxilə tədbiridir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən təqdim edilmiş flaşkartda əks olunmuş televiziya verilişində Mədəniyyət Nazirliyinin nümayəndəsi və iddiaçının işlədiyi məktəbin direktoru iştirak etmiş, veriliş zamanı verilmiş suallara cavab olaraq müəllimləri attestasiyadan qorxmamağa çağırmış, bunun sadəcə müəllimlərin biliyinin qiymətləndirilməsi vasitəsi olduğunu, attestasiyadan keçməyən şəxslərin işdən çıxarılmayacağını bildirmişlər. Hazırda əmri mübahisələndirilən rəhbər şəxsin və attestasiyanı keçirən nazirliyin nümayəndəsinin televiziya kanalında etdikləri çıxışla attestasiyadan keçəçək şəxslərdə əminlik yaratmaları, daha sonra isə peşəkarlıq səviyyəsinin kifayət dərəcədə olmadığına görə tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqanın müvafiq qərarına əsaslanmaqla əmək müqaviləsinin ləğv edilməsi, haqq-ədalət prinsipinə zidd olmaqla, işçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. O da qeyd edilməlidir ki, oxşar münasibətləri tənzimləyən Əmək Məcəlləsinin “Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılması” qaydalarını müəyyən edən 67-2-ci maddəsində qanunverici ilk dəfə sertifikatlaşdırmada uğurlu nəticə əldə etməyən təhsilverənlərin əmək müqaviləsinə dərhal xitam verilməsini nəzərdə tutmur, iş yeri və əmək haqqı saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək imkanını tanıyır. Göstərilənlərə əsasən hazırki iş üzrə əmək müqaviləsinin ləğv edilməsi əmək qanunvericiliyinin tələblərinə, o cümlədən ədalətlilik və bərabər mənafelərə bərabər münasibət prinsiplərinə zidd olduğundan məhkəmə hesab edir ki, əmrin ləğv edilməsi, işə bərpa tələbinə dair iddia təmin edilməli, həmçinin iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu baxımdan məhkəmə həmin məsələyə münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən, Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Nəzərə alınmalıdır ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı). Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. İşin hallarından göründüyü kimi, attestasiya xx.xx.2025-ci il tarixdə keçirilmiş, əmək müqaviləsinin ləğv edilməsi barədə əmr xx.xx.2025-ci il tarixdə verilmiş, iddiaçı isə xx.xx.2025-ci il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərmişdir. Cavabdeh tərəf iddiaçının əmrdən məlumatlı olduğunu, əmək kitabçasının təqdim edildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, əksinə həmin sənədlərin iddiaçı tərəfindən gəlib götürülmədiyini bildirmişdir. Eyni zamanda, rəhbərlik tərəfindən televiziya kanalında heç bir işçinin attestasiya nəticələrinə görə işdən azad edilməyəcəyi açıq şəkildə bildirilmişdir. Bu bəyanat isə iddiaçıda iş münasibətlərinin davam edəcəyi barədə əsaslı inam yaratmışdır. Bundan əlavə, iddiaçının attestasiya prosesindən sonra müvafiq ixtisasartırma və peşə hazırlığı kurslarında iştirak etməsi də onun əmək münasibətlərinin davam edəcəyinə inandığını və hüququnun pozulduğunu aşkar etmədiyini təsdiq edən hal kimi qiymətləndirilməli və buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilməlidir. V. Nəticə: Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 40 nömrəli, xx.xx.2025-ci il tarixli əmri ləğv edilməli, İddiaçı Cavabdehnə fortepiano müəllimi vəzifəsinə işə bərpa edilməli və işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 40 nömrəli, xx.xx.2025-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Cavabdehnə fortepiano müəllimi vəzifəsinə işə bərpa edilsin və işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat məbləğində pul Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollgiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-4474/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4474/2025
01.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver