Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1670/2023 26.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «mülkiyyət hüququnun bərpa edilməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «mülkiyyət hüququnun bərpa edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin mülki hüquq normalarına zidd hesab edilməsi, mülkiyyət hüququnun bərpa edilməsi, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanda inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq ona qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 38 m2 olan qeyri-yaşayış sahəsi 17 oktyabr 1998-ci il tarixdə Bakı şəhəri, 29 saylı Notariat Kontorunda bağlanmış alğı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən alınmışdır. Daha sonra 08 iyul 1998-ci il tarixdə həmin qeyri-yaşayış sahəsinin vağzal tərəfdən qapı açılaraq genişləndirilməsinə icazə məktubu verilmişdir. İddiaçı 2009-cu ilə qədər mülkiyyətində olan qeyri-yaşayış sahəsindən məhdudiyyətsiz istifadə etsə də, cavabdeh tərəfindən yüksək mərtəbəl tikili inşa edilməyə başlanmışdır. İlkin olaraq cavabdeh iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsini qanunsuz sökmüş, daha sonra isə iddiaçıya həmin tikilidə və həmin əraziyə yaxın olan yeraltı ticarət mərkəzində qeyriyaşayış sahələri təhvil verəcəyini vəd etmişdir. Cavabdeh iddiaçıya yeraltı ticarət mərkəzində qeyri-yaşayış sahəsi təqdim etmiş və əvəzsiz istifadə ilə bağlı icarə müqaviləsi bağlanmışdır. İnşa ediləcək yüksək mərtəbəli bina isə istismara qəbul edildikdən sonra isə razılaşma üzrə həmin yerdə vəd edilmiş qeyri-yaşayış sahəsi təhvil verilməli idi. Təhvil verilənə qədər isə aylıq icarə haqqının əvəzinin ödəniləcəyi bildirilmişdir. Lakin uzun müddət keçsə də, cavabdeh vədinə əməl etməmiş, nəticədə iddiaçının mülkiyyət hüququnu pozmuşdur, hazırda da bu pozuntu hallarını davam etdirir. Həmin qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 4.000 manat olmuşdur. 11 il ərzində iddiaçı mülkiyyətindən istifadə edə bilmədiyindən həmin müddət ərzində gəlir əldə etməkdən də məhrum olmuşdur. Bununla da, iddiaçıya 528.000 manat maddi zərər dəymişdir. Cavabdeh mülki hüquqlarından sui-istifadə edərək, iddiaçını aldadaraq əmlakını qanunsuz zəbt etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının qeyri-yaşayış sahəsini sökmüş, həmin obyektin yerləşdiyi torpaq sahəsini zəbt edərək, tikinti işləri aparmış, mülkiyyət hüquqlarını pozmuşdur. Nəticədə iddiaçı daşımaz əmlaka dair istifadə, sahiblik və digər mülkiyyət hüquqlarını həyata keçirmək imkanından məhrum olmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya mahiyyəti üzrə baxılaraq, yekun məhkəmə aktı qəbul edilməsini tələb etdiyindən, iddiaçının nümayəndəsi və vəkilinin iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilməmiş, işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddia ərizəsini əsassız hesab edir. Qeyd edir ki, hüquqlarını müdafiə etdiyi MMC heç bir tikinti və söküntü işləri ilə məşğul olmur. Göstərilənlərə əsasən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 22 dekabr 1998-ci il tarixli qeyri-yaşayış sahəsinin alğı-satqı müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi «Ozan» firmasının direktoru X2 arasında bağlanmış müqavilənin predmetini “Alıcı”nın Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Bakı şəhəri üzrə Dövlət Mülkiyyətinin özəlləşdirilməsi və icarəyə verilməsi idarə (Yusifzadə küçəsi 13) ilə xx.xx.1998-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında icarəyə götürdüyü və bu müqavilə ilə satın aldığı 107,0 kv.m istehsal sahəsi təşkil edir. -Cavabdeh MMC (İ tərəf) ilə X2 (İİ tərəf) arasında bağlanmış xx.xx.2009-cu il tarixli icarə müqaviləsindən görünür ki, müqavilənin predmetini Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti “28 May” metrosunun yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyini sərəncamı ilə Cavabdeh MMC-yə icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan Ticarət Mərkəzinin layihəsində sahəsi 32 kv.m olan və layihədə “71” nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsinin (bundan sonra “Obyektin”) – Birinci tərəfin onu İkinci tərəfə icarəyə verilməsinə dair və icarə müqaviləsi bağlamağı öz öhdəsinə götürməsinin, İkinci tərəfin gələcəkdə bağlanacaq əqdin dəyərini bir qismini qabaqcadan ödəməsinin və bu müqaviləyə əsasən Birinci tərəfin İkinci tərəf qarşısında öhdəliyini icra etməsinə təşkilatı-hüquqi əsaslarını, tərəflərin hüquq və vəzifələrini və bu müqavilədən irəli gələn öhdəliklərin icra olunmamasına və ya layiqli icra olunmamasına onların məsuliyyətinin əsaslarını və həddini nizamlaması təşkil edir. - Satıcı «Transrestoranservis» səhmdar cəmiyyəti ilə alıcı X2 arasında 17 oktyabr 1998-ci il tarixdə Bakı şəhəri 29 saylı Notariat Kontorunda bağlanmış alğı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki,satıcı alıcıya ünvan 1 ünvanda yerləşən 38 m2 olan qeyri-yaşayış sahəsini 4 milyon manata satmışdır. - Gəncə ASAN xidməti Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İ 027333 saylı «Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə»dən görünür ki, X1 Hüseynov soyadına dəyişdirilmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia tələbinin əsası kimi 2009-cu ilə qədər mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 38 m2 olan qeyri-yaşayış sahəsindən məhdudiyyətsiz istifadə etsə də, cavabdeh tərəfindən yüksəkmərtəbəli tikili inşa edilməyə başlayarkən qeyri-yaşayış sahəsini qanunsuz sökməsini daha sonra isə iddiaçıya yeraltı ticarət mərkəzində qeyri-yaşayış sahəsi təqdim edərək əvəzsiz istifadə ilə bağlı icarə müqaviləsi bağlanmasını, inşa ediləcək yüksək mərtəbəli bina isə istismara qəbul edildikdən sonra isə razılaşma üzrə həmin yerdə vəd edilmiş qeyri-yaşayış sahəsinin təhvil verilməsini, təhvil verilənə qədər isə aylıq icarə haqqının əvəzinin ödəniləcəyini vəd etsə də, cavabdehin uzun müddət keçməsinə baxmayaraq, vədinə əməl etməməsi nəticəsində mülkiyyət hüququnun pozulmasına istinad etmişdir. Tələbin maddi əsasını isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 158, 164 və 180 və 560-cı maddələri ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 158-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ əmlakdan istifadə hüququ; servitutlar da əmlak hüquqları sayılır: Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. - 164.1-cü maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. - 164.2-ci maddəsinə əsasən sahiblikdən mərum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. - 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut qismində məhkəməyə təqdim etdiyi sənədlərlə onun ünvan 1 ünvanda yerləşən 38 m2 olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olması öz təsdiqini tapmır. Belə ki, iddiaçı həmin qeyri-yaşayış sahəsini 17 oktyabr 1998-ci il tarixdə Bakı şəhəri 29 saylı Notariat Kontorunda bağlanmış alğı-satqı müqaviləsi əsasında alsa da, iddiaçı həmin müqaviləni təqdim etməklə aidiyyatı orqandan adına qeydiyyat vəsiqəsi, yaxud daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almasına dair sübut təqdim etməmişdir. Qanunvericiliyə görə, iddiaçının qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ həmin hüququn dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Lakin iddiaçı müvafiq sübut təqdim etmədiyi üçün məhkəmənin qənaətinə əsasən bu hüquq yuxarıda qeyd edildiyi kimi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı həmin qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsi, yaxud iddiaçının hüquqlarını pozan hər hansı hərəkət, yaxud hərəkətsizliyə yol verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Eləcə də, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmişdir. Məhkəmə iddiaçı tərəfin iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etməsi barədə ərizəsi ilə bağlı qeyd etməyi zəruri sayır ki, iddiaçının bu hüququndan istifadəsi onun məhz mötəbər sübutlar təqdim edə bilməməyinə dəlalət edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «mülkiyyət hüququnun bərpa edilməsi və s.» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «mülkiyyət hüququnun bərpa edilməsi və s.» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1670/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1670/2023
26.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver