Məhkəmə qərarları › İş №e-2(006)-1347/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1347/2025

10.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1347/2025 10.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən 2 saylı evin 1/2 hissəsinin naturada ayrılaraq ona təhvil verilməsi, həmin hissədən Cavabdeh2 çıxarılması; bu mümkün olmadıqda isə Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən 2 saylı evin açıq hərracdan satılaraq satışdan əldə edilmiş pul vəsaitinin ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən 2 saylı ev üzərində onun 1/2 hissədə, cavabdehlər Cavabdeh2 1/6 hissədə və Cavabdeh1 1/3 hissədə paylı mülkiyyət hüquqları olmaqla adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən **********1810301 reyestr nömrəli çıxarış verilmişdir. Paylı mülkiyyətdə olan əmlakın sahəsi 138.30 m2 təşkil edir. A və B tikilisindən ibarətdir. Payın naturada ayrılması və ya onun dəyərinin kompensasiya şəklində ona ödənilməsi ilə bağlı paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq qarşılıqlı razılıq əldə edilməsi mümkün deyildir. Bu baxımdan hazırda onun paylı mülkiyyətində olan əmlakın naturada ayrılaraq ona təhvil verilməsi, Cavabdeh2 həmin hissədən çıxarılması zərurəti yaranmışdır. Payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı təqdirdə mübahisə predmeti olan əmlak məhkəmə qərarı əsasında hərracdan satılmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddiaya etiraz təqdim edərək göstərmişdir ki, iddianı qanunsuz və əsassız hesab edir. Belə ki, tərəflər arasında qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X17 (məruzəçi), X12 və X5 ibarət tərkibdə) iddiaçı Cavabdeh2 cavabdeh Dadaşova (Xəlilova) Sevil Abdul qızına və digərlərinə qarşı mülki iş üzrə xx.xx.2024-cü il tarixli 2(102)-2261/2024 saylı qərarı ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 2 saylı ev üzərində hər birinə 1/3 hissədə paylı mülkiyyət hüquqları olmaqla X2, X10 və X16 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X22 (X7) 26 may 1989-cu il tarixdə ölmüşdür. Cavabdeh2, Dadaşova (Xəlilova) Sevil Abdul qızı, X3 və Cavabdeh1 mərhum X16 övladları, X11 isə nəvəsidir. Cavabdeh2 23 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri 30 saylı notariat ofisinə müraciət edərək, miras qoyanın özündən başqa vərəsəsinin bacısı Dadaşova (Xəlilova) Sevil Abdul qızının olduğunu bildirərək, miras əmlakda payının müəyyən edilməsini xahiş etmiş və 23 dekabr 2021-ci il tarixli, 2V- 92 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə onun anasında qalan miras əmlakda 1/2 hissədə payı tanınmışdır. 27 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, dalan 8, ev 2 üzərində Cavabdeh1 1/3 hissədə, İddiaçı 1/3 hissədə, Cavabdeh2 1/3 hissədə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, X1 1/6 hissədə payı açıq saxlanılmışdır. Qeyd olunmuşdur ki, həmin evin paylı mülkiyyətin ayrılması və ya payın dəyərinin paya uyğun müəyyən olunmaqla cavabdehlərə, bu mümkün olmadıqda paya uyğun müəyyən olunmaqla iddiaçıya ödənilməsi barədə cavabdehlərə təklif məktubu göndərilməmiş, birbaşa məhkəməyə müraciət edilmiş, həmçinin iddianın qiyməti iddia ərizəsində qeyd edilməmiş, iddia qiymətləndirilməyən iddia kimi verilmişdir ki, bu hallar isə MPM-in 152.1.1-ci maddəsinə uyğun olaraq iddia ərizəsinin geri qaytarılması üçün birbaşa əsas yaradır. Belə ki, hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 220 və 221-ci maddələri təşkil edir və işin faktiki hallarından göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan Qərarına uyğun olaraq müvafiq tələb üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydada ardıcıllığa iddiaçı tərəfindən əməl edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən «Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə» 6 dekabr 2024-cü il tarixli 02/2024 saylı qərardadındakı hüquqi mövqeyə görə: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 04 aprel 2014-cü il tarixli Qərarına görə məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü və 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220ci maddəsində paylı mülkiyyətdə payının ayrılmasını istəyən şəxsə payının dəyərinin (pul kompensasiyasının) ödənilməsinin qeyri-mümkünlüyünün müəyyənləşdirilməsi zəruri mərhələ kimi göstərilmişdir. Bu mərhələ, həm ayrılmaq istəyən paylı mülkiyyətçinin, həm də qalan mülkiyyətçilərin mülkiyyət hüquqlarının müdafiəsinə yönəldilmişdir. Belə ki, bu mərhələ bir tərəfdən mülkiyyətçiyə əmlakdakı payına sərəncam vermək, digər tərəfdən qalan mülkiyyətçilərə mülkiyyətlərini saxlamaq imkanı verir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması ilə bağlı iddialara baxılarkən ayrılmaq istəyən mülkiyyətçinin payının dəyərinin və əmlakın hərracdakı ilkin satış qiymətinin müəyyən edilməsi nəzərdə tutulmasa da, bu halların araşdırılmaması mülkiyyətçilərin mülkiyyət hüquqlarının əsassız olaraq pozulmasına və ya məhdudlaşdırılmasına səbəb ola bilər. Öncəliklə, Azərbaycan Respublikası MPM-nin 112-ci maddəsində əmlakın dəyərinin müəyyən edilməsi məsələsinə məhkəmə tərəfindən iddia ərizəsinin məhkəmə baxışına qəbul edilməsi zamanı müdaxilə edilməsi mexanizmi müəyyən edilmişdir. Belə ki, 112.1.2-ci və 112.1.12ci maddələrə əsasən, daşınmaz əmlakla bağlı tələblərdə iddia qiyməti tələb edilən əmlakın dəyəri ilə, torpaq sahələrinə münasibətdə isə torpağın müəyyən edilmiş qiyməti ilə, bu olmadıqda isə bazar qiyməti ilə müəyyən edilir. İddiaçı tərəfindən müəyyən edilmiş iddianın qiyməti açıqaşkar əmlakın bazar qiymətinə uyğun olmadıqda isə, onun dəyəri məhkəmə tərəfindən müəyyən olunur. Bu baxımdan, adıçəkilən maddələr iddia qiymətinin müəyyən edilməsi zamanı mülkiyyətçinin öz iradə ifadəsini azad şəkildə həyata keçirməsinə və sui-istifadə hallarına qarşı effektiv məhkəmə nəzarətinə əsas verir. Eyni zamanda 112.5-ci maddəyə əsasən, iddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olunmalıdır. Buna uyğun olaraq, iddia qiymətinin müəyyən edilməsi ərizənin icraata qəbul edilməsi mərhələsində həyata keçirildiyindən bu, gələcəkdə ayrılan mülkiyyətçinin kompensasiya məbləğinə dair sonradan yarana biləcək əsassız iddialarının qarşısını almağa kömək edir. Adıçəkilən maddələr, dolayı olaraq, əmlakın dəyərinin müəyyən edilməsi zamanı məhkəmənin əsaslı müdaxiləsinə imkan yaradır. Müvafiq olaraq, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən, iddianın qiyməti iddia ərizəsində qeyd edilməlidir. Bu hal mövcud olmadıqda, hakim Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə uyğun olaraq iddia ərizəsini geri qaytarmaqda haqlıdır. Beləliklə, göründüyü kimi, tərəflərin paylı mülkiyyətində olan əmlakın açıq hərracdan satılması və satış pulunun onlar arasında paylarına mütənasib surətdə bölüşdürülməsindən əvvəl Mülki Məcəllənin 220.3 və 220.4-cü maddələrinin tələblərinə iddiaçı tərəfindən əməl edilməmiş, cavabdehlərə təklif məktubu göndərilməmiş, birbaşa məhkəməyə müraciət edilmiş, həmin iddia Məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş, həmçinin iddianın qiyməti iddia ərizəsində qeyd edilməmiş, iddia qiymətləndirilməyən iddia kimi verilmişdir ki, bu hallar isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən «Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə» 6 dekabr 2024-cü il tarixli 02/2024 saylı qərardadındakı hüquqi mövqeyə görə hakim MPMin 152.1.1-ci maddəsinə uyğun olaraq iddia ərizəsinin geri qaytarmaqda haqlı olduğu halda, bunu etməmiş, həmin iddia ərizəsinin xx.xx.2024-cü il tarixli qərardadla həmin iddianı əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi kimi qiymətləndirərək, məhkəmə icraatını mümkün hesab etmiş, iddianın məhkəmənin icraatına qəbul edilməsi barədə qərardad qəbul etmişdir. Ona görə də, ilk növbədə hesab edirik ki, iddia ərizəsinin geri qaytarılması haqqında qərardad qəbul edilməlidir. Təbii ki, iddia ərizəsinin geri qaytarılması haqqında qərardad qəbul edilməyəcəyi təqdirdə, tərəflərindən daha geniş məzmunda iddia ərizəsinə etiraz təqdim ediləcəkdir, bununla belə, iddianın qanunsuz və əsassız olması ilə bağlı bildirirlər ki, hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 220 və 221-ci maddələri təşkil edir və işin faktiki hallarından göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan Qərarına uyğun olaraq müvafiq tələb üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydada ardıcıllığa iddiaçı tərəfindən əməl edilməmiş, tərəflərin iddiaçının payının dəyəri ödənilməklə, onun mülkiyyət hüququna xitam verilməsi ilə bağlı qarşılıqlı razılığa gəlməsi müəyyən edilməmiş, ona görə də, Məhkəmənin müvafiq vəsatətlərinə əsasən iddia ərizəsinin geri qaytarılması haqqında qərardad qəbul etməyəcəyi təqdirdə, iş üzrə müvafiq ekspertiza keçirilməli və əmlakın naturada bölünməsinin mümkün və ya qeyri-mümkün olması müəyyən olunmalıdır. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizasının təyin edilərək keçirilməsi haqqında qərardad qəbul edilməli, həmin evin tərəflər arasında paylara uyğun olaraq naturada (real) bölgüsünün «İnşaat Norma və Qaydaları»nın müvafiq bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olub-olmadığı müəyyən edilməlidir. Belə ki, iddiaçı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən «Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair» Arayışı və ya bu barədə digər arayışı iddia ərizəsinə əlavə etməmişdir. Hesab edirlər ki, məhkəmə tərəfindən məhkəmə əmtəəşünaslq ekspertizasının təyin edilərək keçirilməsi haqqında qərardad qəbul edilməli, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin yaşayış evinin 2025ci ilə olan real bazar qiymətinin, o cümlədən ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə ekspert rəyi əldə edilməli, hər iki ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməlidir. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin və nümayəndələrin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 21.10.2021-ci il tarixli 04/7229 inventar nömrəli texniki pasportdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən 2 saylı fərdi yaşayış evinə dair müvafiq texniki göstəricilər və sair bilgilər qeyd olunmaqla, ƏMDKnın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən texniki pasport tərtib olunmuşdur. - ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən 2 saylı fərdi yaşayış evi paylı mülkiyyət olmaqla, 1/3 hissədə pay üzrə X4, 1/6 hissədə Cavabdeh2 və 1/2 hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən 2 saylı fərdi yaşayış evi paylı mülkiyyət, torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla, evə münasibətdə 1/3 hissədə pay üzrə Cavabdeh1, 1/6 hissədə Cavabdeh2 və 1/2 hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - "xxxx" MMC tərəfindən verilmiş 12 sentyabr 2025-ci il tarixli CVN/S37328/25 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, aparılmış hesablama və təhlillərə əsasən ünvan 2 ünvanı və yaxın ətraf ərazidə dövlət istifadəsində olan 0,0192 ha torpaq sahəsində yerləşən 68,8 m2 sahəli (A tikilisi) fərdi yaşayış evinin 12 sentyabr 2025-ci il tarixinə orta bazar dəyəri 172.000 manat; ünvan 2 ünvanı və yaxın ətraf ərazidə dövlət istifadəsində olan 0,0192 ha torpaq sahəsində yerləşən 69,5 m2 sahəli (B tikilisi) fərdi yaşayış evinin 12 sentyabr 2025-ci il tarixinə orta bazar dəyəri 174.000 manat; ünvan 2 ünvanı və yaxın ətraf ərazidə dövlət istifadəsində olan 0,0192 ha torpaq sahəsində yerləşən tikililərin 1 m2 üzrə orta qiyməti 2.500 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2025-ci il tarixli 10/1710 saylı ekspert rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki olaraq hər birinin ayrı-ayrılıqda girişçıxışları olmaqla iki hissədən ibarət olduğunu və hər iki hissədə kommunal xidmətli sahələrin mövcud olduğunu nəzərə alaraq həmin fərdi yaşayış evindən İddiaçı payına düşən 1/2 hissəsinin (69,15 m2) naturada ayrılması yalnız 1/2 hissə paya düşən sahədən qismən kənara çıxmaqla texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Belə ki, qeyd olunan fərdi yaşayış evinin iş materiallarında olan həmin yaşayış evinə dair tərtib edilmiş «Texniki Pasport» sənədində «A» literi ilə işarələnmiş hissəsinin 1/2 hissədə paydan 0,35 m2 az, «B» literi ilə işarələnmiş hissəsinin isə 1/2 hissədə paydan 0,35 m2 çox olmaqla 1/2 hissədə paya məxsus mülkiyyətçinin istifadəsinə verilməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4-cü bəndlərində və Məhkəmə Tikinti-X8 Metodlarında göstərilənlərə uyğundur (qərardadın birinci, ikinci və üçüncü sualları üzrə). Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən həmin qərardadın dördüncü sualı üzrə tədqiqat aparılmadı (qərardadın dördüncü sualı üzrə). Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2026-cı il tarixli 10/7832 saylı ekspert rəyindən görünür ki, aparılmış tədqiqatla yuxarıda göstərilənləri nəzərə alaraq ünvan 3 ünvanda yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki olaraq hər birinin ayrı-ayrılıqda giriş-çıxışları olmaqla iki hissədən ibarət olduğunu və hər iki hissədə kommunal xidmətli sahələrin mövcud olduğunu nəzərə alaraq həmin fərdi yaşayış evindən İddiaçı payına düşən 1/2 paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün tədqiq edilən yaşayış evinin A və B literli tikililərdən biri İddiaçı ayrılmalıdır (qərardadın birinci və ikinci sualları üzrə). ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin bölgüsü mümkün olduğundan qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmadı (qərardadın üçüncü sualı üzrə). Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. - 17.12.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilməlidir ki, iddianın hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit olunmuş mülkiyyət hüququ barədə normalar təşkil edir. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Vurğulanmalıdır ki, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin normalarda həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. İddiaçı yuxarıda sadalanan maddi hüquq normalarına istinad etməklə, cavabdehlər Cavabdeh2 və X6 qarşı «ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və tələb üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən 2 saylı fərdi yaşayış evi paylı mülkiyyət olmaqla, 1/3 hissədə pay üzrə Cavabdeh1, 1/6 hissədə Cavabdeh2 və 1/2 hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin ünvanda yerləşən 68,8 m2 sahəli (A tikilisi) fərdi yaşayış evi və 69,5 m2 sahəli (B tikilisi) fərdi yaşayış evi mövcuddurlar. Həmin tikililərin 1 m2 üzrə orta qiyməti 2.500 manat təşkil edir. ünvan 3 ünvanda yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki olaraq hər birinin ayrı-ayrılıqda giriş-çıxışları olmaqla iki hissədən ibarətdir və hər iki hissədə kommunal xidmətli sahələrin mövcuddur. Həmin evin tərəflər arasında paylara uyğun olaraq naturada (real) bölgüsünün «İnşaat Norma və Qaydaları»nın müvafiq bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olub-olmadığı müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və ekspertiza rəyinə əsasən sözügedən fərdi yaşayış evindən İddiaçı payına düşən 1/2 hissəsinin (69,15 m2) naturada ayrılması yalnız 1/2 hissə paya düşən sahədən qismən kənara çıxmaqla texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Belə ki, qeyd olunan fərdi yaşayış evinin iş materiallarında olan həmin yaşayış evinə dair tərtib edilmiş «Texniki Pasport» sənədində «A» literi ilə işarələnmiş hissəsinin 1/2 hissədə paydan 0,35 m2 az, «B» literi ilə işarələnmiş hissəsinin isə 1/2 hissədə paydan 0,35 m2 çox olmaqla 1/2 hissədə paya məxsus mülkiyyətçinin istifadəsinə verilməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4-cü bəndlərində və Məhkəmə Tikinti-X8 Metodlarında göstərilənlərə uyğundur. Beləliklə də, ekspert tədqiqatlarına əsasən həmin evin tərəflər arasında paylara uyğun olaraq naturada (real) bölgüsünün real olması üçün yaşayış evinin A və B literli tikililərdən biri İddiaçı ayrılmalıdır və bu zaman payın naturada ayrılması zamanı A və B literli tikililər üzrə 1/2 hissədə paydan 0,35 kv.m fərq yaranır. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi Azərbaycan Respublikasının MPM-nin 76-cı maddəsinin tələbləri baxımından sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olur ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə hazırki mübahisəyə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, bu zaman həm iddiaçı, həm cavabdehlərin dövlət tərəfindən tanınan və qorunan hüquqlarının pozulmasına yol verilməməli və qətnamə hüquqların real bərpasına yönəlməlidir. Beləliklə, məhkəmə kollegiyası ekspertiza rəylərinə əsasən qeyd edir ki, tədqiq olunmuş sübutların məcmusu daşınmaz əmlakın iddiaçıya məxsus olan payının naturada ayrılması, yəni təcrid mənzillər şəklində iki hissəyə bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür və təqdim olunmuş ekspert rəyində qeyd olunduğu kimi, bunun üçün tədqiq edilən yaşayış evinin A və B literli tikililərdən biri İddiaçı ayrılmalı olması qənaətinə əsas verir və məhkəmənin qənaətinə görə Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən 2 saylı fərdi yaşayış evinin «B» literli tikilisi İddiaçı ayrılmalı və Cavabdeh2 Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən 2 saylı fərdi yaşayış evinin hazırda yaşadığı «B» literli tikilisindən çıxarılmalıdır. Məhkəmə payın naturada ayrılması zamanı A və B literli tikililər üzrə 1/2 hissədə paydan 0,35 kv.m fərq yaranması ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən tikilinin 1 m2 üzrə orta qiyməti 2.500 manat təşkil etməsi baxımından yarnmış fərq üzrə cavabdeh tərəfə 0,35 kv.m fərqə münasibətdə düşən məbləğdən də artıq olaraq 1000 manat verilməsi təklifini ağlabatan və ədalətli sayır. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ayrılmış «B» literli tikilinin texniki pasport sənədində göstərilən ona məxsus 1/2 hissə paydan 0,35 m2 az sahəsinin dəyəri olan 1.000 manat pulun digər paylı mülkiyyətçilər olan Cavabdeh2 və X6 paylarına mütənasib ödənilməsi də iddiaçıya həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia yuxarıda göstərilən qaydada təmin edilməli, 200 manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən 2 saylı fərdi yaşayış evinin «B» literli tikilisi İddiaçı ayrılsın. Cavabdeh2 Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi dalan 8 ünvanda yerləşən 2 saylı fərdi yaşayış evinin hazırda yaşadığı «B» literli tikilisindən çıxarılsın. İddiaçıya ayrılmış «B» literli tikilinin texniki pasport sənədində göstərilən ona məxsus 1/2 hissə paydan 0,35 m2 az sahəsinin dəyəri olan 1.000 manat pulun digər paylı mülkiyyətçilər olan Cavabdeh2 və Cavabdeh1 paylarına mütənasib ödənilməsi iddiaçıya həvalə edilsin. 200 manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar