Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-52/2024 14.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili Vəkil2, Cavabdeh1 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və Cavabdeh1 qarşı (Bakı şəhəri 26 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “etibarnamənin, alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və s.” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “mənzilin təhvil verilməsi və s.” barədə qarşılıqlı iddia tələbləri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 26 saylı notariat ofisində Cavabdeh1 adına verilmiş etibarnamənin və həmin etibarnamə əsasında həyata keçirilmiş İddiaçı məxsus olmuş Bakı şəhəri F.X.Xoyski küç, ev.89, m.2 ünvanında yerləşən mənzilin Cavabdeh2 satılmasına dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri F.X.Xoyski küç, ev.89, 2 saylı mənzilə dair Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi və İddiaçı adına yeni çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini, o cümlədən Cavabdeh1 və digərlərinin qanunsuz əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, son zamanlar İddiaçı evinə tanımadığı adamlar gələrək ondan evə baxmaq üçün qapını açmasını tələb etdiklərindən Validə xanım yaxın tanışları olan X5 müraciət edərək baş verən hadisələrlə bağlı ona məlumat vermişdir. Belə olan halda Nasir Validə xanımgilə gələrək nə baş verməsi ilə maraqlanmışdır. İddiaçı bildirmişdir ki, əvvəllər tanımadığı adamlar onun qapısını döyərək evin onlara məxsus olduğu üçün içəri keçmək istədiklərini bildirmişdilər. O, isə evi heç kimə satmadığını bildirərək onları evə buraxmamışdır. İddiaçının qonşuluğunda yaşayan Cavabdeh1 ilə münasibətləri olmuşdur. Belə olan halda Cavabdeh1 ilə əlaqə saxlanmış, uzun danışıqlardan sonra məlum olmuşdur ki, Validə xanım tərəfindən məlum olmayan şəraitdə Qlinanın adına xx.xx.2022-ci il tarixdə etibarnamə verilmiş və xx.xx.2022-ci il tarixdə həmin etibarnamə əsasında Qlina Validə xanıma məxsus olan Bakı şəhəri F.X.Xoyski küç, ev.89, 2 saylı mənzili üçüncü şəxslərə sataraq özgəninkiləşdirmişdir. Gündəlik təmas zamanı məlum olmuşdur ki, Validə xanımın səhhətində ciddi narahatlıqlar vardır və özünü sərbəst idarə etməkdə çətinlik çəkir. Belə olan halda Nasir Şərifovun köməkliyi ilə Validə xanımın qeydiyyatı üzrə 18 saylı Poliklinikada sahə həkiminə müraciət olunmuş, ilkin müayinələrdən keçdikdən sonra həkimlər tərəfindən Validə xanım Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X3 göndərilmişdir. Xəstəxanada yaradılmış komissiya tərəfindən Validə xanım müayinə olunmuş və ona baş beyin üzrə xəstəliyi nəticəsində demensiya (ağıl zəifliyi) F02.8 diaqnozu qoyulmuşdur. Bununla da məlum olmuşdur ki, Validə xanımın tanıdığı Cavabdeh1 dələduzluq yolu ilə Validə xanımın etibarından sui-istifadə edərək xx.xx.2022-ci il tarixdə 26 saylı Notariat ofisində etibarnamə əldə edərək xx.xx.2022-ci il tarixdə mənzili üçüncü şəxsə sataraq özgəninkiləşdirmişdir. Cavabdeh2 isə İddiaçı və Cavabdeh1 qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddianın rədd edilməsi, X2 qanunsuz qaldığı ünvan 2 ünvanında yerləşən mənzilindən boşaldılaraq çıxarılması və mənzilin Cavabdeh2 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddiaçının xəstə olması ilə bağlı arayış təqdim edilmişdir. İlkin iddiaçı iddia ərizəsini imzalayan şəxsə də etibarnamə vermişdir. Buradan belə nəticəyə gəlmək olar ki, vəkilə verilmiş etibarnamə də qanunsuz olmuşdur. Təmsil etdiyi Cavabdeh2 xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən mənzili rəsmi alğı-satqı ilə əldə etmişdir. Alğı-satqı 26 saylı notariat ofisində həyata keçirilmişdir. Daha sonra mənzilə dair Cavabdeh2 müvafiq çıxarış təqdim edilmişdir. Həmin alğı-satqı prosesi zamanı digər Cavabdeh1 etibarnamə ilə iştirak etmişdir. Alğısatqı notariusun iştirakı ilə həyata keçirilmişdir. Əgər belə bir qanunsuzluq olsaydı, notarius alğı-satqı prosesini həyata keçirməzdi. Cavabdeh2 bugünə qədər həmin mənzilə daxil ola bilmir. İlkin iddiaçı iddiasında irəli sürdüyü tələbləri təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir (sonradan tərtib edilmiş arayışdan başqa), ilkin iddiaçıdan fərqli olaraq, qarşılıqlı iddianın əsaslandığı faktlar hazırkı iddiaya əlavə edilən və ilkin iddiaçının özü tərəfindən imzalanmış sənədlərlə tam sübuta yetirilir. Cavabdeh1 ilkin iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı və onun nümayəndəsi Vəkil1 əsassız olaraq qeyd edirlər ki, guya Validə xanım tərəfindən etibarnamə Cavabdeh1 xanıma naməlum şəraitdə verilmişdir. Etibarnaməni verən orqan 26 saylı Notariat orqanıdır və müvafiq icra hakimiyyətinin verdiyi şəhadətnamə əsasında fəaliyyət göstərir. Bundan başqa, 26 saylı Notariat ofisinin nümayəndələri Validə xanımın şifahi sorğusu əsasında yaşadığı mənzilinə gələrək, onun adından ona etibarnamənin verilməsini rəsmiləşdirmişlər. Notariat hərəkətlərini aparan nümayəndə qanunvericiliyin tələblərinə uyğun olaraq bir qayda olaraq etibar edənə suallar verir, fikrini öyrənir və imzalanmasını xahiş edir. 26 saylı Notariat ofisi etibarnaməni naməlum şəraitdə yox, Validə xanımın evində və hüzurunda ona birincinin (Validənin) xahişi əsasında vermişdir. Vəkil1 "məlum olmayan şərait" ifadəsini işlətməklə, 26 saylı Notariat ofisini də qanun pozuııtusuna yol verməkdə günahlandırmış və ittiham etmişdir. İddia ərizəsində Validə xanım və vəkili Vəkil1 qeyd edir ki, guya Validə xanıma Səhiyyə Naziliyinin 2 nömrəli X1 yaradılmış komissiya tərəfindən demensiya xəstəliyinin F32.8 diaqnozu qoyulmuşdur. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2013-cü il tarixli “Demensiyanın diaqnostika və müalicəsi üzrə klinik protokolunda demensiya xəstəliyinin F02.8 diaqnozu barədə heç bir qeyd yoxdur. Bu protokol Səhiyyə Nazirliyinin kollegiyasının 25 noyabr 2013-cü il tarixli 38 saylı qərarı ilə təsdiq edilmişdir. İddiaçı Validə xanım və onun vəkili qeyd edir ki, guya Cavabdeh1 dələduzluq yolu ilə Validə xanımın etibarından sui-istifadə etmiş və etibarnamə əldə etmişdir. Bu mülahizə də yuxarıda qeyd etdiyi kimi, tamamilə əsassız və məntiqsizdir. Etibarnamə 26 saylı notariat ofisinin nümayəndəsinin iştirakı ilə verilmiş və etibar edən şəxs (Validə) tərəfindən etibar edilən şəxsə (Qlina xanıma) hansı səlahiyyətlərin verilməsi soruşulmuş və qeydlər aparılmışdır. Yəni Validə xanım etibarnamə ilə Qlina xanıma səlahiyyətlər verərkən ağlı yerində olmuşdur, əks halda notariat ofisinin nümayəndəsi bunu müəyyən edər və etibarnamə verməzdi. Yəni etibarnamə qanuni baxımından verilmişdir. Validə xanıma məxsus mənzilin satılmasına dair alğı-satqı müqaviləsinə gəlincə qeyd etməlidir ki, bu alğı-satqı müqaviləsinin (AN- 1№1038148 saylı müqavilənin) digər bir tərəfi alıcı Cavabdeh2 təqdim etdiyi şəxsiyyət vəsiqəsi (AZİ6601796; Fin kod: 6LFN3G) qüvvədən düşdüyü halda bağlanmışdır. Buna görə də, bu alğı-satqı müqaviləsi etibarlı hesab oluna bilməz. Məhkəmədən xahiş edir ki, bu məsələyə diqqət yetirsin və alğı-satqı müqaviləsini məhz bu əsasla, yəni alıcının şəxsiyyət vəsiqəsi qüvvədən düşməsindən sonra imzalandığından etibarsız hesab etsin. Yuxarıda qeyd edilən alğı-satqı müqaviləsi üzrə alıcı tərəfdən satıcıya ödənilmiş 50000 manat pul vəsaitinə gəlincə qeyd etməlidir ki, sözügedən müqavilənin 4-cü bəndinin 2-cü cümləsinə müvafiq olaraq deyə bilər ki, alıcı şəxsində Cavabdeh2 göstərildiyi halda, satıcı şəxsində isə mənzilin mülkiyyətçisi İddiaçı göstərilmişdir. Həmin cümlədə eləcə də yazılıb ki, alıcı Zeynəb mənzili satıcı şəxs İddiaçı 50000 manata almışdır, yəni müqavilənin bu bəndinə görə 50000 manat pulu alan şəxs satıcı İddiaçıdır. Göründüyü kimi, onun adı alğısatqı müqaviləsində sadəcə İddiaçı nümayəndəsi kimi göstərilmişdir. Məhz pul məsələsində onun adı göstərilməmişdir. Pulu verən şəxs kimi alıcının, pulu alan şəxs kimi isə satıcının adı göstərilmişdir. Müqavilənin imzalanmasını isə o, sadəcə satıcının nümayəndəsi kimi həyata keçirmişdir. Yəni o, İddiaçı nümayəndəsi kimi sadəcə yazı işlərində, sənədləşmə işlərində iştirak etmişdir. Çünki onun qonşusu kimi ona kömək etmişdir. Onun yaşını nəzərə alaraq belə bir köməkliyi göstərmişdir. Heç də təsadüfi deyildir ki, mənzili alan alıcı satıcı Validəni alğı-satqı müqaviləsi imzalandıqdan sonra qəyyumluğa da götürmüşdür. Çox güman ki, alıcı və satıcı öz aralarında belə bir razılığa gəliblər. Məhkəmədən xahiş edir ki, bu məsələyə diqqət yetirsin və iddiaçının ona qarşı irəli sürdüyü iddiaları rədd etsin. Bu əsasda eyni zamanda məhkəmədən xahiş edir ki, iddiaçının 2-ci tələbi də əsassız hesab edilsin, təmin edilməsin və rədd edilsin. Əgər İddiaçı ağıl zəifliyi var idisə, nəyə görə ona öz evində etibarnamə verirdi? 2-si, ağlı zəif olan adam öz evində ona qonşusu kimi notariat ofisinin nümayəndəsinin qarşısında hansı səlahiyyətlər verdiyini necə müəyyən edə bildi? 3-sü, ağlı zəif olan adam hesab olunan İddiaçı tanışı X5 müraciət edərək baş vermiş hadisələr barədə necə məlumat verə bilərdi? 4-cüsü, qapısını döyən tanımadığı adamlarla o, necə dialoq aparmışdır? Onun ağlı məhz bu məsələlərdə necə işləmişdir? Demək, iddia ərizəsinə əsasən deyə bilərik ki, İddiaçı ağlı başında olan adamdır, tənha olduğunu və ahıl yaşını (qocalığını) nəzərə alaraq məhz qəyyumluq məsələsinə görə alıcı ilə razılığa gəlmişdir. İddiaçı qəyyumluğa götürülməsi faktı onu dələduzluqda ittiham etmək məqsədlərinin üstündən xətt çəkir. İddiaçının nümayəndəsi qeyd edir ki, Validənin ağıl zəifliyi vardır. Lakin demensiya xəstəliyi əsasən yaddaş problemləri ilə bağlı olur. Bu cür xəstələrdə daha çox unutqanlıq problemi olur. Çox güman ki, Validə xanım yaşlı olduğundan alğı-satqı proseslərinə qədər, alğı-satqı zamanı və alğı-satqıdan sonra baş vermiş hadisələrin ardıcıllığını unutmuşdur və mənzilinin satılmasında aldadıldığını güman etmiş və tanışı Nasirə zəng etmişdir. Normal olaraq yaşlı insanlarda bu cür unutqanlıq olur. Yaşlı nənəsində unutqanlıq o dərəcədə idi ki, hətta övladlarını tanımırdı və elə bilirdi ki, yanına gələn qonşularıdır. Yaxın yoldaşlarından birinin dediyinə görə qardaşı rəhmətə getmişdi, amma sağ olan anası oğlunun rəhmətə getdiyini anlamırdı. Bu mənada Validənin unutqanlığına görə onu dələduzluqda ittiham etmək əsassızdır. Qeyd olunanlara əsasən ilk iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, təmsil etdiyi İddiaçı Cavabdeh2 anası İradə xanım rəfiqəsi Qlina Osmanovna ilə birlikdə aldatmışlar. Onun məqsədi iddiaçının yaşlı olmasından istifadə edərək evini ələ keçirməkdən ibarət olmuşdur. Belə ki, İradə xanım bir müddət iddiaçının mənzilinə gəlibgetmiş və ona qulluq göstərmişdir. Hətta pandemiya dövründə iddiaçını özü ilə aparmış və ona qulluq etmişdir, lakin onu qəyyumluğa götürməmişdir. Cavabdeh2 isə iddiaçı ümumiyyətlə tanımır, onun mülkiyyətçisi olduğu mənzilinə dair etibarnamə vermək və mənzili alğı-satqı etmək niyyəti olmamışdır. İddiaçı etibarnamənin rəsmiləşdirilməsi üçün notariusun evə gəldiyini, belə bir etibarnamə verdiyini, mənzilin satıldığını da xatırlamır. Bütün bunları Cavabdeh2 anası İradə xanım Cavabdeh1 vasitəsilə reallaşdıra bilmişdir. Cavabdeh1 da məsələni gec anlamışdır. Belə ki, o, əvvəl elə bilmişdir ki, Zeynəbgil Validə xanımı qəyyumluğa götürmək istəyirlər, lakin notariusda başa düşmüşdür ki, söhbət alğısatqıdan gedir. Cavabdeh1 nümayəndəsi də məhkəmədəki izahatlarında iddiaçının mənzili başqasının mülkiyyətinə vermək niyyətinin olmadığını etiraf etmişdir. Alğı-satqıdan sonra Cavabdeh2 iddiaçının evdən çıxmasını tələb etmiş və məhz bundan sonra iddiaçı tanışlarına məsələ barəsində məlumat vermişdir. Zeynəbgil onun yaşlı və köməksiz olmasından istifadə etmişlər. Mənzilin həqiqi dəyərindən çox daha aşağı məbləğə satılması da izahatında göstərdiklərinin düzgün olduğunu deməyə əsas verir. Yoldaşı sağlığında mənzilin sahəsinə böyük artırmalar etmişdir, balkon da əlavə etmişlər. Ekspert qiymətləndirərkən həmin sahəni nəzərə almamışdır. O qiymətə oranı istənilən qonşu alardı. Həmin ev birinci mərtəbədə yerləşir, yanında məktəb var, oranı qeyri-yaşayış kimi rahatlıqla istifadə etmək olar. Cavabdehlərin də niyyəti məhz budur. İddiaçıya rəhmətlik ərinin dostları köməklik göstərərək vəkil tutmuşlar. Əvvəlki məhkəmə iclaslarında iştirak etdikdə də iddiaçının psixi vəziyyətinin normal olmadığı açıq-aydın görünür. Hətta bu yaxınlarda da o, mənzilindən çıxmış, sonra evin yolunu unutmuş, bir neçə saatdan sonra telefon vasitəsilə qonşuları xəbər tutaraq gəlib onu evinə aparmışlar. İddiaçının heç vaxt evi satmaq niyyətinin olmadığını, cavabdehlər tərəfindən aldadıldığını nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bildirmişdir ki, Qlinanı tanımağına tanıyır. Lakin onunla yaxın deyil. Onunla rəfiqə deyillər, Qlinanın ona nədəsə köməklik etməsini tam xatırlamır. Öz işini özü görə bilir, yeməyini bişirir, duş qəbul edir və s. İradənin kim olduğunu bilmir, onu tanıyıbtanımadığını deyə bilməz. Çünki insanların adı onun yadında qalmır, onları ancaq üzdən tanıyır. Etibarnamə verdiyini, evinə notariusun gəlib-gəlməməsini də xatırlamır. Qlina və onun ərini özünə yaxın bilmədiyindən onlara etibarnamə verməsi mümkün deyil. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili Vəkil2 ilk iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini, qarşılıqlı iddianı isə müdafiə edərək təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, ilk iddiaçının özü məsələdən məlumatlı olub. İlk iddiada vurğulanan yaddaş pozğunluğu dəlilinə gəldikdə isə, ekspert rəyində də yaddaş pozuntusunun nə zamandan olduğu müəyyən edilməmişdir. Həmçinin, ilk iddiaçının özü də izahatında işlərini görə, yeməklərini bişirə bildiyini bildirmişdir. Görünür ki, onun ağıl zəifliyi yoxdur. Bundan başqa, etibarnamə verilərkən notarius vəzifə təlimatına uyğun olaraq ilk iddiaçını işin mahiyyətini başa düşüb-düşməməsi ilə bağlı sorğu sual etmiş və məhz bundan sonra etibarnaməni təsdiqləmişdir. Beləliklə, ilk iddiaçının mənzili satmaq niyyəti olmuş, Zeynəb xanım isə pulunu verib mənzili almışdır. Lakin, hələ də dəyərini ödəyərək aldığı həmin mənzildən istifadə edə bilmir. İlk iddiaçının yaddaşının sonradan pozulması, mənzili Cavabdeh2 satmaması və ya alğı-satqıdan məlumatsız olması mənasına gəlmir. Mənzilin dəyərindən ucuza satılmasına dair dəlil isə əsassızdır. Ekspert rəyi də bunu deməyə əsas verir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərmişdir ki, Validə xanımın psixi vəziyyəti tam sağlam deyildi, tək qadın idi. Qonşu kimi onun evinə gedib gəlirdi, ona kömək edirdi. Daha sonra rəfiqəsi İradə xanımla söhbət edərkən belə bir qadına baxdığını bildirmiş, o, isə Validə xanımla onu tanış etməyini xahiş etmişdir. İlk iddiaçının etibarnamə verilərkən alğı-satqı məsələsindən məlumatı olmamış, onun işıq, qaz, su məsələlərini həll etmək üçün verdiyini düşünmüşdür. Notarius da ilk iddiaçıya heçnə izah etməmişdir. Onun özü də notariusun qəyyumluğa görə gəldiyini düşünmüşdür. Belə ki, rəfiqəsi olan İradə xanım ona ilk iddiaçını qəyyumluğa götürməyə söz vermiş, bir müddət ona baxmışdır. Məhz bu səbəbdən o, İradə xanımla razılığa gəlmişdir. Lakin Validə birbaşa İradə xanıma etibarnamə verməyəcəyi üçün ona verilməsi barədə razılaşmışlar. Qeyd edilənlərdən, yəni qəyyumluq məsələsindən Validə xanımın xəbəri olmamışdır. Evə notariusu da İradə xanımın yoldaşı göndərmişdir. Zeynəblə notariat kontoruna gedən zaman İradə xanım ilk iddiaçının yanında qalmışdır. Evdə ona etibarnamə verdikdən sonra İradə xanımgilin sürücüsü onu notariusa aparmışdı. Orada olarkən pul olduğunu görmüş, lakin həmin pula yaxın getməmiş, azərbaycan dilini yaxşı bilmədiyindən isə imzaladığı sənədləri oxuya bilməmiş, sənədləşmədən sonra da ona hər hansısa məbləğdə pul verilməmişdir. Sonradan müqavilənin nüsxəsini ərinə göstərmiş, bu zaman həmin müqavilənin alğı-satqı olduğunu öyrənmiş və buna görə əri onu danlamışdır. Bir daha bildirir ki, bank qəbzində olan imza ona aid ola bilməz və müqavilənin bağlanmasından sonra ona pul verilməmişdir. Pulu onların sürücüləri götürüb özlərinə qaytarmışdır. İddiaçının evi satmaq istəyinin olmamasını, İradə xanımgilin evi qanunsuz ələ keçirdiklərini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi X7 bildirmişdir ki, Qlina onun arvadıdır. İddiaçı tərəfindən yoldaşına etibarnamə verilmişdir. İddiaçıda yaddaş pozğunluğu vardır. Onun həyat yoldaşına Cavabdeh2 anası İradə Qlinanı qəyyumluğa götürdüyünü bildirmiş və onu aldatmışdır. Notarius evə gələrək, etibarnaməni təsdiqləmişdir. Etibarnaməni ona görə götürmüş və həmin müqavilənin alqı-satqı müqaviləsi olduğunu bilmədən imzalamışdır. Onun həyat yoldaşı Azərbaycan dilini oxuya bilmir. O müqaviləni oxuya bilmədiyi üçün onlara inanaraq imzalamışdır. Onun həyat yoldaşı alqı-satqı müqaviləsini imzaladığını bilsəydi, heç vaxt onu imzalamazdı. O, bunu öyrəndikdə yoldaşını danlamışdır. Qlinanın alqı-satqı müqaviləsi imzalamaq niyyəti olmamışdır. O, bu barədə məlumat əldə etdikdə notariusa da iradını bildirmişdir. Notarius Cavabdeh2 atasının tanışıdır. Ona görə də həmin etibarnaməni təsdiqləmişdir. Cavabdeh2 anası tez-tez iddiaçının mənzilinə gəlirdi. Mənzil barədə bu şəkildə məlumatları vardır. Cavabdeh2 əməliyyatlar aparılsın deyə pulu banka ödəmiş, daha sonra isə özü götürmüşdür. İddiaçı özü də pulu götürməmişdir. Qlinanın isə qəti olaraq puldan xəbəri yoxdur. Mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş ünvan 4 ünvanlayaraq işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsinə isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə adı çəkilən proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, İddiaçı evində notariusun iştirakı ilə verdiyi xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən mülkiyyətində olan Bakı şəhəri F.X.Xoyski küç, ev.89 ünvanında yerləşən 2 saylı mənzil üzərində bütün səlahiyyətləri həyata keçirməyi, ona dair sərəncam verməyi (almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, ipoteka (girov) qoymaq və s.) Cavabdeh1 1 il müddətinə (xx.xx.2023-cü il tarixədək) etibar etmiş, Bakı şəhəri 26 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə görə isə Cavabdeh1 həmin etibarnamənin əsasında xx.xx.2006-cı il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş həmin mənzili Cavabdeh2 50000 manata satmış, mənzil Cavabdeh2 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh2 50000 manat məbləğində pulu xx.xx.2022-ci il tarixli X-608 saylı məktuba əsasən notariusun AZ46MUGA**********00002AZM07 saylı depozit hesabına ödəmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/167 saylı rəyinə əsasən, Cavabdeh1 Abdullayazovnanın adından olan xx.xx.2022-ci il tarixli 636832 saylı “çek”in arxa tərəfində “Çekdə göstərilən məbləği aldım” yazılarının qarşısında olan imza Cavabdeh1 Abdullayazovna tərəfindən icra edilmişdir. xx.xx.2022-ci il tarixli “Xəzinə mədaxil orderi”nin sağ hissəsində “İmza” olan qrafasında olan imza-Cavabdeh1 Abdulayazovna tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. İşin müəyyən olunmuş digər halına görə, İddiaçı 2 nömrəli X1 müayinə edilmiş və həkim psixiatr komissiyasının xx.xx.2022-ci il tarixli rəyi ilə onda baş beyin üzvü xəstəliyi nəticəsində demensiya/ağıl xəstəliyi təsbit olunmuşdur. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2022-ci il taixli, 2469 saylı rəyində ekspert qarşısında qoyulmuş suallara cavab olaraq göstərilmişdir ki, xx.xx.1945-ci il təvəllüdlü İddiaçı başlamaqda olan demensiya (ağıl zəifliyi) qeyd olunur. Bu xəstəliyin nə zaman yaranmasını müəyyən etmək mümkün deyil. Mülki işə təqdim edilmiş tibbi sənədlərə əsasən diaqnoz düzgün təyin edilsə də, bu xəstəliyin nə vaxt yarandığını və həmin vaxt fəaliyyət qabiliyyətli olub-olmamasını müəyyən etmək mümkün deyil. xx.xx.1945-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına etibarnamə verən zaman öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarına malik olub-olmamasını müəyyən etmək mümkün deyil. İddiaçı başlamaqda olan demensiya müəyyən edildiyindən hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarına malikdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8032, 9/8851 saylı rəyinə görə isə, ünvan 5 ünvanında yerləşən mənzilin mövcud orta bazar dəyərinin təqribən 57000,0 manat məbləğində olduğu müəyyən olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən 89 nömrəli yaşayış evinin 2 saylı mənzilinin 2022-ci ilin aprel ayına olan sənəd üzrə (42.8 m2) bazar qiyməti 90000 manat, faktiki sahə üzrə (63.1 m2) bazar qiyməti 127000 manat təşkil etmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, ilk iddiaçı, mülkiyyətində olan mənzilə dair Cavabdeh1 adına sərəncam vermə hüququnu da nəzərdə tutan etibarnaməni ev şəraitində vermiş, səhərisi gün, yəni xx.xx.2022-ci il tarixində adıçəkilən cavabdeh notariusa gedərək həmin etibarnamə əsasında mübahisəli mənzili rəfiqəsinin qızına – digər Cavabdeh2 satmış və mənzilə dair sonuncunun adına mülkiyyət hüququ barədə çıxarış verilmişdir. İlk iddiaçının nümayəndəsi (vəkili), təmsil etdiyi şəxsin baş beyin üzvü xəstəliyi nəticəsində demensiya/ağıl xəstəliyindən əziyyət çəkdiyini, dolayısı ilə mübahisələndirilən etibarnaməni verən zaman anlaqsız vəziyyətdə olduğunu, etibarnamənin də onun bu vəziyyətindən istifadə edilməklə əldə edildiyini, ümumiyyətlə ilk iddiaçının mənzili satmaq niyyətində olmadığını irəli sürməklə sözügedən etibarnamənin və onun əsasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçının mövqeyinə görə isə, o, mənzili dəyərini ödəməklə əldə etmişdir, mənzil onun mülkiyyətinə keçsə də, hələ də mənzilə daxil ola bilmir, bu səbəbdən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh oradan çıxarılaraq mənzil ona verilməlidir. Bu baxımdan məhkəmə, hazırkı mübahisənin obyektiv həlli üçün ilk növbədə ilk iddia tələbinə qiymət verməyi məqsədəmüvafiq hesab edir. İlk iddia tələbindən göründüyü kimi, ilk iddiaçının əsas tələbi xx.xx.2022-ci il tarixli etibarnamənin etibarsızlığı barədədir. Onun digər tələbləri həmin tələbdən törəmədir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir (T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli Qərarı). Qeyd edilməlidir ki, hər bir əqdin əsas məqsədi və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvericilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünmüşdür: əqdin subyekt tərkibinə aid edilən şərtlər (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərtlər (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid olan şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin anlayışından da göründüyü kimi, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. İradə insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyin gerçəkləşdirilməsi üçün ifadə edilir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmçinin hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337 və və 339-cu maddələri). N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 346.1-ci maddəsinə görə isə, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 346.1-ci maddəsi fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. ...anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. ...Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. İlk iddiaçının nümayəndəsinin (vəkilinin) istinad etdiyi halları, o cümlədən sadalanan maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun şərhini nəzərə alaraq, xx.xx.2022-ci il tarixli etibarnamə verilərkən ilk iddiaçının öz hərəkətlərinin mənasını başa düşüb-düşməmədiyinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, ilk iddiaçıda demensiya (ağıl zəifliyi) xəstəliyinin varlığı iş materiallarına əlavə edilmiş tibbi sənəd (xəstəxana rəyi) və ekspert rəyi ilə də təsdiq olunur. Bununla belə, ekspert rəyində bu xəstəliyin nə zaman yaranmasının bilinmədiyi, habelə xx.xx.2022-ci il tarixdə etibarnamə verilərkən ilk iddiaçının öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarında olub-olmadığının müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin verdikləri izahatlar ilə etibarnamə verilən zaman və hətta bundan daha əvvəl də ilk iddiaçıda demensiya (ağıl zəifliyi) xəstəliyinin əlamətlərinin müşahidə olunduğu, onun hadisələri, məkan və insanları unutması müəyyən edilmişdir. İlk iddiaçının əvvəlki məhkəmə iclasındakı iştirakı zamanı da onun öz hərəkətlərini tam idarə edə bilmədiyi, dediklərini təkrarladığı, hadisələri unutduğu, insanları xatırlamadığı, suallara aydın və anlaqlı cavablar vermədiyi məhkəmə tərəfindən aşkar şəkildə müşahidə olunmuşdur. Qeyd edilən hallar (mövcud vəziyyəti) ekspert rəyinin məzmununda da öz əksini tapmışdır. Eyni zamanda etibarnamənin verilməsi tarixi ilə iddiaçıya müvafiq diaqnozun qoyulması tarixi arasında az müddət keçmişdir. Eləcə də surəti iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(013)- 2923/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsindən də görünür ki, ilk iddiaçı iddia qaldıraraq 1997-ci ildə satmış olduğu evində qalan əşyaları, üzərindən uzun illər sonra, 2011-ci ildə yeni mülkiyyətçidən tələb etmiş və bu tələbini vaxtında irəli sürməməsini evi satdıqdan qısa müddət sonra qəflətən demensiya xəstəliyinə tutulması ilə əlaqələndirmişdir. Bundan başqa, irəli sürülən arqumentlər qarşılığında ilk iddiaçı ilə qarşılıqlı iddiaçı arasında mübahisəli mənzilin alğı-satqısı ilə bağlı hər hansı danışığın, müzakirənin, razılaşmanın olduğunu mübahisə tərəflərindən heç biri irəli sürməmiş, buna dair sübutlar təqdim edilməmişdir. Əksinə iş materiallarından göründüyü kimi, alğı-satqı birbaşa iddiaçı ilə deyil, ondan alınmış etibarnamə əsasında bir gün tarix fərqi ilə Cavabdeh1 tərəfindən Cavabdeh2lə baş tutmuşdur. Zeynəb isə həmin evə gedib-gələn İradə xanımın qızıdır. Eyni zamanda o da qeyd edilməlidir ki, alğı-satqı zamanı ilk iddiaçını etibarnamə əsasında təmsil edən Cavabdeh1 belə, etibarnamə verilərkən özünün də orada iştirakına rəğmən, onun (etibarnamənin) mənzilin özgəninkiləşdirilməsi məqsədilə verildiyini anlamadığını, etibarnamə əsasında imzaladığı müqavilənin alğı-satqı olmasını bilmədiyini, bunu sonradan öyrəndiyini, iddiaçının heç vaxt mənzili satmaq niyyətinin olmadığını bildirmişdir. Məhkəmənin “alğı-satqı müqaviləsinin hansı səbəbdən bilavasitə iddiaçının özü ilə bağlanmaması” sualına isə Cavabdeh1, Validənin məsələni anlamaması, ona daha çox etibar etdiyindən etibarnaməni də ona problemsiz verəcəklərini düşündükləri üçün bu yola əl atdıqlarını söyləmişdir. Digər cavabdehin nümayəndəsi və vəkili isə İradənin Cavabdeh2 anası olduğunu, lakin iddiaçının evinə gəlib-getməsindən məlumatsız olduğunu, birbaşa tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanmaması səbəbini bilmədiyini demişdir. Hər bir halda cavabdehlərin hər ikisinin izahatlarında ziddiyyətli məqamların olduğu aşkar görünür. Mülki Məcəllənin əqdlərin etibarsızlığı şərtlərini müəyyən edən 339.1-ci maddəsinə görə, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, “əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). Məhkəmə iddiaçının dəlillərini, etibarnamə əsasında mənzili satan Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi (əri) Real Osmanovun izahatlarını, iddiaçının evdə etibarnamə verdiyi günün səhərisi notariat ofisində etibar edilən tərəfindən mənzilin satılmasını, mənzilin məhz iddiaçının evinə gedib-gələn İradə xanımın qızına satılmasını, xüsusilə də iddiaçının məhkəmə iclasında izahat verərkən psixi vəziyyətini, hadisələri tam dərk etməməsini, suallara aydın və anlaqlı cavablar verməməsini, iddiaçıda demensiya (ağıl zəifliyi) xəstəliyinin əlamətlərinin müşahidə olunmasını, etibarnamə verilməsi ilə həmin xəstəliyə dair diaqnozun qoyulması arasında az müddətin keçdiyini, onun hadisələri, məkan və insanları unutmasını, bu barədə proses iştirakçılarının (xüsusilə adına etibarnamə verilmiş Cavabdeh1) izahatlarını, etibarnamə verilərkən onun məzmununun ilk iddiaçıya izah edilməməsi barədə Cavabdeh1 etiraflarını və qeyd edlənlərlə bağlı məhkəmənin müşahidələrini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə verilmiş etibarnamə ilk iddiaçının iradəsini əks etdirmədiyindən etibarsız hesab olunmalıdır. O da qeyd edilməlidir ki, Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizələrinin məzmunu ilə onun məhkəmədə çıxışının məzmunu arasında əhəmiyyətli fərq vardır. Həmçinin məhkəmə iclasında o, etiraz ərizələrinin onun tərəfindən deyil, nümayəndəsinin və başqa şəxsin köməkliyi ilə yazıldığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddiaçının nümayəndəsinin iddianın faktiki əsası kimi irəli sürdüyü hallar, yəni etibarnamə verilərkən İddiaçı öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi ilə bağlı hallar öz təsdiqini tapmışdır. Bu baxımdan, ilk iddiaçının “xx.xx.2022-ci il tarixdə 26 saylı notariat ofisində Cavabdeh1 adına verilmiş etibarnamənin etibarsız hesab edilməsi” tələbi təmin edilməlidir Məhkəmə, ilk iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ev şəraitində Cavabdeh1 adına verilmiş etibarnamənin etibarsız olması barədə gəldiyi qənaətin məntiqi davamı olaraq həmin etibarnamə əsasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbini də əsaslı hesab edir və bununla bağlı əlavə araşdırma aparmağı zəruri saymır. Bununla belə məhkəmə, etibarsız hesab edilən əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsinin həll edilməsinə zərurət görmür. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddənin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər; hazırkı işin hallarından isə aydın olur ki, alğı-satqı müqaviləsi bağlanarkən ilk iddiaçını xx.xx.2022-ci il tarixli etibarnamə əsasında Cavabdeh1 təmsil etmişdir, habelə mənzilin dəyəri kimi müəyyənləşdirilmiş pul məbləğinin verilməsini təsdiq edən çekdəki imzanın da yenə ona aid olduğu ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bununla belə, Cavabdeh1 pul məbləğinin faktiki olaraq verilmədiyini irəli sürməkdədir. Pulun ilk iddiaçıya verilmiş olduğu da müəyyən edilmir. Məhkəmənin qənaətinə görə, qeyd edilənlər xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığının hüquqi nəticələrinin müəyyən edilməsini hazırkı mübahisənin məqsədləri baxımından mümkünsüz edir. Məhkəmə “mübahisəli mənzilə dair Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi və İddiaçı adına yeni çıxarışın verilməsi” tələblərini də əsaslı sayır. Məhkəmə vurğulayır ki, ilk iddiaçının bu tələbləri mahiyyəti etibarilə reyestrdə düzəlişin aparılması barədə iddiadır. Mülki Məcəlləyə əsasən, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir (Mülki Məcəllənin 141-ci maddəsi). Daşınmaz əmlakın dövlət reyestrində düzəlişə dair mübahisələrin həllində səbəbə bağlılıq prinsipi nəzərə alınır. Bu prinsipə əsasən, reyestrdəki qeydiyyatın aparılmasının hüquq əsası (mülki hüquqi əqd və s.) etibarlı olduqda həmin qeyd də əsaslı sayılır. Başqa sözlə, qeydiyyatın əsaslılığı onun hüquqi səbəbinin keçərli olub-olmamasına bağlıdır. Baxılan işdə isə, reyestrdəki qeydiyyatın aparılmasının hüquq əsası (xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi) etibarsız hesab edilmişdir. Məhkəmə, “Cavabdeh1 və digərlərinin qanunsuz əməlləri ilə bağlı xüsusi qərardad çıxarılması” barədə ilk iddiaçının xahişinə münasibətdə qeyd edir ki, bu xahiş hüquqi mahiyyəti etibarilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər; məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə müvafiq qərarı qəbul etməsi mümkündür. Hazırkı məhkəmə baxışı zamanı isə, məhkəmə xüsusi qərardadın çıxarılmasını zəruri hesab etmir. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə, ilkin iddia təmin edildiyindən, qarşılıqlı iddia tələbinin əsaslı olmadığı qənaətinə gəlir və bununla bağlı prosessual qənaət prinsipi baxımından əlavə əsaslandırma aparılmasına lüzum görmür. Belə ki, mənzil etibarsız müqavilə əsasında əldə edilmişdir və həmin müqavilədən irəli gələrək mülkiyyətçinin hüquqlarının müdafiəsi ilə bağlı tələblər təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilk iddia təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh1 adına ev şəraitində Bakı şəhəri 26 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilməklə verilmiş xx.xx.2022-ci il tarixli etibarnamə və həmin etibarnamə əsasında onun adından çıxış edən Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 26 saylı notariat ofisində təsdiq edilməklə bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, ünvan 6 ünvanında yerləşən 2 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş mülkiyyət hüququ barədə çıxarış ləğv edilməli, İddiaçı həmin mənzil üzərindəki mülkiyyət hüququ bərpa edilərək adına yeni çıxarış verilməlidir. İlkin iddianın baxılması üçün dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq ilkin İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı mənzilin boşaldılaraq təhvil verilməsi tələbi barədə qarşılıqlı iddiası təmin olunmamalıdır. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 124 manat və əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat, cəmi 224 manat məbləğində pul ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh1 adına ev şəraitində Bakı şəhəri 26 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilməklə verilmiş xx.xx.2022-ci il tarixli etibarnamə və həmin etibarnamə əsasında onun adından çıxış edən Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 26 saylı notariat ofisində təsdiq edilməklə bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. ünvan 6 ünvanında yerləşən 2 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş mülkiyyət hüququ barədə çıxarış ləğv edilsin. İddiaçı həmin mənzil üzərindəki mülkiyyət hüququ bərpa edilərək adına yeni çıxarış verilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı mənzilin boşaldılaraq təhvil verilməsi tələbi barədə qarşılıqlı iddiası təmin olunmasın. İlkin iddianın baxılması üçün dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat məbləğində pul ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq ilkin İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 124 manat və əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat, cəmi 224 (iki yüz iyirmi dörd) manat məbləğində pul ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X4, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən, tərəflərə rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-52/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-52/2024
14.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver