Məhkəmə qərarları › İş №e-2(006)-1958/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1958/2024

23.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1958/2024 23.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə, "xxxx" MMC-yə qarşı "protokolun və müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə, "xxxx" MMC-yə qarşı "protokolun və müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 evin, 1 saylı mənzilini ipoteka saxlayan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə satılmasına dair "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 281/23 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Protokolun və tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Mərkəz” filialı ilə onun arasında bağlanmış 163/18 saylı, 18 iyul 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" ASC-nin “Mərkəz” filialı ona ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın alınması üçün, illik faiz dərəcəsi 7% olmaqla, 211 ay müddəti ilə aylıq 825,19 manat ödəmək şərti ilə 100.000 (bir yüz min) manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı olaraq tam mülkiyyət hüququ üzrə özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 18 saylı evin, 1 saylı mənzili ipotekaya götürülmüş və bununla bağlı xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. İpoteka ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 2898 nömrəli reyestr kitabının 270362 nömrəli vərəqində (reyestr nömrəsi **********5- 05301-093018, qeydiyyat nömrəsi **********) xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Qeyd olunmalıdır ki, “Kreditor-İpoteka saxlayan” qismində Cavabdeh1 ASC ilə “Alıcı- İpoteka qoyan” qismində o və “Satıcı” qismində X1 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, “Satıcı” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı onun mülkiyyətinə vermiş, daşınmaz əmlakın satış qiyməti 160.000 manat təşkil edirdi və o mənzilin dəyərinin 60.000 manat məbləğində olan hissəsini özü ödəmiş, 100.000 manat məbləğində olan hissəsini isə “Kreditor-İpoteka saxlayan” tərəfindən xx.xx.2018-ci il tarixli, 163/18 saylı kredit müqaviləsinə əsasən verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Sonra aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, 163/18 saylı kredit müqaviləsinin təminatı kimi o mülkiyyətində olan ünvan 5 evin 1 nömrəli mənzili ipoteka ilə yüklü etmişdir. Bildirmək istəyir ki, maddi sıxıntıları olduğundan, banka olan kredit borcumu bir neçə ay ödəyə bilməmişdir. Lakin, sonradan tərəfindən ödəniş edilməsinə baxmayaraq, bank həmin ödənişi faizə silərək onu məhkəməyə vermişdir. Belə ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti mənə qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, məndən Cavabdeh1 ASC-nin xeyrinə 89.656,39 manat əsas, 3.382,11 manat faiz, cəmi 93.038,5 manat pulun, iddia ərizəsinə görə ödənilmiş 370 manat dövlət rüsumunun və bildirişin ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi qeydiyyatı ilə bağlı 45 manat ödənişin tutulması, ipoteka predmeti olan ona məxsus Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 18 saylı evin, 1 saylı mənzilinin ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 18 saylı evin, 1 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsi ilə satılması və bankın kredit tələbi satılmış əmlakın hesabına ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 18 saylı evin, 1 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və digər şəxslər 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1034/2022 saylı, 03 iyun 2022-ci il tarixli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 163/18 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 89.656,39 manat əsas borcun, 3.382,11 manat faiz borcunun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 370 manatın, ipoteka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun, cəmi 93.453,5 (doxsan üç min dörd yüz əlli üç manat, əlli qəpik) manat məbləğində pulun tutulması, həmin tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş ünvan 5 evin 1 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin (likvid dəyəri) 215.000 (iki yüz on beş min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılması, ipoteka predmeti olan əmlak açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması, cavabdeh İddiaçı həmin mənzilindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermişdi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(103)-454/23 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, e-2(009)-1034/2022 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən, ipoteka predmetinin ilkin satış qiymətinin 215000 manat məbləğində müəyyən edilməsi hissədə dəyişdirilmiş, ipoteka predmeti olan, ünvan 5 evin, 1 saylı mənzilinin likvid dəyəri 340000 manat həddində müəyyən edilmiş, qətnamə cavabdeh İddiaçı apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti versə də, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra mənzili barəsində aparılan hərəkətlərdən məlumatsız olmuşdur. Bu yaxınlarda ona məlum olmuşdur ki, onun mənzili "xxxx" MMC-i tərəfindən hərraca çıxarlmış və alıcı olmadığından, həmin mənzil 25% aşağı qiymətlə tələbkara təklif edilmişdir. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti hımin məzili qəbul etmiş və buna dair cavabdehlə onun arasında ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 281/23 saylı xx.xx.2024-cü il tarixli protokol və müqavilə tərtib edilmişdir. Hesab edir ki, aparılmış hərrac qanunsuz olmuş və bu hərracın keçirilməsinə dair ona heç bir məlumat verilməmişdir. Qeyd olunmalıdır ki, mənzili Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə keçməsinə dair məlumatı aldıqdan dərhal sonra o cavabdehə müraciət etmişdir və əməkdaşlarından soruşmuşdu ki, hansı əsaslarla ona hərracın keçirilməsi barəsində məlumatı verməmişlər. Onlar isə bildirmişlər ki, bu barədə məlumat onlar tərəfindən onun ünvanına göndərilmiş, lakin ona çatdırılmamışdır. Qeyd etmək istər ki, cavabdehin təqdim etdiyi sənədlərə baxdığı zaman, ona məlum olmuşdu ki, cavabdeh ona xx.xx.2023-cü il tarixində “MPS” surətli poçtla 104339 saylı bildirişlə nəisə göndərmiş və bildirişdə 06.11.23 göstərməklə qeyd olunmuşdur ki, “qapı bağlıdır”. Cavabdehin təqdim etdiyi “MPS” 105909 saylı bildirişdə isə 03.12.23 tarix göstərilməklə guya ona yenə nəisə göndərmiş və bildirişdə 06.11.23 göstərməklə qeyd olunmuşdur ki, “köçüb”. Bildirmək istərdi ki, cavabdehin təqdim etdiyi bu bildirişlərdən də görünür ki, cavabdeh “MPS” şirkətinin əməkdaşları ilə hansısa sövdələşmənin nəticəsində bu bildirişləri onlardan götürmüşdür. Belə ki, bildirişlərdən də göründüyü kimi, cavabdeh reallıqda ona heç bir sənəd-bildiriş göndərməmişdir. Bildirişlərə nəzər yetirdikdə həmin “MPS” şirkətinin verdiyi bildirişlərdə məktubun qəbul edilmə və geri qaytarılma tarixlər göstərilsə də, həmin bildirişlərdə saatlar qeyd olunmamışdır. Digər tərəfdən bildirişlərdə hansı sənədin ümumiyyətlə nəyin göndərilməsi də öz əksini tapmır. Halbuki, hamımız surətli poçtla kifayət qədər çoxsalı sənədlər göndərmiş və göndərməyə dair bildirişlərdə mütlək şəkildə hansı sənədin göndərilməsi və göndərmə tarixi ilə yanaşı sənədin göndəricidən qəbul edilməsinə dair saat da göstərilir. Göründüyü kimi, bu bildirişlər formal olaraq cavabdeh tərəfindən özünün iş materiallarına əlavə edilmişdir. Başqa sözlə, təqdim olunan bildirişlərin surətlərindən görünür ki, hərracın təşkilatçısı hərracların keçirilməsi barədə onu məlumatlandırmamış və məlumatlandırmaq niyyətində də olmamışdır. Qeyd olunduğu kimi, o, ipoteka predmeti olan həmin əmlakın açıq hərracdan satışı ilə bağlı heç bir məlumat əldə edə bilməmiş, nə icra qurumu, nə də hərrac təşkilatı ona bu barədə rəsmi və s. qaydada məlumatlandırmamışdır. Halbuki, həmin mənzilin açıq hərracdan satışı ilə bağlı keçirilən hərraclar barədə məlumatı olsaydı mülkiyyətindəki ipoteka predmeti olan mənzilin açıq hərracdan özü alıcı qismində iştirak edərək əldə edəcəkdi və belə olan halda icra sənədi üzrə ilkin satış qiyməti 340.000 manat müəyyən edilmiş mənzilin tələbkar tərəfindən hətta likvid qiymətindən də xeyli aşağı qiymətə - 216.750 manata eldə edilməsi üçün şərait yaranmayacaqdı. O da qeyd olunmalıdır ki, hərracın formal olması və reallıqda heç bir hərracın keçirilməməsi onunla da sübuta yetirilir ki, ona məxsus olan mənzil 4 otaqdan ibarət olmaqla, İçəri şəhər metrostansiyasının yanında yerləşir və çıxarışda mənzilinin ümumi sahəsi 155,1 kv.m. göstərilsə də, texniki pasportuna uyğun olaraq faktiki sahəsi 178 kv.m. ibarətdir, mənzil tam yüksək şəkildə təmir olunmuş və maraqlıdır ki, belə bir mənzilin, mənzil bazarında olan iki otaqlı mənzilin satış qimətinə uyğun qiymətə satılığı təqdirdə onun alıcısı olmamışdır. Halbuki, həmin ərazidə yeni tikilmiş eyni binada ümumi sahəsi 70-80 kv.m. olan 2 otaqlı mənzilin qiyməti 300.000 manatdan artıqdır. Göründüyü kimi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlə əlbir olaraq onun mənzilinə sahiblənmək istəmişdir ki, buna da nail olmuşdur. Daha sonra İddiaçı “iddianın dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 5 evin, 1 saylı mənzilinin ipoteka saxlayan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə satılmasına dair "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 281/23 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Protokolun və tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Müqavilənin etibarsız hesab edilməsi və bunun nəticəsində Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin adına “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 saylı Bakı şəhər Ərazi İdarəsində mülkiyyət hüquqlarına dair aparılan reyestr qeydlərinin ləğv edilməsi və daşınmaz əmlak üzərində İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Əsaslandırıcı hissə: Mülki işin materialları: Mülki işin materiallarında (bundan sonra işin materiallarında) olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 5 evin, 1 saylı mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-454/2023 saylı icra vərəqəsindən görünür ki, Cavabdeh İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 163/18 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi uzrə xx.xx.2022-ci il tarixə yaranmış 89656,39 manat əsas borc, 3382,11 manat faiz j borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 370 manat, ipoteka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumu, cəmi 93453.5 (doxsan üç min dörd yüz əlli üç manat, əlli qəpik) manat məbləğində pulun tutulması, həmin tutma cavabdeh İddiaçı mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş ünvan 5 evin 1 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlak ilkin satış qiyməti 340.000 manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli tərəflərə ünvanlanan məktubdan görünür ki, icra sənədində qeyd edilən tələb könüllü icra müddəti ərzində borclular tərəfindən təmin edilməmişdir. Qeyd olunanları nəzərə alaraq icra sənədi üzrə borclu İddiaçı məxsus ünvan 5 evin, 1 saylı mənzilin satışının təmin olunması xahiş edilmişdir. Göstərilən əmlakın ilkin satış qiyməti 340.000 manat müəyyöən edilmişdir. İş materiallarına əlavə olunmuş 281/23 nömrəli xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ünvan 5 evin, 1 saylı mənzilinə dair 30 noyabr 2023-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şössesi 27 ünvanında hərracın keçiriləcəyi barədə məlumat göndərilmişdir. İş materiallarına əlavə olunmuş 281/23 nömrəli xx.xx.2023-cü il tarixli bildirişinin göndərilməsi barədə 104339 №-li qəbzin üzərində aparılmış qeydlərdən görünür ki, Bakı Hərrac Mərkəzi" MMC tərəfindən İddiaçı ünvan 5 evin, 1 saylı ünvanına göndərilmiş bildiriş qapı bağlı olduğundan iddiaçıya təqdim olunmamışdır. İş materiallarına əlavə olunmuş 281/23 nömrəli xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ünvan 5 evin, 1 saylı mənzilinə dair 19 dekabr 2023-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şössesi 27 ünvanında hərracın keçiriləcəyi barədə məlumat göndərilmişdir. İş materiallarına əlavə olunmuş 281/23 nömrəli xx.xx.2023-cü il tarixli bildirişinin göndərilməsi barədə 105909 №-li qəbzin üzərində aparılmış qeydlərdən görünür ki, Bakı Hərrac Mərkəzi" MMC tərəfindən İddiaçı ünvan 5 evin, 1 saylı ünvanına göndərilmiş bildiriş iddiaçı köçdüyündən ona təqdim olunmamışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 281/23 saylı protokoldan və xx.xx.2024-cü il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Müqavilədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-454/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi və Səbail rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında, İddiaçı məxsus ünvan 5 evin, 1 saylı mənzilin 216750 manata “İpoteka Haqqında” Azərbaycan Respublikası 43.7-ci maddəsinə əsasən "xxxx" ASC-yə satılmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin arayışından görünür ki, ünvan 6 ünvanında yerləşən, əla təmirli mənzillərin 1 kv.m.-nin bazar dəyəri mənzillərin mərtəbəliliyindən, təmirliliyindən və təchizatından asılı olaraq xx.xx.2024-cü il tarixə: 3500- 4000 manat təşkil edir. İş materiallarından görünür ki, ünvan 5 evin, 1 saylı mənzilinə dair hərracın keçirlənməsi barədə qəzetdə elanlar verilmişdir. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. “İcra haqqında” Azərbaycan Respublikasinin Qanunu Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Məhkəmə hesab edir ki, ünvan 5 evin, 1 saylı mənzili ilə bağlı keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan poçt qəbzlərinə əsasən cavabdeh "xxxx" MMC tərəfindən iddiaçılara pasport qeydiyyatı üzrə ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş, hərrac barədə qəzetdə elanlar verilmişdir. Məhkəmə qeyd edir ki, hərrac təşkilatı tərəfindən ipoteka qoyana bildirişlərin göndərildiyi halda onun həmin ünvanda olmaması və ya bildirişin şəxsən onun tərəfindən alınmaması halı hərrac təşkilatının məsuliyyətini yarada bilməz. Ümumiyyətlə bu məsələ ilə bağlı “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında müəyyən edilən hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi barədə hələ 2022-ci ildə müvafiq məhkəmə qətnaməsinin çıxarılmasından, həmin qətnamənin 2023-cü ildə apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilərək, qalan hissədə isə qüvvədə saxlanılmasından, kassasiya instansiyası məhkəməsi tərəfindən isə qüvvədə saxlanılmasından məlumatlı olsa da, Banka olan borcun ödənilməsi və mənzilə tutma yönəldilməməsi istiqamətində heç bir addım atmamışlar. Halbuki, o, hərracın nəticələri ilə maraqlanmaq barədə subyektiv öhdəlik daşımışdır. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı ünvan 5 evin, 1 saylı mənzilinin ipoteka saxlayan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə satılmasına dair "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 281/23 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Protokolun və tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Müqavilənin etibarsız hesab edilməsi tələbi rədd edildiyindən, iddianın “Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin adına “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 saylı Bakı şəhər Ərazi İdarəsində mülkiyyət hüquqlarına dair aparılan reyestr qeydlərinin ləğv edilməsi və daşınmaz əmlak üzərində İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbləri ilk tələblə birbaşa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla rədd edilməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASCyə, "xxxx" MMC-yə qarşı "protokolun və müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə, "xxxx" MMC-yə qarşı "protokolun və müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar