Məhkəmə qərarları › İş №e-2(006)-2167/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2167/2025

19.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2167/2025 19.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Bank Olmayan Kredit X3 Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının, digər ödənclərin verilməsi, mənəvi ziyanın, məhkəmə xərclərinin tutulması və s.» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının, digər ödənclərin verilməsi, mənəvi ziyanın, məhkəmə xərclərinin tutulması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh BOKT ASC-nin barəsində verdiyi xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli əmrlərinin ləğv edilməsi, işə bərpa edilməsi, ötən müddət üçün almadığı əmək haqqının, digər ödənclərin (məzuniyyət pulu və s.) verilməsi, 5.000 manat mənəvi zərərin ödənilməsi, məhkəmə xərcləri kimi 60 manat mediasiya üçün ödənilmiş pulun ona ödənilməsinin Cavabdeh BOKT ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh BOKT ASC-yə hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir. O, işə qəbul olunanda müşahidə şurasının sədri Azad Cavadov idi. 2024-cü ilin sonuncu rübündə Azad Cavadov vəzifəsindən azad olunmuş, şirkətdən getmişdir. Cəmiyyətin əsas söz sahibi səhmlərin böyük hissəsi məxsus və müşahidə şurasının üzvü Səməd Mirzəyev olmuşdur. Müşahidə Şurasının xx.xx.2024-cü il tarixli iclasında Səməd Mirzəyev heç bir əsas olmadan onunla kobud rəftar etmiş, uyğun olmayan ifadələr işlətmişdir. Sonuncu düşünürdü ki, o, Azad Cavadovun dövründə işə qəbul edilmişdirsə, deməli Azad Cavadovun adamıdır və s. O da, öz növbəsində S.Mirzəyevə iradını, nalayiq ifadələr işlətməyə mənəvi haqqının olmadığını bildirmişdir. İclasda iştirak edənlər S.Mirzəyevi bu hərəkətlərinə görə qınamışdır. Səməd Mirzəyevin hərəkətlərindən təsirlənib xx.xx.2024-cü il tarixdə ərizə yazmışdır ki, xx.xx.2025-cil tarixdən tutduğu vəzifədən azad edilsin. Ərizənin mətnində göstərmişdir ki, işdən çıxmasının səbəbi Səməd Mirzəyevin onu təhqir etməsidir. Bu ərizəni reseption vəzifəsində işləyən Şahid vermiş, o ərizənin bir nüsxəsini qəbul edib, özündə qalan nüsxəsində imza çəkmiş, tarix yazmışdır. Bundan sonra ona bildirilmişdir ki, eyni tarixli ərizənin mətnində düzəliş etsin və o, yeni ərizə vermiş, mətndə Səməd Mirzəyevin onu təhqir etməsini göstərməmişdir. xx.xx.2024-cü il tarixdə işdən çıxmaq fikrindən daşınmış və rəhbərliyə yeni ərizə ünvanlamışdır ki, işdən azad olunması barədə ərizəsinin geri qaytarılmasını xahiş edir. Bu ərizəni də reseption vəzifəsində işləyən Şahid vermiş, o, ərizənin bir nüsxəsini qəbul edib, özündə qalan nüsxəsində imza çəkmiş, tarix yazmışdır. Bu ərizəni verdiyini gözləməyən rəhbərlik, dərhal - bir gün sonra,xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Əslində rəhbərlik xitam əmrini xx.xx.2025-ci il tarixdə verəcəkdi, lakin onun ərizəni geri götürdüyünü görüb, bu prosesi özlüyündə sürətləndirmiş, düşünmədən ki, bu kimi qanun pozuntusuna yol vermək olmaz. Hesab edir ki, əmr qanunvericiliyin tələblərinə zidd verildyi üçün ləğv edilməlidir. İlk əvvəl qeyd edilməlidir ki, o, əmək müqaviləsini dayandırmaq tarixini xx.xx.2025-ci il göstərmişdir. Həmin tarixdən əvvəl, yəni qabaqcadan onun işdən azad edilməsi barədə əmr verilə bilməz. Çünki dəqiq tarix göstərdiyi üçün onun xx.xx.2025-ci il tarixə kimi ərizəsini geri götürmək hüququ pozulur. Əgər o, ərizədə işdən çıxmaq tarixini göstərməsəydi, bu ayrı məsələ, o halda müqaviləyə ərizə verildikdən sonra istənilən gün xitam verilə bilərdi. Göstərilən gündən daha əvvəlki tarixdə əmək müqaviləsinin ləğvi qanunda nəzərdə tutlmamışdır. Ən əsas məqam ondan ibarətdir ki, əmr verilməzdən əvvəl xx.xx.2024-cü il tarixdə o, ərizə verib, əvvəlki ərizəsini geri götürmüş, iradə ifadəsini dəyişdiyini bəyan etmişdir. Bu halda ümumiyyətlə əmək müqaviləsinə xitam verilə bilməzdi, çünki daha əvvəlki ərizənin hüquqi qüvvəsi artıq qalmamışdı. Mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi heç bir nəticə verməmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, bu barədə Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışı verilmişdir. Hesab edir ki, əmr ləğv edilməli, əmrin verilməsi və müşahidə şurasının üzvü Səməd Məmmədovun ona nalayiq ifadələr işlətməsi, kobud rəftar etməsi ilə əlaqədar çəkdiyi mənəvi zərərin əvəzi olaraq 5.000 manat vəsait cavabdehdən onun xeyrinə tutulmalıdır. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini dəqiqləşdirmiş və Cavabdeh BOKT ASC-nin barəsində verdiyi xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli əmrlərin ləğv edilməsi, işə bərpa edilməyi, ötən müddət üçün almadığı əmək haqqının, Yeni il bayramı ilə əlaqədar (2024-2025) 100% əmək haqqı qədər premiya məbləğinin, qətnamə icra edilən günə kimi çıxmalı olduğu, lakin istifadə etmədiyi və almadığı məzuniyyət pulunun verilməsinin, 5000 manat mənəvi zərərin ödənilməsinin, məhkəmə xərcləri kimi - 60 manat mediasiya üçün ödənilmiş pulunun iddiaçıya ödənilməsinin cavabdehə Cavabdeh BOKT ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 2-ci ərizədə qeyd edilmiş “qəbul etdim” yazısı və icra edilmiş imzadan görünür ki, əvvəlki ərizədəki yazı və imza ilə eynilik təşkil edir. Hər iki yazı və qeydiyyat şöbəsində əyləşən Şahid tərəfindən icra edilmişdir. Əgər qarşı tərəf buna etiraz edirsə, ekspertiza təyin edilə bilər. Ümumiyyətlə, ərizənin kitabda qeyd edilməmə səbəbini anlamır. O, əsassız olaraq işdən çıxarılmışdır, Müşahidə Şurasının iclasında sədr onun şərəf və ləyaqətinə zərər vurduğu üçün ona mənəvi zərərin ödənilməsini tələb edir. Həmçinin məcburi iş buraxma müddəti üçün onun məzuniyyət hüququ yaranmışdır ki, onun da ödənilməsini tələb edir. Həmçinin təşkilat digər işçilərə mükafat verdiyi halda ona verməmiş, ona qarşı qərəzli davranmışdır.Qeyd olunanlara əsasən iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədi və bildirdi ki, İddiaçı 7 yanvar 2024-cü il tarixdə Cavabdeh BOKT ASC-yə 3 ay sınaq müddəti olmaqla 1 il müddətinə hüquqşünas vəzifəsinə qəbul edilmişdir. İddiaçı vəzifə təlimatı və ona rəhbərlik tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirməmişdir. İddiaçı işə bərpa tələbi, kompensasiya və mükafatın ödənilməsi ilə bağlı iddia tələbində müxtəlif iddialar irəli sürməsinə baxmayaraq iddia tələbini əsaslandıra bilməmişdir. İddiaçının əmək fəaliyyəti nəticəsində işəgötürənin maraqlarını qorumaması nəticəsində dəymiş zərərləri qeyd etsə, BOKT-a fayda veriləcək hər hansı bir əmək fəaliyyəti olmamışdır. Buna baxmayaraq işəgötürən olaraq iddiaçıya daim humanist yanaşma göstərilmişdir. İddiaçı işlədiyi dövr ərzində buraxdığı nöqsanlarla bağlı BOKT-da ətraflı araşdırma aparılıb. İclasın protokolu, audio və video görüntüləri ilə bağlı sorğu verilmişdi. 20 noyabr 2024-cü il tarixdə rəsmi qaydada iclas keçirilməyib. 20 noyabr, 3 dekabr və 5 dekabr tarixində keçirilməyən iclasın gündəliyi və rəsmi xəbərdarlıqla bağlı e-mail var. 30 oktyabr və 3 dekabr tarixində iclas keçirilib. 30 oktyabr tarixində keçirilən iclasın qərar hissəsində qeyd olunub ki, İddiaçı gördüyü işlərlə bağlı hesabat təqdim etsin. Hesab edir ki, iddiaçının əmək fəaliyyəti dövründə əmək funksiyası üzrə yerinə yetirməli olduğu işlərini, vəzifə səlahiyyətlərini düzgün icra etməməsi ona verilən tapşırıqların vaxtında və lazımınca yerinə yetirməməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və Mülki Məcəlləsinin tələblərini kobud şəkildə pozmuş və nəticədə işlədiyi müəssisəyə kifayət qədər zərər vurmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsində göstərilən dəlillərlə bağlı bildirmişdir ki, iddiaçı işdən azad olma barədə ərizə yazmışdır, sonradan ərizənin geri götürülməsi barədə ərizəsini kimə təqdim edibsə, həmin ərizə onlarda qeydiyyatdan keçməmişdir. İşəgötürən də öz hüququndan istifadə edərək işçinin işdən çıxma barədə yazdığı ərizəsinə əsasən onun işdən azad edilməsi barədə əmr vermişdir. İddiaçının ərizəni təqdim etdiyini dediyi Aysun xanım hazırda da həmin təşkilatda eyni vəzifədə çalışır. İddiaçı 20 noyabr 2024-cü il tarixdə yazdığı ərizəsini Aysun xanıma təqdim etmiş və Aysun xanım da həmin ərizəni qeydiyyat jurnalına salmışdır. Bundan başqa iddiaçının ona mükafat ödənilməməsi ilə bağlı dəlilinə münasibətdə bildirir ki, təşkilatın özünün mükafatlandırma qaydaları vardır, həmin qaydalar müvafiq şəkildə rəsmiləşdirilmişdir.Həmin qaydalarda işçilərin mükafatlandırılma meyarları öz əksini tapıb və işəgötürən həmin meyarlara uyğun hesab etdiyi işçini mükafatlandıra bilər. Əgər iddiaçı həmin siyahıda yoxdursa, bu işəgötürənin hüququdur. Digər dəlil ona ödənilməli məzuniyyət puludur ki, onun işlədiyi dövr üçün yaranmış məzuniyyət hüququna görə və həmçinin şəxsin bülletendə olduğu dövr üçün bütün ödənişlər həyata keçirilmişdir. Odur ki, iddia tələbi əsassızdır. İş materialları: 03 iyun 2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh BOKT ASC-nin baş ofisinə/hüquq departamentinə hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir. 30 iyul 2024-cü il tarixli ərizədən, Cavabdeh BOKT ASC-nin xx.xx.2024-cü il tarixli 093 saylı əmrindən, ödənişin hesablanması barədə sənəddən və əmək haqqı çıxarışından görünür ki, İddiaçı Cavabdeh BOKT ASC-nin idarə heyətinin sədri L.Məmmədovaya müraciət edərək, 2024-2025-ci iş ili üzrə 14 gün müddətinə xx.xx.2024-cü il tarixdən ödənişli əmək məzuniyyətinə çıxmasına icazə verilməsini xahiş etmişdir. İşəgötürənin müvafiq əmri ilə onun ərizəsi təmin edilmiş, 14 gün müddətinə ödənişli əmək məzuniyyəti verilmiş və müvafiq hesablama aparılaraq ona 1.044,17 manat ödəniş edilmişdir. Cavabdeh BOKT ASC-nin Müşahidə Şurasının 30 oktyabr 2024-cü il tarixli, 12 nömrəli protokolunun surətindən görünür ki, gündəlikdə duran məsələlərdən biri olan məhkəmə işlərinin statusu barədə müzakirədə məruzəçi İddiaçı olmuşdur. Cavabdeh BOKT ASC-nin Müşahidə Şurasının 20 noyabr 2024-cü il tarixində keçiriləcək iclasın gündəliyinin surətindən görünür ki, məhkəmə və maliyyə məsələləri barədə balansa götürülmüş əmlaklarla bağlı görülmüş işlərlə bağlı müzakirədə məruzəçilərdən biri İddiaçı təyin edilmişdir. 20 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh BOKT ASC-nin idarə heyətinin sədri L.Məmmədovaya müraciət edərək, həmin tarixdə müşahidə şurasının üzvləri olmadan keçirilən iclasda M.Səmədin onu təhqir etdiyi üçün şirkətdə işləyə bilmədiyini nəzərə alıb, onun 03 yanvar 2025-ci il tarixdən tutduğu vəzifədən azad olunmasını və müvafiq ödənişlərin hesablanaraq ona ödənilməsini xahiş etmişdir. 20 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh BOKT ASC-nin idarə heyətinin sədri L.Məmmədovaya müraciət edərək, onun öz xahişi ilə 06 yanvar 2025-ci il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. 28 nömrəli şəhər poliklinikasının 04 dekabr 2024-cü il tarixli SN 00008 seriyalı ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı vertebro-bazilyar sistem sindromu diaqnozu müəyyən edilmiş, bu səbəbdən, 14 dekabr 2024-cü il tarixədək əmək qabiliyyəti olmadığından işdən azad edilməsi barədə həkim göstərişi verilmişdir. Cavabdeh BOKT ASC-nin xx.xx.2024-cü il tarixli 152A nömrəli əmrindən görünür ki, Cavabdeh BOKT ASC-nin işçilərinə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı münasibəti ilə mükafatların ödənilməsi və hər bir işçiyə ödəniləcək mükafatın məbləği əmrə əlavə edilmiş siyahıya əsasən iş yükünün həcminə uyğun olaraq müəyyən edilməsi əmr edilmişdir. 17 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh BOKT ASC-nin idarə heyətinin sədri L.Məmmədovaya müraciət edərək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödəniş verilməməsinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh BOKT ASC-nin xx.xx.2024-cü il tarixli 157 nömrəli əmrindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənişin hesablanması və İddiaçı ödənilməsi əmr edilmişdir. Əmək haqqı barədə məlumatdan, əmək qabiliyyətinin itirilməsi ilə bağlı hesabatdan və əmək haqqı üzrə çıxarışdan görünür ki, İddiaçı 20 dekabr 2024-cü il tarixdə əmək qabiliyyətinin itirilməsi ilə bağlı 8 iş günü üçün 324,60 manat hesablanmış və işdə olduğu günlər də nəzərə alınmaqla 400 manat ödəniş edilmişdir. 16 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh BOKT ASC-nin idarə heyətinin sədri L.Məmmədovaya müraciət edərək, işdən azad olunması barədə yazdığı ərizənin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh BOKT ASC-nin xx.xx.2024-cü il tarixli 153 nömrəli əmrindən görünür ki, baş ofis/hüquq departamentində hüquqşünas vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xx.xx.2025-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Cavabdeh BOKT ASC-nin xx.xx.2025-ci il tarixli 001 nömrəli əmrindən görünür ki, Cavabdeh BOKT ASC-nin xx.xx.2024-cü il tarixli 153 saylı əmrinin 1-ci bəndinə aşağıdakı redaksiyada dəyişiklik edilmişdir: - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən 06 yanvar 2025-ci il tarixdən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsi ləğv edilsin. Cavabdeh BOKT ASC-nin xx.xx.2025-ci il tarixli 0004/25 saylı məktubundan görünür ki, 06 yanvar 2025-ci il tarixli 001 saylı əmrin surəti və 131956 seriyalı əmək kitabçasının əsli İddiaçı göndərilmişdir. Bakı 2 saylı Mediasiya Şurasının xx.xx.2025-ci il tarixli MSB2-00051/2025 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə saat 11.00-da keçirilən mediasiya sessiyasına gəlmiş, cavabdehin nümayəndəsi isə mediasiya sessiyasına gəlməmişdir. 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş cavabdeh təşkilatda sənədlərin qeydə alınma jurnalından edilmiş xx.xx.2024-xx.xx.2024-cü il tarixlərini əhatə edən çıxarışdan müəyyən edilir ki, İddiaçı işdən çıxma barədə ərizəsinin geri götürməsinə dair ərizəsi qeydiyyatdan keçməmişdir. Məhkəməyə təqdim edilmiş Cavabdeh BOKT ASC-nin Müşahidə Şurasının 11 nömrəli xx.xx.2018-ci il tarixli protokolu ilə təsdiq edilmiş Motivasiya sistemi haqqında Qaydaların 4-cü bəndində BOKT strukturlarının əməkdaşlarına bonus növlərinin göstəriciləri qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 25-ci maddəsinin İ hisəssinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsnin 2-ci hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsinin əsaslandığı prinsiplərdən biri əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsidir. 68-ci maddəsinin: 1-hissəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarına aiddir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilmək barədə qətnamə və ya bu maddənin ikinci hisəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarında olan sənədləri və işin hallarını tədqiq edərək müəyyən etdi ki, iddiaçı xx.xx.2024-cü il tarixdə tutduğu vəzifədən xx.xx.2025-ci il tarixdən etibarən azad olunması ilə bağlı ərizə ilə işlədiyi müəssisənin idarə heyətinin sədrinə müraciət etmişdir. Qanunvericilikdə ərizə ilə müraciət etdikdən sonra 1 ay müddət ərzində işçinin öz ərizəsini geri götürmək hüququnun olmasına baxmayaraq, müəssisə xx.xx.2024-cü il tarixdə 157 nömrəli əmr vermişdir. İşin materiallarında olan sənədlərdən və işin faktiki hallarından görünür ki, iddiaçı tutduğu vəzifədən azad edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli ərizəsini geri götürmək ilə əlaqədar yeni ərizə ilə xx.xx.2024-cü il tarixdə müraciət etmiş və sonuncu ərizə müəssisədə qeydiyyatı aparan şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Lakin, qeydolunan ərizə müəssisə tərəfindən nəzərə alınmamış, subyektiv əsaslarla işçinin işdən azad edilməsi barədə növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə əmr rəsmiləşdirilmişdir. İşin araşdırılmış hallarından iddiaçının onun xx.xx.2024-cü il tarixli işdən çıxma barədə ərizəsinin geri götürülməsinə dair xx.xx.2024-cü il tarixdə yeni ərizə verməsi tərəfin təqdim etdiyi ərizənin qəbul edilməsinə dair qeydlə təsdiq olunur.Hər nə qədər ki,cavabdehin müvafiq qeydiyyat jurnalında qeydə alınmasa da, həmin ərizəni qəbul etməyə məsul şəxs Şahid məhkəmə iclasına qeyd edilən məsələ ilə bağlı şahid qismində dəvət edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Həmin şəxsin hazırda da eyni işəgötürənin əməkdaşı olması nəzərə alınmaqla onun məhkəmədə ifadə verməkdən imtina etməsi həmin faktı, yəni İddiaçı qeyd edilən ərizəni həqiqətən də işəgötürənə təqdim etməsini təsdiq edir. Odur ki, işçinin xx.xx.2024-cü il tarixdə yazdığı işdən azad edilmə barədə ərizəsini geri götürməsinə dair ərizəsini xx.xx.2024-cü il tarixdə işəgötürənin məsul şəxsinə təqdim etməsi və işəgötürənin isə bu ərizəni görməməzlikdən gələrək xx.xx.2024-cü il tarixdə şəxsin xx.xx.2025-ci il tarixdən etibarən işdən azad edilməsinə dair əmr verməsi tamamilə əsassızdır.İşəgötürənin xx.xx.2024-cü il tarixli 153 nömrəli əmri əsassız olduğu kimi həmin əmrdə müvafiq tarix düzəlişi məqsədilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli 001 nömrəli əmr də özlüyündə əsassız olduğundan ləğv edilməlidir. Qeyd edilən əmrlərin ləğvi isə özlüyündə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi deməkdir.Məhkəmə hesab edir ki, iddia tələbi əmrlərin ləğv edilməsi, işə bərpa hissəsində əsaslıdır və təmin olunmalıdır. O cümlədən, iddiaçı ondan asılı olmayan səbəblərə görə məcburi iş buraxdığından, iddiaçının iş buraxdığı müddətə uyğun olaraq əmək haqqı məbləği hesablanmalı və cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin Yeni il bayramı ilə əlaqədar (2024-2025) 100% əmək haqqı qədər premiya məbləğinin, iddiaçının qətnamə icra edilən günə kimi çıxmalı olduğu, lakin istifadə etmədiyi və almadığı məzuniyyət pulunun verilməsi və 5000 manat mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. İşin araşdırılmış hallarından aydın olur ki, cavabdeh təşkilatın daxili qaydalarına əsasən işçilərin mükafatlandırılması tənzimlənmişdir. Həmçinin əmək qanunvericiliyi işçilərin əmək şəraitinin minimum hədlərini müəyyən edərək işçilərin əmək şəraitinin daha yüksək səviyyədə tənzimlənməsini işəgötürənin öhdəsinə həvalə etdiyindən işçilərə əmək funksiyalarının icrası ilə bağlı mükafatlandırma (bonusların ödənilməsi) işəgötürənin öz mülahizəsinə aid olduğundan bu hissədə iddia əsaslı hesab edilə bilməz. İddiaçının qətnamə icra edilən günə kimi çıxmalı olduğu, lakin istifadə etmədiyi və almadığı məzuniyyət pulunun verilməsinin həlli hazırki qətnamə çərçivəsində mümkün deyildir. Belə ki, işçinin qanunla müəyyən edilmiş qaydada işdən azad edildiyi zaman ona hesablanmış son haqq- hesabın ödənilməsi işəgötürən qanunvericilikdən irəli gələn vəzifəsidir və hazırda iddianın bu hissəsinin təmin edilməsi bu münasibətləri tənzimləyən qanun normasının dizpozisiya şərtləri ilə uzlaşmır. Həmçinin iddia tələbinin iddiaçıya mənəvi ziyan dəyməsi tələbi ilə bağlı qeyd edilməlidir ki, hazırki icraatda iddiaçının bu və ya digər şəkildə mənəvi iztiraba məruz qalması, hazırki halın onun mənəvi dünyasında hansı neqativ təzahür yaratması müəyyən edilməmişdir. İddiaçının bu hissədə dəlili müşahidə şurasının üzvünün ona qarşı kobud davranışından ibarət olmuşdur ki, buna dair heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında Cavabdeh Bank Olmayan Kredit X3 Cəmiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli əmrlər ləğv edilməli, İddiaçı Cavabdeh Bank Olmayan Kredit X3 Cəmiyyətinin Hüquq departamentinə hüquqşünas vəzifəsinə işə bərpa edilməli və İddiaçı məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi Cavabdeh Bank Olmayan Kredit X3 Cəmiyyətinə həvalə edilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mediasiya xərcinə görə 60 manat pul vəsaiti Cavabdeh Bank Olmayan Kredit X3 Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında Cavabdeh Bank Olmayan Kredit X3 Cəmiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 153 nömrəli əmri və xx.xx.2024-cü il tarixli 153 nömrəli əmrə düzəliş edilməsi ilə xx.xx.2025-ci il tarixli 001 nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh Bank Olmayan Kredit X3 Cəmiyyətinin Hüquq departamentinə hüquqşünas vəzifəsinə işə bərpa edilsin. İddiaçı məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi Cavabdeh Bank Olmayan Kredit X3 Cəmiyyətinə həvalə edilsin. Cavabdeh Bank Olmayan Kredit X3 Cəmiyyətindən mediasiya xərcinə görə 60 (altmış) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar