Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1187/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı oğlu X7 tərəfindən 2015-ci ildə xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan və ona hədiyyə etdiyi Abşeron rayonu Fatmayı kəndində yerləşən 8 sot torpaq sahəsinin Cavabdeh tərəfindən 85.000 ABŞ dollarına satılaraq mənimsənildiyi pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 12 oktyabr 2010-cu ildə Cavabdeh ilə rəsmi nikah müqaviləsi bağlamışdılar. Nikahları Bakı Şəhəri Qaradağ rayonu qeydiyyat şöbəsində 12.10.2010-cu ildə qeydiyyata alınmış və onlara 1 №-li 612635 №-li qeydiyyat haqqında şəhadətnamə verilmişdir. Birgə nikahlarından iki az yaşlı uşaqları var. Qardaşı oğlu X7 2015-ci ilə xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu Fatmeyi kəndində yerləşən 8 sot torpaq sahəsini ona hədiyyə etmişdir. Bu barədə Abşeron rayonu 2 saylı notariat kontorunun xüsusi notarisu X10 tərəfindən daşınmaz əmlakın bağışlanılmasına dair 03.03.2015-ci il tarixdə müqavilə bağlanaraq reyesterdə 4Ə-№ ilə qeydi aparılmışdır. Müqavilədən göründüyü kimi notariat hərəkətlərin aparılması zamanı Cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən zaman ona verdiyi 14.03.2013-cü il tarixli etibarnaməyə əsasən nümayəndəsi qismində iştirak etmişdir. Həmin torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən 18.04.2015-ci il tarixdə verilmiş Dövlət Reyesterindən çıxarışın əsasını tam mülkiyyət hüququ ilə onun adına qeydə alınmışdır. Arvadı Cavabdeh 14.03.2013-cü il tarixdə ona verdiyi etibarnamə ilə xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu Fatmayı kəndində yerləşən 8 sot torpaq sahəsini 2015-ci ilin sentyabr ayında (85 000) ABŞ dollarına vətəndaş X1. Tərəflər arasında torpaq sahəsininin alqı-satqısı müqaviləsi 13.09.2015-ci il tarixdə Sumqayt “Asan Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X8 tərəfindən rəsmiləşdirilərək reyestrdə 4Ə-29,19№-ilə qeyd edilmişdir. Torpaq sahəsinin alqı-satqı müqaviləsindən göründüyü kimi torpağın alqı-satqısı zamanı satıcı tərəf olaraq onun əvəzindən nümayəndəsi qismində Cavabdeh iştirak etmişdir. Həmin dövrdə o Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli hökmü ilə məhkum edildiyindən Cavabdeh onun tapşırığı ilə ona verdiyi etibarnamə əsasında xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayon Fatmayı kəndində yerləşən 8 sot torpaq sahəsinin satışından əldə edilmiş səksən beş min (85 000) ABŞ dollarından iyirmi üç min (23 000) ABŞ dollarını (47 000 manat pul) bacısı X5 xüsusi mülkiyyət hüquqi ilə məxsus olan və "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş və satılması üçün hərraca çıxarılmış Bakı şəhəri Nəsimi rayonuna 28 May küçəsi ev 14 mənzil 18 hərracdan satın almışdır. O, nümayəndəsi Cavabdeh tapşırmışdır ki, həracdan satın alınan həmin mənzili daşınmaz əmlakın dövlət reysteri xidmətində tam mülkiyyət hüququ ilə onun adına qeydiyyata aldırsın. Cavabdeh ona məxsus olan pul vəsaiti hesabına hərracdan satın alınmış, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi ev 14 mənzil 18 yerləşən mənzili daşınmaz əmlakın Dövlət Reyesteri Xidmətində tam mülkiyyət hüququ ilə onun adına aldıracağına dair söz vermişdir. Cəzaçəkmə müssisələrində saxlanılan zaman hərracdan satın alınmış sözü gedən həmin mənzilin daşınmaz əmlakın dövlət reyesteri xidmətində tam mülkiyyət hüququ ilə onun adına qeydiyyata olduğuna dair vəd vermişdir. Cavabdeh onun həyat yoldaşı olduğundan, o, onun verdiyi məlumata həqiqi inanmışdı. Lakin sonradan yəni 2020-ci ildə cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra yəni 20 noyabr 2020-ci ildə bilmişdir ki, Cavabdeh onun şəxsi pul vəsaiti ilə alınmış, (yəni ona bağışlanmış torpaq sahəsinin satışından əldə olunmuş 85 000 ABŞ dollarından 23 min ABŞ dolları hesabına) ünvan 1 ünvanında yerləşən mənzili Azərbaycan Respublikası ƏMK yanında DƏDR Xidmətində Daşınmaz Əmlakın Dövlət Reysterində ********** nömrə ilə 12.07.2017-ci ilə dövlət qeydiyyatına tam mülkiyyət hüququ ilə öz adına qeydiyyata aldırmış və bu barədə Seriya RX seriyalı №109 30 55 nömrəli Çıxarış verilmişdir. Cavabdehin dediyinə görə o, pulun qalan hissəsini mənzilin təmirinə, bir hissəsini isə ailənin tələbatlarının ödənilməsinə xərcləmişdir. O, bu barədə məlumatı 2020-ci ildə cəzaçəkmə müəssisəsində azadlığa çıxdıqdan sonra bilmişdir. Bunu bilən kimi, dərhal cavabdehdən tələb etmişdir ki, onun şəxsi pulu hesabına alınmış Bakı şəhəri, Nəsimi rayonu,28 May küçəsi,ev 14, mənzil 18 mənim mülkiyyətinə qaytarsın. Lakin cavabdeh onun şəxsi pul vəsaiti hesabına almış əmlakını ona geri qaytarmaqdan qətiyyətlə imtina edir. Hətta, həmin mənzilin qapılarının açarlarını dəyişdirməklə onun mənzilə daxil olmağına və əmlakından istifadə etməyinə imkan vermir. Bununla da cavabdeh onun qanuvericilikdə təsbit edilmiş mülkiyyət hüququnu pozur. Beləliklə, işin yuxarıda qeyd olunanlardan məlum olur ki, qardaşı oğlu X7 ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonunun Fatmayı kəndində yerləşən 8 sot torpaq sahəsini 2015-ci ildə ona hədiyyə etmişdir. Cavabdeh ona verdiyi etibarnamə ilə ona hədiyyə edilməklə xüsusi mülkiyyətinə keçmiş Abşeron rayonunun Fatmayı kəndində yerləşən 8 sot torpaq sahəsini 2015-ci ilin sentyabr ayında 85000 (səksən beş min) ABŞ dollarına X1. Cavabdeh ona hədiyyə edilmiş həmin torpaq sahəsinin satışından əldə olunmuş 85 min ABŞ dollarından 23 min ABŞ dollarını satış üçün hərraca çıxarılmış bacısı X5 məxsus olan ünvan 2 ünvanında yerləşən mənzili almış və həmin mənzili onun adına tam xüsusi mülkiyyət hüququ ilə DƏDR Xidmətində qeydə aldırılacağına dair vəd verməsinə baxmayaraq, həmin mənzili ona, özbaşına olaraq, onun buna razılığı olmadan Azərbaycan Respublikası ƏMK yanında DƏDR xidmətində Daşınmaz əmlakın Dövlət reysterində ********** nömrə ilə 12.07.2017-ci ilə Dövlət qeydiyyatına tam mülkiyyət hüququ ilə öz adına qeydiyyata aldırmışdır. Bu barədə RX seryalı № ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh bu cür qanundan kənar hərəkətləri barəsində artıq bir neçə məhkəmə qətnamələri mövcuddur. Cavabdeh onun inamından və azyaşlı övladlarından istifadə etməklə bu cür qanunsuzluqları törətməkdə heç bir kompleks yaşamamışdır. Bundan əlavə cavabdeh xəbəri və razılığı olmadan X4 ilə daşınmaz əmlakın (AN-İ №0515140) alqı-satqı müqaviləsində formal olaraq daşınmaz əmlakın 15000 manata qiymətləndirilərək satıldığı göstərilmişdir. Hansı ki, cavabdehin özü həmin torpağı 85 000 manata satdığını və həmin pulun 47 000 manatını bacısının adına ipotekada olan Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 14 mənzil 18-in hərracdan çıxarılmasına verildiyini, bir hissəsini həmin mənzilin təmirinə bir hissəsinin isə övladlarının və özünün şəxsi ehtiyaclarını ödədiyini bildirmişdir. Cavabdeh ona və digər rəsmi qurumlara satdığı yalanların fonundan asılı olmayaraq, "xxxx" MMC tərəfindən torpaq sahəsinin 26.08.2001-ci il tarixdə qiymətləndirilərkən bazar dəyəri 96.000 manat təşkil etdiyi, aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə işə mahiyyəti üzrə baxılmasını tələb etmiş, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini qardaşı oğlunun adına rəsmiləşdirmişdir. Onun bu haqda məlumatı olmamışdır. Daha sonra iddiaçı ona deyib ki, torpaq məsələsini həll etmək lazımdır. Çünki iddiaçının qardaşıgillə yaxın münasibəti olmamışdır, ona məktub yazaraq qardaşıgillə danışıb torpağı qaytarmaqlarını tapşırmışdır. Bundan sonra, o, iddiaçının qardaşı oğlunu olduğu cəzaçəkmə müəssisəsinə özü ilə birlikdə aparmış, onlar orada öz aralarında torpaq sahəsi haqqında söhbət etmişlər. Mübahisəli torpaq sahəsi 15.000 manata satıldı, iddiaçının bu barədə məlumatı var idi, hətta torpaq sahəsini alan şəxsin kim olduğunu iddiaçı ona bildirmişdi. Alqı-satqıdan əldə olunmuş pulu, o, iddiaçının istəyinə görə, onun tələbatlarına xərcləmişdir. Eyni zamanda, iddiaçının iddia etdiyi kimi, o, hərrac vasitəsilə satılan mənzili həmin pulla almamışdır. O, nəin ki, bu torpaq mübahisəsini, bütün alqı-satqı işlərini iddiaçının tapşırığı və göstərişi ilə yerinə yetirirdi, hansı əmlakın hansı qiymətə və kimə satılmalı olduğu barədə məlumatları iddiaçıdan alırdı. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. "xxxx" MMC tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin qiymətləndirilməsi barədə” 26.08.2021-ci il tarixli hesabatdan görünür ki, qiymətləndirilən ünvan 4ində yerləşən 0,08 ha torpaq sahəsinin 26.08.2021-ci il tarixə olan bazar dəyəri 96.000 (doxsan altı min) manat təşkil edir. Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən məhkəməyə ünvanlanmış 13.09.2015-ci il tarixdə, 4Ə-2919 saylı reyestrlə rəsmiləşdirilmiş ünvan 4ində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin alqı-satqı müqaviləsinə dair sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4ində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reyestr kitabının 101 nömrəli vərəqində 18.04.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı CÇM-nin rəisi Murtuz Sadıxov tərəfindən 13 mart 2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə vermək, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, miras qəbul etməyi və ya ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, təqdim etməyi, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh 3 il müddətinə, 14.03.2016-cı il tarixədək etibar etmişdir. - 13.09.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh (İddiaçı əvəzinə) mülkiyyətində olan ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona (onlara) məxsus hissəsindən göstərilən hissəni (hissələrini) alıcı X2 mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya 15.000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsini İddiaçı nümayəndəsi kimi Cavabdeh imzalamışdır. - 13.09.2015-ci il tarixli mədaxil orderindən görünür ki, X4 tərəfindən 13.09.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən AZ85MUGA**********02400AZM37 hesabına 15.000 manat məbləğində pul köçürülmüşdür. - “ASAN xidmət” Mərkəzində Notariat Kontorunun xüsusi notariusu X8 tərəfindən "xxxx" ASC ASAN Sumqayıt şöbəsinə ünvanlanmış ərizəyə əsasən, notarius X4 tərəfindən notariat qaydasında təsdiq ediləcək daşınmaz əmlakın alqı-satqısı müqaviləsi üzrə ödənilməli olan 15.000 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubuna əsasən Cavabdeh verilməsi üçün bankda olan AZ85MUGA**********02400AZM37 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. "xxxx" MMC-nin Hərracın nəticələri haqqında Y-273 nömrəli protokolunun surətindən görünür ki, Nəsimi rayon İcra şöbəsinin sifarişi, "xxxx" MMC-nin təşkilatçılığı ilə 07 iyun 2017-ci il tarixdə X6 məxsus ünvan 6 14 saylı evin 18 saylı mənzili ilə əlaqədar hərrac keçirilmiş, mənzil ilkin satış qiyməti 77.000 manat və son qiymət 40903 manat olmaqla Cavabdeh satılmışdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Belə ki, iddiaçının istinad etdiyi hallara görə, o, Cavabdeh özünə məxsus torpaq sahəsini satmaq və daha sonra torpaq sahəsinin satışından əldə ediləcək 85.000 ABŞ dollarından 23.000 ABŞ dollarına bacısı X5 məxsus olan ünvan 6 ünvanında yerləşən 14 saylı evin 18 saylı mənzili hərrac vasitəsilə əldə edərək tam mülkiyyət hüququ ilə onun adına qeydiyyata aldırmaq üçün etibarnamə vermişdir. İddiaçının bildirdikləri özüözlüyündə əsaslı olduğu halda onunla cavabdeh arasında yaranmış münasibətlər tapşırıq müqaviləsinin dispozisiya şərtlərinə uyğun gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıq hüquq münasibətlərini tənzimləyən 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi 13.09.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh (İddiaçı əvəzinə) ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsini alıcı X2 mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya 15.000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsini İddiaçı nümayəndəsi kimi (tərəfindən 3 il müddətinə verilmiş 13 mart 2013-cü il tarixli etibarnaməyə əsasən) Cavabdeh imzalamışdır. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini satarkən, tərəflər etibarlı ailə münasibətlərində olmuşlar. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olmuş Abşeron rayonu Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin satışından Cavabdeh əldə etdiyi və mənimsədiyi 85 000 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı qeyd edir ki, onun Cavabdeh verdiyi tapşırığı iki hissədən, yəni ona məxsus torpaq sahəsini 85.000 ABŞ dollarına satmaq və daha sonra torpaq sahəsinin satışından əldə ediləcək 85.000 ABŞ dollarından 23.000 ABŞ dollarına bacısı X5 məxsus olmuş ünvan 6 ünvanında yerləşən 14 saylı evin 18 saylı mənzilini hərrac vasitəsilə əldə edərək tam mülkiyyət hüququ ilə onun adına qeydiyyata aldırmaqdan ibarət olmuşdur. Belə ki, məhkəmə iddiaçının iddia tələblərinin faktiki əsası kimi istinad etdiyi dəlilləri araşdıraraq müəyyən etmişdir ki, cavabdeh, İddiaçı tərəfindən verilmiş 13 mart 2013-cü il tarixli etibarnaməyə əsasən hərəkət edərkən iddiaçıya məxsus torpaq sahəsini 13.09.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə özgəninkiləşdirmiş, müqavilə tərəfləri torpaq sahəsinin 15.000 manata satılması barədə razılığa gəlmişlər. İddiaçı torpaq sahəsinin 15.000 manata yox, 85.000 ABŞ dolları məbləğinə satılmasına dair tapşırıq verdiyinə, həmin torpaq sahəsinin həqiqətən də 85.000 ABŞ dolları məbləğinə satıldığına, lakin bu pulun Cavabdeh tərəfindən mənimsənildiyinə istinad etsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır: sübutlar birlikdə dəyəndirilməlidir. Belə ki, iddiaçı 13.09.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satılmış torpaq sahəsinin satış qiymətinin 85.000 ABŞ dolları məbləğində olduğunu bildirərək "xxxx" MMC tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin qiymətləndirilməsi barədə” 26.08.2021-ci il tarixli hesabata istinad etmiş, həmin hesaba əsasən qiymətləndirilən ünvan 4ində yerləşən 0,08 ha torpaq sahəsinin 26.08.2021-ci il tarixə olan bazar dəyərinin 96.000 manat təşkil etdiyi müəyyən edilmişdir. İddiaçının bu dəlili ilə bağlı məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin qiymətləndirilməsi barədə” 26.08.2021-ci il tarixli hesabat ilə notariat əməliyyatları haqqında qanunvericiliyin şərtlərinə tam əməl edilməklə həyata keçirilmiş alqı-satqı müqaviləsində göstərilənlərin təkzib edilməsi yolverilməzdir. Çünki mülkiprosessual qanunvericilik konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsilə təsdiq edilməli olduğunu qeyd edir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı həmçinin 13.09.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş pulun Cavabdeh tərəfindən mənimsənildiyinə istinad etmişdir. Yani iddiaçının bildirdiyinə görə cavabdeh, onun tərəfindən verilmiş 13 mart 2013-cü il tarixli etibarnamə ilə müəyyən edildiyi istiqamətdə (torpaq sahəsini 85.000 ABŞ dollarına satmaq və daha sonra torpaq sahəsinin satışından əldə edilmiş 85.000 ABŞ dollarından 23.000 ABŞ dollarına bacısı X5 məxsus olmuş ünvan 6 ünvanında yerləşən 14 saylı evin 18 saylı mənzilin hərrac vasitəsilə əldə edərək tam mülkiyyət hüququ ilə onun adına qeydiyyata aldırmaq) hərəkət etməmiş, tapşırığı qəsdən vicdanla icra etmədiyi nəticəsində ona 85.000 ABŞ dolları məbləğində zərər dəymişdir. Mülki Məcəllənin 778.2-ci maddəsinin tələblərinə görə tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Bu Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. ünvan 4ində yerləşən 0,08 ha torpaq sahəsinin satışından əldə olunmuş məbləğin 15.000 manat deyil, 85.000 ABŞ dolları olması, bu pulun da iddiaçıya verilməməsi ilə əlaqədar məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd etməyi zəruri sayır ki, baş vermiş alqı-satqı nəticəsində Cavabdeh 85.000 ABŞ dolları məbləğinə əsassız olaraq varlandığı halı işdə olan sübutlara əsasən öz təsdiqini tapmamışdır. Məhkəmə iddiaçının “əldə edilmiş 85.000 ABŞ dollarından 23.000 ABŞ dollarına bacısı X5 məxsus olan ünvan 6 ünvanında yerləşən 14 saylı evin 18 saylı mənzilinin hərrac vasitəsilə əldə edərək tam mülkiyyət hüququ ilə onun adına qeydiyyata aldırmaq” məzmunlu tapşırığı ilə əlaqədar isə qeyd edir ki, istinad edilən alqı-satqı müqaviləsi 13.09.2015-ci il tarixdə bağlanmış, müqavilənin bağlanması və iddiaçının adından edilməli olan digər hərəkələrin həyata keçirilməsi üçün cavabdehə verilmiş 13 mart 2013-cü il tarixli etibarnamənin müddəti 14 mart 2016-cı il tarixdə bitmişdir. Göründüyü kimi iddiaçının, müddəti 14 mart 2016-cı il tarixdə bitən 13 mart 2013-cü il tarixli etibarnamə ilə 13.09.2015-ci il tarixdə torpaq sahəsinin satışı nəticəsində əldə ediləcək pul ilə 3 ildən sonra, yəni 07 iyun 2017-ci il tarixdə müvafiq icra sənədinə əsasən keçiriləcək açıq hərracda məhz 23.000 ABŞ dolları ilə iştirak etmək üçün tapşırığın verilməsinə istinadı ağlabatan deyildir. Belə ki, 2015-ci ildə tapşırıqları verən İddiaçı bankın məhkəməyə müraciət edəcəyini, tutmanın ipoteka predmetinə yönəldiləcəyini, ipoteka predmetinin 23.000 ABŞ dollarına satılacağını bilməsi həm ağlabatan, həm də inandırıcı deyildir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hazırki işdə Cavabdeh tərəfindən etibarnamə ilə müəyyən edilmiş tapşırıqların düzgün icra olunmaması halları müəyyən edilməmiş, iddiaçının cavabdeh tərəfindən qəsdən və ya ehtiyatsızlıq səbəbindən tapşırığı vicdanla yerinə yetirilməməsinə dair irəli sürdüyü dəlillər isə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Məhkəmə iddiaçının ona məxsus ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin satılmasından əldə edilmiş 85.000 ABŞ dolları məbləğində pulun cavabdeh tərəfindən mənimsənilməsi halı üzrə xüsusi qərardadın çıxarılması tələbi ilə əlaqədar qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə isə iddia tələbləri üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1187/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1187/2022
05.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver