Məhkəmə qərarları › İş №e-2(006)-1344/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1344/2022

13.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1344/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı «müqavilə öhdəliyinin icrası» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı «müqavilə öhdəliyinin icrası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2-dən ibarət mənzilin ona təhvil verilməsi vəzifəsi Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 MTK (əvvəlki MMC, VÖEN **********) arasında «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2017-ci il tarixli, 1/56 nömrəli müqavilə bağlanılmışdır. Qeyd edilən müqaviləyə əsasən tərəflər, «Satıcı» Cavabdeh1 MTK (əvvəlki MMC) Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2-dən ibarət mənzili tikib Alıcının mülkiyyətinə verməyi, «Alıcı» İddiaçı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. Həmin Müqavilənin 4.1.3-cü bəndinin tələbinə əsasən Cavabdeh1 MTK (əvvəlki MMC) tikinti-quraşdırma işlərini təməlqoyma işlərinin başlandığı gündən 24 ay müddətində tamamlamaq və «...«Alıcı»ya mənzili təmirsiz şəkildə təhvil vermək» öhdəliyini 2019-cu il tarixdə yerinə yetirməli olduğu halda, bu günə qədər mənzil ...«Alıcı» - İddiaçı təhvil verilməmişdir. Cavabdeh1 MTK (əvvəlki MMC) yazılı müraciət edilərək, mənzilin vaxtında təhvil verilməməsinin səbəbləri barədə maraqlı şəxsə rəsmi olaraq məlumat verilməsi və Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2-dən ibarət mənzilin tərəflər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 1/56 nömrəli müqavilənin 4.1.3-cü bəndinin tələbinə əsasən «Alıcı» - İddiaçı təhvil verilməsi xahiş olunmuşdur. Lakin, Cavabdeh1 MMC (hazırda MTK) bu müraciətə cavab verməmişdir. Bu səbəbdən hesab edir ki, cavabdeh tərəfindən müqavilə öhdəliyi yerinə yetirilməli və Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2-dən ibarət mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsi Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə həvalə edilməlidir. Eyni zamanda, bildirirlər ki, iddianın predmeti olan mənzilin qiyməti, yəni iddianın qiyməti «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2017-ci il tarixli, 1/56 nömrəli müqaviləyə əsasən 319.800 manat təşkil edir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2-dən ibarət mənzilin ona təhvil verilməsi vəzifəsi Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi, onunla Cavabdeh1 Mənzil-Tikinti Kooperativi arasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2017-ci il tarixli, 1/56 nömrəli müqaviləyə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli, 14/X saylı əmrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 Mənzil-Tikinti Kooperativi arasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2017-ci il tarixli, 1/56 nömrəli müqaviləyə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli, 14/X saylı əmrin və həmin əmr əsasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2021-ci il tarixli, 1/123 nömrəli müqavilənin etibarsız hesab edilməsi; Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2-dən ibarət mənzilin ona təhvil verilməsi vəzifəsi Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, iddiaçı tərəfin vəsatəti əsasında Cavabdeh2 cavabdeh qismində mülki işə cəlb edilmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəmə elektron informasiya sisteminə yerləşdirilən bir sıra sənədlər, o cümlədən Nəsimi rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli aktı ilə tanış olduqları zaman məlum olmuşdur ki, İddiaçı ilə Cavabdeh1 MTK (əvvəlki MMC, VÖEN **********) arasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2017-ci il tarixli, 1/56 nömrəli müqaviləyə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli, 14/X nömrəli əmrə əsasən müqavilədə göstərilən mənzil üçünçü şəxsə, yəni vətəndaş Cavabdeh2 satılmış və bununla əlaqədar «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2021-ci il tarixli 1/123 nömrəli müqavilə rəsmiləşdirilmişdir. Nəzərə almaq lazımdır ki, yuxarıda göstərilən Cavabdeh1 MTK tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 14/X nömrəli əmrin etibarsızlığı, öz növbəsində, həmin əmr əsasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2021-ci il tarixli 1/123 nömrəli müqavilənin etibarsızlığını da şərtləndirir. Nəticə etibarı ilə, hesab edirlər ki, iddia ərizəsinə dəyişiklik edilərək, iddia tələbinin həcminin artırılması zəruridir. Bu səbəbdən, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə təqdim etmişlər. Yuxarıda qeyd olunanların nəzərə alınaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 MTK 16 fevral 2022-ci il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz göndərmişdir. İddiaya etirazda qeyd olunmuşdur ki, Cavabdeh1 MMC (hazırda MTK) ilə İddiaçı arasında 1/56 saylı 08 noyabr 2017-ci il tarixli «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsində inşa ediləcək yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2-dən ibarət mənzili tikib İddiaçı təqdim etməyi, müqavilənin 2.3-cü bəndinə əsasən mənzilin qiyməti 319.800 manat təşkil etdiyi göstərilmişdir. O cümlədən, müqavilənin 3.1-ci bəndinə əsasən 100.000 manat məbləğində hissəni ilkin ödəniş olaraq alıcı tərəfindən ödənilir. Müqavilənin 3.2-ci bəndinə əsasən ilkin ödəniş edildikdən sonra, ümumi dəyərin qalan hissəsi, növbəti aydan başlayaraq 36 ay ərzində, bu müqavilənin 2 saylı əlavəsində göstərilən qaydada, müqavilənin ayrılmaz tərkib hissəsi olan «Aylıq ödəniş qrafiki»ndə xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 6.100 manat olmaqla, alıcı tərəfindən ödənilməli idi. Lakin İddiaçı tərəfindən dəfələrlə vaxtında ödənişlər həyata keçirilməmiş, davamlı olaraq müqavilənin şərtlərini pozmuşdur. Həmin müqavilənin 4.1.6-cı bəndinə əsasən alıcı nəzərdə tutulmuş qaydada ödəmələri davamlı olaraq 3 dəfə yerinə yetirmədikdə birtərəfli qaydada xəbərdarlıq edilməklə bu müqavilələrə birtərəfli qaydada xitam verilir. İddiaçı ilk aydan başlayaraq, ödənişləri vaxtında etməmişdir, dəfələrlə gecikmələr olmuşdur. xx.xx.2021-ci il tarixdən etibarən heç bir ödəniş həyata keçirməmişdir. Ona edilən güzəştləri nəzərə almamışdır. Ödənilməmiş tam 50.000 manat borcu qalmışdır. Ödəniş cədvəli ilə müəyyən edilmiş müddət xx.xx.2020-ci il tarixdə bitmişdir. Dəfələrlə şifahi, o cümlədən şifahi (telefon vasitəsi ilə şəxsən özünə) və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq müqavilə öhdəliklərinin yerinə yetirilməsindən faktiki olaraq imtina etmişdir. Bütün bunlardan sonra, 01 oktyabr 2021-ci il tarixdə müqaviləyə xitam verilmişdir. Daha sonra, göstərilən mənzil yeni layihəyə uyğun olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh2 satılmışdır. Yəni, Cavabdeh1 MTK tərəfindən müqavilə öhdəlikləri tam yerinə yetirilmiş və mülki qanunvericiliyin tələblərinə uyğun olaraq onunla bağlanmış müqaviləyə xitam verilmişdir. Ona görə də, iddia ərizəsi əsassızdır, iddianın rədd edilməsini xahiş edirlər. Cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 MTK-nın nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 MTK-nın nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 08 noyabr 2017-ci il tarixli 1/56 saylı müqavilədən görünür ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» müqavilə imzalanmışdır. - 26 fevral 2020-ci il tarixli bildiriş-xəbərdarlıqda qeyd olunmuşdur ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında 1/56 saylı, xx.xx.2017-ci il tarixli «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» müqavilə imzalanmışdır. Yuxarıda göstərilən müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 7 saylı girişinin 7-ci mərtəbəsində, 4 otaqlı, 246,0 m2-dən ibarət, 319.800 manat dəyərində olan mənzil sahəsinin İddiaçı mülkiyyətinə verilməsi, mənzilin dəyərinin 31 % həcmində hissənin ilkin ödənişi olaraq, dəyərin qalan hissəsinin də növbəti aydan başlayaraq, 36 ay ərzində, hər ay 6.100 manat olmaqla xx.xx.2017-ci il tarixdən başlayaraq ödənilməli idi. Lakin, İddiaçı tərəfindən müqavilə öhdəlikləri vaxtında və tam şəkildə icra edilməmişdir. Müqavilə şərtləri dəfələrlə pozulmuşdur. Xahiş olunmuşdur ki, 3 gün ərzində qalıq borcu ödənilsin. Əks təqdirdə müqaviləyə birtərəfli qaydada xitam veriləcəkdir. İddiaçıya göndərilməsi qeyd olunan bildirişin rəsmi qaydada göndərilərək, iddiaçı tərəfindən qəbul edilməsinə dair xəbərnamə təqdim olunmamışdır. - 14 sentyabr 2020-ci il tarixli 262 saylı bildiriş-xəbərdarlıqda qeyd olunmuşdur ki, İddiaçı onunla bağlanmış 1/56 saylı, xx.xx.2017-ci il tarixli «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. - 01 iyun 2021-ci il tarixli GDĞ seriyalı 708158 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 MTK-ya 6.000 manat ödəniş edilmişdir. - 09 sentyabr 2021-ci il tarixli 197 saylı bildiriş-xəbərdarlıqda tərəflər arasında bağlanmış müqavilənin bəndlərinə istinad edilməklə qeyd olunmuşdur ki, İddiaçı aylıq ödənişləri vaxtında və tam şəkildə həyata keçirməmişdir. İddiaçı göstərilən aylar üzrə pul ödənişini 3 gün ərzində qeyd-şərtsiz tam ödənilməsi tələb olunmuş, əks halda onunla bağlanmış müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçıya göndərilməsi qeyd olunan bildiriş N.C.Vəliyev soyadlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. N.C.Vəliyev soyadlı şəxsin iddiaçı ilə qohumluq və yaxud digər şəkildə əlaqəsinin olub-olmamasına dair hər hansı qeyd edilməmişdir. - Cavabdeh1 MTK-nın 01 oktyabr 2021-ci il tarixli 14/X nömrəli əmrində qeyd olunmuşdur ki, Cavabdeh1 MMC (hazırda MTK) ilə İddiaçı arasında bağlanmış 1/56 saylı, 08 noyabr 2017-ci il tarixli «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» müqaviləyə xitam verilmiş; müqavilənin 4.1.6-cı bəndi rəhbər tutulmaqla əmrdən irəli gələn vəzifələr icra edildikdən sonra artıq qalmış pul müqavilə şərtlərinə uyğun olaraq İddiaçı geri qaytarılması; İddiaçı əmrlə tanış edilməsi əmr edilmişdir. - 04 oktyabr 2021-ci il tarixli 204 saylı bildiriş-xəbərdarlıqda qeyd edilmişdir ki, Cavabdeh1 MTK-nın 14/X saylı, xx.xx.2021-ci il tarixli, İddiaçı ilə bağlanmış 1/56 saylı, 08 noyabr 2017-ci il tarixli müqaviləyə xitam verilməsi barədə əmrin surəti məlumat üçün İddiaçı göndərilir. İddiaçıya göndərilməsi qeyd olunan bildiriş İbrahimov soyadlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. İbrahimov soyadlı şəxsin iddiaçı ilə qohumluq və yaxud digər şəkildə əlaqəsinin olub-olmamasına dair hər hansı qeyd edilməmişdir. - 27 oktyabr 2021-ci il tarixli 290 saylı bildiriş-xəbərdarlıqda qeyd olunmuşdur ki, Cavabdeh1 MTK-nın 14/X saylı, xx.xx.2021-ci il tarixli əmrlə İddiaçı ilə bağlanmış 1/56 saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə xitam verilmişdir. Hal-hazırda həmin mənzil özgəninkiləşdirilmiş və İddiaçı tərəfindən Cavabdeh1 MTK-ya ödənilmiş 269.800 manat məbləğində pul tam şəkildə geri götürülə bilər. 3 gün ərzində Cavabdeh1 MTK-nın ofisinə yaxınlaşması xahiş edilmişdir. İddiaçıya göndərilməsi qeyd olunan bildiriş N.C.Vəliyev soyadlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. N.C.Vəliyev soyadlı şəxsin iddiaçı ilə qohumluq və yaxud digər şəkildə əlaqəsinin olub-olmamasına dair hər hansı qeyd edilməmişdir. - İddiaçı nümayəndəsi Vəkil tərəfindən Cavabdeh1 MTK-ya ünvanlanmış ərizədən görünür ki, müqavilənin 4.1.3-cü bəndinə istinad edərək, mənzilin tikinti-quraşdırma işləri, təməlqoyma işlərinin başlandığı gündən 24 ay müddətində, 2019-cu ildə yerinə yetirilməli olmasını göstərmiş, lakin hazıradək mənzilin İddiaçı təhvil verilməmişdir. Həmin mənzilin İddiaçı təhvil verilməsi xahiş edilərək, əks təqdirdə mübahisənin məhkəmə qaydasında həlli imkanlarından istifadə olunacağı qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 430-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Mülki Məcəllənin 441-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir. “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 1.4.13-cü yarımbəndinə əsasən ünvan sahibi (ünvançı) – poçt göndərişinin ünvanlandığı, üzərində ad və soyadı göstərilən fiziki və ya hüquqi şəxsdir; “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 1.4.14-cü yarımbəndinə əsasən ünvançı və ya poçt göndərişini almaq səlahiyyəti ünvançı tərəfindən verilmiş şəxsdir. İşin faktiki hallarından görünür ki: - İddiaçı ilə Cavabdeh1 MTK (müqavilə bağlanan dövrdə təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət olmuşdur) arasında 08 noyabr 2017-ci il tarixli 1/56 saylı müqavilə bağlanmışdır; - Cavabdeh1 MTK üzərinə tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 24 ay müddətində tamamlamağı; - İddiaçı isə ilkin ödəniş edildikdən sonra, ümumi dəyərin qalan hissəsini növbəti aydan başlayaraq 36 ay ərzində, hər ayın 25-dək müqavilənin ayrılmaz tərkib hissəsi olan aylıq ödəniş Qrafikində şərtləndirilmiş qaydada ödənilməsi öhdəliyini götürmüşlər; - Müqavilə tərəfləri arasında yuxarıdakı müqavilə üzrə işgüzar adət-ənənələrə uyğun münasibətlər formalaşmış, müqavilə tərəfləri bir-birinin diqqətəlayiq maddi və s. durumlarını nəzərə almışlar; - belə ki, MTK müqavilədə qeyd etdiyi müddət çərçivəsində binanın tikintisini başa çatdırıb mənzili alıcıya 24 ay müddətində təhvil verməmiş – bununla bağlı iddiaçı MTK-ya hər hansı irad bildirməmiş, MTK-nın böyük həcmli tikinti işləri apardığını, sənədlərin təsdiq edilməsi, tikinti materiallarının alınıb tikinti sahəsinə çatdırılması və s. məsələlərdə yubanmaların mümkün olduğunu nəzərə almış və MTK-nın bununla bağlı cari qayğılarının olduğunu nəzərə almış; - MTK isə öz növbəsində iddiaçının maddi durumu ilə bağlı üzürlü səbəblərin mövcud olması ehtimalını nəzərə alaraq, ödənişlərin qrafikə uyğun olmadan ödənilməsini nəzərə almışdır; - İddiaçı bu günədək MTK-ya ödəməli olduğu 319.800 manat pul vəsaitinin əhəmiyyətli hissəsi olan 269.800 manat pul vəsaitini MTK-ya ödəmişdir (bu, işin əhəmiyyətli halıdır, çünki iddiaçının cavabdehə ödəməli olduğu qalıq borcu cəmi 50.000 manat təşkil edir). - MTK ödənişlərdə gecikmələr səbəbindən iddiaçı ilə bağlanmış müqaviləyə daha öncə xitam verilməməsini məlum pandemiya ilə əlaqədar olaraq fiziki və hüquqi şəxslərin ödəniş qabiliyyətinin kəskin aşağı düşməsi, qapanma ilə bağlı Ölkə ərazisində iqtisadi fəaliyyətin minimuma enməsi, hamı üçün çətin dönəmlərin olması ilə izah etmişdir; - İddiaçı da öz növbəsində MTK-dan mənzilin təhvil verilməsini tələb etməməsini eyni səbəblərlə - pandemiya dövründəki qapanma, iş yerlərinin bir çoxunun fəaliyyət göstərməməsi və göstərə bilməməsi, fiziki və hüquqi şəxslərin gəlirlərinin kəskin şəkildə aşağı düşməsi ilə izah etmişdir; Məhkəmə qeyd edir ki, MTK tərəfindən iddiaçıya bildiriş göndərilməsi, yalnız bundan sonra müqaviləyə xitam verilməsi bildirilsə də, bildirişin rəsmi şəkildə iddiaçıya təqdim edilməsi barədə mötəbər sübut təqdim edilməmişdir. Bildirişin “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”na uyğun olaraq çatdırılması barədə, habelə qəbzdə soyadı və adı qeyd edilmiş şəxsin iddiaçı ilə yaxın qohumluq münasibətində olmasına və ya poçt göndərişini almaq səlahiyyəti ünvançı tərəfindən verilmiş şəxs olmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Belə olduğu təqdirdə, bildiriş iddiaçıya rəsmi qaydada təqdim edilmiş hesab oluna bilməz. Həmçinin, vurğulanması zəruridir ki, MTK-nın istinad etdiyi ödəniş qrafiki aktuallığını itirmişdir, həmçinin müqavilənin ödənişlərlə bağlı bəndi də tərəflər arasında olan münasibətlərlə bağlı aktual deyildir. Çünki, hər iki tərəf bir-birinin cari qayğılarını və maddi durumlarına təsir edən, özlərindən asılı olmayan məsələləri nəzərə almışlar, ödənişlər sırf qrafik üzrə deyil, tərəflər arasında yaranmış münasibətlər əsasında icra edilmişdir. Bunu iddiaçının MTK-ya etdiyi ödənişlərin həcmi, mənzilin dəyərinin əhəmiyyətli hissəsinin MTKya ödənilməsi, cəmi 50.000 manat borcun qalması təsdiq edir. Məhkəmə həmçinin vurğulayır ki, MTK faktiki olaraq, iddiaçının 50.000 manat ödənişləri etməsini gözləmək imkanına malik olduğu halda, uzun müddət ərzində tərəflər arasında olan münasibətlərin xarakterinə zidd olaraq, daha artıq məbləğdə gəlir əldə etmək üçün müqavilənin və ödəniş cədvəlinin (qrafikinin) aktual olmayan tələblərinə istinad edərək, iddiaçıya rəsmi şəkildə bildiriş təqdim etmədən, iddiaçı ilə bağlanmış müqaviləyə xitam vermiş, iş üzrə ikinci cavabdeh olan Cavabdeh2 ilə eyni mənzilə dair 390.000 manat qiyməti olan yeni müqavilə bağlamışdır. Qeyd olunnmalıdır ki, müqavilələrdə mənzilin sahəsi fərqli (ilkin müqavilədə 246,0 kv.m, sonrakı müqavilədə 256.0 kv.m) müəyyən edilmişdir. Müqavilələrdəki mənzilin eyni mənzil olması mütəxəssis rəyi əsasında müəyyən edilmişdir. Qeyd olunduğu kimi, MTK iddiaçının cəmi 50.000 manat vəsait ödəməli olduğunu, müqaviləyə xitam verilməsi barədə əmr verərkən pandemiyanın davam etdiyini, qapanma ilə bağlı Ölkədə olan fiziki və hüquqi şəxslərin ödəniş qabiliyyətinin pandemiyadan öncəki dönəmlə müqayisədə ciddi şəkildə aşağı düşməsini, bunun Dövlət tərəfindən nəzərə alınaraq, fiziki və hüquqi şəxslərin pandemiya dövründə düşdükləri vəziyyətin az da olsa yüngülləşdirilməsi üçün müvafiq tədbirlər gördüyünü, iddiaçının həmin dövrədək mənzilin təhvil verilməsini tələb etmədiyini və MTK-nın qayğılarını və maraqlarını nəzərə aldığına əhəmiyyət verməmiş, mahiyyət etibarı ilə öncəki müqavilədə qeyd olunan məbləğdən daha artıq gəlir əldə etmək üçün müqavilənin və ödəniş cədvəlinin (qrafikinin) aktual olmayan tələblərinə istinad edərək, iddiaçı ilə aralarında bağlanmış müqaviləyə xitam vermişdir. İddiaçı yalnız bundan sonra cavabdeh MTK-ya ərizə ilə müraciət edərək, mənzilin vaxtında təhvil verilmədiyini qeyd etmiş, mənzilin təhvil verilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə MTK-nı xəbərdar etmişdir. Göründüyü kimi, MTK tərəfindən müqaviləyə xitam verilməsi qaydalarını tənzimləyən maddi hüquq normalarının tələblərini pozmuş, iddiaçıya rəsmi bildiriş təqdim etmədən, tərəflər arasında bağlanmış müqaviləyə xitam vermişdir. Məhkəmə hesab edir ki, MTK-nın xx.xx.2021-ci il tarixli, 14/X saylı əmri və həmin əmr əsasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2021-ci il tarixli, 1/123 nömrəli müqavilə etibarsız hesab edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 220 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh1 Mənzil-Tikinti Kooperativi arasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2017-ci il tarixli, 1/56 nömrəli müqaviləyə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli, 14/X saylı əmr və həmin əmr əsasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2021-ci il tarixli, 1/123 nömrəli müqavilə etibarsız hesab edilməli; Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2-dən ibarət mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə həvalə edilməlidir. Ödənilmiş 220 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra, onu MTK-ya borclu olduğu 50.000 manat pul vəsaitini ödəməkdən azad etmir və o, qeyd olunan məbləği MTK-ya ödəməyə borcludur. Bununla bağlı o, MTK qarşısında müqavilə öhdəliyi götürmüşdür və icra etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 Mənzil-Tikinti Kooperativi arasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2017-ci il tarixli, 1/56 nömrəli müqaviləyə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli, 14/X saylı əmr və həmin əmr əsasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğısatqısına dair» xx.xx.2021-ci il tarixli, 1/123 nömrəli müqavilə etibarsız hesab edilsin. Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2-dən ibarət mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə həvalə edilsin. Ödənilmiş 220 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar