Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-882/2025 23.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonunun, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında ”AAAF-PARK” yaşayış massivinin 11 saylı küçəsində ümumi sahəsi 0.05 ha torpaq sahəsi və üzərində inşa edilmiş 402 kv.m yaşayış məntəqəsinin ərazisində və qarşısında cavabdeh tərəfindən tikinti norma və qaydalarına əməl edilmədən, habelə müvafiq orqanlardan icazə və sərəncam almadan onun torpaq sahəsinin bir hissəsini zəbt etməklə və onun xüsusi mülkiyyətindən sərbəst istifadəsini məhdudlaşdırmaqla qanunsuz inşa edilmiş tikilinin (ticarət obyektinin) cavabdehin vəsaiti hesabına özü tərəfindən sökülməsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olduğunu bildirdiyi Abşeron rayonunun, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında ’’AAAF- PARK” yaşayış massivinin 11 saylı küçəsində ümumi sahəsi 0.05 ha torpaq sahəsi və üzərində inşa edilmiş və iddiaçının yaşayış məntəqəsi adlandırdığı 402 kv.m tikili əslində elə qeyr-yaşayış məntəqəsidir və iddiaçının özü tərəfindən faktiki olaraq sahibkarlıq fəaliyyəti istiqamətində istifadə edilməkdədir. Eyni zamanda, mülki iş üzrə İddiaçı ********** nömrəli VÖEN-ə sahib olmaqla vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Hesab edir ki, iş üzrə cavabdeh "xxxx" MMC-nin də vergi ödəyicisi olması və tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlər dairəsinə aid olduğu üçün, məhkəmə mübahisəsinə baxılması üçün müraciət aidiyyəti kommersiya məhkəməsinə verilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göstərilən qanunvericilik normalarından göründüyü kimi, məhkəmə aidiyyət məsələsini həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və xarakteri dəqiq müəyyənləşdirilməlidir. Ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və mübahisənin xarakteri, eləcə də, bu meyarların hər üçünün qarşılıqlı bağlılığı rəhbər tutulmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 nömrəli Qərarında da qeyd edilir ki, işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı- ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı- ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (12 və 13-cü bəndlər). Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Belə ki, İnternet Vergi İdarəsindən vergi ödəyicisinin məlumatları barədə çıxarışdan görünür ki, İddiaçı ********** saylı VÖEN-ə, cavabdeh "xxxx" MMC isə ********** saylı VÖEN-ə əsasən fəaliyyət göstərən kommersiya subyektləridir. Hazırki mülki işdə hər iki tərəfin vergi ödəyicisi kimi kommersiya subyekti olduqları mübahisəsizdir. Göründüyü kimi, tərəflərin subyektiv tərkibi və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla işə Abşeron Rayon Məhkəməsində baxılmalı deyildir. Hesab edirik ki, iddia icraatı qaydasında baxılan işlərdə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. Göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirik ki, iddia ərizəsinin ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilən qanunvericilik aktı normasına əsasən hesab edirik ki, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, o, cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi tərəfindən verilmiş vəsatətə etiraz edir. Belə ki, tərəflərin subyektiv tərkibi sahibkarlıq fəaliyyəti ilə məşğul olması olsa da hazırki tələb tikintinin sökülməsi ilə bağlıdır. Odur ki, o, işin aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə dair vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməli, hazırki mülki işin aidiyyatı üzrə göndərilməsi zərurəti müəyyən edildiyindən, baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki iş materiallarında olan: -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Vöen: ********** nömrəsi ilə AZ1065, ünvan 2 ünvanında qeydiyyata alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, "xxxx" MMC Vöen: ********** nömrəsi ilə AZ0100, ünvan 3 ünvanında qeydiyyata alınmışdır. Mülki Prosessual Məcəllənin: 1.1. maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. 24.2. maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1. maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki iş materialları əsasında müəyyən olunmuşdur ki, hazırki iş üzrə tərəflər İddiaçı və "xxxx" MMC vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçmişdir. İddia ərizəsindən də göründüyü kimi, qeyd olunan iddia tələbi tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətindən irəli gəlir. İddia tələbində sökülməsi qeyd edilən obyekt qeyri-yaşayış sahəsidir və sahibkarlıq fəaliyyəti ilə əlaqədardır. Ona görə də, məhkəmə hesab edir ki, tərəflərin subyektiv tərkibi və mübahisənin predmeti sahibkarlıq fəaliyyəti lə bağlı olduğundan hazırki mülki iş kommersiya mübahisələrinə aiddir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 4 nömrəli Qərarına əsasən, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri baxır. Qərarın 13-cü bəndinə əsasən, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Qərarın 22-ci bəndinə əsasən, bu baxımdan məhkəmələrə izah edilir ki, qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Qərarın 25-ci bəndinə əsasən, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə məhkəmə mülki iş materiallarına əlavə olunmuş sənədləri, qanunvericiliyin tələblərini və Ali Məhkəmənin Plenum Qərarını nəzərə alıb hesab edir ki, ərizə təmin edilməli, hazırki mülki işdə subyektiv tərkibinə görə iddiaçı və cavabdeh vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçmiş, tərəflər arasında olan münasibətlər qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə aid olmaqla, iddia tələbi predmetinə görə cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətdən irəli gələn mübahisə olduğundan mülki işə ümumi icraat qaydasında deyil, kommersiya məhkəməsində baxılmalı, bu səbəbdən də hazırki mülki iş aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Mülki Prosessual Məcəllənin: 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizə təmin edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-882/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-882/2025
23.01.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver