Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1995/2023 24.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “təhqiqat, istintaq, məhkəmə və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın əvəzi olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 500.000 (beş yüz min) manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Tərtər Hərbi Məhkəməsinin 1(098)- 91/2018 saylı, 14 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, cinayət Məcəlləsinin 338.2-ci maddəsi ilə təqsirli bilinməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəlinin 08 may 2017-ci il tarixdən hesablanması hökm olunmuşdur. Gəncə Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qərarı ilə onun verdiyi apellyasiya şikayəti təmin edilməyərək Tərtər Hərbi Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Daha sonra isə Azərbaycan Respubıikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr, 2020-ci il tarixli qərarı ilə verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Daha sonra Azərbaycan Respublikası Baş X3 yeni açılmış hallar üzrə icraat qaydasında ərizə verərək özü özlüyündə və əvvəllər müəyyən edilmiş digər hallarla birlikdə məhkum edilmiş şəxslərin o cümlədən onun təqsirsizliyinə dəlalət edən Tərtər Hərbi Məhkəməsinin, Gəncə Apelyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhəkəməsinin qərarları çıxarılan zaman məhkəməyə və prokurora məlum olmayan və beləliklə, həmin cinayət işi üzrə məhkəmələrin göstərilən qərarlarına yeni açılmış halların müəyyən edildiyini bu səbəbdən də cinayət işinin qeyd olunan qərarların ləğv edilərək cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışının təyin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 30 sentyabr, 2022-ci il tarixli 12-1(102)-8/2022 saylı Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 20 iyun 2019-cu il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr, 2020-ci il tarixli qərarının, Gəncə Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 16 oktyabr, 2018-ci il tarixli yekun qərarı və Gəncə Apelyasiya Məhkəməsinin Apelyasiya şikayətləri üzrə məhkəmə baxışının təyin edilməsi haqqında qərarlarının ləğv edilməsi, cinayət işinin Apelyasiya instansiya məhkəməsində yenidən ilkin baxışının təyin edilməsi qərara alınmışdır. Daha sonra Azərbaycan Respublikası Baş prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi birgə istintaq qrupunun rəhbəri kiçik ədliyyə müşaviri Qasım Məmmədovun 06 dekabr, 2022-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işinin İddiaçı, yəni onun Cinayət Məcəlləsinin 274, 338.1.338.2 və 341.3-cü maddələri ilə təqsirləndirilməyinə dair hissəsində təqsiri sübuta yetirilmədiyinə görə CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. O, yuxarıda göstərilən dövlət orqanlarının qanunsuz nhərəkətləri nəticəsində maddi və mənəvi ziyan çəkmiş, şərəf ləyaqəti alçaldılmışdır. Ona qarşı uzun müddət işgəncələr verilmiş, insan ləyaqətini alçaldan rəftara yol verilmişdir. Ona dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə - ittihamı irəli sürülmüşdür. Heç bir əsas olmadan ona qarşı bu cür qondarma, yalançı, ittihamın verilməsi barəsində hökmlərin çıxması ona bir insan kimi çox dəhşətli şəkildə pis təsir etmiş, mənəvi cəhətdən çökdürmüş, həyata yaşamağa həvəsini öldürmüşdür. Belə bir ittihamla yaşamamaq üçün dəfələrlə özünü öldürmə həddinə çatmış, yaşamaq istəməmişdir, intihar etmək istəmişdir. Hələ də psixologiyası düzəlməmiş, reablitasiya olunmamışdır. Həbsdə uzun müddətli depresiyalar yaşamışdır. Hesab edir ki, göstərilən dövlət orqanları ona vurduqları maddi və mənəvi zərərə görə kompensasiya ödəməlidirlər. İddia ərizəsində onun barəsində cinayət işi istintaq edilərkən əməliyyat, istintaq və prokurorluq orqanlarının yol verdiyi ciddi qanun pozuntularını ətraflı şərh etməyi zəruri hesab edir. Belə ki, törədilmiş qanunsuzluqların xarakteri və həyata keçirmə tərzi vəzifədən açıq-aşkar sui-istifadə edildiyini göstərir, bu isə hüquq mühafizə orqanlarının maddi və mənəvi məsuliyyətinin dərəcəsinə və ölçüsünə birbaşa təsir edir. Təəssüflə qeyd edilməlidir ki, bu qanunsuzluqlara nə birinci instansiya məhkəməsi, nə də ki Apellyasiya Məhkəməsi münasibət bildirməmişdir. O, qeyd olunan dövr ərzində istintaq təcridxanasında ağır şəraitdə saxlanılmışdır, uzun müddət fiziki işgəncələrə məruz qalmış, kameralarda sıxlıq olduğundan xüsusilə yay aylarında yatmaq, istirahət etmək və başqa zəruri tələbatları təmin etmək imkanı son dərəcə məhdudlaşmışdır. Kamerada dəfələrlə halı pisləşmiş, müntəzəm dərman preparatlarını əldə etmək və qəbul etmək mümkün olmamışdır. Təcridxanada saxlanıldığı dövrdə ölkədə koronavirus pandemiyasının yayılması, təcridxanada daha sərt karantin tədbirlərinin tətbiq edilməsinə səbəb olmuş, bu isə saxlanılanların vəziyyətini daha da ağırlaşdırmışdır. Azadlıq hüququnun məhdudlaşdırılması himayəsində olan yetkinlik yaşına çatmayan uşaqlarına qayğı və diqqət göstərmək imkanından məhrum edilmişdir. Həbsdən əvvəl daimi iş yeri olmuş, cəmiyyətdə sayılıb-seçilən nüfuz sahibi olmuş, zabit şərəfini qorumuşdur, ailədə yeganə işləmək qabiliyyəti olan və qazanc gətirən şəxs olduğundan, həbsindən sonra ailəsi ağır vəziyyətə düşmüş və ehtiyac içində yaşamağa düçar olmuşlar. Onun qanunsuz həbsindən dərin sarsıntılar keçirən ailə üzvləri, dərin sarsıntı keçirmiş, cəmiyyətdə utanc hissləri keçirmişlər, vətənə xəyanət kimi ağır bir maddə ilə məhkum olunmuş insanın ailəsinin özünün və yaxın qohumlarının keçirdikləri hiss-həyəcan və dərin sarsıntıları hesab edir ki, əvəzini heç nə verə bilməz. Hüquq mühafizə orqanlarının və məhkəmələrin qeyd olunan qanunsuz hərəkətləri və sui-istifadəsi ona və ailəsinə ağır mənəvi ziyan vurmuşdur. Qeyd etdiyi kimi həbsdən əvvəl daimi iş yeri olmuş təhqiqat, istintaq, məhkəmə və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində daimi işini itirmişdir, hesab edir ki, onun həbsdə qaldığı müddət ərzində əmək haqqı da hesablanaraq ödənilməlidir. Mülki iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia tələbinə etiraz ərizəsi təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Tərtər Hərbi Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə zərərçəkmiş şəxs olduğuna əsaslanaraq onlara dəymiş maddi və mənəvi ziyana görə 500.000 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Bununla bağlı bildirilir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərərçəkmiş şəxsə kompensasiya ödənilməsi ilə bağlı müddəalar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 189-191-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 189-cu maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərərçəkmiş şəxs kompensasiya almaq hüququna o zaman malik olur ki, ona qarşı bu əməlin törədilməsi məhkəmənin hökmü ilə və ya cinayət prosesini həyata keçiriən orqanın yekun qərarı ilə müəyyən olunsun. Cinayət Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərərçəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərərçəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir. Zərərçəkmiş şəxsə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirərkən məhkəmə həmçinin kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını hökmdə göstərir. Bu baxımdan hesab edilir ki, ilk növbədə cinayət işi üzrə məhkəmə icraatı zamanı iddiaçının kompensasiya ödənilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib-etməməsi, həmin məhkəmə işi üzrə hökmdə kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılması məsələsinin qeyd olunub-olunmaması araşdırılmalıdır. Bundan başqa, Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxsə vurulmuş ziyana görə kompensasiya qismində ödənilmiş məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən yuxarıda qeyd olunan məhkəmə məsrəfi məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Göstərilənlərə əsasən bildirilir ki, məhkəmə tərəfindən kompensasiya müəyyən edilərkən, həmin kompensasiyanın dövlət büdcəsinə qaytarılması məsələsi də həll edilməlidir. Bununla yanaşı, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilərək kompensasiya tələb edilmişdir. Bununla bağlı bildirilir ki, Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Lakin, iş materiallarında iddiaçıya cinayət prosesini həyata keçirən orqanın (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının) səhvi və ya sui-istifadəsi nəticəsində ziyan dəyməsi faktını müəyyənləşdirmək mümkün deyildir. Belə ki, yuxarıda qedy olunan cinayət işi üzrə məhkum olunmuş şəxsin cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxsləri olub-olmaması məlum deyildir. Eyni zamanda, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti sözügedən cinayət işi ilə bağlı 2017-ci il 7 may tarixli bəyanat yaymışdır. Bu baxımdan hesab edilir ki, yuxarıda qeyd olunan məsələlər ilə bağlı adıçəkilən orqanların məhkəmə işinə cəlb olunması məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008- ci il tarixli 7 N-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir (ona qarşı xüsusilə ağır cinayət törədildikdə-üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə-yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə-əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə-on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasın hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil, şəxsi mülahizələrinə söykənən iddiası təmin edilə bilməz. Bundan başqa, iddiaçı maddi zərərə görə kompensasiya tələb etmişdir. Lakin, aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan maddi zərərə görə kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini rəhbər tutaraq İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, cavabdehin etiraz ərizəsini nəzərdən keçirib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Mülki işin materiallarında olan Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 1(098)-91/2018 saylı Hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinməsi və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 338.2-ci maddəsi ilə təqsirli bilinməsi və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə təqsirli bilinməsi və 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, İddiaçı cəza çəkməsinin əvvəlinin 8 may 2017ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanunu qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli, 12-1(102)-8/2022 saylı Qərarına əsasən, Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmünə əsasən İddiaçı CM-in 274,338.2 və 341.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin təqsirləndirilən şəxslərin məhkəməyə verilməsi və məhkəmə baxışın təyin edilməsi haqqında hazırlıq iclasının 14 fevral 2018-ci il tarixli qərarına, Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmünə, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayətləri üzrə məhkəmə baxışının təyin edilməsi haqqında 7 sentyabr 2018-ci il tarixli qərarına, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli yekun qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 20 iyun 2019-cu il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 senyabr 2020-ci il tarixli qərarlarına yeni açılmış hallar üzrə baxılması haqqında Azərbaycan Respublikası Baş X3 tərəfindən verilmiş ərizə təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmünə əsasən İddiaçı CM-in 274,338.2 və 341.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 20 iyun 2019-cu il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 senyabr 2020-ci il tarixli qərarları, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 16 oktyabr 2018ci il tarixli yekun qərarı və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayətləri üzrə məhkəmə baxışının təyin edilməsi haqqında sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışa təyin edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, birgə istintaq qrupunun rəhbəri, kiçik ədliyyə müşaviri X1 tərəfindən qəbul edilən 06 dekabr 2022-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan çıxarışdan görünür ki, ********* nömrəli cinayət işinin İddiaçı Cinayət Məcəlləsinin 274, 338.1, 338.2 və 341.3-cü maddələri ilə təqsirləndirilməsinə dair hissəsinə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilmiş, X2 barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilmiş və o, dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar xidmətin Bakı İstintaq təcridxanasından həbsdən azad edilmişdir. Mülki işin materiallarında olan PX Bakı İstintaq Təcridxanasından verilən 06 dekabr 2022-ci il tarixli, 2744№-li Arayışdan görünür ki, İddiaçı barəsində Tərtər Rayon Məhkəməsinin qərarı ilə CM-nin 274-cü maddəsi ilə həbs seçilmiş, 08 may 2017-ci ildən 06 dekabr 2022-ci ilədək həbsdə saxlanılıb və AR Baş Prokurorluğu İİ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilməklə xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasında həbsdən azad olunmuşdur. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən İddiaçı məxsus hesabdan çıxarışdan görünür ki, İddiaçı aylıq əmək haqqı 1245 manat məbləğində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edildi ki, Orucov X4 Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 1(098)-91/2018 saylı Hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 338.2-ci maddəsi ilə təqsirli bilinərək və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə təqsirli bilinərək və 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, İddiaçı cəza çəkməsinin əvvəlinin 8 may 2017-ci il tarixdən hesablanması hökm edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli, 12-1(102)-8/2022 saylı Qərarına əsasən, Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmünə əsasən İddiaçı CM-in 274,338.2 və 341.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 20 iyun 2019-cu il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 senyabr 2020-ci il tarixli qərarları, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli yekun qərarı və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayətləri üzrə məhkəmə baxışının təyin edilməsi haqqında sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışa təyin edilmiş, 06 dekabr 2022-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarla ********* nömrəli cinayət işinin İddiaçı Cinayət Məcəlləsinin 274, 338.1, 338.2 və 341.3-cü maddələri ilə təqsirləndirilməsinə dair hissəsinə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilmiş, X2 barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilmiş və o, dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar xidmətin Bakı İstintaq təcridxanasından həbsdən azad edilmişdir. Hazırda iddiaçı ona vurulmuş maddi və mənəvi ziyanın əvəzi olaraq 500.000 (beş yüz min) manatın cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Göründüyü kimi, İddiaçı qanunsuz olaraq azadliqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 may 2017-ci il tarixdən 06 dekabr 2022-ci il tarixədək həbsdə saxlanılmışdır. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanı səhvi və ya sui-istifadəsi nəticəsində ağır maddi və mənəvi zərər vurulmuşdur. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının əsassız olaraq həbsdə saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda, məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 67.000 manat məbləğində təmin olunmasını məhkəmə ağlabatan hesab edir. Məhkəmə iddiaçıya vurulmuş maddi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, İddiaçı N nömrəli hərbi hissənin 2-ci taborunun qərargah rəisi-tabor komandirinin müavini, kapitan vəzifəsində çalışmış və aylıq əmək haqqı 1245 manat məbləğində müəyyən edilmişdir. İddiaçıya sonuncu əmək haqqı xx.xx.2017-ci il tarixində ödənilmişdir. İddiaçı 08 may 2017ci il tarixindən etibarən azadlıqdan məhrum edildiyindən 06 dekabr 2022-ci il tarixə kimi faktiki aylıq qazancından məhrum edilmişdir. Odur ki, iddiaçının maddi ziyanın ödənilməsi barədə tələbi əsaslıdır və ödənilməli olan maddi ziyanın əvəzi 83.415 manat məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə ijlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən maddi ziyana görə 83.415 (səksən üç min dörd yüz on beş) manat və mənəvi zərərə görə 67.000 (altmış yeddi min) manat, cəmi 150.415 (yüz əlli min dörd yüz on beş) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən maddi ziyana görə 83.415 (səksən üç min dörd yüz on beş) manat, mənəvi zərərə görə 67.000 (altmış yeddi min) manat, ümumilikdə 150.415 (yüz əlli min dörd yüz on beş) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-1995/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1995/2023
24.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver