Məhkəmə qərarları › İş №e-2(006)-1502/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1502/2022

11.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1502/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası Al- Bakuni İssam Abdeləziz oğlunun ölüm faktının qeydə alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası Al-X3 26.08.2021-ci il tarixdə Sumqayıt şəhəri, X8 yerləşən bağ evinin həyətində olan su hovuzunu təmizləyərkən elektrik vurmadan ölmüşdür. Atasının ölüm faktı barəsində 26.08.2021-ci il tarixdə Sumqayıt şəhər, MTE və PA Şöbəsinin 107 nömrəli ekspert rəyində də göstərilmişdir ki, atasının ölümünə səbəb elektrik vurma olmuşdur. O, atasının ölüm faktını qeydiyyata aldırmaq üçün şəhadətnamə alınmasından ötrü Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Qeydiyyat Şöbəsinə Sumqayıt şəhər X14 Stansiyasından və morqdan alınmış arayışlar təqdim edilmişdir. Lakin, Nəsimi rayon Qeydiyyat Şöbəsi 21.12.2021-ci il tarixli məktubunda atasının ölüm faktını qeydə almamış və imtina etmişdir. 21.12.2021-ci il tarixli 05/Q-2317/75 nömrəli məktubda göstərmişlər ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilmədiyindən ölümün qeydə alınması mümkün olmamışdır. Atasının ölüm faktının qeydə alınmasına dair sənədləri başqa qaydada ala bilmədiyi üçün, onun vərəsi kimi çıxış edərək adına olan mülkü öz adına keçirdə bilmir. Bu səbəbdən də iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Al-Bakuni İssam Abdeləziz oğlunun 26.08.2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, o, ünvan 1 ünvanında yaşayır. Əvvəllər mərhum Al-Bakuni İssam Abdeləziz oğlunun şəhərdə yerləşən evində çalışmışdır. Hadisə baş verən günü onlar bağa getmişdilər. Mərhum Al- Bakuni İssam Abdeləziz oğlu hovuzu təmizləmək istədiyini bildirmişdir. Onlar mağazaya gedib geri qayıtdıqda onun öldüyünü görmüşlər. Dərhal X14 çağırmaqlarına baxmayaraq o vəfat etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, o, 1983-cü ildən mərhum Al-Bakuni İssam Abdeləziz oğlunu tanıyırdı. Onlar dost olmuşlar. Onun öz adına obyekti var idi və həmin obyekti icarəyə vermişdir. Həmin gün 1 saat əvvəl onunla görüşmüşdü. Mərhum Al-Bakuni İssam Abdeləziz oğlu ona bağa getmək istədiyini bildirdi. Daha sonra ona zəng vasitəsilə Al-Bakuni İssam Abdeləziz oğlunun öldüyünü xəbər verdilər. Hazırda o, Xırdalan qəbristanlığında dəfn olunub. Maraqlı şəxs qismində qoyulmuş Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Məhkəmə-tibbi Ekspertiza və X5” X12 26 avqust 2021-ci il tarixli, 107№-li Arayışından görünür ki, mərhum Al-Bakuni İssam Abdeləziz oğlunun meyiti həqiqətən 26.08.2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəmə-tibbi Ekspertiza və X2 məhkəmə tibbi müayinədən keçirilmişdir. Arayış şəxsin dəfn olunması üçün verilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, 1956-cı il təvəllüdlü mərhum Al-X1 26 avqust 2021-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhər, Novxanı bağlar massivində yerləşən bağ evində elektrik vurmadan ölməsi barədə toplanmış ilkin yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 107 nömrəli ekspert rəyindən görünür ki, 1956-cı il təvəllüdlü Al-Bakuni İssam Abdeləziz oğlunun meyitinin məhkəmə-tibbi ekspertizası keçirilmiş, Al- Bakuni İssam Abdeləziz oğlunun meyiti üzərində xəsarət aşkar edilməmişdir. Mərhumun ölümünə səbəb elektrik vurma olmuşdur. İş materiallarında olan “Sumqayıt Tibbi Mərkəzi” PHŞ X14 Stansiyasından verilən məktubdan görünür ki, X14 briqadası hadisə yerinə çatdığı zaman şəxsin artıq meyitini aşkar etmişdir. Yaxınlarının deməyinə görə mərhumun heç bir xəstəliyi olmamışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən 21.12.2021-ci il tarixli məktubdan görünür ki, ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını da müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, ərizəçinin nümayəndəsinin izahatından, iş materiallarındakı sübutlardan və şahid ifadələrindən məlum olur ki, Al-Bakuni İssam Abdeləziz oğlu Sumqayıt şəhər, Novxanı bağlar massivində yerləşən bağ evində 26.08.2021-ci il tarixində vəfat etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mərhum Al- Bakuni İssam Abdeləziz oğlunun 26.08.2021-ci il tarixində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Al-Bakuni İssam Abdeləziz oğlunun 26.08.2021-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Al-Bakuni İssam Abdeləziz oğlunun vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamə”nin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Nəsimi Rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar