Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1940/2024 04.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Bədəlov Nurəddin Natiq oğlunun katibliyi, Ərizəçi "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi "xxxx" MMC-nin Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi "xxxx" MMC Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ödənilmiş 100 manat dövlət rüsumunun maraqlı şəxsdən tutulmasını və barışıq sazişinin təsdiq edilməsini təmin edən qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə və maraqlı şəxs Cavabdeh arasında borcun ödənilməsi barədə imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi 18 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmişdir. Həmin barışıq sazişinin 2ci bəndinə əsasən Cavabdeh borcu xx.xx.2024-cü il tarixinədək ödəməyi öhdəsinə götürməsinə və həmin müddətin bitməsindən 11 gün keçməsinə baxmayaraq, barışıq sazişində qeyd olunan öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə hazırlıq iclasında ərizəçi "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib bildirdi ki, ərizəçi tekstil işi ilə məşğuldur, aralarında olan alqı-satqı müqaviləsi üzrə Cavabdeh ərizəçiyə borcu yaranmış, borcla bağlı mediasiya prosesi zamanı razılıq əldə edilərək saziş bağlanmış, lakin o, sazişdə göstərilən müddət ərzində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki işin materiallarında olan "xxxx" MMC-nin (VÖEN: **********) nümayəndəsi Nümayəndə ilə maraqlı şəxs Cavabdeh (VÖEN: **********) arasında Bakı 18 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/18/2023-01459 nömrəli barışıq sazişindən görünür ki, mübahisənin növü kimi “kommersiya” seçilmiş, predmeti kimi isə “42660 manat borcun ödənilməsi tələbi” göstərilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh (VÖEN: **********; VÖEN statusu: fəaliyyətini müvəqqəti dayandırmış) xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, ərizəçi "xxxx" MMC (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyət təşkilati-hüquqi formasında yaradılmış kommersiya hüquqi şəxsidir. Mülki qanunvericiliyin tələbinə görə, kommersiya hüquqi şəxsi məhz həyata keçirdiyi fəaliyyətdən gəlir əldə etmək məqsədilə yaradılır. Maraqlı şəxs qismində cəlb edilmiş Cavabdeh (VÖEN: **********) isə vergi ödəyicisi kimi qeydiyyata alınmış fərdi sahibkar olması ərizəyə əlavə edilmiş barışıq sazişi və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən real vaxt rejimində əldə edilmiş məlumatlarla öz təsdiqini tapmışdır. Deməli, hazırki mübahisənin subyektiv tərkibi olan ərizəçi "xxxx" MMC kommersiya fəaliyyəti ilə məşğul olan, maraqlı şəxs Cavabdeh isə fərdi sahibkar statusuna malik olan vergi ödəyicisi olmaqla, onların hər biri sahibkarlıq fəaliyyəti subyektləridir. Tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinə gəldikdə isə məhkəmə qeyd edir ki:
1. ərizəyə əlavə edilmiş barışıq sazişində hər iki tərəfin VÖEN-nin qeyd edilməsi;
2. mübahisənin növü kimi “kommersiya” seçilməsi;
3. predmetin yüksək məbləğdə borc (42660 manat) olması;
4. ərizəçinin nümayəndəsinin izahatında ərizəçinin tekstil fəaliyyəti ilə məşğul olduğunu və maraqlı şəxsə satdığı malların pulu ilə bağlı yaranmış mübahisənin məhz mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi ilə həll edilməsi məsələsini bildirməsi (barışıq sazişinin bağlandığı 2023-cü ildə qüvvədə olan “Mediasiya haqqında” qanunun imperativ normasına görə, kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməzdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməli idilər, lakin ümumi məhkəmədə baxılmalı olan mülki işlər (pul tələbinə dair) üzrə belə imperativ tələb olmamışdır) onu deməyə əsas verir ki, hazırki iş üzrə tərəflər arasında yaranmış münasibətlər kommersiya münasibətləri olmuş, bu münasibətlərdən yaranan mübahisələr isə kommersiya mübahisələri olduğundan, həmin mübahisəyə dair mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəyə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində deyil, məhz aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26-cı maddəyə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının: 11-ci bəndində göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 14-cü bəndinə əsasən, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bəndinə görə, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 20-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. 28-ci bəndinə görə, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Beləliklə, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm hüquq münasibətlərinin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması müəyyən edildiyindən məhkəmə belə qənaətə gəlir ki, hazırki mübahisəyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin: 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-32.4, 32.7-ci maddələrinin tələblərinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, ərizəçi "xxxx" MMC-nin Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-32 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Ərizəçi "xxxx" MMC-nin Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova