Məhkəmə qərarları › İş №e-2(005)-4899/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4899/2025

13.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4899/2025 13.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə (açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi; ölüm faktı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçinin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1937-ci il təvəllüdlü X2 25 avqust 2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası xx.xx.1937-ci il təvəllüdlü X4 xeyili müddət idi ki, müxtəlif xəstəliklərdən müalicə olunurdu. Belə ki, ərizəyə qoşmada təqdim etdiyi Epikrizin surətindən də göründüyü kimi, o, assit, yumurtalığın bədxassəli yenitörəməsi, üzvi mənşəli emosional labil (astenik) pozuntu, meteorizm və buna yaxın vəziyyətlər, ürəyin işemik xəstəlikləri, ürək ritminin digər pozğunluqları, essensial (birincili) hipertenziya, insulindən asılı olmayan şəkərli diabet, kaxeksiya diaqnozları ilə xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədən Mərkəzi Klinika xəstəxanasında müalicə olunmuş, şikayətləri – ümumi halsızlıq, ürəkdöyünmə, döş sümüyü arxasında sıxılma hissi, təngənəfəslik, qarnında köp, dispepsiya, yayılmış sancılı ağrılar, kəskin zəiflik, tam iştahsızlıq olmuşdur. 25 avqust 2025-ci il tarixdə anasının vəziyyəti yaşadığı ünvan 1 ünvanında kəskin pisləşmiş, bu səbəbdən təcili yardım briqadası çağırılmışdır. Lakin təcili tibbi yardım briqadası gəlib çatana qədər anası vəfat etmişdir. Ərizəyə qoşmada təqdim etdiyi Bakı şəhəri Təcili və X5 Stansiyasının 1 saylı Bölməsi tərəfindən verilmiş «Ölüm haqqında» Xəbərdarlıq vərəqəsindən görünür ki, anası 25 avqust 2025-ci il tarixdə təcili yardım briqadası gələnə qədər vəfat etmişdir. Ərizəyə qoşmada təqdim etdiyimiz Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrinin İdaprəetmə Birliyi» PHŞ «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ 37 nömrəli şəhər polikilinikasının 09 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1937-ci il təvəllüdlü mərhum X4 xx.xx.2025-ci il tarixdə rəhmətə gedib. Məhrum ünvan 2 ünvanında qeydiyyatda olmasına baxmayaraq 15 ildir ki, ünvan 3nvanında yaşamışdır. Mərhumun 37 nömrəli şəhər poliklinikasına hər hansı xəstəliklə bağlı müraciəti olmayıb. Mərhum anasını 26 avqust 2025-ci il tarixdə Bilgəh qəbirstanlığında dəfn etmişlər. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili ərizəyə uyğun izahat verərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq iş yükünün çox olması ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini qeyd edərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Təcili və X5 Stansiyasının 25 avqust 2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 1 saylı bölmənin təcili yardım briqadası tərəfindən 1937-ci il təvəllüdlü X3 Aşıq Alı 4 ünvanında 25 avqust 2025-ci il tarixdə həkiməqədər ölüm diaqnozu qoyulmuş, qadın cinsli meyit aşkar olunmuşdur. - 37 nömrəli şəhər poliklinikası tərəfindən məhkəməyə ünvanlanmış 09 oktyabr 2025ci il tarixli məktubdan görünür ki, müraciətə cavab olaraq bildirilmişdir ki, X4 xx.xx.2025-ci il tarixdə rəhmətə getmişdir. Mərhumun 37 nömrəli şəhər poliklinikasına hər hansı bir xəstəliklə əlaqədar müraciəti olmadığı üçün Ölüm haqqında tibbi şəhadətnamə verilə bilməz. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in: - 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Təqdim edilmiş ərizədə X2 25 avqust 2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi xahiş olunmuşdur. Qeyd olunan ərizədə göstərilən halların qanunvericiliklə nəzərdə tutulmuş qaydada araşdırılması zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın: - 8.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. - 8.3-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. - 8.4-cü maddəsinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. - 8.6-cı maddəsinə əsasən ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. - 8.7-ci maddəsinə əsasən Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümünün, ölüm haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra ölümün qeydiyyatı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində ölüm haqqında aktların qeydiyyat kitabında ümumi qaydalarla ilk qeydiyyat kimi həyata keçirilir, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Göründüyü kimi qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Şəxsin müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır: ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan şahidlər – xx.xx.1967-ci il təvəllüdlü X6 və xx.xx.1965-ci il təvəllüdlü X7 məhkəmə iclasına dəvət olunmuş və dinlənilmişdirlər. Məhkəmə iclasında xx.xx.1965-ci il təvəllüdlü X7 şahid qismində ifadə verərək bildirmişdir ki, X4 anası idi. O xərçəng xəstəsi idi. 1937-ci il təvəllüdlü idi. O, bacısıgildə yaşayırdı və Bakı şəhərində bacısının evində rəhmətə getmişdir. Bilgəh qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında xx.xx.1967-ci il təvəllüdlü X6 şahid qismində ifadə verərək bildirmişdir ki, X1 sürücüsüdür. Mərhumun ölümünə şahid olmuşdur. O avqust ayında Nərimanov rayonunda vəfat etmişdir. O, onkoloji xəstə idi. Vəfat edəndə təxminən axşam saatları idi. O, Bilgəh qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi mərhumun ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, X2 25 avqust 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın: 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normaları imperativ tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.1937-ci il təvəllüdlü X2 25 avqust 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1937-ci il təvəllüdlü X2 25 avqust 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeyd aparılması Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar