Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-107/2023 15.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı «qanunsuz tikilinin sökülüb kənarlaşdırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" QSC Cavabdeh qarşı «qanunsuz tikilinin sökülüb kənarlaşdırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 10 ünvanında yerləşən ev "xxxx" QSC-nin Bakı sərnişin stansiyası 2-ci km pk1-də dəmir yolunun mühafizə zolağı ərazisinə aid torpaq sahəsində yerləşir. Belə ki, həmin ərazidə dəmir yolunun mühafizə zonası 24 metr təşkil etdiyi halda Cavabdeh tərəfindən dəmir yolundan 10 metr məsafədə ev inşa edilmişdir. Bununla bağlı "xxxx" QSC-nin aidiyyəti işçilərinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə akt tərtib olunmuş, qanunsuz tikilinin sökülməsi üçün Cavabdeh xəbərdarlıq edilmiş və ona dəmir yolunun mühafizə zonasında tikinti aparılmasının qanunvericiliklə qadağan olunması izah edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş ev sökülməmişdir. Bu səbəbdən "xxxx" QSC hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Bakı sərnişin stansiyası 2-ci km pk1-də dəmir yolunun mühafizə zolağında inşa edilmiş qanunsuz tikilinin Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması, 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, Cavabdeh yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 10 ünvanında yerləşən ev "xxxx" QSC-nin Bakı sərnişin stansiyası 2-ci km pk1-də dəmir yolunun mühafizə zolağı ərazisinə aid torpaq sahəsində yerləşir. Belə ki, həmin ərazidə dəmir yolunun mühafizə zonası 24 metr təşkil etdiyi halda Cavabdeh tərəfindən dəmir yolundan 10 metr məsafədə ev inşa edilmişdir. Bununla bağlı "xxxx" QSC-nin aidiyyəti işçilərinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə akt tərtib olunmuş, qanunsuz tikilinin sökülməsi üçün Cavabdeh xəbərdarlıq edilmiş və ona dəmir yolunun mühafizə zonasında tikinti aparılmasının qanunvericiliklə qadağan olunması izah edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş ev sökülməmişdir. Bu səbəbdən "xxxx" QSC hüquqlarının müdafiəsi uçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, həmin yaşayış evi uzun illər öncə inşa edilib. O, isə ailəsi ilə birlikdə 12 ildir ki, həmin evdə yaşayır. Onların başqa yaşayış yeri yoxdur.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Y/u-1 F.İsmayılov, y/b N.Məmmədov və y/m Ə.Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh iddia etdiyi ev Bakı sərnişin stansiyası 2 km pk-1-də yerləşir. Qeyd olunan km pk-də dəmir yolunu mühafizə zolağı 24 metr təşkil edir. İddia olunan ev dəmir yolundan 10 metr məsafədə, yəni mühafizə zolağına düşür.
7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X5 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubuna əsasən ünvan 1 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7000 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, mübahisə predmeti olan tikili ilə dəmir yolu xətti arasındakı məsafənin 12,20 m. təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş «Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normaları»nın 3.5-ci bəndinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 10 ünvanında yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin "xxxx" QSC-nin Bakı sərnişin stansiyası 2-ci km pk-1-də yerləşən dəmiryolunun mühafizə zolağında yerləşdiyi müəyyən olunmuşdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdehin yaşadığı ev "xxxx" QSC-nin Bakı sərnişin stansiyası 2-ci km pk1-də dəmir yolunun mühafizə zolağı ərazisinə aid torpaq sahəsində yerləşir. Həmin ərazidə dəmir yolunun mühafizə zonası 24 metr təşkil etdiyi halda cavabdeh tərəfindən dəmir yolundan 12,20 metr məsafədə ev inşa edilmişdir. Hazırda iddiaçı Bakı sərnişin stansiyası 2-ci km pk1-də dəmir yolunun mühafizə zolağında inşa edilmiş qanunsuz tikilinin Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılmasını xahiş edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan tikili ilə dəmir yolu xətti arasındakı məsafənin 12,20 m. təşkil etdiyi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş «Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normaları»nın 3.5-ci bəndinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 10 ünvanında yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin "xxxx" QSC-nin Bakı sərnişin stansiyası 2-ci km pk-1-də yerləşən dəmiryolunun mühafizə zolağında yerləşdiyi müəyyən olunmuşdur.
11. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən həmin tikinti iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində aparıldığı üçün və həmin tikili statusuna görə özbaşına olduğu üçün, eyni zamanda həmin tikili dəmiryolunun mühafizə zolağında yerləşdiyi üçün, iddiaçı mübahisəli tikilinin sökülməsi tələbi ilə məhkəmədə çıxış etməkdə tam haqlıdır.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
13. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
14. Qeyd edilən Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
16. Həmin Məcəllənin 180.2-ci maddəyə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
17. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən isə özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
18. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytanlmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə tesdiq edilmiş «Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları» nın 2-ci hissəsinə əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə «X4» Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardır.
20. Həmin Qaydaların 21-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yolu təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yolu obyektlərinin zərərli təbil təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmiryolu xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdırilməsinə və tikilməsinə yol verilmir.
21. Məhkəmə hesab edir ki, mübahisəli özbaşına tikili "xxxx" QSC-nin Bakı sərnişin stansiyası 2-ci km pk1-də dəmir yolunun mühafizə zolağı ərazisində inşa olunduğundan və həmin tikili həm "xxxx" QSC-nin razılığı, həm qanunla nəzərdə tutulmuş icazələr alınmadan inşa edildiyindən və statusuna görə özbaşına hesab olunduğundan, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir.
22. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 10 ünvanında "xxxx" QSC-nin Bakı sərnişin stansiyası 2-ci km pk1-də dəmir yolunun mühafizə zolağında, dəmir yolundan 12,20 metr aralı məsafədə inşa edilmiş qanunsuz tikili Cavabdeh vəsaiti hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılmalıdır.
23. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulmalıdır.
25. Göstərilən Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Bu halda müəyyən edilmişdir ki, iddia tələbi tam əsaslı hesab edildiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 10 ünvanında "xxxx" QSC-nin Bakı sərnişin stansiyası 2-ci km pk1-də dəmir yolunun mühafizə zolağında, dəmir yolundan 12,20 metr aralı məsafədə nşa edilmiş qanunsuz tikili Cavabdeh vəsaiti hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılsın. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi "xxxx" QSC-nin xeyrinə 100 (yüz) manat məbləğində pul tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat isə Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov