Məhkəmə qərarları › İş №e-2(006)-1837/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1837/2023

27.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1837/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İş № e-2(006)-1837/2023 AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN QƏTNAMƏ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2023-cü il Bakı şəhəri Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Malliyyə Nazirliyinə qarşı “qanunsuz cinayət təqibinə görə kompensasiyanın ödənilməsi və insan hüquqları pozuntusunun tanınması” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Malliyyə Nazirliyinə qarşı “qanunsuz cinayət təqibinə görə kompensasiyanın ödənilməsi və insan hüquqları pozuntusunun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz cinayət təqibinə məruz qalmağa görə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 10000 (on min) manat tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 2020-ci ilin oktyabr ayında barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizəsi verilmişdir. Məhkəmə şikayət ərizəsi düzgün tərtib edilməməsi əsası ilə icraata götürülməkdən imtinaya dair qərar qəbul etmişdir (sədrlik edən Nəriman Mehdiyev). Eyni əsaslarla ikinci dəfə eyni şəxs barəsində xüsusi ittihamla yenidən məhkəməyə müraciət etmişdir. Bu dəfə də məhkəmə mötəbərliyi bəlli olmayan sənədlər olduğu üçün, sənədlərin əslinin təqdim edilmədiyiəsası ilə xüsusi ittihamı icraata qəbul etməkdən imtina etmişdir. Üçüncü dəfə eyni şəxsin,eyni əsaslarla xüsusi ittihamı hakim Nəriman Mehdiyevin icaatına verilmişdir. Hazırlıq iclasında prosesdə iştirak etmək imkanı olmamışdır, hakim isə heç bir əsas olmadan, əvvəlki qərarının ziddinə işin icraata qəbul edilməsinə dair qərar qəbul etmişdir. İlkin baxış iclası 09 mart 2022-ci il tarixinə təyin edilmişdir. Prosesdə o və vəkili Mehdiyev Polad iştirak etdi. Lakin xüsusi ittihamçı lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq üzürsüz səbəbdən prosesdə iştirak etməmişdir. İkinci baxış iclası 17 mart 2022-ci il tarixinə təyin edilmişdir. Prosesdə yenə vəkili ilə iştirak etdi. Yenə də lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq xüsusi ittihamçı prosesdə iştirak etməkdən yayınmışdır. AR CPM-nin tələblərinə əsasən xüsusi ittihamçı üzürlü səbəb olmadan təkrarən məhkəmə prosesində iştirak etmədikdə xüsusi ittiham qaydasında icraata xitam verilir və cinayət təqibinə xitam verilir (AR CPM-nin 43.2 və 315.5-ci maddələri). Onun israrlı tələbinə əsasən və qanunvericiliyin diqtəsini nəzərə almayan qərəzli hakim Nəriman Mehdiyev işi 29 mart 2022-ci il tarixinə təyin etdi. Qanunvericiliyin imperativ tələbini nəzərə almayan hakim onu qanunsuz olaraq cinayət təqibinə məruz qoymuş oldu. Cinayət təqibi artıq xüsusi ittiham mahiyyətindən kənara çıxıb, hakim Nəriman Mehdiyevin qanunsuz qərarına söykənir. Ümumiyyətlə qeyd edir ki, hakim ona qarşı xüsusi ittiham işində tamamilə səlahiyyətsizdir. Belə ki, xüsusi ittiham qaydasında işlərə baxılması məlumatın yayıldığı yerin (ehtimal olunan cinayətin baş verdiyi yer) və ya bu müəyyən olunmadıqda isə məlumatı yayan şəxsin qeydiyyat ünvanının olduğu yerin məhkəməsində baxılır. Ərazi aiddiyyatının pozulması yolverilməzdir və ciddi prosessual pozuntudur. Həmçinin bu hakim barəsində xüsusi qərardan çıxarılması, eyni zamanda intizam icraatının açılması üçün əsaslar arasındadır. O, Balakən Rayonu, Mikayıl Müşviq küçəsinə qeydiyyatdadır. Həmçinin ehtimal olunan yayılmış məlumatların onun tərəfindən və ya başqa şəxs tərəfindən yayılması, harda yayılmasını müəyyən etmək mümkün deyil. Sənədlərin əsli və ya əslinə bərabər surəti təqdim edilmədiyi üçün sənədlərin yayılma yerini müəyyən etmək mümkün deyil. Belə olan təqdirdə yeganə səlahiyyətli məhkəmə Balakən Rayon Məhkəməsidir. Nəticə olaraq hakim işi icraatına qərəzli və əsassız olaraq götürmüşdür,əlavə olaraq səhv götürməsinə baxmayaraq xüsusi ittihamçının iki dəfə təkrarən prosesə gəlməməsi ittihamdan imtina etməsi kimi qiymətləndirilir və nəticə olaraq prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilməli, iş icraatı xitam olunmalı idi. 17 mart 2022-ci il tarixində hakim xüsusi ittihamçının təkrarən prosesə gəlməməsi əsası ilə işə xitam verməyə məcbur idi, bu qanunvericiliyin və onun tələbi idi. Ondan sonra təyin edilən proses onun təqsirsizlik prezumpsiyasını pozmaqla bərabər hakim səhvi nəticəsində qanunsuz olaraq təqib olunmağına gətirib çıxarmaqdadır Məhkəmə iclasında iştirak edən iddiaçi İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-173/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, X5, Layic Aqil Tacir oğlunun barəsində xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin maddələrdə nəzərdə tutulan cəzalara məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (sədrlik edən hakim X20) 29 yanvar 2021-ci il tarixli qərarına əsasən X2 Layic Aqil Tacir oğlu barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər:X6 (sədrlik edən və məruzəçi), X9 və X3 ibarət tərkibdə)16 mart 2021-ci il tarixli, qərarı ilə xüsusi ittihamçı X5 və onun nümayəndəsi vəkil X11 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilmiş, Layic Aqil Tacir oğlunun Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə X2 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 79/2021 saylı, 29 yanvar 2021-ci il tarixli qərarı ləğv edilmiş, xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X12 (sədrlik edən və məruzəçi), X1 və X7 ibarət tərkibdə) 29 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Layic Aqil Tacir oğlunun kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2021-ci il tarixli, 1(103)- 532/2021 nömrəli qərarı (Layic Aqil Tacir oğlunun kassasiya şikayətinə münasibətdə) dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (sədrlik edən hakim X4) 21 aprel 2022-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 147.1-ci maddəsi ilə 1000 (bir min) manat məbləğində cərimə cəzasına, CM-nin 148-ci maddəsi ilə 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasının təyin edilməsi, cərimənin hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X13 ibarət tərkibdə) 2 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cərimə cəzasına məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(007)- 8/2022 saylı hökmü ləğv edilmiş, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin yazılı müraciəti təmin edilərək, xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-173/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı və onunla Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün ləğv edilməsi, İddiaçı barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə icraata AR CPM-in 43.1.1 və 43.2-ci maddələrinə əsasən, yəni xüsusi ittihamçının cinayət təqibindən imtina etməsi əsası ilə xitam verilməsi qərara alınmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Məhkəmə qeyd edir ki, İddiaçı Tahir oğlunun xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 43.1.1 və 43.2-ci maddələrinə əsasən, yəni xüsusi ittihamçının cinayət təqibindən imtina etməsi əsası ilə xitam verilməsi «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş ziyanın ödənilmə əsasları sırasına daxil deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olaraq irəli sürüldüyünə görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı “Dövlət rüsumu haqqında” Qanunun 9.1.13-cü maddəsinə əsasən (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər) dövlət rüsumunu ödəməkdən azaddır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Malliyyə Nazirliyinə qarşı “qanunsuz cinayət təqibinə görə kompensasiyanın ödənilməsi və insan hüquqları pozuntusunun tanınması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar