Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1593/2024 09.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə:
1. Ərizəçi Mirzə X1 Yuliya Viktorovna maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizədə qeyd olunmuşdur ki, Ərizəçi və Maraqlı şəxs Viktorovna xx.xx.2007-ci il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Nikah Bakı şəhəri Səadət Sarayında qeydə alınmışdır. Onların birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X6 Aqşinovna, xx.xx.2009-cü il təvəllüdlü X4 Aqşinovna adlı iki qız övladları dünyaya gəlmişdir. Tərəflər arasında olan ailə münasibətlərindən irəli gələn mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediasiya prosesinə müraciət edilmiş, uşaqların himayəyə verilməsi, uşalqlar ilə ünsiyyət, görüş, aliment və birgə əmlak ilə bağlı tələb üzrə xx.xx.2023-cü il tarixində Bakı 9 saylı Mediasiya Təşkilatında tərəflər arasında barışıq sazişi bağlanmışdır. Bakı 9 saylı Mediasiya Təşkilatında tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB\9\2023-02559 nömrəli barışıq sazişinin 1.1-ci bəndinə əsasən birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2008-ci il təvəllüdlü X6 Aqşinovna və xx.xx.2009-cu il təvəllüdlü X4 Aqşinovna yetkinlik yaşına çatanadək Birinci tərəfin (Ananın) himayəsinə verilmişdir. Həmin sazişin 1.2-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, birgə nikahdan dünyaya gəlmiş övladları ilə İkinci tərəf (Ata) görüşə və ünsiyyət yarada bilər. Birinci tərəf (ana) buna mane olmayacaqdır. Həmin sazişin 1.3-cü bəndinə əsasən tərəflər razılaşdılar ki, bu barışıq sazişi bağlanan tarixə kimi İkinci tərəf (Ata) tərəfindən Birinci tərəfə (Anaya) köçürmə üsulu ilə göndərilmiş (ödənilmiş) məbləğlər birgə nikahdan dünyaya gəlmiş övladlarının saxlanması üçün ödənilmiş alimentdir. Həmin sazişin 1.4-cü bəndinə əsasən bu barışıq sazişi bağlandıqdan sonra İkinci tərəf (Ata) birgə nikahdan dünyaya gəlmiş övladlarının saxlanması üçün hər birinə 1500 ABŞ dolları olmaqla cəmi 3000 ABŞ dollarıaliment məbləğini hər ay Birinci tərəfə (Anaya) nağd və ya köçürmə yolu ilə ödəyəcək. Eyni sazişin 1.5-ci bəndinə əsasən tərəflər razılaşdılar ki, biribirinə qarşı birgə nikah dövründə əldə olunmuş hər hansı bir əmlak tələbləri və mübahisələri yoxdur. Barışıq sazişinin 5-ci bəndinə görə saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli MŞB\9\2023-02559 nömrəli barışıq sazişinin yuxarıda qeyd edilmiş bəndlərini könüllü icra etməkdən yayınır və barışıq sazişinin bizim tərəfmizdən icra edilməsi üçün şərait yaratmır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçmişdir. Bununla bağlı olaraq ona dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin, bunun hər hansı bir müsbət nəticəsi olmamışdır. xx.xx.2023-cü il tarixli MŞB\9\2023-02559 nömrəli Barışıq sazişinin 8-ci bəndinə görə sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir. Göstərilənlərə əsasən, Bakı 9 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasiya prosesi nəticəsində Ərizəçi (ikinci tərəf) və Maraqlı şəxs (Rozelle Julia) (birinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB\9\2023-02559 nömrəli barışıq sazişininin 1, 1.1, 1.2, 1.3, 1.4 və 1.5-ci bəndlərinin aşağıdakı məzmunda təsdiq edilməsi və həmçinin, hazırki ərizə ilə məhkəməyə müraciət edilərkən dövlət rüsumu olaraq ödənilmiş 100 manat pulun tutalaraq Ərizəçi xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq qeyd etmişdir ki, qarşı tərəf uşaqların ata ilə ünsiyyətinə maneələr yaradır. Hətta uşaqların telefon nömrələrini də dəyişmişdir ki, ataları onlarla əlaqə yarada bilməsin. Eyni zamanda, qarşı tərəf və uşaqlar ölkə xaricində yaşayır. O, həm Ukrayna Respublikası, həm də ABŞ vətəndaşıdır. Bundan başqa, tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlaklara dair heç bir mübahisə olmayacağı və sonradan notarial qaydada qarşı tərəfin belə bir ərizə verməsi razılaşdırılsa da, qarşı tərəf bundan yayınmışdır. Həmçinin, qarşı tərəf hüquqlarını müdafiə etdiyi şəxsin alimenti yerləşdirməsi üçün hər hansı bir bank hesabı verməkdən boyun qaçırır. Odur ki, hesab edilir ki, bağlanmış barışıq sazişi məhkəmə qaydasında təsdiq olunmalıdır. Bundan başqa, ərizəçinin başqa bir nikahdan da, uşağı vardır. Həmin uşağın anası da hazırda ərizəçiyə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırki mülki iş üzrə qətnamə çıxarılarsa, bu, digər məhkəmə üçün qətnamə çıxarılarkən alimentin məbləğinə münasibətdə nəzərə alına bilər. Odur ki, qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə heç bir məlumat verməmişdir.
5. Məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355- 25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış, barışıq sazişinə əsasən tərəflər müəyyən şərtlər əsasında razılığa gəlmiş, lakin həmin barışıq sazişi maraqlı şəxs tərəfindən könüllü şəkildə icra olunmamışdır. Hazırda ərizəçi həmin barışıq sazişinin təsdiq edilməsini və əlavə olaraq 100 manat məbləğində dövlət rüsumunun əvəzinin maraqlı şəxsdən onun xeyrinə tutulmasını tələb edir.
b) Mülki işin materialları:
8. Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 11 iyul 2023cü il tarixdə verilən AZ-İ seriyalı, 460959 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 24 iyun 2023-cü il tarixdə 294 nömrə ilə qeyd edilmişdir.
9. Mülki işin materiallarında olan Birinci tərəf Maraqlı şəxs (Rozelle Julia) və İkinci tərəf Ərizəçi arasında bağlanan xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-02559 nömrəli Barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: 1.1 Birgə nikahdan dünyaya gəlm iş övladları xx.xx.2008-ci il təvəllüdlü X6 Aqşinovna və xx.xx.2009-cu il təvəllüdlü X4 Aqşinovna yetkinlik yaşına çatanadək Birinci tərəfin (ananın) himayəsinə verilsin. 1.2 Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları ilə İkinci tərəf (ata) görüşə və ünsiyyət yarada bilər. Birinci tərəf (ana) buna mane olmayacaqdır. 1.3 Tərəflər razılaşdılar ki, bu barışıq sazişi bağlanan tarixə kimi İkinci tərəf (ata) tərəfindən Birinci tərəfə (anaya) köçürmə üsulu ilə göndərilmiş (ödənilmiş) məbləğlər birgə nikahdan dünyaya gəlmiş övladlarının saxlanması üçün ödənilmiş alimentdir. 1.4 Bu barışıq sazişi bağlandıqdan sonra İkinci tərəf (ata) birgə nikahdan dünyaya gəlmiş övladlarının saxlanması üçün hər birinə 1500 ABŞ dolları olmaqla cəmi 3000 ABŞ dolları aliment məbləğini hər ay Birinci tərəfə (anaya) nağd və ya köçürmə yolu ilə ödəyəcək. 1.5 Tərəflər razılaşdılar ki, biri-birinə qarşı birgə nikah dövründə əldə olunmuş hər hansı bir əmlak tələbləri və mübahisələri yoxdur.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.
11. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.
12. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
13. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
14. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişi bağlanmışdır. Lakin, Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilmədiyindən barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunmasına zərurət yaranmışdır.
15. Bundan başqa, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur.
16. Məhkəmə qeyd edir ki, 31 dekabr 2023-cü il tarixli barışıq sazişinin 1.3-cü hissəsində təsdiqi yolverilməzdir. Belə ki, barışıq sazişinin həmin hissəsinə diqqət yetirdikdə görünür ki, həmin hissə sözügedən barışıq sazişinin bağlandığı tarixə kimi Ərizəçi tərəfindən Maraqlı şəxs köçürmə üsulu ilə göndərilmiş (ödənilmiş) məbləğlərin birgə nikahdan doğulmuş uşaqlarının saxlanılması üçün aliment hesab edilməsi faktının təsdiqidir. Hazırda həmin faktın təsdiq edilməsi də məhkəmə predmeti olmadığından, barışıq sazişinin həmin hissədə təsdiq edilməsinə zərurət yoxdur. Əlavə olaraq qeyd edilməlidir ki, sazişin təsdiq edilməyən hissəsinin təsdiq edilən hissədən ayrılması mümkündür.
17. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanunazidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir.
18. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
19. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Hazırki iş üzrə ərizəçi tərəfindən məhkəmə xərci olaraq ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs Ərizəçi xeyrinə tutulmalıdır.
21. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi qismən təmin edilməlidir.
22. Belə ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: 1.1 “Birgə nikahdan dünyaya gəlm iş övladları xx.xx.2008-ci il təvəllüdlü X6 Aqşinovna və xx.xx.2009-cu il təvəllüdlü X4 Aqşinovna yetkinlik yaşına çatanadək Birinci tərəfin (ananın) himayəsinə verilsin. 1.2 Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları ilə İkinci tərəf (ata) görüşə və ünsiyyət yarada bilər. Birinci tərəf (ana) buna mane olmayacaqdır. 1.3 Bu barışıq sazişi bağlandıqdan sonra İkinci tərəf (ata) birgə nikahdan dünyaya gəlmiş övladlarının saxlanması üçün hər birinə 1500 ABŞ dolları olmaqla cəmi 3000 ABŞ dolları aliment məbləğini hər ay Birinci tərəfə (anaya) nağd və ya köçürmə yolu ilə ödəyəcək. 1.4 Tərəflər razılaşdılar ki, biri-birinə qarşı birgə nikah dövründə əldə olunmuş hər hansı bir əmlak tələbləri və mübahisələri yoxdur” hissəsində təsdiq edilməli, ərizəçi tərəfindən məhkəmə xərci kimi ödənilən 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs Ərizəçi xeyrinə tutulmalı, ərizə qalan hissədə rədd edilməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: 1.1 “Birgə nikahdan dünyaya gəlm iş övladları xx.xx.2008-ci il təvəllüdlü X6 Aqşinovna və xx.xx.2009-cu il təvəllüdlü X4 Aqşinovna yetkinlik yaşına çatanadək Birinci tərəfin (ananın) himayəsinə verilsin. 1.2 Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları ilə İkinci tərəf (ata) görüşə və ünsiyyət yarada bilər. Birinci tərəf (ana) buna mane olmayacaqdır. 1.3 Bu barışıq sazişi bağlandıqdan sonra İkinci tərəf (ata) birgə nikahdan dünyaya gəlmiş övladlarının saxlanması üçün hər birinə 1500 ABŞ dolları olmaqla cəmi 3000 ABŞ dolları aliment məbləğini hər ay Birinci tərəfə (anaya) nağd və ya köçürmə yolu ilə ödəyəcək. 1.4 Tərəflər razılaşdılar ki, biri-birinə qarşı birgə nikah dövründə əldə olunmuş hər hansı bir əmlak tələbləri və mübahisələri yoxdur”. Qətnamə alimentlərlə bağlı hissədə dərhal icra olunsun. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Maraqlı şəxs Ərizəçi xeyrinə tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.