Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2288/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, Ərizəçi MMC-nin Maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə Ərizəçi MMC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2288/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından verilmiş şikayətə ayrıca yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi MMC Maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin alınaraq, Ərizəçi MMC-yə ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2288/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm hüquq münasibətlərinin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən, qərardaddan şikayət verilməsi müddəti və qaydası göstərilməklə ərizə və ona əlavə edilmiş sənədlərin, dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pulun Ərizəçi MMC-yə geri qaytarılması qərara alınmış, ərizəçiyə aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Ərizəçi MMC həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin icraata qəbul olunması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2288/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Ərizəçi MMC tərəfindən verilmiş şikayət vəkil tərəfindən imzalanmadığından və şikayətə vəkilin orderi əlavə edilmədiyindən, həmin şikayətin geri qaytarılması qərara alınmış, qərardaddan şikayət verilməsi müddəti və qaydası göstərilmişdir. Hazırda Ərizəçi MMC Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2288/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını və qərardaddan verilmiş şikayətin icraata qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı əsassızdır. Belə ki, məhkəmənin e-2(006)-2288/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı iddia ərizəsinin geri qaytarılması barədədir. Mülki Prosessual Məcəllənin 152-ci maddəsində göstərilən əsaslarla iddia ərizəsi geri qaytarılarkən, qərardaddan şikayətlərə MPM-nin 269-cu maddəsində göstərilən ümumi qaydada baxılır və bu şikayətlərə vəkil imzası, orderi tələb olunmur. Əgər aiddiyyət haqqında qərardaddan şikayət verilərsə, bu zaman şikayətdə vəkil imzası və orderi olmalıdır. Hazırki mübahisədə nə məhkəmə işi aidiyyəti üzrə məhkəməyə göndərmişdir, nə də tərəf aidiyyət haqqında ərizə vermişdir. Hakim ümumiyyətlə iddia ərizəsini icraata qəbul etmədən geri qaytarmışdır və bu halda qərardad aidiyyət qərardadı deyil, iddianın geri qaytarılması qərardadı hesab olunur. Təsadüfi deyil ki, hakim iddianı geri qaytararkən 152.1.3-cü maddəyə əsaslanmışdır. Məhkəmə tərəfindən yol verilən pozuntu budur ki, iddia ərizəsinin geri qaytarılması qərardadını, aidiyyət qərardadı hesab etmiş və həmin qərardaddan verilən şikayəti geri qaytararkən aidiyyət qərardadlarından verilən şikayətin qaydalarını tətbiq etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini dəqiq aydınlaşdırmadan yanlış qərardad qəbul etmişdir. Məhkəmə iddianın geri qaytarılması qərardadını aidiyyət qərardadı hesab etməklə, qanunvericiliyin imporativ normalarına deyil, öz subyektiv mülahizəsinə uyğun nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə işin halları ilə heç bir uyğunluq təşkil etmir. İddianın geri qaytarılması qərardadından şikayət verilərkən vəkil orderi tələb olunmur. Məhkəmə şikayəti barəsində şikayət verilmiş qərardad və iş materialları ilə birgə nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, ərizəçinin ərizəsi mülki prosessual qanunvericiliyin məhkəmə aidiyyəti qaydalarının pozulması ilə aidiyyəti kommersiya məhkəməsinə deyil, ümumi məhkəməyə verildiyindən geri qaytarılmışdır. Həmin qərardaddan verilmiş şikayət əsassız hesab olunacağı təqdirdə baxılması və məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün apellyasiya məhkəməsinə deyil, Azərbaycan Respublikası Ali Məhkəməsinə göndəriləcəyindən, deməli, həmin şikayət məhz kassasiya şikayəti üçün nəzərdə tutulmuş tələblərə müvafiq qaydada tərtib edilməlidir. Məhkəmə hesab edir ki, bu tələb hazırki şikayət üçün də məcburidir. Lakin ərizəçi təkidlə mülki prosessual qanunvericiliyin qeyd edilən tələbinə əməl etməyərək, hazırki şikayəti də əvvəlki qərardaddan verdiyi şikayətlə eyni qaydada məhkəməyə təqdim etmişdir. Məhkəmə prosessual qənaət prinsipinə əsaslanaraq, həmçinin, ərizəçinin məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmaması məqsədilə hesab edir ki, hazırki şikayətin də mübahisələndirilən qərardadda göstərilmiş əsasla geri qaytarılması ərizəçinin şikayətlərinin dövri olaraq təkrarlanması ilə nəticələnəcək, yəni heç bir nəticə verməyəcəkdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizəçinin şikayətinə aidiyyəti yuxarı instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılıb müvafiq hüquqi qiymət verilməsi daha məqsədə müvafiqdir. Çünki məhkəmə şikayətə mahiyyəti üzrə baxan zaman şikayətin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 32.5-ci maddəsinə görə, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 269.1-269.3-cü maddələrinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir. 403-1.5-ci maddəsinə görə, şikayətin surəti birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar 5 gündən gec olmayaraq, şikayətə dair etirazlarını və yaxud izahatlarını kassasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdırlar. Beləliklə, məhkəmə şikayəti yuxarıda qeyd edilən qanunvericilik normaları ilə müqayisəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, Ərizəçi MMC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2288/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 269.1 və 269.3-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİM: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2288/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Ərizəçi MMC tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməsin. Şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-2288/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2288/2024
23.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver