Məhkəmə qərarları › İş №e-2(005)-461/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-461/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-461/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı Bank olmayan Kredit X4 Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Bank olmayan Kredit X4 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqavilə üzrə hesablanmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank olmayan Kredit X4 Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqavilə üzrə hesablanmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və iddia həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 09 sentyabr 2019-cu il tarixli, 2019/00259-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 kreditin əsas borcu üzrə 33146.59 AZN məbləğində qalıq, ona hesablanmış 11 995.07 AZN məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 13212 AZN məbləğində dəbbə pulu, cəmi 58 353.66 AZN borcun, ekspertiza tədqiqatının dəyəri olan 350 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 95 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 58 353.66 AZN borcun, ekspertiza tədqiqatının dəyəri olan 350 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun İddiaçı BOKT ASC-nə ödənilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı BOKTASC ilə Cavabdeh1 arasında bağlanmış 09 sentyabr 2019-cu il tarixli, 2019/00259-01 №-li Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 36 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 95 saylı mənzili (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ Reyestr № **********87-05101-093043, qeydiyyat № **********, tarix 07.08.2019) ipoteka predmeti kimi İddiaçı BOKTASC-yə təqdim etmiş və bu barədə 09 sentyabr 2019cu il tarixli, 2019/00259-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 16.09.2019-cu il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 66 000 AZN məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Məhkəmə iclasında İddiaçı Bank olmayan Kredit X4 Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti ilə X1 arasında bağlanmış 09 sentyabr 2019-cu il tarixli, 2019/00259-01 nömrəli istehlak krediti müqaviləsinin məzmunundan müəyyən olunur ki, əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 36 000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri və ödənişlərin gecikdirilməsi üçün hesablanmış cəriməni borcverənə qaytarmağı öhdəsinə götürmüşdür; İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti ilə X1 arasında bağlanmış 09 sentyabr 2019-cu il tarixli, 2019/00259-01 nömrəli istehlak krediti müqaviləsinin 1 nömrəli əlavəsi olan ödəniş cədvəlinin məzmunundan görünür ki, müvafiq kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 hər ay 1649 manat məbləğində aylıq ödəniş etməyi kreditor İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti qarşısında öhdəlik götürmüşdür; İddiaçı Bank olmayan Kredit X4 Cəmiyyəti-ipoteka saxlayan ilə Cavabdeh2-ipoteka qoyan və Cavabdeh1-borc alan arasında bağlanmış 09 sentyabr 2019-cu il tarixli, 2019/00259-01 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, 09 sentyabr 2019-cu il tarixli, 2019/00259-01 nömrəli istehlak krediti müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən 66.000 manata qiymətləndirilən ünvan 1 ünvanında yerləşən 33.50 kv.metr ümumi sahədən ibarət 95 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən 33.50 kv.metr ümumi sahədən ibarət 95 nömrəli mənzil İddiaçı Bank olmayan Kredit X4 Cəmiyyətinin xeyrinə 36 (otuz altı) ay müddətinə ipoteka ilə yüklü edilmişdir, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 2513 nömrəli reyestr kitabının 234012 nömrəli vərəqində qeydiyyata alınmışdır; İddiaçı Bank olmayan Kredit X4 Cəmiyyəti tərəfindən 17 sentyabr 2020-ci il tarixdə verilmiş borc haqqında arayışdan görünür ki, Cavabdeh1 09 sentyabr 2019-cu il tarixli, 2019/00259-01 saylı İstehlak Kredit Müqaviləsi üzrə 10 fevral 2021-ci tarixinə olan borcu 33146.59 AZN məbləğində qalıq, ona hesablanmış 11995.07 AZN məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 13212 AZN məbləğində dəbbə pulu, cəmi 58 353.66 AZN təşkil edir. İddiaçı Bank olmayan Kredit X4 Cəmiyyəti tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 əsas borcdan 07.09.2020-ci il tarixinə 2853.41 manat ödənmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 09 sentyabr 2019-cu il tarixdə verilmiş ödəniş tapşırığından görünür ki, “ödəyən müştəri” İddiaçı Bank olmayan Kredit X4 Cəmiyyəti 36000 manat pulu “alan müştəri” Cavabdeh1 hesabına köçürmüşdür. İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin borcalan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 ünvanladığı 29 iyul 2020-ci il tarixli bildirişin məzmunundan görünür ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən kredit borcunun tutulması ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsinə başlanması barədə xəbərdar edilmişdir; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 22 yanvar 2021-ci il tarixli QXM 366/M nömrəli qiymətləndirmə rəyinin məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən 33.50 kv. metr ümumi sahədən ibarət 95 nömrəli mənzilin bazar dəyəri 55.000 manat, likvid dəyəri 50.000 manat müəyyən edilmişdir. Müvafiq qiymətləndirmə işinə görə Cavabdeh1 tərəfindən ödəniləcək xidmət haqqı 300 manat təşkil etmişdir; X3 Xidmətləri tərəfindən 10.02.2021-ci il tarixdə verilmiş 631 nömrəli ödəniş tapşırığından görünür ki, “ödəyən müştəri” İddiaçı Bank olmayan Kredit X4 Cəmiyyəti “vəsaiti alan” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 350 manat məbləğində pul köçürmüşdür. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli e-2(005)-461/2021 saylı qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən 31 may 2021-ci il tarixdə verilmiş 9/3081 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı Bank olmayan Kredit X4 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 09 sentyabr 2019-cu il tarixli, 2019/00259-01 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 07 sentyabr 2020-ci il tarixinə olan əsas borcu 33.146,59 manat, faiz borcu 6919,80 manat olmaqla cəmi 40066,39 manat məbləğində borcu müəyyən olunmuşdur. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu, o cümlədən yaranmış faiz və cərimə borcunu iddiaçıya ödəməlidir. Məhkəmə Cavabdeh1 tərəfindən İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinə ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməli, Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin xeyrinə 09 sentyabr 2019-cu il tarixli, 2019/00259-01 nömrəli istehlak krediti müqaviləsinə əsasən 33146.59 AZN məbləğində qalıq, ona hesablanmış 11 995.07 AZN məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə hesab edir ki, 09 sentyabr 2019-cu il tarixli, 2019/00259-01 nömrəli istehlak krediti müqaviləsi üzrə hesablanmış cərimə məbləği də Cavabdeh1 tərəfindən İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinə ödənilməli, lakin hesablanmış 13 212 AZN məbləğində cərimə (dəbbə pulu) mövcud olan 33 146.59 AZN məbləğində əsas kredit borcuna mütənasib olmadığından endirilməli və həmin məbləğ 1000 AZN məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı Bank olmayan Kredit X4 Cəmiyyəti-ipoteka saxlayan ilə Cavabdeh2 - ipoteka qoyan və Cavabdeh1 -borc alan arasında bağlanmış 09 sentyabr 2019-cu il tarixli, 2019/00259-01 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən 09 sentyabr 2019-cu il tarixli, 2019/00259-01 nömrəli istehlak krediti müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən 66.000 manata qiymətləndirilən ünvan 1 ünvanında yerləşən 33.50 kv.metr ümumi sahədən ibarət 95 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir . Cavabdeh1 istehlak krediti müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı şəxsə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdeh şəxslərə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əşyanın satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 33.50 kv.metr ümumi sahədən ibarət 95 nömrəli mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı və mənzil açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılmalı, orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmalıdırlar. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə onun ilkin satış qiyməti əmlakın qiymətləndirilməsi ekspertizası ilə müəyyən olunmuş məbləğdə, yəni 50.000 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti tərəfindən ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin xeyrinə tutulmalı, qiymətləndirmə işinə görə 350 manat Cavabdeh1 İddiaçı Bank olmayan Kredit X4 Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı Bank olmayan Kredit X4 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 09 sentyabr 2019-cu il tarixli, 2019/00259-01 nömrəli istehlak krediti müqaviləsi ləğv edilsin. Cavabdeh1 09 sentyabr 2019-cu il tarixli, 2019/00259-01 nömrəli istehlak krediti müqaviləsinə əsasən 33146.59 (otuz üç min yüz qırx altı manat əlli doqquz qəpik) AZN məbləğində qalıq, ona hesablanmış 11995.07 (on bir min doqquz yüz doxsan beş manat yeddi qəpik) AZN məbləğində faiz borcu və 1000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 46141,66 (qırx altı min yüz qırx bir manat, 66 qəpik) manat məbləğində borc, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat və ekspertiza xərci 350 manat İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 33.50 kv.metr ümumi sahədən ibarət 95 nömrəli mənzilə yönəldilsin, mənzil açıq hərrac yolu ilə realizə edilsin, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh2 verilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 33.50 kv.metr ümumi sahədən ibarət 95 nömrəli mənzilin ilkin satış qiyməti 50000 (əlli min) manat müəyyən olunsun. Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 33.50 kv.metr ümumi sahədən ibarət 95 nömrəli mənzil açıq hərracdan satıldıqdan 1 ay sonra boşaldılsın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar