Məhkəmə qərarları › İş №e-2(006)-1186/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1186/2022

21.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1186/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə (Nəsimi rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb olunmaqla) qarşı «öhdəliyin icrası» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «öhdəliyin icrası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanda tikilmiş yeni binadan tam təmirli 52,10 m2 mənzilin və birinci mərtəbəsindən – ev 8 mənzil 4 ünvanda mülkiyyətində olan mənzilin yerləşdiyi hissədən 28,0 m2 qeyri-yaşayış sahəsinin tam təmirli vəziyyətdə Cavabdeh MMC tərəfindən ona təhvil verilməsi, həmin mənzilə və qeyriyaşayış sahəsinə dair zəruri sənədləşdirilmələrin aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və Cavabdeh MMC-dən 10.100 manat kirayə haqqının, qəbul olunacaq qətnamənin icrasınadək hər ay üçün 700 manat kirayə haqqının və hazırki iddianın qaldırılması üçün ödənilmiş 121 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda tikilmiş yeni binanın birinci mərtəbəsindən - ev 8 mənzil 4 ünvanda 2017-ci ilədək mülkiyyətində olmuş mənzilin (əmlakın) yerləşdiyi hissədən 28,0 m2 qeyri-yaşayış sahəsinin tam təmirli vəziyyətdə Cavabdeh MMC tərəfindən ona təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsinə və müqavilə ilə ona verilmiş mənzilə dair zəruri sənədləşdirilmələrin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və Cavabdeh MMC-dən 4.000 manat təmir xərcinin, 3 aylıq kirayə haqqı (700 manat x 3 ay) olaraq 2.100 manatın, 20 ay gecikdirilməyə görə aylıq 200 manat olmaqla (20 ay x 200 manat) 4.000 manat əlavə kirayə haqqının - cəmi 10.100 manat pulun və qəbul olunacaq qətnamənin icrasınadək hər ay üçün 350 manat kirayə haqqının və hazırki iddianın qaldırılması üçün ödənilmiş 121 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 64 m2 olan mənzil iddiaçının xüsusi mülkiyyətində olmuşdur. Əmlak mənzil kimi dövlət qeydiyyatına alınmasına baxmayaraq, faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edilmişdir. 2017-ci ildə Cavabdeh MMC ona müraciət edərək ərazidə mövcud tikililərin sökülməsi və yerində yeni binanın tikintisi niyyətinin olduğunu, bu məqsədlə mülkiyyətində olan mənzilinin sökülməsi barədə razılığa gəlmələrini istəmişdir. Danışıqlar nəticəsində söküləcək mənzilinin əvəzində yeni tikiləcək binada tam təmirli vəziyyətdə 1 mənzil və birinci mərtəbədə mövcud mənzilinin yerində qeyri-yaşayış sahəsinin tam təmirli vəziyyətdə verilməsini razılaşmışlar. Aralarındakı razılığı xx.xx.2017-ci ildə notarial qaydada bağlanmış müqavilə ilə rəsmiləşdirmişlər. Cavabdeh MMC ilə aralarında notarial qaydada bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 64 m2 olan 4 saylı mənzilinin sökülərək yerində Cavabdeh MMC tərəfindən tikiləcək yeni yaşayış kompleksində 52,10 m2 sahəli 2 otaqlı mənzilin və yeni binanın 1-ci mərtəbəsində (söküləcək mənzilin yerində) 28,0 m2 qeyriyaşayış sahəsinin onun mülkiyyətinə verilməsinə razılaşmışlar. Razılığa əsasən 28,0 m2 qeyri-yaşayış sahəsi MMC tərəfindən sökülmüş mənzilin yerləşdiyi yerdə 1-ci mərtəbədə tam təmirli vəziyyətdə, 52,10 m2 mənzil isə tam təmirli vəziyyətdə mülkiyyətinə verilməlidir. Mənzili bu müqavilə üzrə MMC-yə təhvil verildiyi andan yeni binada yeni mənzili və qeyriyaşayış sahəsini ona təhvil verənədək, başqa ünvanda yaşaması üçün 700 manat kirayə xərclərinin kompensasiya məbləği MMC tərəfindən ona ödənilməlidir (Müqavilənin 3.4.1 və 5.1.2-ci bəndləri). Bütün bu danışıqlarda oğlu Samir, qızı Samirə və kürəkəni Mikayıl onunla birgə iştirak etmiş, MMC ilə razılaşmalarının şərtlərini birgə müzakirə etmişlər. Mənzilin boşaldılması, təhvil verilməsi və MMC ilə sonrakı münasibətləri ailə üzvləri kimi onların iştirakı ilə həyata keçirmişlər. Müqavilə tərəfi kimi üzərinə düşən öhdəliyi tamamilə yerinə yetirmiş və mülkiyyətində olan mənzilin bütün hüquqmüəyyənedici sənədlərini MMC-yə təhvil verməklə, faktiki olaraq əmlak MMC-yə təhvil verilmiş və Cavabdeh MMC tərəfindən əmlak sökülərək yerində çoxmərtəbəli yaşayış kompleksi tikilmişdir. Müqavilənin şərtinə (4.1.2-ci bənd) görə, Cavabdeh MMC binanın bünövrəsi qoyulduqdan 18 ay ərzində tikinti işlərini başa çatdırmalı, yaşayış və qeyri-yaşayış sahəsini ona təhvil verməlidir. Lakin mənzili MMC-yə təhvil verdikdən 4 il, tikinti işlərinə başlandığından 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, müqavilədə nəzərdə tutulan vaxtda yeni binanın tikintisi başa çatdırılaraq mənzil və qeyri-yaşayış sahəsi ona təhvil verilməmişdir. Yalnız bir müddət əvvəl ona verilməli olan mənzilin hazır olduğuna dair bildirilmiş, mənzilə baxış keçirən zaman razılaşdırılmış qaydada təmir olunmadığı məlum olmuşdur, bu səbəbdən mənzilin təmiri üçün əlavə vəsait xərcləmişdir. Hazırki vaxtadək mənzil ona təhvil verilməmişdir. Bundan başqa isə, qeyri-yaşayış sahəsini razılaşdıqları yerdə ona təhvil verilməsindən cavabdeh MMC yayınmışdır. Bu vaxtadək tərəfindən bir neçə dəfə müraciət edilərək qeyri-yaşayış sahəsinə dair razılaşmaya əməl edilməsini tələb etsə də, cavabdeh MMC müqavilə şərtlərinə əməl etməmiş, qeyri-yaşayış sahəsini ona təhvil verməmişdir. Bununla, Cavabdeh MMC tərəfindən müqavilə şərtlərinin pozulması və lazımınca yerinə yetirilmədiyi aşkardır. Müqavilə ilə ona verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsində, binanın tikintisi davam etdiyi müddətdə Cavabdeh MMC-nin "xxxx" fəaliyyət göstərirdi. MMC-nin sahibkarı kimi özünü təqdim edən Anar müəllimə müraciətlərində, sonuncu dəfələrlə ona vəd vermişdir ki, inşaat işləri bitdikdən sonra 1-ci mərtəbədəki həmin sahə boşaldılaraq, ona təhvil veriləcəkdir. Lakin hazırki vaxtadək sahə ona təhvil verilməmişdir. Sonuncu dəfə bu ilin iyun ayında yazılı müracətinə də cavab verilməmişdir. Beləliklə, yeni binanın bünövrəsi qoyulduqdan 3 ildən artıq vaxt keçməsi, mənzilin və qeyri-yaşayış sahəsinin ona təhvil verilməməsi cavabdeh MMC tərəfindən müqavilə öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Ona verilməli olan mənzilin müqavilədə nəzərdə tutulduğu qaydada tam təmir edilmədiyinə görə mənzilin təmirinə tərəfindən əlavə 4.000 manat vəsait xərclənmişdir. Bundan başqa, müqavilə şərtinə görə, nəzərdə tutulan müddətdən artıq keçən hər ay üçün MMC tərəfindən kirayə haqqına 200 manat əlavə ödənilməlidir. Müqavilədə nəzərdə tutulmuş müddətdən əlavə 20 ayın keçməsinə görə - 20 ay x 200 manat = 4.000 manat ödəmək MMC-nin vəzifəsidir. Bundan əlavə, son 3 ayda MMC tərəfindən aylıq kirayə haqqı ödənilmir. 3 aylıq kirayə haqqı 2.100 manat təşkil edir ki, bunun ödənilməməsi də MMC tərəfindən müqavilə öhdəliyinin pozulmasıdır. Bununla yanaşı, sökülmüş əmlakın əvəzinə müqavilədə nəzərdə tutulmuş əmlakların təhvil verilməsinin bundan sonra gecikdirilən hər ayı üçün 700 manat kompensasiya verilməlidir. Beləliklə, MMC tərəfindən qeyri-yaşayış sahəsinin ona təhvil verilməməsi və mənzilin isə lazımi qaydada təhvil verilməməsi MMC tərəfindən müqavilə şərtlərinin pozulmasıdır, onun əmlak maraqlarına və mənafeyinə zərər vurulmasıdır. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilə öhdəliyinin yerinə yetirilməməsi halı aşkardır. Tərəfindən dəfələrlə şifahi və yazıl müraciət edilərək MMC-nin müqavilə öhdəliyinə əməl edilməsini tələb etmişdir, lakin müraciətlərinə baxmayaraq, tələbi icra olunmamışdır. Ona görə də, məhkəmədə iddia qaldırılmasına zərurət yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia ərizəsi verilən vaxt E.Tağızadə küçəsi ev 8 ünvanda tikilmiş yeni binadan tam təmirli 52,10 m2 mənzil təhvil verilmədiyinə görə, iddia tələbində mənzilin də təhvil verilməsi xahiş edilmişdir. Keçən müddət ərzində, 2021-ci ilin sentyabr ayından sonrakı dövrdə - kirayə haqqının ödənilmədiyinə görə məcburiyyət qarşısında qalaraq təklif olunan mənzildə tamamlama-təmir işlərini özləri başa çatdıraraq yanvarın sonunda mənzilə köçmüşlər. Bu səbəbdən, məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim etmişlər. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia ərizəsində göstərilənlər bütünlüklə əsassız mülahizələrdən ibarət olmaqla yalnız iddiaçının qərəzli niyyəti ilə yazılmış, eləcə də heç bir hüquqi əsası olmayan uydurma və qanunsuz tələbdir. Buna görə də hesab edirlər ki, heç bir dəlil-sübuta söykənməyən və həqiqiqətə uyğun gəlməyən əsassız və qanunsuz iddia tələbləri rədd edilməlidir. Bununla əlaqədar olaraq bildirir ki, iddia ərizəsi həm faktlar nöqteyi-nəzərindən, həm də müqavilə şərtləri və istinad edilən normalar baxımından tam əsassız və qanunsuzdur. İddiaçı öz tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385, 386, 389, 425, 437, 442-ci maddələrinə əsaslanıb hüquqlarının pozulduğunu bildirsə də, iddia ərizəsində göstərdikləri özlüyündə əsassız olmaqla həm işin faktiki halları, həm də müqavilə şərtləri ilə öz təsdiqin tapmır, eləcə də heç bir dəlil-sübuta əsaslanmır. Belə ki, iddiaçının nümayəndəsi məhkəməyə yalan məlumat verib bildirir ki, guya müqavilə ilə nəzərdə tutulan öhdəlik icra edilməyərək sözügedən mənzil və qeyri-yaşayış sahəsi ona təhvil verilməmiş, eləcə də kirayə haqlarını da almamışdır. Lakin, bununla iddiaçının nümayəndəsi işə baxan məhkəməni aldatmaq və beləcə öz hiyləgər planına inandırmaq üçün iddia ərizəsində işin həqiqi hallarını (faktları) və mənzilin qəbul etmə tarixini məqsədli şəkildə gizlədərək məhkəməyə yalan məlumat verməklə öz oyununa alət etməyə çalışır. Bununla əlaqədar işin həqiqi hallarını məhkəmənin nəzərinə çatdırıraraq bildirir ki, iddiaçı ilə cavabdeh arasında olan xx.xx.2017-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, Süleyman Rüstəm, Eldar Tağızadə və Vladislav Plotnikov küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın 10-cu mərtəbəsində 2 (iki) otaqlı, faktiki sahəsi 52,10 m2-dən çox olan təmirli mənzil 2021-ci ilin sentyabr ayında İddiaçı təhvil verilmişdir. Belə ki, mülkiyyətçi İddiaçı ona təhvil verilən mənzili qəbul etmiş, köçüb hal-hazırda ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. İddiaçı faktiki olaraq mənzili qəbul edib yaşasa da, lakin mənzilin qəbul aktına imza etməkdən imtina etmişdir. Həmçinin, iddiaçı ilə aralarında olan xx.xx.2017-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, Süleyman Rüstəm, Eldar Tağızadə və Vladislav Plotnikov küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın 1-ci mərtəbəsində - yəni hazırda yaşadığı mənzilin altında (Eldar Tağızadə küçəsinə baxan hissədən) sahəsi 28 m2 olan qeyri-yaşayış sahəsi - İddiaçı təhvil verilməsi üçün cavabdeh tərəfindən dəvət edilmişdir. Lakin, cavabdeh tərəfindən bir neçə dəfə dəvət olunmasına baxmayaraq, İddiaçı şəxsən özü təhvil almaq üçün gəlməmişdir. Bundan sonra, cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsi mülkiyyətçi İddiaçı yaxın qohumlarına - oğlu Nümayəndə1 və kürəkəni Rəhimov Mikayıl adlı şəxslərə təqdim edilmiş, lakin həmin şəxslər sözügedən qeyri-yaşayış sahəsini qəbul etməkdən imtina etmişlər. Məhkəmənin nəzərinə çatdırır ki, sözügedən əmlaklar təhvil verildiyi tarixə kimi, cavabdeh tərəfindən iddiaçıya vaxtlıvaxtında aylıq kirayə haqqları ödənilmişdir. Lakin, iddiaçı faktiki olaraq sözügedən mənzili qəbul edib yaşasa da, ona təqdim edilən qeyri-yaşayış sahəsini hələ də qəbul etməmişdir. İddiaçı öz iddia ərizəsində Mülki Məcəllənin bir sıra maddələrinə əsaslanaraq, aralarında bağlanmış müqavilə öhdəliyinin pozulmasını bildirsə də, lakin, həmin maddələrin tələblərinə diqqət yetirəndə məlum olur ki, istinad etdiyi normalar onun iddiasının hüquqi əsasını təşkil etmir. İddiaçı aralarında olan müqavilə öhdəliyinin icrasını tələb edərkən tam mahiyyətini anlamamışdır ki, irəli sürdüyü tələblər nə qanunla, nə də müqavilə ilə heç bir hüquqi əsası yoxdur. Lakin, iddiaçı öz ərizəsində məhkəməyə yalan məlumat verib bildirir ki, guya nə mənzil, nə qeyri-yaşayış sahəsi hələ də ona təhvil verilməmiş, eləcə də aylıq kirayə haqqlarını ala bilməmişdir. Halbuki, işin həqiqi hallarından məlum olur və təqdim olunmuş dəlil-sübutlarla öz təsdiqini tapır ki, sözügedən əmlaklar cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş, lakin iddiaçı mənzili qəbul etsə də, qeyri-yaşayış sahəsini qəbul etmir. Bununla da, təqdim etdikləri qeyri-yaşayış sahəsini qəbul etmədiyinə görə aralarında olan müqavilənin şərtləri, elə iddiaçının özü tərəfindən pozulmuşdur. Həmçinin, iddiaçı ilə aralarında olan xx.xx.2017-ci il tarixli müqavilənin 1.1-ci bəndinə diqqət yetirdikdə məlum olur ki, cavabdeh tərəfindən iddiaçıya binanın 1-ci mərtəbəsində sahəsi 28 m2 olan qeyri-yaşayış sahəsini təhvil verilməsi nəzərdə tutulmuşdur. Halbuki, həmin müqavilədə konkret olaraq binanın hansı hissəsindən hansı obyektin və ya iddiaçının köhnə məzilinin yerindən ona qeyri-yaşayış sahəsi veriləcəyi göstərilməmişdir. Lakin, iddiaçı aralarındakı xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərində mövcud olmayan öhdəliyi - cavabdehin üzərinə qoymaqla, konkret olaraq başqasına məxsus obyekti onlardan tələb edir. Göründüyü kimi, aralarındakı xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərində cavabdehin belə bir öhdəliyi yoxdur və iddiaçının müqavilədə olmayan öhdəliyin icrasını cavabdehdən tələb etməsi tam qanunsuz və əsassızdır. Buna görə də, iddiaçının məhkəməyə verdiyi yalan və ziddiyyətli ifadələrdən ibarət iddia tələbi bütünlüklə cəfəngiyyat olmaqla, öz xeyrinə uydurduğu mülahizələrdən ibarətdir. İddiaçının məqsədi yalnız nəyin bahasına olursa-olsun bu uydurma mülahizələrinə məhkəməni inandırmaq və bununla da qanunsuz şəkildə öz məqsədlərinə çatmaq üçün hər cür çirkin vasitələrə əl atır. Lakin, iddiaçının nümayəndəsi hər nə qədər bu faktları bilərəkdən və məqsədli şəkildə gizlətməyə çalışsa da, iş üzrə əllərində olan dəlil-sübutlar və real faktlar həqiqəti tam üzə çıxarır və onun iddia ərizəsinin qanunsuz və əsassızlığını tam sübuta yetirir. Həmçinin, iddianın mahiyyətindən də görünür ki, iddia tələbi heç bir kökü-əsası olmayan, dəlil-sübuta söykənməyən, uydurma mülahizələrdən ibarətdir və iddiaçı məhkəməyə verdiyi ziddiyyətli ifadələrlə dolu əsassız iddiasının təmin olunması mümkünsüzdür. İddiaçı bir tərəfdən Mülki Məcəllənin bir sıra maddələrinə istinad edib öhdəliyin pozulmasından bəhs etdiyi halda, digər tərəfdən uydurduğu mülahizələr və yalançı şahid ifadələri ilə iddiasını əsaslandırmağa və beləcə məhkəməni aldatmağa çalışır. Bu da, özlüyündə bir daha iddianın absurd olmasını sərgiləyir. Halbuki, iddiaçı sübut kimi məhkəməyə əsassız mülahizələrdən başqa heç nə təqdim edə bilməmiş və işin həqiqi hallarını bilərəkdən gizlətmişdir ki, uydurduğu yalanların üstü açılmasın. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hazırki işdə hər hansı öhdəliyin pozulması halı mövcud deyil. Həmçinin, iddiaçıya onun istək və arzularına uyğun olaraq başqa bir yerdən qeyri-yaşayış sahəsi təqdim etmək də faktiki mümkün deyildir. Məlum olduğu kimi iddiaçının qaldırdığı tələblər özlüyündə cəfəngiyyat olmaqla, onun məqsədi yalnız nəyin bahasına olursa-olsun ona aid olmayan əmlaka qanunsuz sahiblənmək və bununla da əsassız şəkildə varlanmaqdır. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmənin diqqətinə çatdırır ki, iddia ərizəsinin mahiyyətinə baxılan zaman məlum olur ki, iddiaçı öz yalanlarını pərdələmək məqsədi ilə işə baxan məhkəməni yanlış məlumatlandırır ki, qanunsuz yolla nəyəsə nail olsun. Bununla bərabər, iddiaçı heç bir əsası olmayan öz uydurma iddiasının təmin olunması üçün müxtəlif cür qanunsuz yollara əl ataraq qabaqcadan qurulmuş plan əsasında özünü yazıq, guya hüququ tapdalanmış şəxs kimi qələmə verib, yalançı şahid ifadələri ilə məhkəməni inandırmağa və bununla da öz məkrli niyyətini həyata keçirməyə çalışır. Halbuki, yalan ifadələrlə məhkəməni aldatmaq və həmin ifadələrdən sübut kimi istifadə edilməsi qanunsuz olmaqla yanaşı həm də, qanun qarşısında məsuliyyət yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində göstərilir ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsində göstərilir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mubahisəyə baxıldıqdan sonra məhkəmə iclasında muəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ mudafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını mudafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini mudafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti uzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Odur ki, yuxarıda qeyd olunanlara görə hesab edirik ki, iddia ərizəsində göstərilənlər işin həqiqi hallarına uyğun olmamaqla yanaşı heç bir dəlil-sübutla öz təsdiqini tapmır və hazırki işdə istinad edilən hüquq normalarının pozuntusu müəyyən edilmir. Çünki, iddiaçı ərizəsində müqavilə öhdəlyininin pozulduğunu göstərib mənzili, obyekti və kirayə pulunu tələb etsə də, lakin öhdəliyin icrasına dair iddiasını əsaslandıran halları sübut edəcək hər hansı dəlil-sübutları məhkəməyə təqdim edə bilməmiş və iddiasını subuta yetirə bilməmişdir. Qeyd etdiyi kimi, iddiaçıya cavabdeh tərəfindən həmin binadan obyekt təklif edilmiş, lakin iddiaçı həmin obyekti təhvil almaqdan imtina etmişdir. Əvəzində isə şirkətin ofisinin ona verilməsini tələb edir ki, Anar adlı şəxs həmin yerin ona veriləcəyinə söz vermişdir. Şirkətin iddiaçıya təklif etdiyi obyekt giriş hissədə 1-ci mərtəbədə yerləşir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 3-cü şəxs qismində cəlb olunmuş Nəsimi rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, oranın nümayəndəsi məhkəmə iclasına üzürsüz səbəblərdən gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxs qismində cəlb olunmuş Nəsimi rayon İcra Hakimiyyətinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq, yerində müayinə edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh MMC (Cəmiyyət) ilə iddiaçının «Mülkiyyətçi) aralarında notarial qaydada bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən hazırki müqaviyələ əsasən Cəmiyyət Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyətinin 14 №li xx.xx.2017-ci il tarixli Sərəncamına uyğun olaraq və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin xx.xx.2017-ci il tarixli hesabatı əsasında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Süleyman Rüstəm, Eldar Tağızadə və Vladislav Plotnikov küçələrinin kəsişməsindəki ərazidə yerləşən istismar müddəti başa çatmış yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış kompleksinin tikintisini həyata keçirir. “Mülkiyyətçi”, mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 44.8 kv.metr, yaşayış sahəsi 27.0 kv.m olan 2 otaqlı, 4 saylı mənzildən paylı mülkiyyət hüququ üzrə ona məxsus faktiki ümumi sahəsi 64 kv.m olan mənzilini sökülərək yerində yeni yaşayış kompleksinin tikintisi məqsədilə “Cəmiyyət”-ə təhvil verir. “Cəmiyyət” isə “Mülkiyyətçi”nin faktiki ümumi yaşayış sahəsinə 15% əlavə etməklə 2 otaqlı, 52.10 kv.m mənzili və 1-ci mərtəbədə 28.0 kv.m qeyri-yaşayış sahəsini yeni binada tikinti işləri başa çatdıqdan sonra tam təmirli şəkildə “Mülkiyyətçi”yə təhvil verir. “Mülkiyyətçi”, hazırki Müqavilənin şərtlərinə uyğun olaraq mülkiyyətində olan yaşayış sahəsini sökülməsi üçün “Cəmiyyət”in sərəcamına verir, Müqavilədə nəzərdə tutulan müddətdə və qaydada inşa ediləcək yeni hündür mərtəbəli yaşayış binasında mənzili “Cəmiyyət”dən təhvil alır. (1.1 və 1.2 bəndləri) - Müqavilənin 3.4.1 bəndinə əsasən kirayə xərclərinin kompensasiya məbləği 1 aylıq 700 manat təşkil edir. - Müqavilənin 5.1.2-ci bəndinə əsasən tikinti planlaşdırılmış yeni hündür mərtəbəli yaşayış binasının inşası tam başa çatanadək müvəqqəti yaşamaq üçün aylıq 700 manat kirayə haqqını tələb etmək mülkiyyətçinin hüquqlarından biridir. - Cavabdeh MMC-nin əməkdaşları X6 (rəhbər), X3 (baş mühəndis) və X5 (nəzarətçigözətçi) tərəfindən imzalanmış aktdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, Süleyman Rüstəm, Eldar Tağızadə və Vladislav Plotnikov küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın 10-cu mərtəbəsində 2 otaqlı, faktiki sahəsi 52.10 kv.m-dən çox olan təmirli mənzil xx.xx.2021-ci il tarixdə mülkiyyətçi İddiaçı təhvil verildi. Belə ki, mülkiyyətçi İddiaçı ona təhvil verilən mənzili qəbul edib və köçüb hal-hazırda ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. İddiaçı faktiki olaraq mənzili qəbul edib yaşasa da, lakin mənzilin qəbul aktına imza etməkdən imtina etmişdir. - Cavabdeh MMC-nin əməkdaşları X6 (rəhbər), X3 (baş mühəndis) və X5 (nəzarətçigözətçi) tərəfindən imzalanmış digər aktdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, Süleyman Rüstəm, Eldar Tağızadə və Vladislav Plotnikov küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın 1-ci mərtəbəsində (Eldar Tağızadə küçəsinə baxan hissədən) sahəsi 28 kv.m olan qeyriyaşayış sahəsi – mülkiyyətçi İddiaçı təhvil verilməsi üçün tərəfimizdən dəvət edilmişdir. Lakin, tərəfimizdən bir neçə dəfə dəvət olunmasına baxmayaraq, İddiaçı şəxsən özü təhvil almaq üçün gəlməmişdir. Bundan sonra, tərəflərindən həmin qeyri-yaşayış sahəsi mülkiyyətçi İddiaçı yaxın qohumlarına – oğlu Nümayəndə1 və kürəkəni Rəhimov Mikayıl adlı şəxslərə təqdim edilmiş, lakin həmin şəxslər sözügedən qeyri-yaşayış sahəsini qəbul etməkdən imtina etmişlər. - Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Süleyman Rüstəm, Eldar Tağızadə və Vladislav Plotnikov küçələrinin kəsişməsindəki məhəllədə inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasının Eldar Tağızadə küçəsi 4 №li binanın İ mərtəbəsindən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsi X1. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya MA № ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küç. ev 8 m. 4 xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2010-cu il tarixdə hərəsi ayrılıqda 1\3 hissədə olmaqla İddiaçı, Nümayəndə1 və X4 adına qeydiyyata alınmışdır. Beləliklə də işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, hazırda iddiaçının dəqiqləşdirimiş tələbi əsasən ünvan 1 ünvanda tikilmiş yeni binanın birinci mərtəbəsindən - ev 8 mənzil 4 ünvanda 2017-ci ilədək mülkiyyətində olmuş mənzilin (əmlakın) yerləşdiyi hissədən 28,0 m2 qeyri-yaşayış sahəsinin tam təmirli vəziyyətdə Cavabdeh MMC tərəfindən ona təhvil verilməsi təşkil edir. Qalan tələblər Cavabdeh MMC tərəfindən həmin qeyri-yaşayış sahəsinə və müqavilə ilə ona verilmiş mənzilə dair zəruri sənədləşdirilmələrin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, MMC-dən 4.000 manat təmir xərcinin, 3 aylıq kirayə haqqı (700 manat x 3 ay) olaraq 2.100 manatın, 20 ay gecikdirilməyə görə aylıq 200 manat olmaqla (20 ay x 200 manat) 4.000 manat əlavə kirayə haqqının - cəmi 10.100 manat pulun və qəbul olunacaq qətnamənin icrasınadək hər ay üçün 350 manat kirayə haqqının və hazırki iddianın qaldırılması üçün ödənilmiş 121 manat dövlət rüsumunun tutulması təşkil edir. Məhkəmə ilk növbədə cavabdeh tərəfindən iddiaçı ilə bağladığı müqaviləyə əsasən ünvan 1 ünvanda tikilmiş yeni binanın birinci mərtəbəsindən - ev 8 mənzil 4 ünvanda 2017-ci ilədək mülkiyyətində olmuş mənzilin (əmlakın) yerləşdiyi hissədən 28,0 m2 qeyriyaşayış sahəsinin tam təmirli vəziyyətdə verilməsinə dair öhdəlik daşıyıcı olmasına və bu öhdəliyinin yerinə yetirib-yetirməsinə hüquqi qiymət verilməsini zəruri sayır. İddiaçı qeyri-yaşayış sahəsi ilə bağlı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385, 386, 389, 425, 437, 442-ci maddələrinə əsaslanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşin hallarından aydın olur ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 64 m2 olan mənzil iddiaçının 1\3 hissədə xüsusi mülkiyyətində olmuşdur. 2017-ci ildə Cavabdeh MMC ilə danışıqlar nəticəsində söküləcək mənzilin əvəzində yeni tikiləcək binada tam təmirli vəziyyətdə 1 mənzil və 1 qeyri-yaşayış sahəsinin tam təmirli vəziyyətdə verilməsini razılaşmış və aralarındakı razılığı xx.xx.2017-ci ildə notarial qaydada bağlanmış müqavilə ilə rəsmiləşdirmişlər. Cavabdeh MMC ilə aralarında notarial qaydada bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən iddiaçının və digər şəxslərin paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 64 m2 olan 4 saylı mənzilinin sökülərək yerində Cavabdeh MMC tərəfindən tikiləcək yeni yaşayış kompleksində 52,10 m2 sahəli 2 otaqlı mənzilin və yeni binada 28,0 m2 qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə razılaşmışlar. Razılığa əsasən 28,0 m2 qeyri-yaşayış sahəsi MMC tərəfindən tam təmirli vəziyyətdə, 52,10 m2 mənzil isə tam təmirli vəziyyətdə mülkiyyətinə verilməlidir. Mənzili bu müqavilə üzrə MMC-yə təhvil verildiyi andan yeni binada yeni mənzili və qeyriyaşayış sahəsini ona təhvil verənədək, başqa ünvanda yaşaması üçün 700 manat kirayə xərclərinin kompensasiya məbləği MMC tərəfindən ona ödənilməlidir (Müqavilənin 3.4.1 və 5.1.2-ci bəndləri). Lakin məhkəmə qeyd edir ki, iddiaçı işin bu hallarını cavabdehlə aralarında bağlanmış müqavilə şərtləri üzrə deyil, özünün mülahizəsi əsasında iddiasında göstərmişdir. Yəni, iddiaçı Cavabdeh MMC ilə aralarında notarial qaydada bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 64 m2 olan 4 saylı mənzilinin sökülərək yerində Cavabdeh MMC tərəfindən tikiləcək yeni yaşayış kompleksində 52,10 m2 sahəli 2 otaqlı mənzilin və yeni binanın 1-ci mərtəbəsində (söküləcək mənzilin yerində) 28,0 m2 qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə verilməsinə razılaşmalarına və razılığa əsasən 28,0 m2 qeyri-yaşayış sahəsinin MMC tərəfindən sökülmüş mənzilin yerləşdiyi yerdə 1-ci mərtəbədə tam təmirli vəziyyətdə, 52,10 m2 mənzil isə tam təmirli vəziyyətdə mülkiyyətinə verilməli olmasını göstərsə də, məhkəmə hesab edir ki, bu hallar müqavilənin 1.1 və 1.2-ci bəndlərinə tam uyğun olmamışdır. Belə ki, əvvəla iddiaçı 52,10 m2 mənzilin ona verilməsinə dair müqavilə öhdəliyinin pozulmasını mübahisələndirmir. İkincisi iddiaçı ilə cavabdehin aralarında olan xx.xx.2017-ci il tarixli müqavilənin 1.1-ci bəndində aydın şəkildə göstərilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya binanın 1-ci mərtəbəsində sahəsi 28 m2 olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilədə konkret olaraq binanın hansı hissəsindən hansı obyektin və ya iddiaçının köhnə məzilinin yerindən ona qeyri-yaşayış sahəsi veriləcəyi göstərilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı mənzil kimi dövlət qeydiyyatına alınmasına baxmayaraq, faktiki olaraq mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini göstərsə də buna dair sübutlar təqdim etməmişdir. Daha sonra iddiaçı cavabdehlə danışıqlar nəticəsində söküləcək mənzilinin əvəzində yeni tikiləcək binada tam təmirli vəziyyətdə birinci mərtəbədə mövcud mənzilinin yerində qeyri-yaşayış sahəsinin tam təmirli vəziyyətdə verilməsini razılaşmasını göstərsə də, bu halın təsdiqinə dair də sübutlar təqdim etməmişdir. Cavabdeh tərəf belə məzmunlu danışıqların aparılmasını inkar etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı qeyri-yaşayış sahəsini razılaşdıqları yerdə ona təhvil verilməsindən cavabdeh MMC yayınmasına dair dəlilinin əsası kimi əvvəllər mənzilin yerləşdiyi sahədə deyil, başqa sahədə qeyri-yaşayış sahəsini təqdim etməsi ilə əsaslandırır ki, iddiaçının mövqeyinə görə bu cavabdeh tərəfindən aralarında bağlanmış müqavilə şərtlərinin kobud pozuntusudur. Məhkəmə tərəfindən yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçıya yeni tikilən binada iddiaçının bildirdiyinə görə əvvəl yaşadığı mənzilin yerində inşa edilmiş mənzilin yerində deyil, daha yüksək, yəni 10-cü mərtəbədə olan 2 otaqlı mənzil təqdim edilmiş və o, təhvil təslim aktına imza etməsə də, xx.xx.2021-ci il tarixdən həmin mənzili qəbul edərək orada yaşamaqda davam edir. Həmçinin müəyyən edilmişdir ki, məhz iddiaçının paylı mülkiyyəti olan 8 saylı evin yerində inşa edilmiş binanın İ mərtəbəsində (Eldar Tağızadə küçəsinə baxan hissədən) ona sahəsi 28 m2 olan qeyri-yaşayış sahəsi təklif edilmiş, lakin iddiaçı bu qeyri-yaşayış sahəsinin əvvəlki mənzilinin yerləşdiyi sahədə,yəni 4 saylı binada verilməli olması əsası ilə onu qəbul etməkdən imtina edir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Ünvan Reyestrindən Arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küç. ev 8 və ev 4 binanın əks istiqamətlərində yerləşmişdir. Müqavilə şərtlərinə əsasən də cavabdeh iddiaçıya məhz paylı mülkiyyətində olmuş, ünvan 3 ünvanında yerləşən, 1-ci mərtəbədə 28.0 kv.m qeyri-yaşayış sahəsini yeni binada tikinti işləri başa çatdıqdan sonra tam təmirli şəkildə “Mülkiyyətçi”yə təhvil verməsini öhdəsinə götürmuş və öhdəlik yerinə yetirilərək iddiaçıya təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən qeyri-yaşayış sahəsini cavabdehdən təhvil almaması sonuncunun bu öhdəliyi yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı əsassız olaraq ünvan 4 ünvanında yerləşən binanın ( küçəyə baxan tərəf) İ mərtəbəsində qeyri-yaşayış sahəsinin ona verilməsini iddia edir ki, bu sahədə həm iddiaçının mənzili olması sübuta yetirilmir, həm də təqdim edilən arayışa əsasən həmin sahə artıq digər şəxsə satılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilədə nəzərdə tutulmayan ünvanda və şərtlərlə qeyri-yaşayış sahəsinin verilməsini tələb etməsi hüquqdan suiistifadədir və bu da qanunla yol verilməzdir. Belə ki, Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının qeyri-yaşayış sahəsinin ona verilməsinə dair öhdəliyin yerinə yetirilməməsinə dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı üçün məhkəmə həmin arqument üzrə əlavə araşdırılma aparılmasına və digər tələblərə ətraflı hüquqi qiymət verilməsinə lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Belə ki, əvvəla iddiaçı cavabdeh tərəfindən müqavilə ilə ona verilmiş mənzilə dair zəruri sənədləşdirilmələrin aparılmasından imtina etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İkincisi, iddiaçı əsassız olaraq təhvil almasından imtina etməsinə baxmayaraq cavabdehin qeyri-yaşayış sahəsini iddiaçıya təqdim etdiyi kimi həmin qeyri-yaşayış sahəsinə dair zəruri sənədləşdirilmələrin aparılmasından da imtina etməsi araşdırma zamanı müəyyən edilmədiyindən məhkəmə belə bir vəzifənin əsassız olaraq cavabdehin üzərinə qoyulmasına zərurət görmur. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin müqavilə üzrə mənzil ilə və qeyri-yaşayış sahəsi ilə bağlı iddiaçıya kirayə haqqı borcu olması faktı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İş materiallarına əlavə olunmuş, tərəflər arasında bağlanmış 25 iyul 2017-ci il tarixdə bağlanmış müqavilədən və işin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri pozulmamış, iddiaçının mülkiyyətinə qanunsuz müdaxiləyə yol verməmiş, onun hüquqlarını pozmamışdır. Əksinə, cavabdeh tərəfindən müqavilə üzrə təhvil verilməli qeyri-yaşayış sahəsi təhvil götürülməsi üçün iddiaçı tərəfi dəvət etsə də, iddiaçı qeyri-yaşayış sahəsini qəbul etməmiş, müqavilədə göstərilməyən şərtlər irəli sürməklə və hazırki iddianı qaldırmaqla hüquqdan sui-istifadəyə yol vermiş, iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «öhdəliyin icrası» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «öhdəliyin icrası» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar