Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2225/2022 23.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Abdullayeva (Məmmədova) Nigar İlqar qızının cavabdehlər Cavabdeh və X11 qarşı «əmlak» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Abdullayeva (Məmmədova) Nigar İlqar qızı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə əlavə edilmiş siyahıda qeyd edilən əşyalarının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı Abdullayeva (Məmmədova) Nigar İlqar qızı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə əlavə edilmiş siyahıda qeyd edilən əşyalarının cavabdehlər Cavabdeh və X7 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan ərizədə X9 cavabdeh qismində işə cəlb edilməsi xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının keçmiş həyat yoldaşı X4 ilə birgə yaşadıqları, sonuncunun atasına məxsus olan ünvan 1 ünvanda yerləşən mənzildən 2020-ci ilin yanvar ayında nənəsinə baş çəkmək məqsədilə çıxandan sonra, Ş.Abdullayev tərəfindən həmin mənzilin açarları dərhal dəyişdirilmiş və onun mənzilə qayıtmağı mümkün olmamışdır. Bundan sonra Ş.Abdullayevlə aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Həmin vaxtdan hazıra qədər Ş.Abdullayev onu mənzilə buraxmamışdır. Mənzildə isə onun qiyməti külli miqdarda olan, bahalı geyim və qızıl-zinət əşyaları qalmışdır. O, qiymətli əşyalarının ona qaytarılmasını tələb etsə də, Şamxal Abdullayev və sonuncunun yaxınları tərəfindən əşyaları ona qaytarılmamışdır. Məcbur olub, əşyalarının tam siyahısını təqdim etməklə, həmin əşyaların məhkəmə qaydasında ona qaytarılmasını tələb etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsində (hakim Təhminə Xəlilova) araşdırma zamanı, məhkəmə qərardadlarının Nəsimi rayon İcra şöbəsi tərəfindən icrası ilə bağlı onun iştirakı təmin olunmadan, 4 fevral 2021-ci il tarixli və 6 aprel 2021-ci il tarixli aktlar tərtib edilmiş, foto və video çəkiliş həyata keçirilmiş və müəyyən olunmuşdur ki, onun külli miqdarda dəyəri olan əşyalarının əhəmiyyətli hissəsi mənzildə yoxdur. Həmin əşyaların icra məmurları tərəfindən mənzildə aşkar edilməməsi, son nəticədə həmin əşyaların mənzildən aparıldığını tam təsdiq edir. Əks halda, onun əşyaları mənzildə olmalı idi, çünki o mənzildən çıxanda həmin əşyalar mənzildə qalmışdır. Sonradan, keçmiş həyat yoldaşı X1 doğma bacısı, hazırkı iş üzrə Cavabdeh bir neçə dəfə təsadüf nəticəsində görəndə, habelə sonuncunun özü tərəfindən internetə qoymuş olduğu şəkillərdə, icra məmurlarının mənzildə aşkar etmədiyi və bahalı qiymətə ona atasının pulu ilə alınmış geyim əşyalarını, o cümlədən çanta, ayaqqabı, köynək, qızıl-zinət və s. əşyalarının cavabdehin əynində olduğunu müşahidə etmişdir. Cavabdehin əynində əşyalarını görən kimi dərhal foto şəkillərini də çıxarmağa müvəffəq olmuşdur. Həmin əşyalar onun atasın vəsaiti hesabına internet vasitəsilə satın alınmışdır. Bu faktları təsdiq edən foto şəkillər və alğı-satqı barədə müvafiq çıxarışları ərizəyə əlavə etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, siyahıya əlavə edilmiş və fotoşəkilləri təqdim edilmiş əşyalar iddiaçıya məxsusdur. Bunu təsdiq edən qəbzlər də vardır. Nigar xanım 2020-ci ilin yanvar ayında nənəsigilə gedən zaman keçmiş həyat yoldaşı onu yaşadıqları evə daxil olmasına imkan verməmiş və həmin evin qapılarının açarlarını dəyişdirmişdir. Bu səbəbdən iddiaçının bütün əşyaları həmin evdə qalmışdır. Daha sonra iddiaçının bacısı evdə qalmış əşyaları Cavabdeh üzərində görmüşdür. Həmin əşyalar Şahinə xanımın üzərində olarkən onun şəkilləri də çəkilmişdir. Bu hadisələrdən sonra iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı ümumiyyətlə mənzildə olan əşyalarla bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İşə baxılan dövrdə məhkəmə tərəfindən müvəqqəti təminat tədbirinə dair qərardad qəbul edilmiş və qərardad əsasında icra məmuru tərəfindən mənzildə olan əşyalar siyahıya alınmışdır. İcra məmuru tərəfindən mənzildə olan əşyalar siyahıya alınarkən həmin mənzildə iddiaçının keçmiş həyat yoldaşı, qayınanası və yaxud qayınatası olmamış və yalnız cavabdeh Şahinə xanımın həyat yoldaşı Samir Qurbanov olmuşdur. İddiaçının əşyalarının harada olmasını da Samir Qurbanov göstərmişdir. Məhkəmə gedişatı zamanı qarşı tərəfin vəkili “həmin əşyalardan bir dənədir ki, başqa şəxslərdə ola bilməz?” sualını dəfələrlə səsləndirmişdir. Bununla bağlı qeyd edir ki, qeyd edilən əşyalar internet vasitəsilə xarici ölkələrdən sifariş edilir və burada olan mağazalarda satılmır. Bununla yanaşı əşyaların qiymətləri də olduqca yüksəkdir. Ekspertiza təyin edilərsə, həmin əşyaların dəyərinin yüksək olması öz təsdiqini tapar. Bu məsələ ilə bağlı polis orqanlarında da araşdırmalar aparılır. Cavabdeh fotoşəkillərdə olan əşyaların ona və anasına məxsus olmasını iddia edir. Lakin buna baxmayaraq, hər hansı bir sübut, ən azı bir qəbz təqdim edə bilmir. Onların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə bir niyyəti olmuşdur. O da, həmin əşyaların iddiaçıya geri qaytarılmasıdır. Qarşı tərəf iddiaçını alverlə məşğul olmasında ittiham edir. Bu iddia tamamilə absurddur. Belə ki, iddiaçının atası iş adamıdır və Nigar xanımın belə işlərlə məşğul olması üçün əsas mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə iddiaya etiraz göndərərək qeyd etmişdir ki, qardaşı X1 2020-ci ildə boşadığı keçmiş həyat yoldaşı, iddiaçı X16 əvvəlcə polisə şikayət verərək, sonra da iddia ərizəsi ilə məhkəməyə müraciət edərək guya onun qardaşı Şamxala məxsus ünvan 2 ünvandan iddiaçının çantasını, ayaqqabısını, köynəyini və qızıl-zinət əşyalarını gizli yolla talayıb istifadə etməyi və guya həmin əşyalarla şəkillərini özü çəkərək internetdə yaymağı kimi həqiqətə uyğun olmayan məlumatlar verib. İddiaçının iddia ərizəsində göstərdikləri böhtandır və yalandır, iddiaçı onun fotoşəkillərindəki əşyaların iddiaçıya məxsus olmasını təsdiq edən heç bir mötəbər sübut təqdim etməyib. O, kimsənin, o cümlədən qardaşı Şamxalın 2 il əvvəl boşadığı iddiaçının əşyalarını talamamışdır, onlardan istifadə etməmişdir, etmir. Onun fotoşəkillərindəki geyimlər, aksessuarlar özünə məxsusdur. Həmin əşyalardan boşanana qədər iddiaçı da bəzi hallarda istifadə edib. İddiaçının fotoşəkillərdə göstərdiyi brilyant qaşlı qızıl sırğa anasına məxsusdur. Anası həmin sırğanı qardaşı Şamxal iddiaçı ilə ailə qurmamışdan qabaq alıb. İddiaçının sırğa ilə öz fotosunu çəkməsi həmin sırğanın ona məxsus olması anlamına gəlmir. İddiaçının satış məqsədilə aldığı əşya və aksessuarlarla öz fotosunu çəkməsi bir adət şəklini almışdır, iddiaçı qardaşı Şamxala qarşı əmlak tələbi ilə məhkəməyə müraciət etdikdən və məhkəmə qərarı ilə iddiaçının ünvan 2 ünvanda qalmış əşyalarından istifadə qadağan edildikdən sonra o, ümumiyyətlə ünvan 2 ünvanda olmamışdır. Bundan əlavə, iddiaçının atasının onun atasına 270.000 ABŞ dolları məbləğində borcu var, o həmin borcdan atasına hər ay 10.000 ABŞ dolları qaytarmağı öhdəsinə götürüb. Ona nə ehtiyac vardır ki, atasına borcu olan şəxsin qızının geyinilmiş paltarlarını geyinsin, aksessuarlarından və qızıl-zinət əşyalarından istifadə etsin. Digər tərəfdən, onun bədən ölçüləri ilə iddiaçının bədən ölçüləri bir-birinə uyğun gəlmir. O, bədən ölçülərinə uyğun gəlməyən paltarlar geyinmir. Bu fakt da nəzərə alınmalıdır ki, hansısa fabrik eyni maldan ayrı-ayrı şəxslər üçün 1 ədəd deyil, satış məqsədilə çox sayda istehsal edir. Qardaşı Şamxal iddiaçını boşadıqdan sonra onların ailələri arasında münaqişə və məhkəmə mübahisələri yaranıb. Bununla bağlı aşağıdakı faktları təqdim edir. İddiaçının qardaşı Şamxala məxsus ünvan 2 ünvanda qalmış cehiz, geyim, aksessuar və qızıl-zinət əşyalarını tələb etməsi ilə bağlı Nərimanov Rayon Məhkəməsində qətnamə çıxarılıb, iddiaçının əsassız tələb etdiyi əşyalarla bağlı iddiası təmin edilməyib. Buna görə də, iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verib, işə Bakı Apelyasiya Məhkəməsində baxılır. Apellyasiya baxışında qardaşı ərizə verərək iddiaçının ona məxsus mənzildə qalmış əşyalarının çıxarılması üçün müvəqqəti təminat tədbiri barədə ərizə verib. Bundan əlavə, məhz qardaşının təşəbbüsü ilə ünvan 2 ünvanda qalmış, iddiaçıya məxsus cehiz, geyim, aksessuar və qızıl-zinət əşyaları təhvil verilib. İddiaçı tərəf həmin mənzildən qardaşı ilə birgə nikah dövründə əldə olunmuş əşyaları da yığıb aparıb, mənzildə bir çöp belə qoymayıb. Yasamal Rayon Məhkəməsində iddiaçının əmlak bölgüsü tələbi ilə bağlı işə baxılıb, iddiaçının əsassız tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılıb. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verib, lakin şikayəti təmin olunmayıb. İddiaçı apellyasiya instansiyasının qətnaməsindən kassasiya şikayəti verib. İşə kassasiya instansiyasında baxılır. İddiaçı Yasamal Rayon Məhkəməsində guya şərəf və ləyaqətinin ləkələnməsi ilə bağlı iddia qaldırıb, məhkəmə iddiaçının həmin iddiasını da rədd edib. Həmin işə apellyasiya instansiyasında da baxılaraq iddiaçının apellyasiya şikayəti rədd edilib. Həmin işə baxılması da kassasiya instansiyası mərhələsindədir. Bakı Apelyasiya Məhkəməsində qardaşı Şamxalın öz uşaqları ilə görüşünə icazə verilməməsi ilə bağlı iddiaçının apellyasiya şikayətinə baxılıb və məhkəmə qətnaməsi ilə həmin şikayət rədd edilib. İddiaçı apellyasiya məhkəməsinin həmin qətnaməsindən də kassasiya şikayəti verib. İşə kassasiya instansiyası məhkəməsində baxılır. Qardaşı Şamxalın iddiaçının ailəsinin təhriki ilə onun iş yerinə gələrək onu təhqir etmiş X2 xüsusi ittiham qaydasında şikayət verib, işə Abşeron Rayon Məhkəməsində baxılıb, Soltanova Zəminə cərimə cəzasına məhkum edilib. Həmin hökm qanuni qüvvəyə minib. İddiaçının atası qardaşı Şamxala qarşı işgüzar nüfuzun ləkələnməsi və buna görə 300.000 manat mənəvi zərər tələbi ilə iddia qaldırıb. Həmin iddia Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatındadır. İddiaçı onu «oğru» kimi qələmə vermək və cinayət məsuliyyətinə cəlb etdirmək məqsədilə işlədiyi «Xidmət-İş» HİF-in yaxınlığında sürücü kimi işlətdikləri X10 vasitəsilə, onun telefon aparatı ilə şəkillərini çəkdirib və həmin şəkilləri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə təqdim edərək və sonradan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə verdikləri iddiaya əlavə edərək, polis və məhkəmə orqanlarında guya iddiaçının çantasını, ayaqqabısını, köynəyini və qızıl-zinət əşyalarını gizli yolla talayıb istifadə etməsini və guya həmin əşyalarla şəkillərini özü çəkərək internetdə yaymasını göstərib. Onun iddiaçının çantasını, ayaqqabısını, köynəyini və qızıl-zinət əşyalarını oğurlayıb istifadə etməsi və guya həmin əşyalarla şəkillərini özü çəkərək internetdə yayması iddiaçının polisə şikayətində, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə verdiyi izahatında və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində öz əksini tapıb. İddiaçı qardaşı ilə evli olarkən geyim və aksessuarların «online» alğı-satqısı ilə məşğul olub. O da bəzən iddiaçının vasitəsilə haqqını ödəməklə müxtəlif geyim və aksessuarlar satın almışdır. İddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillərində əks olunan paltarların, aksessuarların və qızıl-zinət əşyalarının iddiaçıya heç bir aidiyyəti yoxdur. İddiaçının «online» alğı-satqı ilə məşğul olması «DHL Express Azerbaijan» şirkətində kuryer işləmiş X12 və 2018-2019-cu illərdə qardaşı Şamxalgildə sürücü işləmiş, iddiaçının sürücüsü olmuş X13 ərizələrində öz təsdiqini tapmışdır. X18 və X19 öz ərizələrində göstəriblər ki, “Farfetch” saytından iddiaçının adına Bakı şəhəri Əhməd Rəcəbli küçəsində olan “DHL” və Atatürk prospektində olan 69 saylı poçt vasitəsilə hər gün və ya günaşırı bir neçə bağlama gəlib. Mallar iddiaçının telefon nömrəsinə, amma fərqli şəxslərin adına gəlib (X27 iddiaçıya 200-dən çox bağlama çatdırıb. Həmin malların bir qismi bir neçə gün saxlandıqdan, hətta bəziləri iddiaçı tərəfindən istifadə olunduqdan sonra geri qaytarılıb. İddiaçı Əfqan Əliyevə şəxsən bildirib ki, «İnstaqram» şəbəkəsində «Online», yəni sayt vasitəsilə satışla məşğuldur. X18 və X19 məhkəmə iclasında şahid qismində ifadə vermək niyyətindədirlər (Orxan Hacıyevin və Əfqan Əliyevin ərizələri, malların iddiaçının telefon nömrəsinə, amma başqa şəxslərin adına gəlməsini təsdiq edən xx.xx.2019-cu il tarixli invoys əlavə olunur). İddiaçı başqa şəxslərə də mallar satdığına görə atası dəfələrlə ona və atası Məmmədov İlqara iradını bildirib. Bundan başqa iddiaçı başqalarının bank kartlarından qanunsuz pullar çıxarıb mənimsədiyinə görə qardaşı Şamxal onun əvəzinə 33.000 ABŞ dolları ödəməli olub. Qardaşının iddiaçını boşamağının səbəblərindən biri də iddiaçının başqalarının bank kartlarından pullar çıxararaq mənimsəməsi olub. İddiaçı boşandıqdan sonra qardaşı Şamxala gecələr dəfələrlə zəng vuraraq onu narahat etdiyinə görə Şamxal sonuncudan polisə şikayət etmişdir. İddiaçı da həm buna görə qisas almaq məqsədilə, həm də boşanmasının baiskarı kimi onu gördüyündən xəbəri olmadan şəkillərini çəkdirərək və həmin fotoşəkilləri təqdim etməklə guya onun gizli talama cinayətini törətməyi barədə polis və məhkəmə orqanlarına yalan məlumatlar verib (Sübut olaraq iddiaçının yaxın qohumlarının falçı yanında guya iddiaçını onun boşatdırmağı barədə səslərinin əks olunduğu fləş kartı təqdim olunur). İddiaçının atası Məmmədov İlqar özü atası Abdullayev Şahəddinə bildirib ki, qardaşı Şamxal iddiaçıdan polisə şikayət etdiyi üçün qisas almaq məqsədilə sonuncular da ondan şikayət ediblər. İddiaçının guya onun Nəsimi rayonu S.Vurğun küçəsi 86 A mənzil 38 ünvandan iddiaçının çantasını, ayaqqabısını, köynəyini və qızıl-zinət əşyalarını gizli yolla talayıb istifadə etməsi və guya həmin əşyalarla şəkillərini özü çəkərək internetdə yayması barədə polisə verdiyi şikayət əsassız olduğuna və mülki xarakter daşıdığına görə Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin 10 yanvar 2022-ci tarixli qərarı ilə mübahisə üçün cinayət işinin başlanması rədd edilib (qərar əlavə olunur). Göstərilənlərə əsasən, iddiaçı X8 iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi, cavabdehin iddiaya etirazının məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehlərin nümayəndəsi və vəkilinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, şahid X18 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, «DHL Express Azerbaijan» şirkətində 2014-cü ildən 2019-cu ilədək kuryer işləmişdir. 2016-cı ildən Nigarın atasının yaşadığı Bakı şəhəri Çəmənzəminli küçəsi 51-ə bağlamalar daşımışdır. Həmin bağlamalar «Farfetch» saytından gəlirdi. Bağlamalarda adətən geyim şeyləri olurdu. Nigar üçün hər gün və ya günaşırı 2 bağlama gəlirdi. Sonradan bu bağlamaların çoxu geri qayıdırdı. Bağlamaları qaytarmaq üçün Nigarın atasıgilin sürücüsü Fəxrəddin gətirirdi. Bağlamaların üzərində olan adamların şəxsiyyət vəsiqələrini Nigar ona «e-mail»lə göndərirdi. O da, onları sənədləşdirib geri qaytarırdı. Bu 2019-cu ilin dekabr ayınadək davam etdi. Gələn bağlamaları Bakı şəhəri Çəmənzəminli küçəsi 51 ünvana o, ünvan 3əxrəddin şəxsən ona çatdırırdı. «Farfetch» saytında «online» alış-verişin belə qaydası var ki, şəxs alınmış malları 5 gün ərzində geri qaytara bilər. İşlədiyi müddətdə Nigara 200dən çox bağlamanı təkcə özü çatdırmışdır. Bağlamalar ünvan 5 ünvanlara, habelə Sabunçuda olan Nigarın nənəsi, xalası və dayısıgilə daşınıb. Buna görə də, bilirdim ki Nigar «online», yəni sayt vasitəsilə alverlə məşğuldur. X6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, 2018-ci ilin may ayından 2019-cu ilin may ayınadək olan müddətdə Abdullayev Şamxalgildə sürücü işləmişdir, Ş.Abdullayevin həyat yoldaşı Nigarın sürücüsü olmuşdur. Demək olar ki, hər gün bir dəfə Əhməd Rəcəbli küçəsində olan “DHL”-ə, ya da Atatürk prospektində olan 69 saylı poçta Nigarın aldığı malların dalınca getmişlər. Poçta gələn bağlamaları alıb Nigara vermişdir. Bəzən də qaytarılması üçün verdiyi malları aparıb həmin poçtlara təhvil vermişdir. Dəfələrlə Nigar ona tapşırmışdır ki, poçtlardan gətirdiyi əşyaları başqa-başqa şəxslərə versin və sonunculardan pulları da alsın. Həmin aldığı pulları da Nigara qaytarmışdır. O, bu barədə Nigardan soruşmuşdur, Nigar da bildirmişdir ki, «İnstagram» şəbəkəsində «Online», yəni sayt vasitəsi ilə satışla məşğuldur. Bağlamaların içində müxtəlif paltar, aksessuar və xalçalar olurdu. O, düşünmüşdür ki, Şamxal müəllimin də bu alverdən məlumatı var, özü buna razılıq verib. Poçtlara getməsi Şamxal müəllimin iş saatlarında olurdu. Malların bir hissəsi 5 gün ərzində geri qaytarılırdı. Orxanı da “DHL”-in işçisi kimi malları geri qaytararkən tanımışdır. Orxanın telefon nömrəsini də Nigar ona vermişdir. Mallar Nigarın telefon nömrəsinə, amma fərqli adamların adına gəlirdi. Həmin adların içərisində onun, atasının, Nigarın qohumlarının, qulluqçularının, dayələrinin adları olub. Amma həmin malların hamısı Nigara məxsus idi. X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, iddiaçının bacısıdır. "xxxx" ASCnin Sahil filialında çalışır. Həmin iş yerində, ondan bir üst mərtəbədə Cavabdeh da çalışır. Günlərin bir günü nahar vaxtı Şahinənin onun bacısının paltarlarını geyindiyini görmüşdür. Ona qarşı hər hansı bir reaksiya verməmiş, lakin dərhal Nigara zəng edib onun belə bir paltarının olub-olmamasını soruşmuşdur. Nigar isə bu faktı təsdiq etmişdir. Sonradan, demək olar ki, hər dəfəsində Şahinə xanımın Nigara məxsus paltarları geyindiyini, çantalarını taxdığını görmüşdür. O, bununla bağlı videolar da çəkmişdir. Hətta anasının 2 saatı bacısıgildə qalmış və qeyd edilən saatları da Şahinə xanımın qolunda görmüşdür. Bundan əlavə məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, həmin əşyalar həm onların atası, həm də bacısının keçmiş qaynatası tərəfindən alınmışdır. İddia ərizəsində qeyd edilən sırğanın kimin tərəfindən alındığını dəqiq bilmir. İş materiallarına əlavə olunmuş Nəsimi RPİ 21-ci PB-nin təhqiqatçısı, polis mayoru Ş.Fərhadovun icraatında olan 1 saylı HK-532 nömrə ilə qeydə alınmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə 10 yanvar 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı və Cavabdeh qarşılıqlı müraciətləri əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və tərəflərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər və onların yaxın qohumları arasında müxtəlif səpkili mübahisələr mövcuddur. Həmin mübahisələrdən biri də hazırki iş üzrə iddiaçının keçmiş baldızı və onun ərinə qarşı olan iddia tələbi ilə bağlıdır. İddiaçının hazırki iddiasının əsasını onun keçmiş ərinin evində qalan və məhkəmə çəkişməsinin predmeti olan şəxsi əşyaları (paltar, aksessuar, qızıl-zinət əşyaları) cavabdehlər tərəfindən qanunsuz olaraq götürülməsi və istifadə edilməsi təşkil edir. İddiaçı tələbinin əsaslı olmasının təsdiqi kimi məhkəməyə sübut qismində bir neçə fotoşəkil təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin). b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Həmçinin məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göründüyü kimi, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların iddia etdiyi ədəddə və qiymətdə, eləcə də, onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Cavabdehlərin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, onlar əgər iddiaçı müvafiq hälları sübuta yetirərsə, o zaman bu əmlakların iddiaçı tərəfindən evdən aparıldığını (yəni artıq özlərinin sahibliyində olmadığını) və ya iddia olunan əmlakların ümumiyyətlə iddiaçıya aid olmamasını sübut etməlidirlər. İddiaçının tələbinin maddi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Həmin normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehlərdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehlərin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehlərin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmənin qənaətinə görə təqdim edilmiş fotoşəkillərdə olan əşyalar qeyri-adi, eyni nüsxədə istehsal olunmuş əşyalar olmamaqla, bir ədəd deyil, satış üçün çox sayda istehsal olunması nəzərə alınmalıdır və qeyd olunmalıdır ki, Respublika ərazisində istənilən şəxs həmin əşyaları maddi imkanı daxilində müxtəlif formalarda (saytlardan, mağazalardan və s.) alıb istifadə edə bilir. İstifadə olunmuş əşyaların satışı ilə bağlı ixtisaslaşmış ticarət nöqtələri, həmçinin ixtisaslaşmış saytlar var ki, vətəndaşlarda həmin əşyaları alaraq istifadə edirlər. Bu səbəbdən, məhkəmə hesab edir ki, eyni görünüşlü, üslublu, rəngli, əyarlı, naxışlı, bəzəkli paltar, aksessuar və qızıl-zinət əşyaları bir çox şəxslərdə olması və təyinatı üzrə istifadə edilməsi nəzərə alınmalı olduğundan iddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillər və izahatında göstərilənlər mötəbər sübut növü kimi qiymətdəndirilə bilməz. Məhkəmə iddiaçı tərəfdən şahid qismində dindirilmiş X5 da ifadəsini də sübut kimi qiymətləndirmir. Belə ki, qanunvericiliyə əsasən şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Azərbaycan Respublikasının MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdırmı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə hesab edir ki, iş üzrə şahid Nərmin Məmmədovanın iddiaçının bacısı olması onun işin nəticəsində maraqlı olması ilə yanaşı ifadəsi də işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, həmin şahidin ifadəsi, əgər ifadəsi ilə bağlı mötəbər sübut təqdim edilsəydi digər sübutlarla birlikdə tədqiq edilib əlaqəli şəkildə qiymətləndirilməklə həqiqətin müəyyən edilməsi üçün məhkəmənin hansısa hal üzrə düzgün qənaətə gəlməsi üçün faydalı ola bilərdi. Əksinə, məhkəmə tədqiqi zamanı cavabdeh tərəfin nümayəndəsinin iddia tələbinə etirazın əsası kimi istinad etdiyi hallara dair gətirdiyi dəlillər daha inandırıcı olduğu üçün məhkəmə hesab edir ki, iddiaçı tərəfin şahidinin ifadəsi yalnız onun maraq və mənafeyinə uyğun verilən və heç bir sübut əhəmiyyəti kəsb etməyən ifadə kimi qiymətləndirilir. Cavabdeh tərəfdən dindirilmiş şahid ifadələrinə məhkəmə qiymət verərək qeyd edir ki, həmin şahid ifadələri iddiaçının onlayn qaydada alış-verişlə məşğul olmasına özüözlüyündə dəlalət etmir. Belə ki, gün (həftə) ərzində onlayn qaydada müxtəlif sayda əşyaların alınması, sonradan bəzilərinin geri qaytarılması, habelə digər ünvanlara çatdırılması iddiaçının onlayn şəkildə həmin əşyaların satışı ilə məşğul olmasını təsdiq etmir. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi ödəniş qəbzləri ilə bağlı qeyd edir ki, bu qəbzlər qaytarılması iddia edilən əmlaklara aid olmasını təsdiq edən sübut növü kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd edildiyi kimi bir firmanın paltarlarının (əmlakların) müxtəlif şəxslər tərəfindən alına və istifadə edilməsi mümkünlüyü nəzərə alındıqda təqdim edilən qəbzlərin məhz fotoşəkillərdəki paltarların deyil, digər paltarlara (əmlaklara) da aid ola bilməsi nəzərə alınmalıdır. Buna görə də iddiaçının təqdim etdiyi qəbzlərin məhz qaytarılması iddia edilən əmlaklara aid olmasına dair dəlilləri məhkəmə inandırıcı saymır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının iddia tələblərinin əsassız olması iş materiallarında olan Nəsimi RPİ 21-ci PB-ndə İddiaçı və Cavabdeh qarşılıqlı müraciətləri əsasında toplanmış material üzrə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə 10 yanvar 2022-ci il tarixli qərarının məzmunu ilə də təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (iddia ərizəsində qeyd olunan, iddiaçının mülkiyyətində olmuş əşyaların cavabdehlər tərəfindən götürülməsi və istifadə olunması) dair mötəbər və tutarlı sübutlar məhkəməyə təqdim edilmədiyi üçün iddia əsassızdır və rədd olunmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Abdullayeva (Məmmədova) Nigar İlqar qızının cavabdehlər Cavabdeh və X11 qarşı «əmlak» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2225/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2225/2022
23.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver