Məhkəmə qərarları › İş №e-2(006)-2245/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2245/2022

13.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2245/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh3 vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə , İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Bakı şəhəri 14 saylı notariat ofisi cəlb etməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Bakı şəhəri 14 saylı notariat ofisi cəlb etməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan və xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydə alınmış, ünvan 1ində, 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan «əmlak kompleksi» qanunsuz yolla özgəninkiləşdirilərək Cavabdeh1 adına özgəninkiləşdirilmiş və ona xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli **********61-12-301 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçı bu hadisədən cari ilin yanvar aynda xəbərdar olmuş və faktiki olaraq aldadıldığını müəyyən etmişdir. Belə ki, 2021-ci ilin əvvəlində iddiaçıya təcili pul lazım olduğundan, həmin əmlakı ucuz qiymətə olsa belə, 2 milyon 500 min manata satmaq qərarına gəlmişdir. Qardaşımın yaxın dostu Cavabdeh3 bu əmlaka satıcı tapacağına söz vermiş və bir müddət keçdikdən sonra iddiaçıya bildirmişdir ki, yaxın dostu maklerdir, o həmin obyekti tez bir zamanda satacaqdır. Lakin həmin maklerin şərtlərinə görə onun adına etibarnamə verilməli, o, öz əmlakı kimi həmin obyekti istədiyi qiymətə satıb, alqı-satqı günü iddiaçıya çatası 2 milyon 500 min manatı ödəməklə, artıq qalan məbləği də özünə götürəcəkdir. İddiaçı buna etiraz etməmiş və onun iddiaçıya təqdim etdiyi şəxsiyyət vəsiqəsi əsasında Rəşad adlı şəxsin adına etibarnamə vermiş, eynu zamanda bir müddət keçdikdən sonra isə həyat yoldaşının adından da obyekin satışına etiraz etməməsi barədə notariusdan arayış da təqdim etmişdir. Həyat yoldaşının adından arayışı təqdim etdikdən bir gün sonra da alqı-satqının həyata keçirilməsi razılaşdırılsa da, Qədimdən səs çıxmamış, bir neçə gündən sonra onunla əlaqə saxladıqda isə, o, bildirmişdir ki, alıcı ilə tam razılaşma əldə olunmadığından razılaşdırılmış gün gələ bilməmişlər, bir neçə günə, mütləq, razılıq əldə olunacaqdır. Beləliklə, bir neçə gündən sonra da, Qədimdən xəbər olmadıqda, onunla əlaqə yaradılmasına nail olmuş və tələb etmişdir ki, tərəfindən ona təqdim edilmiş bütün sənədləri iddiaçıya qaytarsın. Lakin, həmin gündən Qədim faktiki olaraq yoxa çıxmış və onu tapmaq mümkün olmamışdır. Bir müddət keçdikdən sonra isə, qeyri-rəsmi də olsa, iddiaçıya məlumat çatdırılmışdır ki, Qədimin iddiaçıya təqdim etdiyi şəxsiyyət vəsiqəsi əsasında Rəşad adlı şəxsə verdiyi etibarnamə ilə, iddiaçıya məxsus obyekt başqa şəxsin adına özgəninkiləşdirilmişdir. Bununla əlaqədar olaraq Qədimin axtarışlarına «çıxdıq» və məlum olmuşdur ki, o, Rusiya Federasiyasındadır, onunla əlaqə yaratmış, əmlakın başqa şəxsin adına necə özgəninkiləşdirildiyini soruşmuş və bildirmişdir ki, iddiaçının inamından sui-istifadə etməklə iddiaçıya məxsus əmlakın bu cür mənimsənilməsini həyata keçirdiyinə görə hüquq mühafizə orqanlarına müraciət etmiş, onun məsuliyyətə cəlb edilməsinə nəyin bahasına olursa olsun mütləq nail olacaq. Belə olduqda da, iddiaçıya bildirmişdir ki, bundan onun xəbəri yoxdur, əmlakının başqa şəxsin adına keçirilməsi qanunsuz edilmiş, o, bunu sübut edəcəkdir və Respublikada olmadığından onun yaxın tanışı olan vəkilin adına etibarnamə verməsini xahiş etmişdir. İlk halda olduğu kimi, yaxın tanışı olan vəkilin şəxsiyyət vəsiqəsinin məlumatlarını iddiaçıya göndərmiş və iddiaçı tərəfindən vəkil kimi ona etibarnamə verilmişdir. Beləliklə, öz növbəsində, iddiaçı tərəfindən Gəncə şəhəri 1 saylı vəkil bürosu vasitəsilə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət olunaraq, iddiaçıya məxsus əmlak barədə arayışın təqdim edilməsini xahiş edilmiş və həmin idarədə alınan xx.xx.2022-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-546 saylı alqısatqı müqaviləsinə əsasən bu əmlak bütövlükdə İddiaçı tərəfindən Cavabdeh1 satılmışdır. Alıcıya xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********61-12301 reyestr nömrəli çıxarış verilmişdir. Eyni zamanda, həmin cavab məktubundan o da müəyyən olunmuşdur ki, Samux rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-226/2022 saylı qərardadına əsasən mülkün üzərinə qadağa qoyulmuşdur. Bu məsələlərlə əlaqədar olaraq iddiaçı Qədimlə əlaqə saxlamamış, qardaşının dostu olduğuna görə ona tapşırmışdır ki, onunla əlaqə saxlasın və məsələnin nə ilə əlaqədar olduğuna aydınlıq gətirsin. Məhz bundan sonra onlara məlum olmuşdur ki, Qədim iddiaçının adından etibarnamə verilmiş Rəşad adlı şəxsdən faizlə 130.000 manat məbləğində borc pul götürmüş, həmin borcun müqabilində də 3 milyon manatdan artıq dəyəri olan əmlak ilə bağlı sənədlərin iddiaçıdan alınıb ona təqdim edilməsinə nail olmuşdur. Rəşad adlı şəxs isə Qədimə verdiyi 130.000 manat borcu 160.000 manat məbləğində dəyərləndirmiş, yəni verilən 130.000 manatın üzərinə faiz də əlavə etməklə onu 160.000 manat məbləğində dəyərləndirilmiş və Qədimin aldığı borcun zamanəti kimi də bu əmlakı Səlim adlı yaxın qohumunun adına özgəninkiləşdirmiş, bununla da xüsusilə külli miqdarında dəyəri olan əmlakının mənimsənilməsi həyata keçirilmişdir. Göstərilənlərə əsasən xüsusi mülkiyyətində olan və xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydə alınmış ünvan 1ində 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan «əmlak kompleksi»nin xx.xx.2021-ci il tarixli, 4Ə-546 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********61-12-301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, 2021-ci ilin əvvəlində ona təcili pul lazım olduğundan mülkiyyətində olan ünvan 1ində 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan «əmlak kompleksi»ni ucuz qiymətə olsa belə, 2 milyon 500 min manata satmaq qərarına gəlmişdir. Qardaşı bu barədə ona yaxın dostu Qədimin kömək edə biləcəyini və ona bu barədə güvənə biləcəyini bildirmişdir. Buna görə də o, Cavabdeh3 ilə danışmış və sonuncu ona əmlaka satıcı tapacağına söz vermişdir. Onların razılaşmalarına əsasən Qədim əmlakı sataraq ona 2,5 milyon manat pul verməli və yerdə qalan pulu özünə götürməli idi. Bir neçə gün keçdikdən sonra Qədim ona zəng vuraraq ona etibarnamə verməsini istəmiş və beləcə də əmlakı rahat satacağını bildirmişdir. O, da Bakıda yaşamadığı və əmlakın satılması ilə bağlı davamlı gəlib-getməyi çətin olduğu üçün bununla razılaşmış və Qədimə etibarnamə vermişdir. Bundan 2-3 gün sonra Qədim ona dedi ki, həyat yoldaşının da razılıq ərizəsi lazımdır. O, yoldaşının razılıq ərizəsini notariusda hazırladaraq Qədimə göndərmişdir. Bir müddət keçdikdən sonra əmlakın satılması barədə ona qeyd olunan əmlakda idarəçi vəzifəsində çalışan işçi məlumat vermiş və bildirmişdir ki, bir neçə şəxs həmin obyektə gələrək onun satın alındığını bildirmişdir. O, bu barədə xəbər tutduqda Qədimə zəng vurmuş və bununla bağlı soruşmuşdur. Sonuncu ona bildirmişdir ki, bundan xəbəri yoxdur. Əgər belə bir şey varsa bunu özü həll edəcək ya obyektini ya da onun pulunu ona qaytaracaqdır. Bunun üçün təcili olaraq onun vəkili Rəşad adlı şəxsə etibarnamə verməsini istədi ki, əmlakın 3-cü şəxs özgəninkiləşdirilməsinin qarşısı alınsın. O, bununla razılaşmış və Rəşad adlı şəxsə etibarnamə vermişdir. Bundan bir müddət sonra Qədimə zəng vursa da onunla əlaqə yaratması mümkün olmamış və xəbər tutmuşdur ki, Qədim artıq ölkəni tərk etmişdir. Qeyd edilənlərdən görünür ki, onun etibarından sui-istifadə edilərək əmlakı mənimsənilmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək və iddiaya qarşı etiraz ərizəsi məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, iddia ərizəsində yazılanlar həqiqətə uyğun deyildir, heç bir sübuta soykənmir. İddiaçının iddia ərizəsində qaldırdığı dəlilləri tam əsassızdır. Belə ki, cavabdeh artıq həmin əmlak kompleksinin xüsusi mülkiyyətçisidir, onun mülkiyyət huquqları qorunmalıdır. Notariat ofisində alqı-satqı müqaviləsi tam qanuni şəkildə həyata keçirilmişdir, alqı-satqı aparılarkən heç bir qanun pozunlusuna yol verilməmişdir. Belə olan halda alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. Cavabdeh1 vicdanlı alıcıdır, qanuni şəkildə əmlak almışdır. Nümayəndə2 həmçinin izahatında göstərmişdir ki, nümayəndəsi və vəkili olduğu Cavabdeh1 mübahisə predmeti olan əmlakı tam qanuni yolla əldə etmiş və dəyərini tam ödəmişdir. Vicdanlı alıcı olaraq hərəkət etmişdir. Əlavə olaraq qeyd edir ki, həmin obyektin dəyəri iddiaçı tərəfindən şişirdilir. Belə ki, həmin əmlakın qiymətləndirilməsi üçün "xxxx" MMC-yə müraciətləri əsasında ekspertlər tərəfindən əmlakın bazar dəyəri 250.000 manat, likvid dəyəri isə 199.000 manat müəyyənləşdirilmişdir. Odur ki, vicdanlı alıcı olaraq iddianın onlara aid hissədə rədd olunmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh3 vəkili Vəkil iddianı qəbul etməyərək və iddiaya qarşı etiraz təqdim edərək izahatında göstərmişdir ki, təmsil etdiyi şəxs X24 iddiaya cavab verməli olmayan şəxsdir. İddia tələbindən və iş materiallarından da görünür ki, mübahisəli əmlakın mülkiyyətçisi İddiaçı olmuş, mübahisəli əmlakın alqısalqısı isə cavabdəhlər Cavabdeh1 ilə X12 arasında baş vermişdir. Hal-hazırda da əmlakın mülkiyyətçisi Cavabdeh1dur. İddiaçı iddia tələbində ona məxsus əmlak kompleksini pul lazım olduğu üçün satmaq istədiyini və bunun üçün Cavabdeh3 tanışı Rəşad adlı şəxsə etibarnamə verdiyini göstərmişdir. Lakin xx.xx.2021-ci il tarixli etibarnamə ilə mübahisəli əmlak üzərində sərəncam verilməsi hüququ X7 etibarnamə ilə verilmişdir. Bundan başqa iddiaçı ona məxsus əmlakın onun xəbəri olmadan başqa şəxsin adına özgəninkiləşdirildiyini cari ilin yanvar ayında məlumatı olduğunu bildirir. Lakin həmin əmlakın digər şəxsə satılması xəbərini 2021-ci ilin iyul ayında Cavabdeh3 iddiaçıya məlumat vermişdir. Bundan sonra Cavabdeh3 köməkliyi ilə hüququ yardım göstərilməsi üçün vəkil Rəşid Məhərrəmli ilə müqavilə bağlanmış və vəkilə xx.xx.2021-ci il tarixli etibarnamə verilmişdir. Bu halı iddiaçı özü də iddia tələbində etiraf etmişdir. İddiaçı iddia tələbində həmin vaxt Cavabdeh3 Rusiya Federasiyasında olduğunu ve onunla əlaqə yaratdığını bildirmişdir. Qeyd etdiyi kimi əmlakın satılmasını iddiaçıya Cavabdeh3 xəbər vermiş və xx.xx.2021-ci il tarixdə vəkilə etibarnamə verərkən də İddiaçı Cavabdeh3la birlikdə Bakı şəhərində vəkillə görüşmüşdür. Cavabdeh3 xx.xx.2021-ci il tarixdə Azərbaycandan Rusiya Federasiyasına getmişdir. İddiaçı daha sonra iddia tələbində guya Cavabdeh3 130000 manat Rəşada borcu olduğunu və həmin borcun qarşılığında ona məxsus əmlakın sənədlərini ondan alıb Rəşada verdiyini göstərmişdir. Cavabdeh3 Rəşada 130000 manat borcu yoxdur və bunu təsdiq edən hər hansı bir mötəbər subut yoxdur.Bunlar hamısı fərziyədır və yalandır. İddiaçı məxsus Samux rayonu Tatlı kəndində 0,5 ha torpaq sahəsində yerləşən əmlakın Cavabdeh1 satılmasından Cavabdeh3 xəbəri olmamış, əmlakın satılmasında iştirak etməmiş və pulu əldə etməmişdir. İddia tələbindən də göründüyü kimi, Cavabdeh3 iddia tələbinə cavab verməli olmayan şəxsdir. Vəkil həmçinin göstərmişdir ki, Cavabdeh3 məsələ ilə dərindən heç bir əlaqəsi olmayıb, heç bir gəlir götürməyib. Bu hazırki məsələ ilə bağlı olaraq keçirilmiş ibtidai istintaq mərhələsində də sübuta yetirilmişdir. Odur ki, iddia tələbinin Qədim Əbilova aid hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbini qəbul etməyərək onun rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında izahatı alınmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahatında göstərmişdir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. 9.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 14 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 11.Məhkəmə, tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, o, iddiaçının qardaşıdır. Qədim onun tanışı, yaxın dostu olmuşdur. 7 ildən çoxdur ki, münasibətləri vardır. Qədim ilə ortaq dostlarında olmuşdur. Heç vaxt ondan yana şübhəsi olmamışdır. Taki bu hadisələr olana kimi Qədimi qardaşı Musaməddinə o, məsləhət görmüşdür ki, ona güvənə bilər. Bütün bu hadisələrdən sonra Qədimlə əlaqədə saxlamış və baş verənləri ilə bağlı soruşmuşdur. Sonuncu ona narahat olmamasını və özünün hər şeyi yoluna qoyacağını bildirmişdir. Bundan bir neçə ay sonra isə Qədimlə əlaqə saxlamaq mümküq olmadı. Artıq 7 aydan çoxdur ki, əlaqəsi yoxdur. Rəşadı tanımamışdır. İlk dəfə Əliabbas, dostları Sərvan və Rəşad Koroğlu heykəlinin yanında danışıb məsələni yoluna qoymaq ilə bağlı görüşmüşlər və o zaman görmüşdür.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində göstərmişdir ki, o, Nəsirullanın dostudur. İddiaçını şifahi tanıyır. O, alqı-satqı olduqdan sonra Əliabbas, Nəsirulla və o, Rəşadla görüşməyə getmişlər. Rəşadla ilk görüşündə o onlara bildirmişdir ki, Qədimə 160.000 manat ödəniş etmişdir. İkinci görüşündə isə 165.000 ABŞ dolları ödədiyini və bunu ona qaytarmalı olduqlarını bildirmişdir.

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, o, mübahisə predmeti olan obyektdə 2016-cı ildən icraçı direktor olaraq çalışmışdır. Əvvəllər obyektdə dövriyyə yaxşı olsa da, 2017-ci ildən sonra tələbat azaldığından və pandemiya zamanı dövriyyə aşağı düşmüşdür. Buna görə də Musaməddin müəllim obyekti satmaq qərarına gəlmişdir. Həmin obyektdə 4 istehsalat sahəsi: beton istehsalı, tamet, qum-çınqıl istehsalı və asfalt istehsalı sahələri mövcud olmuşdur. Obyekt onun ərazisinə, istehsal gücünə, orada olan avadanlıqlara görə yüksək dəyərə malik olmuşdur.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər 14 saylı notariat kontoru tərəfindən verilmiş 4Ə-546 nömrəli sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il tarixli Çıxarışa əsasən ünvan 1ində 0,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır.

10. Həmin notariat işində olan Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş 7E-8591 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli, ƏN-İ seriyalı 864308 nömrəli etibarnaməyə əsasən İddiaçı tərəfindən Cavabdeh2 ********** qeydiyyat nömrəli **********61-12301 reyestr nömrəli, xx.xx.2019-cu qeydiyyat tarixli ümumi sahəsi 0,5 ha olan torpaq sahəsi və ümumi sahəsi olan 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisəni idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, bu əqdlər üzrə haqq-hesab aparmağı, adından hər növ əqdlərə imza atmağı, Asan Xidmət mərkəzlərində, DƏDRX-nin Ərazi İdarələrində, notariat ofisində istənilən növ, o cümlədən qeydiyyat işlərinin aparmağı, bağlanmış alqı-satqı müqavilənin ləğv etdirməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri ilə bağlı etibarnamə verilmişdir. Etibarnamənin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir.

11. Notariat icraatında olan Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və İddiaçı (etibarnamə əsasında İddiaçı əvəzinə Cavabdeh2 imza etmişdir) ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisəni, ünvan 1i ünvanınla yerləşən ümumi sahəsi 0,5 ha olan torpaq sahəsi alıcı Cavabdeh1 160.000 manata satmışdır.

12. Notariat icraatında olan «Elektron notariat» X1 Çıxarışından görünür ki, Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və X9 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizəyə əsasən birgə nikah dövründə əldə edilmiş əri İddiaçı məxsus olan (**********61-12301 reyestr nömrəli, ********** dövlət nömrəli, xx.xx.2019-cu il tarixli) ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,5 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisənin satılmasına etiraz etmir. Eyni zamanda bəyan edir ki, aralarında satılan əmlakın hüquqi rejimi müəyyən edən nikah müqaviləsi bağlanmamışdır.

13. Notariat işində olan ünvan 2 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən Cavabdeh1 notariat qaydasında təsdiq olunacaq alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 160.000 manat məbləğində pulu müvafiq müqavilə təsdiq edildikdən sonra əmlaka görə yaranmış 4090 manat və torpaq sahəsinə görə yaranmış 1375 manat vergi öhdəliklərini (borcu) əmlakın satış dəyərindən çıxaraq AZ74MUGA**********00001AZM38 hesab vasitəsilə dövlət xəzinədarlığına ödənilməsi, qalan 154.535 manatını Cavabdeh2 verilməsi üçün bankda olan **********00001AZM38 №-li depozit hesabına qəbul olunmasını xahiş etmişdir.

14. Notariat işində olan "xxxx" ASC-nin 5 saylı şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqların surətlərindən görünür ki, xx.xx.2021-ci il tarixli, 4Ə-546 nömrəli alqı-satqı müqaviləsinə əsasən 4090 (dörd min doxsan) manat və 1375 (bir min üç yüz yetmiş beş) manat məbləğində pul vəsaiti köçürülmüşdür.

15. Notariat işində olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderinə əsasən Cavabdeh1 notarius Elmar Əliyevin depozit hesabına 160.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

16. Notariat işində olan Bakı şhəri 14 saylı notariat ofisində təsdiq edilmiş və Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********218 nömrəli ərizədən görünür ki, 4Ə-546 reyestr nömrəsi ilə qeydə alınaraq xx.xx.2021-ci ildə Bakı şəhəri 14 saylı notariat ofisində rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən 10 gün müddətində adına elektron çıxarışın qeydə alınması ilə bağlı müvafiq tədbir görülməsini xahiş etmişdir.

17. İş materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru Ramil Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Cavabdeh3 əməlində dələduzluq cinayətinin tərkibi əlamətləri mövcud olmadığından onun barəsində olan cinayət işinin icraatına xitam verilmişdir.

18. İş materiallarında olan Binəqədi rayon Məhkəməsinin 6(001)-50/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, X20, X13, X25 və X14 şikayətinin təmin edilməsi, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X17 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli «cinayət işi üzrə icraata xitam verilməsi barədə» qərarın ləğv edilməsi, şikayətdə və hazırkı qərarda göstərilən xüsusatlarla bağlı əlavə istintaqın aparılması, ibtidai istintaq zamanı göstərilənlərlə kifayətlənməməklə qarşıya çıxan digər halların da hərtərəfli, tam və obyektiv yoxlanılaraq iş üzrə qanuni qərar qəbul edilməsinin təmin edilməsi qərara alınmışdır.

19. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışına əsasən ünvan 1i ünvanında qeydiyyatda olan "xxxx" MMCnin (VÖEN: **********) mənfəət vergisi bəyannamələrinə əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində vergiyə cəlb edilmiş malların (işlərin, xidmətlərin) dəyəri barədə göstəricilər aşağıdakı kimi müəyyən edilmişdir. xx.xx.2004-cü il tarixdə 3104 qeyiyyat nömrəsi ilə Ədliyyə nazirliyinin Hüquqi aktların dövlət reyestrinə daxil edilmiş «İcra hakimiyyəti orqanlarının, idarə, müssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nüsunəsi Siyahısı»nın 3.3-cü bəndinə əsasən vergi orqanına təqdim olunmuş vergi sənədlərinin saxlanma müddətinin 5 il olmasını nəzərə alaraq 2006-cı ildən (X2 Sistemi (AVİS) 2006-cı ildən tətbiq olunur) geri tarixə olan, fəaliyyətini əks etdirən məlumatların aşkar olunara təqdim olunması mümkün deyildir. 2006-cı il mənfəət bəyannaməsinə əsasən ümumi gəlir -1.251.976,51 manat, 2007-ci il mənfəət bəyannaməsinə əsasən ümumi gəlir -1.709.431,39 manat, 2008-ci il mənfəət bəyannaməsinə əsasən ümumi gəlir -1.702.320,36 manat, 2009-cu il mənfəət bəyannaməsinə əsasən ümumi gəlir -974.171,52 manat, 2010-cu il mənfəət bəyannaməsinə əsasən ümumi gəlir -851.391,89 manat, 2011-ci il mənfəət bəyannaməsinə əsasən ümumi gəlir -257.754,20 manat, 2012-ci il mənfəət bəyannaməsinə əsasən ümumi gəlir -119.780,45 manat, 2013-cü il mənfəət bəyannaməsinə əsasən ümumi gəlir -0,00 manat, 2014-cü il mənfəət bəyannaməsinə əsasən ümumi gəlir -36.855,98 manat, 2015-ci il mənfəət bəyannaməsinə əsasən ümumi gəlir -237,29 manat, 2016-cı il mənfəət bəyannaməsinə əsasən ümumi gəlir -6.460,39 manat, 2017-ci il mənfəət bəyannaməsinə əsasən ümumi gəlir -7.220,34 manat təşkil etmişdir.

20. İş materiallarında olan Nəsimi RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X15 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi, yəni qüvvədə olan Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayətinin tərkib əlamətlərinin olmaması müəyyən edilməməklə tərəflər arasında yaranmış mübahisə mülki xarakterlidir. Belə ki, toplanmış material üzrə əməldə cinayət tərkibinin olmamasını sübuta yetirilir. Bu da Azərbaycan Respublikası CM-də etibarən sui-istifadə etmə, aldatma kimi qeyd olunan dələduzluq cinayətinin tərkibini yaratmır. Həmçinin dəlduzluq edən şəxs əvvəlcədən etibar qazanmalı və zərərçəkmiş şəxsi aldatmalıdır. Göstərilənlərə əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/1750 (19PŞ) №-li araşdırma materialı üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.

21. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmlak kompleksinin (beton zavod, ofis binası, mühasibatlıq binası, emalatxana, laboratoriya binası, yeməkxana binasının və s.) qiymətləndirilməsi barədə hesabatına əsasən ünvan 1ində 0,5 ha torpaq sahəsində yerləşən, ümumi 363,5 kv.m. olan əmlak kompleksinin hazırki bazar qiyməti - 2.550.000 (iki milyon beş yüz əlli min) manat təşkil etmişdir.

22. İş materiallarında olan Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Nümayəndə2 sifarişi əsasında "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatına əsasən ünvan 1ində mülkiyyətində olan 0,50 ha (50 sot) torpaq sahəsi üzərində yerləşən 363,5 kv.m. (A tikilisi 125,1 kv.m., B tikilisi 82,8 kv.m., C tikilisi 60,8 kv.m., D tikilisi 26,8 kv.m., E tikilisi 33,6 kv.m., F tikilisi 34,4 kv.m.) sahəli əmlak kompleksinin xx.xx.2022-ci il tarixinə olan bazar qiyməti - 270.000 (iki yüz yetmiş min) manat, likvid dəyəri - 216.000 (iki yüz on altı min) manat təşkil etmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

23. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 1ində, 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisə iddiaçının mülkiyyətində olmuşdur. İddiaçı həmin əmlakı satmaq qərarına gəlmiş və xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən iddiaçı mübahisəli əmlaka dair sərəncam vermək səlahiyyətini Cavabdeh2 etibar etmişdir. Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı (etibarnamə əsasında İddiaçı əvəzinə Cavabdeh2 imza etmişdir) mülkiyyətində olan ünvan 1ində, 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi Cavabdeh1 160.000 manata satmışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən ünvan 1ində 0,5 ha torpaq sahəsində yerləşən, ümumi 363,5 kv.m. olan əmlak kompleksinin bazar qiyməti 2.550.000 manat təşkil etmişdir. Hazırda iddiaçı Cavabdeh1 ilə bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığını iddia edərək xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və bu alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

24. Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

26. Məhkəmə qeyd ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.

27. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər.

28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır.

29. Məhkəmə qeyd edir ki, mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisələndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.

30. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).

31. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarlarını əsas tutaraq belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanması ilə bağlı formal tələblərə əməl olunsa da, iddiaçının əmlak kompleksinin alqı-satqısı ilə bağlı iradə ifadəsi zədələnmişdir. Belə ki, məhkəmə iclasında izahatlarla və şahid ifadəsi ilə müəyyən edilmişdir ki, qeyd olunan əmlak sahəsinin tərkibində dörd növ istehsalat sahələri mövcuddur, əvvəlki dövrlərdə kifayət qədər maliyyə dövriyyəsi etmiş və iddiaçının ilkin niyyəti əmlakı 2,5 milyon manata satmağa razılıq vermişdir. Həmçinin cavabdeh tərəfinin təqdim etmiş olduğu mütəxəssis rəyləri ilədə müəyyən edilir ki, əmlak dəyərindən aşağı qiymətə satılmışdır.

32. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 və Cavabdeh3 qeyd olunan alğı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra ölkə xaricinə getmiş və hazıradək qayıtmamışlar və satşışdan əldə olunmuş 160.000 manat məbləğindəki pulunda iddiaçıya verilməsini sübuta yetirə bilməmişlər. (iddiaçı məhkəmə iclası zamanı puldan heç bir məbləğin ona verilməməsini bildirmişdir)

33. Cavabdeh2 tərəfindən vəd edilmiş pul məbləğinin verilməməsi iddiaçının aldatma nəticəsində həqiqi iradəsinə zidd əqd bağlaması ilə nəticələnmişdir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

35. Beləliklə, Mülki Məcəllənin qeyd edilən normasına uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir.

36. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.

37. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 aldatma ilə hərəkət etdiyi üçün və bu hallar iddiaçıya alqısatqı müqaviləsi bağlanıldıqdan sonra məlum olduğu üçün, irəli sürülmüş iddia tələbi əsaslı hesab edilməli və tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.

38. Məhkəmə iddia tələbinin çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edildiyindən, iddia tələbi bu hissədə əlavə araşdırılma aparılmağa zərurət qalmadan təmin edilməlidir.

39. Məhkəmə həmçinin hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edildiyi üçün, onun hüquqi nəticələri də ləğv edilməli və ünvan 1i, ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi (torpaq sahəsi ilə birlikdə) üzərində iddiaçının hüquqları bərpa edilməlidir. Yəni alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına aparılmış qeyd ləğv edilməli və İddiaçı ünvan 1i, ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksinə (torpaq sahəsi ilə birlikdə) münasibətdə əvvəlki hüquqi vəziyyəti bərpa edilməlidir. Alqı-satqı müqaviləsi üzrə ödənilmiş 160000 (bir yüz altmış min) manat pul Cavabdeh2 (iddiaçıya pul ödənilmədiyindən, etibarnamə üzrə rəsmi tərəf Cavabdeh2 olduğundan) tutularaq Cavabdeh1 xeyrinə ödənilməlidir.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

41. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1i, ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksinə dair (torpaq sahəsi ilə birlikdə) Cavabdeh2 (İddiaçı əvəzinə) ilə Cavabdeh1 arasında bağlanmış 19 aprel 2021-ci il tarixli 4Ə-546 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 29 aprel 2021-ci il tarixli,********** qeydiyyat nömrəli, **********61-12-301 reyestr nömrəli çıxarış ləğv edilməli, İddiaçı ünvan 1i, ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksinə (torpaq sahəsi ilə birlikdə) münasibətdə əvvəlki hüquqi vəziyyəti bərpa edilməli, alqı-satqı müqaviləsi üzrə ödənilmiş 160000 (bir yüz altmış min) manat pul Cavabdeh2 tutularaq Cavabdeh1 xeyrinə ödənilməlidir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

45. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Həmçinin məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 500 (beş yüz) manat məbləğində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin VÖEN: **********, H/h: AZ46NABZ********************, bank «Unibank» KB-nin 11 saylı «Dərnəgül» filialı, filialın kodu: 502058, VÖEN: **********, müştərinin hesab Nsi:AZ65UBAZ**********0060AZN001, SWİFT:UBAZAZ22 hesabına köçürülməlidir.

47. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. ünvan 1i, ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksinə dair (torpaq sahəsi ilə birlikdə) Cavabdeh2 (İddiaçı əvəzinə) ilə Cavabdeh1 arasında bağlanmış 19 aprel 2021-ci il tarixli 4Ə-546 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 29 aprel 2021-ci il tarixli,********** qeydiyyat nömrəli, **********61-12-301 reyestr nömrəli çıxarış ləğv edilsin. İddiaçı ünvan 1i, ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksinə (torpaq sahəsi ilə birlikdə) münasibətdə əvvəlki hüquqi vəziyyəti bərpa edilsin. Alqı-satqı müqaviləsi üzrə ödənilmiş 160000 (bir yüz altmış min) manat pul Cavabdeh2 tutularaq Cavabdeh1 xeyrinə ödənilsin. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 500 (beş yüz) manat məbləğində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin VÖEN: **********, H/h: AZ46NABZ********************, bank «Unibank» KB-nin 11 saylı «Dərnəgül» filialı, filialın kodu: 502058, VÖEN: **********, müştərinin hesab N-si: AZ65UBAZ**********0060AZN001, SWİFT:UBAZAZ22 hesabına köçürülsün. Bu qətnamə ünvan 1i, ümumi sahəsi 363,5 kv.m.olan əmlak kompleksinə dair (torpaq sahəsi ilə birlikdə) İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar