Məhkəmə qərarları › İş №e-2(006)-1923/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1923/2021

06.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1923/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəlikləri icra edilməsi, müqavilə predmetinin təhvil verilməsi, vurulmuş maddi və mənəvi zərərin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 2 girişli 16 mərtəbəli yaşayış evinin giriş (blok) İİ mərtəbə 10, ümumi sahəsi 259 kv.m olan 4 otaqdan ibarət 77 saylı təcrid olunmuş mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilməsi, maddi və mənəvi zərərə görə 10.000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 10.030 manat məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, «Payçı» İddiaçı ilə «İcraçı» Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət arasında 04 aprel 2011-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən, «İcraçı» ünvan 2 ünvanında 2 girişli 16 mərtəbəli asayiş evinin giriş (blok) İİ mərtəbə 10, ümumi sahəsi 259 kv.m olan 77 saylı mənzili təcrid olunmuş 4 otaqdan ibarət bir pay kimi «Payçı»ya verməyi öz öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən, «Payçı» müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürür; 2.2-ci bəndinə əsasən, “Payçı" bu müqavilədə göstərilmiş məbləği razılaşmaya müvafiq olaraq vaxtında ödəməyi, bina istismara verildikdən sonra mənzili qəbul etməyi, zövqünə uyğun olaraq (baş kommunikasıyanın xətləri istisna olmaqla) təmir və quraşdırma işləri aparmağı, bu müqavilədə göstərilmiş mənzilin ümumi sahəsinin layihə sənədlərinin dəqiqləşdirilməsi ilə əlaqədar sonradan əlavə olunan hər kvadrat metr yaşayış sahəsi üçün ödənişlərı razılaşdırılmış qiymətə uyğun olaraq qeyri-şərtsiz ödəməyi su, elektrik, qaz sayğaclarının quraşdırılması və orderin verilməsi ilə bağlı bütün xərcləri ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr sahə üçün 2316,6 manat təşkil edir. Sahəsi 259 kv.m olan mənzil üçün cəmi 600.000 manat ödənilməlidir; 4-cü bəndinə əsasən tikinti işləri başa çatdıqdan sonra “İcraçı” mənzili təhvil verir, “Payçı” mənzili qəbul edir. Təhvil-təslim aktı tərəflərin imzası ilə təsdiq olunan aktla sənədləşdirilir. Bundan başqa, müqavilə üzrə verilmiş 04 aprel 2011-ci il tarixli 03 nömrəli «arayış»dan da göründüyü kimi, ünvan 3 360 məhəllə küçəsi ünvanındakı yaşayış binası Cavabdeh MMC-yə məxsusdur, Binanın İl giriş 10 mərtəbəsində, ümumi sahəsi 259 kv.m olan 4 otaqlı 77 saylı mənzilin pay dəyəri 600.000 manat payçı İddiaçı tərəfindən tam ödənilmişdir, Cavabdeh MMC-yə borcu yoxdur. Göstərilən müqavilənin bağlanmasına və binanın faktiki olaraq tikilib başa çatdırılmasına baxmayaraq, habelə hazırkı iddia ərizəsinə əlavə olunmuş pretenziya məktubunun göndərildiyi tarixədək mənzil Cavabdeh tərəfindən İddiaçı verilməmiş, mənzilin təmirinə buraxılmamışdır. Sonda iddiaçının nümayəndəsi (vəkili) iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 185-ci madəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət arasında 04 aprel 2011-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən, «İcraçı» ünvan 2 ünvanında 2 girişli 16 mərtəbəli asayiş evinin giriş (blok) İİ mərtəbə 10, ümumi sahəsi 259 kv.molan 77 saylı mənzili təcrid olunmuş 4 otaqdan ibarət bir pay kimi «Payçı»ya verməyi öz öhdəsinə götürür; müqavilənin 1.2-ci bəndinə əsasən, «Payçı» müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürür; müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr sahə üçün 2316,6 manat təşkil edir. Sahəsi 259 kv.m olan mənzil üçün cəmi 600.000 manat ödənilməlidir; 4-cü bəndinə əsasən tikinti işləri başa çatdıqdan sonra “İcraçı” mənzili təhvil verir, “Payçı” mənzili qəbul edir. İş materiallarında olan 04 aprel 2011-ci il tarixli, 03 nömrəli maliyyə arayışından da görünür ki, ünvan 3 360 məhəllə küçəsi ünvanındakı yaşayış binası Cavabdeh MMC-yə məxsusdur, Binanın İl giriş 10 mərtəbəsində, ümumi sahəsi 259 kv.m olan 4 otaqlı 77 saylı mənzilin pay dəyəri 600.000 manat payçı İddiaçı tərəfindən tam ödənilmişdir, Cavabdeh MMC-yə borcu yoxdur. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi hallar onun məhkəməyə təqdim etdiyi sənədlərlə ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, 04 aprel 2011-ci il tarixli, 03 nömrəli maliyyə arayışından göründüyü kimi ünvan 3 360 məhəllə küçəsi ünvanındakı yaşayış binası Cavabdeh MMC-yə məxsusdur, binanın İl giriş 10 mərtəbəsində, ümumi sahəsi 259 kv.m olan 4 otaqlı 77 saylı mənzilin pay dəyəri 600.000 manat payçı İddiaçı tərəfindən tam ödənilmişdir, Cavabdeh MMC-yə borcu yoxdur. Ona görə də İddiaçı Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 2 girişli 16 mərtəbəli yaşayış evinin giriş (blok) İİ mərtəbə 10, ümumi sahəsi 259 kv.m olan 4 otaqdan ibarət 77 saylı təcrid olunmuş mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilməsinin təmin edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, iddiaçıların tələbi iddiaçıya vurulmuş maddi və mənəvi zərərə görə 10.000 manat məbləğində kompensasiya ödənilməsindən ibarətdir. Lakin, iddiaçı öz iddiasının əsasına dair hər hansı məbləğdə maddi və mənəvi zərər vurulduğuna və həmin zərərin nədə ifadə olunduğuna dair hər hansı bir mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Eyni zamanda məhkəmə aşağıdakıları da qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında qeyd olunur: «Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. MM-nin 178.8-ci maddəsinin məzmunundan göründüyü kimi, mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı, həmçinin Mülki Məcəllənin 157.1-ci maddəsində öz əksini tapmışdır. Bununla yanaşı, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 17.2-ci maddəsinə müvafiq olaraq tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Həmin Qanunun 17.5-ci maddəsində isə göstərilmişdir ki, bu Qanunun 17.2-17.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir. Bu mənada «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 17.2-ci maddəsində nəzərdə tutulmuş qayda mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmiş mülkiyyətçinin mülkiyyət hüququnun tanınması tələbini gələcəkdə həyata keçirməsi üçün əlavə təminat kimi qəbul edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər». Məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməyərək ünvan 1 ünvanında inşa edilmiş 2 girişli 16 mərtəbəli yaşayış evinin giriş (blok) İİ mərtəbə 10, ümumi sahəsi 259 kv.m olan 4 otaqdan ibarət 77 saylı yaşayış sahəsini İddiaçı təhvil verməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə da, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görəməsuliyət daşıdığından, habelə binada tikinti işləri başa çatdığından və iddiacı tərəfindənmənzilin dəəri tam şəkildə ödənildiyindən cavabdeh müqavilə üzrə mənzili təhvil verməkdən ibarət öhdəliyini icra etməlidir. Eyni zamanda iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərərin vurulmasını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilmədi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia 10000 manat məbləğində zərərin tutulması barədə tələbi əsassızdır və təmin edilməməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 2 girişli 16 mərtəbəli yaşayış evinin giriş (blok) İİ mərtəbə 10, ümumi sahəsi 259 kv.m olan 4 otaqdan ibarət 77 saylı təcrid olunmuş mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 2 girişli 16 mərtəbəli yaşayış evinin giriş (blok) İİ mərtəbə 10, ümumi sahəsi 259 kv.m olan 4 otaqdan ibarət 77 saylı təcrid olunmuş mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu 30 (otuz) manat məbləğində vəsait Cavabdeh MMC-dən tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar