Məhkəmə qərarları › İş №e-2(006)-1391/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1391/2025

18.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1391/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək müqaviləsinin bağlanmış hesab edilməsi və əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək müqaviləsinin bağlanmış hesab edilməsi və əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında əmək müqaviləsinin bağlanmış hesab edilməsi və 5.793,66 manat əmək haqqının Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, sosial şəbəkələrdə iş axtarması ilə əlaqədar elan yerləşdirmiş və 2024-cü ilin 23 may tarixində Cavabdeh MMC-nin insan resursları departamentinin məsləhətçisi kimi özünü təqdim edən Milana Rəhimova həmin elanla əlaqədar onunla telefon əlaqəsi saxlayaraq, X13 ərazisində Taxta Palet istehsalı ilə məşğul olan fabrikdə menecer vəzifəsini təklif etmişdir. Bildirmişdir ki, fabrik Bakıda X13n ərazisində yerləşəcək və onun əmək haqqı isə fabrik rəhbəri vəzifəsində 1.750 manat təşkil edəcək. O, təkliflə razılaşmışdır. Elə həmin gün Milana Rəhimovanın vasitəçiliyi ilə şirkətin icraçı direktoru Aynur Ələskərzadə və həmin şirkətin insan resursları departamentinin rəhbəri Ayla Heybətova onunla telefon vasitəsi ilə görüntülü videokonfrans qaydasında əlaqə saxlamış, onunla müsahibə formasında söhbət apararaq, nəticədə onunla işləmək istədiklərini bildirmişlər. Danışıqlarının yekunu olaraq ona bildirilmişdir ki, onunla rəsmi əmək müqaviləsi bağlanır, 1.750 manat əmək haqqı alacaq. Sonuncular tərəfindən tapşırıq verilmişdir ki, istehsalatda işlər başlayana qədər o, evdən işləməklə həmin fabriklə əlaqədar istehsalat sənədlərini hazırlamalı, işçilərin ştat cədvəlini, onların əmək funksiyaları haqqında təlimatları, blanklar, təhvil-təslim aktlarının nümunələri və digər sənədləri hazırlamalıdır. O da, sonuncularla razılaşmış, bundan sonra ona gələn iş təkliflərini rədd etmişdir ki, artıq o, iş tapmışdır və verilən tapşırıqların icrasına başlamışdır. 2024-cü ilin iyun ayının əvvəlində, 10 iyun tarixində o, Şirkətin ofisində bir daha sonuncularla görüşmüş və eyni tapşırıqlar və vədlər təkrarlanmış, ona tezliklə 01 iyul 2024-cü il tarixinə qədər sənədlərin hazırlanmasını tapşırmışlar. O, 28 iyun 2024-cü il tarixdə bütün tapşırılmış sənədləri hazırlayaraq Ayla Heybətovaya təqdim etmiş, Aynur Ələskərzadə 01 iyul 2024-cü ildə fabrikin fəaliyyətə başlayacağını demiş, o da həmin gün X11 gəlsə də, həmin tarixdə işə başlamamışlar. O, Ayla Heybətovaya əmək müqaviləsinin bağlanmasını soruşduqda isə sonuncu narahat olmamasını bildirmişdir. 02 iyul 2024-cü ildə o, fabrikdə Aynur Ələskərzadəyə yaxınlaşaraq hazırladığı sənədləri sonuncuya göndərdiyini bildirmiş, sonuncu isə hələ onlara baxmadığını demişdir. Bu zaman o, sonuncuya şifahi şəkildə fabrikə lazım olan təhcizat və işlərlə əlaqədar məlumat verdikdə, sonuncu bəzi məsələlərdə onunla razılaşmamış və demişdir ki, anbardar vəzifəsinə işçi götürmək istəmir və bu işi o, özü icra etməlidir. O isə sonuncuya fabrikin meneceri vəzifəsinə qəbul olunduğunu, danışıqlarında belə bir şərtin olmadığını və bu işi görmək istəmədiyini demişdir. Çünki, istehsalatın iki növbədə işləməsi nəzərdə tutulurdu və belə çıxırdı ki, o, səhər saat 9.00-dan axşam 23.00-a qədər müəssisədə qalmalı idi. 03 iyul 2024-cü ildə o, şirkətin ofisində Aynur Ələskərzadə ilə növbəti görüşlərində sonuncu onunla işləmək istəmədiyini bildirmişdir. O isə, 23 may 2024-cü il tarixdən 06 avqust 2024cü il tarixə qədər işlədiyini, verilən bütün tapşırıqları yerinə yetirdiyini bildirmiş və əmək haqqını tələb etmişdir. Cavabında cavabdeh ona yalnız üç günün əmək haqqını nağd şəkildə ödəyəcəyini bildirmiş və o da bundan imtina etmişdir. Məhkəməyə bildirmək istəyir ki, Milana Rəhimova, Ayla Heybətova və Aynur Ələskərzadə ilə onun yazışmaları, səs yazıları var, bunlar sübut edir ki, cavabdeh şirkətin nümayəndəsi və rəhbəri onu işə götürdüklərini bildirmişlər və buna görə də, istehsalatın təşkili ilə əlaqədar sənədləri hazırlayıb təqdim etsin. Eləcə də, həmin sənədlərin və digər işə qəbulla əlaqədar sənədlərin təhvil-təslim aktı mövcuddur ki, onları məhkəməyə məhkəməyə təqdim edəcək. Əmək hüquqlarının pozulması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Bakı şəhər İdarəsinə müraciətinə cavab olaraq bildirmişlər ki, guya həmin müəssisənin göstərdiyi ünvanda yerləşməməsi ilə əlaqədar, sənədlər poçtdan «bu ünvanda yerləşmir» qeydi ilə geri qaytarılmışdır. Əlbəttə, Əmək Müffətişliyi sadəcə bu işlə məşğul olmaq istəməmişdir, VÖEN-i, hüquqi ünvanı məlum olan bir müəssisəni tapmaq çətin məsələ deyildir. Qeyd etdiyi faktlar, təqdim etdiyi dəlillər aydın şəkildə sübut edir ki, Cavabdeh MMC onun əmək hüqularını kobud şəkildə pozmuşdur. Birinci növbədə onu əmək müqaviləsi bağlamadan onlar üçün təşkilati və xidməti sənədləri hazırlamağı tapşırmışlar. Bu xeyli həcmdə vacib sənədlərdir ki, o, həmin sənədləri hazırlamışdır. X10 Limanında və Şirkətin yerləşdiyi ünvanda olmuşdur. Bu barədə lazımi sənədlər də, sübutlar da kifayət qədərdir. X9 bunların üzərində möhürün olmamasını və şahidin gəlib izahat verməməsi səbəbi ilə heç bir araşdırma aparmadan müraciətinə baxmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər bir vətəndaşın əmək hüququ vardır, heç kəs zorla işlədilə bilməz və işə götürülən hər kəslə sərbəst əmək müqaviləsi bağlanılır. Həmin maddənin 6-cı hissəsinin tələbinə görə hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, öz işinə görə dövlətin müəyyən etdiyi minimum əmək haqqını almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Yəni, cavabdeh əvvəlcə onunla əmək müqaviləsi bağlamalı, əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra ona hər hansı işi görməyi, xidmətlər göstərməyi tapşırmağa hüququ vardı. Lakin cavabdeh bunu etmədən əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmaqla, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ona işlərini görməyi tapşırmış, sonda onunla əmək müqviləsi bağlamaqdan və əmək haqqını ödəməkdən imtina etmişdir. xx.xx.2024-cü il tarixdən 06 avqust 2024-cü il tarixə qədər cavabdeh şirkət ona 5.793,66 manat əmək haqqı ödəməli olduğu halda, bundan yayınmışdır. Bununla bərabər, cavabdeh onun başqa iş təkliflərini imtina etməsinə səbəb olmuş, ona maddi və mənəvi zərər vurmuşdur. May 2024-cü ildən indiyə qədər məhz cavabdeh şirkətin ona vəd etdiyi əmək haqqı ilə hesabladıqda, ona azı 10.000 manat ziyan vurulmuşdur. Başqa müəssisədə o, bundan yuxarı məbləğdə də əmək haqqı ala bilərdi. Şirkət onu işə götürməməklə mənəvi cəhətdən sarsıntı keçirməsinə, ruhdan düşməsinə səbəb olmuşdur. Onun şərəf və ləyaqəti alçaldılmış, işgüzar nüfuzuna ziyan vurulmuşdur. O, bu mənəvi zərərin də 10.000 manat həddində müəyyən edilməsini münasib hesab edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, əmək funksiyalarına dair sənədləri hazırlamağı ona Aynur Ələsgərzadə, Ayla Heybətova və Milana Rəhimova bildirmişdir. Milana Rəhimovanın Cavabdeh MMC-nin işçisi olduğunu Milana Rəhimovanın özü zəng edərək bildirmişdir. Faktiki olaraq 3 may tarixində işə başlamışdır. Milana Rəhimova ona may ayında işə başladığını və qarşı tərəfin tapşırıqlarını yerinə yetirdiyini bildirmişdir. Milana xanım səs yazılarında qarşı tərəfin onu əmək müqaviləsi olmadan işlətdiyini bildirir. Ayla xanıma məxsus səs yazılarında o, istehsalat başlamasa da, əmək haqqının hesablanmasını və istehsalat başladığı təqdirdə ona məlumat verəcəklərini bildirmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavə olaraq bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs faktiki olaraq 1 ay müddətində işə cəlb olunub. 6 avqust tarixində həmin müəssisənin nümayəndəsi Ağayev Tamerlan tərəfindən əmək kitabçası, narkoloji disponserdən çıxarış və digər sənədlər təhvil-təslim aktı ilə tərəfin özünə təqdim edilib. Göründüyü kimi iddiaçı müəssisə tərəfindən əmək fəaliyyətinə cəlb olunub, lakin müəssisə rəhbərliyi əmək müqaviləsini vaxtında rəsmiləşdirmişdir. Tərəf faktiki olaraq işləmiş və müvafiq tapşırıqları yerinə yetirmişdir.İddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, Milana Səlimova fərdi sahibkardır. Şirkətə işçi təqdim edir və əvəzində göstərdiyi xidmətə görə şirkət ona pul ödəyir. Hər bir işçinin əmək funksiyaları vahid sorğu kitabçasında göstərilir. İddiaçı nə kadr üzrə, nə də əmək sahəsi üzrə mütəxəssis deyildir. Tərəflər arasında hər hansısa əmək münasibəti yaranmayıb. Bizim tərəflə əmək münasibətlərinə keçmək fikrimiz olsa da, daha sonra müəyyyən səbəblərdən bu mümkün olmamışdır. İddiaçı təmsil etdiyim tərəfə heç bir iş görməyib və ya ona hər hansısa işin yerinə yetirilməsi tapşırılmayıbdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin, eləcə də cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçının xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cavabdeh üçün evdən işləyib hazırladığı bildirilən sənədlərdən görünür ki, iddiaçı tərəfindən Taxta Palet istehsalı fabrikinin işçi vəzifə təlimatları deyilən (fabrik direktorunun, layihə menecerinin, SƏTƏM üzrə mütəxəssisin, anbardarın, mühəndisin, elektrikin, operatorun, fəhlənin vəzifə təlimatları, işçilər üçün təlimat) sənədlər, eləcə də, təhvil-təslim aktı forması, taxta palet üzrə ilkin istehsal planı hazırlanmışdır. - +994 51 280 70 76 nömrəli abonetin apardığı yazışmalardan görünür ki, Tamerlan adlı şəxslə 13 iyun və 19 iyun 2024-cü il tarixlərdə fabrikin yerləşdiyi yer və s. barədə yazışmalar aparılmışdır. İddiaçı həmin yazışmalarda istehsalı görmək istədiyini, vəzifə təlimatlarını yazıb təhvil verməli olduğunu, 1 iyulda iş başlayanda hər şeyin hazır olmalı olduğunu bildirmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin 2024-cü ilin avqust ayına aid məktubundan görünür ki, İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması ilə bağlı müraciətinə baxılmışdır. Araşdırma zamanı İddiaçı təqdim etdiyi izahatda əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edildiyi bildirilmiş, şahidin və iddianı təsdiq edən sübutların olduğu qeyd edilmişdir. Lakin adı qeyd olunan şahidin bu günədək izahatı təqdim edilməmiş, eyni zamanda təqdim olunmuş sübutların müəssisənin möhürü və imza olmadığından müraciətdə qeyd edilən iddianı təsdiq edəcək sübut kimi qəbul edilmədiyi göstərilmişdir. Cavabdeh MMC-nin müraciətdə qeyd edilən ünvanına xx.xx.2024-cü il tarixli məktubla müraciət olunaraq, sənədlərin təqdim edilməsi tələb olunmuş, məktub «bu ünvanda yerləşmir» qeydi ilə geri qaytarılmışdır. Eyni zamanda, müvafiq alt sistemə baxış keçirilərkən iddiaçı ilə Cavabdeh MMC arasında əmək müqaviləsinin bağlanmasına dair qeydiyyatın olmadığı məlum olmuşdur. Məlumat üçün bildirilmişdir ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2024-cü il tarixədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. İddiaçıya müraciətdə qeyd etdiyi məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin 11 iyul 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə baxıldığı bildirilmiş, müraciətlə əlaqədar ətraflı izahat verməsi və aşağıda qeyd olunmuş sənədləri araşdırmaya təqdim etməsi məqsədi ilə 7 iş günü ərzində ona münasib «DOST» mərkəzinə dəvət olunduğu və ya yazılı izahatını və aşağıda qeyd olunmuş sənədləri müvafiq elektron poçt ünvanına göndərməsi xahiş olunmuşdur. - Bakı 3 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/3/2024-00800 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı və cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixdə saat 14.00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi mümkün olmamışdır. 50 manat mediasiya xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilmişdir. - Bakı Hövsan Xalq Ticarət Dəniz Limanı» Açıq Səhmdar Cəmiyyətnin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli RR/25-042 saylı məktubundan görünür ki, vətəndaş İddiaçı müxtəlif vaxtlarda iki dəfə Liman ərazisində müşahidə olunmuşdur. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - «Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları» adlanan 3-cü maddəsinin 5-ci hissəsinə əsasən. əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. - 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. - 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır, hec kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işcidir. - 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin maddənin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işcidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır - 45-ci maddəsinin İ hissəsinə əsasən. əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. İddiaçı 2024-cü ilin 23 may tarixində Cavabdeh MMC-nin insan resursları departamentinin məsləhətçisi kimi özünü təqdim edən Milana Rəhimova həmin elanla əlaqədar onunla telefon əlaqəsi saxlayaraq, X13 ərazisində Taxta Palet istehsalı ilə məşğul olan fabrikdə menecer vəzifəsini təklif etməsini həmin vaxtdan onunla əmək müqaviləsi bağlanılmalı olan tarixi kimi qeyd etmiş, cavabdeh MMC-nin əməkdaşları ilə görüşüb, danışmaq, müəyyən işləri razılaşdıraraq sənədlər hazırlamasını MMC ilə əmək münasibətləri kimi qiymətləndirir və hesab edir ki, xx.xx.2024-cü il tarixdən 06 avqust 2024-cü il tarixə qədər cavabdeh şirkət ona 5.793,66 manat əmək haqqı ödəməlidir. Cavabdeh tərəf bildirir ki, işə qəbul ilə bağlı aralarında danışıqlar və görüşlər keçirilmiş, lakin sonda müsbət qərar verilməmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı Şirkətlə tanışlıq üçün yalnız iki dəfə müvafiq limanda olmuş, cavabdeh iddiaçı ilə əmək şəraiti və s. barədə müzakirə apardıqdan sonra, müvafiq vəzifəyə uyğun gəlmədiyi üçün iddiaçı ilə əmək müqaviləsi bağlanmamış, iddiaçını işə götürməmiş, onun əməyindən faydalanmamışdır. Məhkəmə daha sonra qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə: “Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.” Məhkəmə hesab edir ki, iddiaçı tərəfin izahatının özü-özlüyündə iddiasının əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə hesab edir ki, iddiaçı iddiasına əlavə etdiyi yuxarıda qeyd edilən sənədləri cavabdehin vəzifəli şəxslərinin göstərişinə əsasən hazırladığını bildirsə də, həmin göstərişlərin məhz həmin şəxslər tərəfindən verilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfin də izahatlarından görünür ki, iddiaçının cavabdehin əməkdaşı olduğunu bildirdiyi Milana Rəhimova isə X1 şəxsdir, cavabdehin işçisi, əməkdaşı olmamaqla, cavabdehi təmsil etmir. M.Rəhimova müxtəlif hüquqi və fiziki şəxslərə işçilərin tapılmasında müvafiq maddi ödəniş qarşılığında köməklik göstərir və sonuncunun potensial işəgötürənlərin adından potensial işçilərə tapşırıq vermək səlahiyyəti yoxdur. İddiaçı cavabdeh tərəfindən ona X13 ərazisində Taxta Palet istehsalı ilə məşğul olan fabrikdə menecer vəzifəsini təklif edilməsi, fabrikin Bakıda X13n ərazisində yerləşəcək və onun əmək haqqı isə fabrik rəhbəri vəzifəsində 1.750 manat təşkil etməsi bununla bağlı hər hansı tapşırıqlar verilməsinə dair məhkəməyə tutarlı sübutlar təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, əmək qanunvericiliyində əmək müqaviləsinin bağlanmış hesab edilməsi nəzərdə tutulmamışdır. Şəxsin əmək müqaviləsi bağlamadan işlərə cəlb edilməsi isə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə həmçinin qəbul edir ki, iş münasibətlərinin başlanması üçün hətta vasitəçilərin köməyi ilə də işəgötürən və ya onun nümayəndəsi işə götürməklə bağlı şəxs arasında müəyyən danışıqlar, məsləhətləşmələr olması yol veriləndir və bu işçinin işə götürülməsi ilə əlaqədar işəgötürənin yekun qərara gəlməsi üçün zəruridir. Lakin iddiaçının qeyd etdiyi kimi, əmək müqaviləsi bağlamadan, əmək şəraiti ilə bağlı müqavilənin bütün müşüm şərtlərini razılaşdırmadan cavabdeh MMC tərəfindən ona müəyyən işlərini görməyi tapşırması, sonda onunla əmək müqaviləsi bağlamaqdan və əmək haqqını ödəməkdən imtina etməsi işin arahdırılmış halları ilə öz təsdiqini tapmamışdır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı”). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı cavabdehlə xx.xx.2024-cü il tarixdən 06 avqust 2024-cü il tarixə qədər əmək münasibətində olmasına dair mötəbər və tutarlı sübutlar təqdim etməmiş, öz hüquqi mövqeyini sübut edə bilməmişdir. İddianın cavabdehlə əmək münasibətində olması hissəsi sübuta yetirilmədiyi və əsassız sayıldığı üçün məhkəmə tələbin törəmə hissələri olan maddi və mənəvi ziyanın ödənilməsi hissələri üzrə araşdırmanı əhəmiyyətsiz və lüzumsuz sayır. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək müqaviləsinin bağlanmış hesab edilməsi və əmək haqqının ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək müqaviləsinin bağlanmış hesab edilməsi və əmək haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar