Məhkəmə qərarları › İş №e-2(006)-1228/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1228/2024

01.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1228/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X5 Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb etməklə "mənzildən çıxarılma və sair tələbinə dair" mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma və sair tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi Rayonu, X6 küçəsi, 1061-ci məhəllə, ev 7, mənzil 3 ( yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilindən əşyaları, orda yaşayan digər şəxslərlə birlikdə çıxarılması və mənzilin tam boşaldılıb İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslanmışdır ki, xx.xx.2023-ci il tarixində İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi 37, M2, M3 ünvanında yerləşən, ümumi sahəsi 94.10 kv/m olan mənzilin alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1ci bəndinə əsasən satıcı Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi 37, M2, M3 ünvanında yerləşən mənzili alıcı İddiaçı 160 000 manata satmışdır. Satıcı Cavabdeh mənzili alıcının mülkiyyətinə verməyi öhdəliyinə götürmüşdür. Lakin Cavabdeh mənzili iddiaçıya təhvil verməmişdir. Cavabdeh mənzili təhvil verməməklə İddiaçı mülkiyyət hüququnu pozmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışdan da görünür ki, mənzil iddiaçının mülkiyyətindədir və onun bu hüququ məhdudlaşdırıla bilməz. Qanunun mənasına görə iddiaçı - mülkiyyətçi İddiaçı ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir və buna dair ona heç kimdən razılığın alınması lazım deyildir. Nəzərinizə çatdırmaq istəyirlər ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir, həmin mənzil cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir, iddiaçı həmin mənzili onların qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdeh mənzili boşaltmaqdan imtina etmişlər. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehn bu hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Cavabdeh hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özlərinə məxsus əşyalarla birlikdə mübahisəli mənzildə yaşaması və ondan istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi Rayonu, X6 küçəsi, 1061-ci məhəllə, ev 7, mənzil 3 ( yeni qaydalarla: ünvan 1 ünvanındam çıxarılması və mənzilin tam boşaldılıb İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulan qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 evin 16-17 ildən çox ona məxsus olduğunu, işlə bağlı dostunun, yəni hazırki iş üzrə cavabdehin adına keçirdiyini bildrmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin və üçüncü şəxsin izahatlarını dinləyib, mülki iş üzrə materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AN-İ seriyalı, ******* saylı 21 avqust 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh Əıli oğlu Bakı şəhəri, Nəsimi Rayonu, X6 küçəsi, 1061-ci məhəllə, ev 7, mənzil 3 ( yeni qaydalarla: AZ1022 ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi 37, M2, m3 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Məhkəmə ilk olaraq onu qeyd edir ki, hazırki işi mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün məhkəmə ilk növbədə bu tələbin qanuni əsasını təşkil edən alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmadığını müəyyən etmək vəzifəsi daşıyır və həmin vəzifəni yerinə yetirməklə tələbin qanuni və əsaslı olmasına hüquqi qiymət verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 22 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Məhkəmə onu qeyd edir ki, üçüncü şəxs X4 həmin mənzilin ona məxsus olduğunu və mənzilini işlə bağlı dostunun, yəni hazırki iş üzrə cavabdehin adına keçirdiyini bildirsədə həm üçüncü şəxs həm cavabdeh məhkəmə iclaslarında iştirak etmələrinə baxmayaraq, hazırki tələbin əsasını təşkil edən müqavilənin etibarsızlığı ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı AN-İ seriyalı, ******* saylı 21 avqust 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığını təsdiq edən hər-hansı sübut müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyətin müdafiəsi üçün mülki hüquqda ənənəvi olaraq iki klassik iddia növündən istifadə edilir: vindikasiya iddiasından; neqator iddiasından. Vindikasiya iddiası mülkiyyətçinin bir şeyə sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddianın qaldırdığı anda şeyə malik olan qeyri qanuni sahibdir. Vindikasiya obyekti həmişə natura şəklində qalmış fərdi müəyyən edən şeydir. Neqator iddiasının məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrum etmə ilə bağlı olmayan digər səlahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddianın məqsədi üç niyyətlə şərtlənir: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq (məsələn, mülkiyyətçi evini özbaşına tutan şəxsin həmin evdən çıxarmaq məqsədi); ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilən hərəkətlərin qarşısını qabaqcadan almaq məqsədi (məsələn, əşyadan istifadəyə mane ola biləcək tikintinin aparılmasını qadağan etməyə nail olmaq məqsədi); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək (məsələn, mülkiyyətçinin evini pəncərəsinin qarşısında tikilən hasarı sökmək və s.) Neqator iddiasının əsası dedikdə, iddiaçı tərəfindən məhkəməyə verilən tələbin əsaslandığı başa düşülür. Bu hallar özündə iki əsas cəhəti əhatə edir: iddiaçının əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətini şərtləndirən hallar; üçüncü şəxsin bu səlahiyyətlərin həyata keçirilməsinə mane olan hərəkətlərini təsdiq edən hallar. İddiaçı bu iki halı əsaslandırmağa borcludur. Lakin iddiaçı cavabdehin etdiyi hərəkətin hüquqazidd olub-olmadığını sübut etməyə və əsaslandırmağa borclu deyil. Bu halın müəyyən edilməsi iddianın əsasına daxil deyil. Ehtimal olunur ki, cavabdeh öz hərəkətini hüquqauyğun olmasını sübut edənə kimi, onun hərəkəti hüquqazidd sayılır. Neqator iddiaya iddia müddəti şamil edilmir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384-cü maddəsi 4-cü bəndi). Cavabdeh öz hərəkətinin hüquqa uyğun olmasını sübut etməlidir. Əgər sübut etməsə, neqator iddia təmin edilir. Neqator iddianı təmin edən məhkəmə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir. Neqator iddia bir qayda olaraq daşınmaz əşyalara mülkiyyət hüququnu müdafiə etmək üçün tətbiq edilir. Neqator iddianın anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinin 4-cü bəndində verilmişdir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsi ilə tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi Rayonu, X6 küçəsi, 1061-ci məhəllə, ev 7, mənzil 3 ( yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mübahisəli mənzil dövlət qeydiyyatında iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının mənzilini zəbt etmişdir. Bu hal isə iddiaçının öz mülkiyyətində olan mənzilindən sərbəst şəkildə istifadə etməsinə maneəçilik törədərək, onun mənzilinə dair istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nəsimi Rayonu, X6 küçəsi, 1061-ci məhəllə, ev 7, mənzil 3 ( yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılmalı və həmin ev Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi Rayonu, X6 küçəsi, 1061-ci məhəllə, ev 7, mənzil 3 ( yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılsın və həmin mənzil Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar