Məhkəmə qərarları › İş №e-2(005)-746/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-746/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-746/2021 29.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 oğlunun, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə və digər əmlaklara yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə və digər əmlaklara yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh oglu arasında bağlanmış, Bakı şəhəri 52 saylı notariat kontoru tərəfindən 08 oktyabr 2015ci il tarixli, 3M-605 nömrəli reyestrlə təsdiq edilmiş mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən irəli gələn ödənilməmiş 272.860 (iki yüz yetmiş iki min səkkiz yüz altmış) ABŞ dolları borcun ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh İddiaçı xeyrinə tutulması, tutulacaq məbləğ öhdəliyin təminatı kimi Cavabdeh ilə bağlanmış 08 oktyabr 2015ci il tarixli, 3M-609 saylı reyestrlə təsdiq edilmiş ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108,4 kv.metr, yaşayış sahəsi 63,2 kv.metr, yardımçı sahəsi 45,2 kv.metr olan 3 otaqlı mənzilə (reyestr nömrəsi **********28-05301-093068, qeydiyyat nömrəsi **********, RX seriyalı ******* nömrəli) yönəldilməklə, ipoteka predmetinin yenidən qiymətləndirilərək açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin, satışdan əldə olunan pul məbləği kifayət etmədikdə isə iddia tələbinin cavabdehin digər əmlaklarına yönəldilməsi, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə onun arasında Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusu E.S.Zeynalov tərəfindən 08 oktyabr 2015-ci il tarixli, 3M-605 nömrəli reyestrlə təsdiq edilmiş mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ona 360.000 (üç yüz altmış min) manat (ekvivalenti 342.860 (üç yüz qırx iki min səkkiz yüz altmış) ABŞ dollarına bərabər olan) məbləğində borcunun olduğunu tam etiraf etmiş və həmin borc məbləğini 5 il müddətinə hissə-hissə olmaqla borc verənə qaytarmağı öhdəsinə götürmüş, eləcə də borc məbləğinə görə özünə məxsus bütün daşınmaz və daşınar əmlakı ilə tam məsuliyyət daşıması barədə tam zəmanət vermişdir. Cavabdeh (ipoteka qoyan) mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 18.06.2013-cü il tarixdə Cavabdeh verilmiş **********28-05301-093068 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə özünə məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 108,4 kv.metr, yaşayış sahəsi 63,2 kv.metr, yardımçı sahəsi 45,2 kv.metr olan 3 otaqlı mənzilini İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. Bu barədə həmin mənzildə qeydiyyatda olan şəxslərin müvafiq razılıq ərizələri alınmaqla onunla cavabdeh arasında Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusu E.S.Zeynalov tərəfindən 08 oktyabr 2015-ci il tarixli, 3M-609 nömrəli reyestrlə təsdiq edilmiş ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi bağlandıqdan sonra, həmin müqavilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq dövlət qeydiyyatına alınmış və 14.10.2015-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 1912 nömrəli kitabının 76360 nömrəli vərəqində qeydlər edilməklə RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə borcun qaytarılması manat-ABŞ dolları ekvivalentində nəzərdə tutulduğuna görə tərəflər arasında borc üzrə hesablaşma ABŞ dolları ilə aparılmış, borc müqaviləsindən sonra cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq ona 2017-ci ilin fevral ayına qədər hissə-hissə hər ay 5.000 ABŞ dolları məbləğində ödənişlər etməklə cəmi 80.000 ABŞ dolları məbləğində pul qaytarmışdır. Lakin 2017-ci ilin mart ayında cavabdeh növbəti ödənişi yubandırdığına görə onunla əlaqə saxladıqda ona əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini və buna görə də borc üzrə vaxtında ödəniş etməyə imkanı olmadığını bildirmiş, yaxın 1-2 ay ərzində borc üzrə ödəmələri hissə-hissə davam etdirəcəyinə söz versə də, lakin bu günədək müxtəlif bəhanələrlə borcun qalan hissəsini ödəməkdən boyun qaçırmış, müqavilə üzrə borc öhdəliyini lazımi qaydada və vaxtında icra etməmiş və bu günə kimi borcunu ödəməmişdir. Beləliklə, bü günə qədər Cavabdeh ona 342.860 (üç yüz qırx iki min səkkiz yüz altmış) ABŞ dolları məbləğində olan ümumi borcdan 80.000 ABŞ dolları ödəməklə cəmi 272.860 (iki yüz yetmiş iki min səkkiz yüz altmış) ABŞ dolları məbləğində borcu qalmışdır. İpoteka müqaviləsi bağlanan zaman tərəflər arasında razılaşmaya əsasən ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 250.000 (iki yüz əlli min) manat müəyyən olunmuşdur. Hesab edir ki, hal-hazırda daşınmaz əmlak bazarında müşahidə olunan ucuzlaşma tendensiyası ipoteka predmetinin real bazar qiymətlərindən nisbətən baha olması səbəbindən yenidən qiymətləndirilməsi zərurətini yaradır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.2ci bəndinə uyğun olaraq, 23.11.2017-ci il tarixdə iddiaçı (ipoteka saxlayan) İddiaçı cavabdeh (ipoteka qoyan) Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş və borclu (ipoteka saxlayan) tərəfindən bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 24.11.2017-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçıya ümumilikdə 160.000 ABŞ dolları məbləğində pul verilmişdir, iddiaçı bu puldan 80.000 ABŞ dolları aldığını etiraf edir, amma X6 tərəfindən iddiaçıya ödənilmiş 80.000 ABŞ dolları məbləğində pulu isə iddia ərizəsində göstərməmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə vermişdir, əlavəsində ona 80.000 ABŞ dolları pulu qaytarıldığını etiraf etmişdir, İddiaçı etiraf etmədiyi 80.000 ABŞ dolları pulu müxtəlif vaxtlarda və hissələrdə olmaqla iddiaçıya birlikdə işlədikləri M.Süleymanov ilə ödənilmişdir. Mağazalarında olan mallar satıldıqca 80.000 ABŞ dolları pulu hissə-hissə olmaqla M.Süleymanov iddiaçıya vermişdir. İddiaçı, 2017-ci ilin dekabr ayında M.Süleymanov tərəfindən guya aldadılması ilə əlaqədar polisə şikayət etmişdir. Şikayətinin əsasını isə guya M.Süleymanovun anbarının olduğu, həmin anbarı guya özəlləşdirərək iddiaçıya 135.000 ABŞ dollarına satacağı adı ilə ondan 135.000 ABŞ dolları pulu alaraq mənimsədiyi ilə bağlı şikayət edərək M.Süleymanovu şərləmişdir. Lakin, polis araşdırması zamanı iddiaçının M.Süleymanovun barəsində yazdığı şikayət öz təsdiqini tapmamışdır. Polis araşdırması zamanı M.Süleymanov iddiaçıya müraciət edərək niyə ondan yalandan polisə şikayət etdiyini və ondan niyə pul istədiyini soruşmuşdur. İddiaçı da M.Süleymanova etiraf etmişdir ki, cavabdehin ona borcu yoxdur və cavabdehin ona 70.000-80.000 ABŞ dolları pul verdiyini söyləmişdir. Polis orqanı tərəfindən aparılmış araşdırması zamanı 12.01.2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, Cavabdeh yanında mağaza müdiri işləmişdir. Tərəflərin necə işlədiklərini, hansı şərik münasibətlərinin olduğunu bilmir. Sonradan Səbuhi dedi ki, aralarında pul məsələsi var. Hissə-hissə olmaqla ümumilikdə 80000 ABŞ məbləğində pulu şəxsən Murad adlı şəxsə təqdim etmişdir. İcarə haqqını manatla, borc məbləğini isə dollarla verirdi. Şəxsən ödənişi Murada verirdi, əmanət olaraq verilirdi və bildirilirdi ki, bu pulu apar çatdır. Bildiyinə görə, Muradın iddiaçı tərəflə qohumluq münasibəti var idi. X2 ötən məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, tərəflərlə heç bir qohumluq əlaqəsi yoxdur. Cavabdeh yanında mağaza müdiri işləmişdir. Məişət texnikası satırmışlar. O, Cavabdeh İddiaçı olan borcundan malları satmaqla aylıq 5000 ABŞ dolları məbləğində olmaqla, 80 000 ABŞ dolları məbləğində pulu iddiaçının nümayəndəsi olduğu Murad adlı şəxsə çatdırmışdır. Ona pulu cavabdeh verirdi, o isə verilən əmanəti aparıb verirdi. 16 ay ərzində davamlı olaraq müntəzəm şəkildə 2000, 5000, 10000 ABŞ dolları ödənişlər olub. Yəni aybaay ödənilən məbləğlərdə dəyişikliklər olurdu. Borcdan olan ödənişlər dollarla olurdu, icarə haqqı isə manatla ödənilirdi. Sadəcə o bilinirdi ki, Cavabdeh ilə İddiaçı arasında biznes əlaqəsi var. Ortaq başqa münasibətləri olmamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(005)-704/2018 qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 262.860 ABŞ dolları məbləğində borcun qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının İddiaçı xeyrinə tutulması, tələb üzrə tutmanın cavabdehə məxsus ünvan 3 ünvanında yerləşən mənzilə (həmin mənzilin ilkin satış qiyməti 250.000 manat müəyyən edilsin) yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına İddiaçı borc tələbinin ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçiyə qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2018-ci il tarixli, 2(103)- 8312/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(005)-704/2018 qətnaməsi apellyatora münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının 28.02.2019-cu il tarixli, 2(102)-1645/19 nömrəli Qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş,iş yenidən baxılması üçün məhkəməyə göndərilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08.07.2019-cu il tarixli,2 (103)6821/2019 nömrəli qətnaməsi ilə cavabdeh X5 şikayəti qismən təmin olunmuş, Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17.04.2018-ci il tarixli qətnaməsi apelyasiya predmenti olan hissədə ləğv edilmiş, iddia tələbi borcun tutulması və ipoteka predmetinə yönəldilməsi hissədə rədd olunmuşdur. İş materiallarına əlavə edilmiş 08 oktyabr 2015-ci il tarixli, 3M-605 nömrəli reyestrlə təsdiq edilmiş Borcun etirafı haqqında mücərrəd müqavilədə deyilir: “Cavabdeh İddiaçı 360.000 (üç yüz altmış min) manat (ekvivalenti 342.860 (üç yüz qırx iki min səkkiz yüz altmış) ABŞ dollarına bərabər olan) məbləğində borcunun olduğunu bəyan və etiraf edir”. İş materiallarına əlavə edilmiş 10.09.2021-ci il tarixli, Əmlak Espert Mərkəzi tərəfindən verilmiş ƏEM/S44-895/21 ekspert rəyinə əsasən, ünvan 4 ünvanında yerləşən mənzilin bazar dəyəri 248.000 manat və likvid dəyəri 235.000 manat qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak məsələləri Dövlət komitəsi yanında daşınmaz əmlakın dövlət reysteri xitmətinin çıxarışına əsasən, Həsənoğlu kuç 4A, mənzil 139 ünvanındakı mənzil Cavabdeh mülkiyyətindədir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Cavabdeh 342.860 (üç yüz qırx iki min səkkiz yüz altmış) ABŞ dolları məbləğində borc vermiş və bununla bağlı tərəflər arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ona 360.000 (üç yüz altmış min) manat (ekvivalenti 342.860 (üç yüz qırx iki min səkkiz yüz altmış) ABŞ dollarına bərabər olan) məbləğində borcunun olduğunu tam etiraf etmiş və həmin borc məbləğini 5 il müddətinə hissə-hissə olmaqla borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 09 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə Cavabdeh tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 108,4 kv.metr, yaşayış sahəsi 63,2 kv.metr, yardımçı sahəsi 45,2 kv.metr olan 3 otaqlı mənzilini İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 250.000 manat məbləğində müəyyən edilmişdir. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə borcun qaytarılması manat-ABŞ dolları ekvivalentində nəzərdə tutulduğuna görə tərəflər arasında borc üzrə hesablaşma ABŞ dolları ilə aparılmışdır. İddiaçı həmin pulu cavabdehə verməklə öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh borcunu vaxtına qaytarmamaqla müqavilənin şərtlərini pozmuş və üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Həmin müqavilədən görünür ki, tərəflər borcun məbləğini həm də Azərbaycan manatının ABŞ dollarına nisbətdə həmin dövrdəki məzənnəsini əsas götürməklə ABŞ dolları ilə müəyyənləşdirmiş, müqavilənin 1.1 bəndində isə « ekvivalenti 342.860 (üç yüz qırx iki min səkkiz yüz altmış) ABŞ dollarına bərabər olan” kimi razılaşdırmışlar. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə is öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır .Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür .Həmin Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir .Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz .Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi də haqlı olaraq iddiaçının borcun ödənilməsi ilə bağlı tələbini məhz müqavilə hüququ çərçivəsində dəyərləndirmişdir. Belə ki, onun cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış “borcun etirafı” müqaviləsindən irəli gəlir. Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Yuxarıda qeyd olunduğu kimi tərəflər, bağladıqları müqavilədə borcun məbləğini həm də onun verildiyi zamankı dollar ekvivalenti ilə xüsusi qeyd etmiş, eyni zamanda borcun, öhdəliyin icra edildiyi gün manatın dollara olan məzənnəsi nəzərə alınmaqla qaytarılacağını müəyyənləşdirmişlər. Məhkəməninq qənaətinə görə bu, onların iradə ifadələrinin həqiqi mənasının borcun məhz, verildiyi zamankı dollar ekvivalenti ilə qaytarılmalı olması məzmununda olması deməkdir; çünkü əks halda onlar müqavilədə borcun məbləğini həm də ABŞ dolları ilə ifadə etməz və icra zamanı dolların konvertasiyasının əsas götürüləcəyini nəzərdə tutmazdılar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14.05.2015-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da, Mülki Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlərin kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilməli olduğu, müqavilədə belə şərt olmadıqda, borclunun kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malik olduğu nəticəsinə gəlmişdir. Məhkəmə həmçinin qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu vaxtında və lazımı qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə araşdırması zamanı tərəflər arasında imzalanmış 08 oktyabr 2015-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə əsasında 342.860 (üç yüz qırx iki min səkkiz yüz altmış) ABŞ dolları ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı borclu olması müəyyən edilmişdir. Həmin məbləbdən 80000 ABŞ dolları qaytarlmasın iddiaçı tərəf etiraf etmişdir. İddiaçı cavabdehin ona 80.000 ABŞ dolları qaytarmasını etiraf etdiyi üçün cavabdehi həmin məbləği qaytarması halını sübutetmə yükündən azaddır. Tərəflər müqaviləni bağlamaqla borcun fiksə olunmuş məbləğini və eyni zamanda onun sabit pul vahidində dəyərini də göstərməklə müəyyənləşdirirlər. Borcun məbləğinin eyni zamanda ABŞ dollarının ekvivalentinə münasibətdə müəyyən edilməsi borcun həmin vaxtdakı dəyərinin göstəricisidir. Tərəflər borc məbləğinin dəyərini də müəyyənləşdirmişlər ki, qaytarılmalı olan pul məhz həmin dəyərdə olmalıdır. Təsadüfi deyil ki, müqavilədən sonra qaytarılmış məbləğlər məhz ABŞ dolları ilə hesablanmışdır. Bütün hesablaşmalarda pulun ABŞ dolları ilə qaytarılması təsdiq olunur. Müqavilənin 2.4-cü bəndinə əsasən borcun manat və ya dollarla qaytarılması razılaşdırılmışdır. Cavabdeh tərəf pulun ona manatla verildiyini bildirsə də, məhkəmə iclasında və məhkəməyə təqdim etdiyi etirazında etiraf etmişdir ki, borcu ABŞ dolları valyutası ilə iddiaçıya qaytarmışdır. Eyni zamanda, cavabdeh mövcud borcundan müxtəlif vaxtlarda və hissələrdə olmaqla, iddiaçıya pul qaytardığını bildirsə də, buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddianın əsassız olması barədə irəli sürdüyü dəlillər öz təsdiqini tapmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia ərizəsinin borc hissəsində iddia tələbi tam təmin edilməli, Cavabdeh 272.860 ABŞ dolları məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Həmin Qanunun 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 08 oktyabr 2015-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 108,4 kv.metr, yaşayış sahəsi 63,2 kv.metr, yardımçı sahəsi 45,2 kv.metr olan 3 otaqlı mənzil İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmiş və həmin mənzilin dəyəri tərəflərin razılaşması əsasında 250.000 manat məbləğində müəyyən edilmişdir. İş üzrə keçirimiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq əmlakın likvid dəyəri 235 000 manat müəyyən olunmuşdur. Cavabdeh mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq müvafiq müqavilə üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Cavabdeh borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda mənzilin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik Cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 108,4 kv.metr, yaşayış sahəsi 63,2 kv.metr, yardımçı sahəsi 45,2 kv.metr olan 3 otaqlı mənzilə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Göstərilən Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. İpoteka predmeti olan mənziinl likvid dəyəri 235 000 manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh ipoteka predmeti olan mənzildən başqa hazırki kredit müqaviləsi üzrə hər hansı əmlakı iddiaçı qarşısında ipoteka ilə yüklü etmədiyindən və qeyd edilən hal qətnamənin icrası qaydasında həll olunmalı olduğundan, iddia tələbi “satışdan əldə olunan pul məbləği kifayət etmədikdə isə iddia tələbinin cavabdehin digər əmlaklarına yönəldilməsi” hissəsində təmin edilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 272.860 (iki yüz yetmiş iki min səkkiz yüz altmış) ABŞ dolları məbləğində borc qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, İddiaçı xeyrinə tutulmalı, tələb üzrə tutma cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən mənzilə (həmin mənzilin ilkin satış qiyməti 235.000 manat müəyyən edilməklə) yönəldilməli, ipoteka predmeti açıq hərracdan satılmalı və əldə olunan vəsait hesabına İddiaçı borc tələbi ödənilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 272.860 (iki yüz yetmiş iki min səkkiz yüz altmış) ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, İddiaçı xeyrinə tutulsun. Borc tələbi üzrə tutma Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən mənzilə yönəldilsin. İpoteka predmeti olan mənzilin likvid dəyəri 235 000 (iki yüz otuz beş min) manat müəyyən edilsin. İpoteka predmeti açıq hərracdan satılsın və əldə olunan vəsait hesabına İddiaçı borc tələbi ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar