Məhkəmə qərarları › İş №e-2(006)-2295/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2295/2025

26.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2295/2025 26.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «mənzildən çıxarılma, cehiz və şəxsi əşyaların mənzildən çıxarılması və mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh1 qarşı «mənzildən çıxarılma, cehiz və şəxsi əşyaların mənzildən çıxarılması və mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 56 saylı evin 57 saylı mənzilindən əşyaları ilə birlikdə məcburi çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, oğlu Cavabdeh2, Cavabdeh1 ilə 19 oktyabr 2020-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin nikah 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzi Qeydiyyat şöbəsinin 19 oktyabr 2020-ci il tarixli 1548 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra Cavabdeh1 oğlu Cavabdeh2 ilə birlikdə onun mülkiyyətində olan mənzildə yaşamağa başlamışdır. Cavabdeh1 özü ilə birlikdə gətirdiyi əşyalarını da ona məxsus olan mənzildə yerləşdirmişdir. Şirvan Şəhər Məhkəməsinin 03 fevral 2025-ci il tarixli 2(032)-92/2025 saylı qətnaməsi ilə Cavabdeh1 ilə oğlu Cavabdeh2 arasında nikah pozulmuş və boşanma barədə qərar qəbul edilmişdir. Qərara əsasən, Cavabdeh1 ilə oğlu Cavabdeh2 arasında olan nikah rəsmi olaraq pozulmuşdur. Bununla da, Cavabdeh1 onun mülkiyyətində olan mənzildən istifadəsinə əsas yoxdur. Buna baxmayaraq cavabdeh onun mülkiyyətində olan mənzildən çıxmır. Onu evə buraxmır. Onun öz əmlakından maneəsiz istifadəsinə mane olur. Bildirmək istəyir ki, Cavabdeh1 nikah bağlandıqdan sonra onun mülkiyyətində olan mənzildə yerləşdirdiyi əşyalarını nikah pozulduqdan sonra da, indiki vaxtda da ona məxsus olan mənzildə saxlamaqda davam edir. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, əşyalarını (1 ədəd şifonyer, 1 ədəd trümo, 1 ədəd taxt, 2 ədəd dolabça, 1 ədəd masa, 6 ədəd miz, 1 ədəd balaca servant, 1 ədəd beşik, 1 ədəd uşaq dolabı, 1 ədəd notebook, özünə məxsus qab-qacaq) mülkiyyətində olan mənzildən çıxarmamışdır. Yuxarıda sadaladığı əşyalar cavabdehə məxsusdur. Cavabdeh evdən çıxamamaqla və onu evə buraxmamaqla onun mənzildən normal istifadəsinə mane olur. Bu da onun dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarının pozulması deməkdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh3 cavabdeh şəxs qismində cəlb edilmələri; cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 onun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 56 saylı evin 57 saylı mənzilindən çıxarılmaları; Cavabdeh1 məxsus cehiz və şəxsi əşyalarının, yəni 1 ədəd şifonyer, 1 ədəd trümo, 1 ədəd taxt, 2 ədəd dolabça, 1 ədəd masa, 6 ədəd miz, 1 ədəd balaca servant, 1 ədəd beşik, 1 ədəd uşaq dolabçası, 1 ədəd noutbuk və qab-qacaq dəstinin onun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 56 saylı evin 57 saylı mənzilindən məcburi çıxarılması; onun Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 56 saylı evin 57 saylı mənzilinə köçürülməsi; «Ekol» Vəkil Bürosu ilə bağlanmış EM-1191VK-14997/25 saylı 12 mart 2025-ci il tarixli müqaviləyə əsasən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 1.000 manat pul vəsaitinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən təqdim olunmuş ərizədə qeyd olunmuşdur ki, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 56 saylı evin 57 saylı mənzili 2000-ci ilin iyun ayından İddiaçı mülkiyyətindədir. 19 oktyabr 2020-ci il tarixdə iddiaçının övladı Cavabdeh2 ilə Cavabdeh1 ailə həyatı qurduqdan sonra İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 56 saylı evin 57 saylı mənzilində yaşamağa başlamışdır. Həmin vaxt Cavabdeh1 özü ilə birlikdə gətirdiyi əşyalarını (1 ədəd şifonyer, 1 ədəd trümo, 1 ədəd taxt, 2 ədəd dolabça, 1 ədəd masa, 6 ədəd miz, 1 ədəd balaca servant, 1 ədəd beşik, 1 ədəd uşaq dolabı, 1 ədəd notebook, özünə məxsus qab-qacaq) da iddiaçıya məxsus olan mənzildə yerləşdirmişdir. İddiaçı yaşlı və xəstə adamdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, bir müddət sonra gəlini Cavabdeh1 öz anası Cavabdeh3 da həmin mənzildə onlarla birgə qalmağa dəvət etmiş və Cavabdeh3 da onlarla birgə orada yaşamağa başlamışdır. Şirvan şəhər Məhkəməsinin 03 fevral 2025-ci il tarixli 2(032)-92/2025 saylı qətnaməsi ilə Cavabdeh1 ilə oğlu Cavabdeh2 arasında nikahları da pozulmuşdur. Lakin bütün bunlara baxmayaraq həm oğlu Cavabdeh2, həm keçmiş gəlini Cavabdeh1, həm də Cavabdeh1 anası Cavabdeh3 hazırki vaxta qədər İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 56 saylı evin 57 saylı mənzilinə tez-tez gəlir və orada yaşayırlar. Bunun nəticəsində Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan öz əmlakından maneəsiz istifadəsinə mane olurlar. Bu da iddiaçının dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarının pozulması deməkdir. İddiaçı hüquqlarının müdafiə edilməsi üçün «Ekol» Vəkil Bürosu ilə müqavilə bağlayaraq, müvafiq hüquqi yardım göstərilməsi üçün həmin vəkil bürosuna 1.000 manat xidmət haqqı ödəmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi (vəkil) X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəməyə teleqram vuraraq, iddianı etiraf etdiyini bildirmiş, mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən teleqramı nəzərə alaraq mülki işə Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, o, iddiaçının oğlu ilə nikaha daxil olduqdan sonra həmin evə köçərək yaşamağa başlamışdır. Həmin vaxt onu həmin evə qeydiyyata salmamışlar və bildirmişlər ki, onlara məcburi köçkün kimi Ağdamda ev veriləcək. Hazırda boşansalar da, o evdə uşağı ilə birlikdə yaşayır. Evdə tək qalmaması üçün anası Cavabdeh3 da gəlib onunla birlikdə həmin evdə yaşayır. Cehiz əşyaları da həmin evdə yerləşdirilmişdir. İddianı qəbul etmir, çünki onun uşağı var, yaşamağa başqa yeri yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 03 iyun 2000-ci il tarixli ÖM seriyalı 039940 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 56 saylı evin 57 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 198 saylı reyestr kitabının 29470 saylı səhifəsində 30/10522 saylı qeydiyyat aparılmışdır. Şirvan Şəhər Məhkəməsinin 03 fevral 2025-ci il tarixli 2(032)-92/2025 saylı qətnaməsindən və həmin məhkəmənin 17 fevral 2025-ci il tarixli e-2(032)-92/2025 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı «nikahın pozulması» tələbinə dair iddia ərizəsi təmin edilmiş, tərəflər arasında xx.xx.2020-ci il tarixdə 1548 nömrə ilə 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzi qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulmuş, tərəflərin birgə nikahından olan övladlarının ananın yanında saxlanması və aliment tutulması ilə bağlı məsələ həll edilmişdir. Qətnamədən müəyyən edilir ki, Murad Cavabdeh1 Yunusova ilə xx.xx.2020-ci il tarixdə nikaha daxil olduqdan sonra arvada Səfərli soyadı verilmişdir. Məcburi köçkün vəsiqəsindən görünür ki, iddiaçı Ağdam rayonundan məcburi köçkün olmaqla, dövlət rüsumu ödəməkdən azaddır. “Ekol” Vəkil Bürosunun hesabına edilmiş ödəniş qəbzindən görünür ki, vəkil Nümayəndə vəkil xidmətinə görə 1.000 manat məbləğində pul İddiaçı tərəfindən hesaba ödənilmişdir. “Elektron Məhkəmə” İnformasiya Sisteminin məlumatlarından görünür ki, Cavabdeh1 və Cavabdeh3 Şirvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadırlar. Tətbiq edilən hüquq: Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.1-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddasində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə işin müəyyən edilmiş halları ilə bağlı qeyd edir ki, iddiaçını tələbi öz oğlu Cavabdeh2, oğlunun keçmiş arvadı Cavabdeh1 və Cavabdeh1 anası Cavabdeh3 qarşı yönəlmişdir ki, iddiaçının oğlu Cavabdeh2 məhkəməyə teleqramla müraciət edərək iddia tələbini qəbul etdiyini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh2 qeyd edilən etirafını qanunvericiliyin tələblərinə zidd hesab etmir və bu baxımdan iddianın etirafını qəbul edir. Məhkəmə iddia tələbinin Cavabdeh1 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmaları hisəssini əsaslı hesab edərək qeyd edir ki, Cavabdeh1 mülkiyyətçinin ailə üzvünün keçmiş ailə üzvüdür, Cavabdeh1 mülkiyyətçinin ailə üzvü ilə nikahda olmasından irəli gələrək iddiaçının mülkiyyətində olan mənzilə köçməsi həmin dövrdə tərəflərin iradələrinə uyğun olsa da, hazırda Cavabdeh1 ilə mülkiyyətçinin oğlu Cavabdeh2 arasında nikah pozulmuş və Cavabdeh1 həmin mənzildə yaşamasına faktiki və hüquqi əsas aradan qalxmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Cavabdeh1 və onun anası Cavabdeh3 iddiaçıya məxsus mənzildə yaşamaları qanunsuz olduğundan onlar həmin mənzildən çıxarılmalıdırlar. Həmçinin iddiaçının mülkiyyətində olan mənzildə cavabdehlərin olması əsassız olduğu kimi onlara məxsus əşyaların da saxlanması əsassız hesab edilməlidir. Məhkəmə bu qənaətə gəlir ki, iş üzrə Cavabdeh1 və Cavabdeh3 mülkiyyətçinin ailə üzvü statusuna malik olan şəxslər deyillər. Bu səbəbdən, iddia cavabdehlərin və onların əşyalarının mənzildən çıxarılmasına dair hissədə əsaslıdır. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə qətnaməsinin icrasının tam təmin edilməsi baxımından cavabdehlər həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaqla həmin mənzil iddiaçıya təhvil verilməlidir. Məhkəmə iddianın bu qaydada təmin edilməsini Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin müddəaları baxımından məqsədəuyğun hesab edir. Məhkəmə iddia tələbinin mülkiyyətçinin öz mənzilinə köçürülməsi hissəsi ilə bağlı bildirir ki, mülkiyyətçinin öz mülkiyyətindən sərbəst istifadə, sahiblik hüquqları və sərəncamvermə səlahiyyəti qanunla qorunur və bunun həyata keçirilməsinə maneə də yalnız qanunla məhdudlaşdırıla bilər. Hazırki halda mülkiyyətçinin öz mənzilinə köçürülməsi tələbi əlavə icra tələb etməyən hal olduğundan belə bir tələbin məhkəmə qaydasında irəli sürülməsinə zərurət yoxdur. Məhkəmə iddia tələbinin vəkilə çəkilən xərcin cavabdehlərdən iddiaçının xeyrinə tutulması hisəssi ilə bağlı qeyd edir ki, iddia ərizəsinin tərtib olunması, sənədlərin toplanması, məhkəmə iclaslarında iştirak üçün sərf edilən zaman (konkret hallar və təqdim edilmiş məlumatların qiymətləndirilməsi) nəzərə alınmaqla hüquqi yardıma görə cavabdehlərdən tutulmalı ağlabatan məbləğ 500 manat təşkil edir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 56 saylı evin 57 saylı mənzilindən çıxarılmalı; Cavabdeh1 məxsus cehiz və şəxsi əşyaları olan 1 ədəd dolab (şifoner), 1 ədəd trümo, 1 ədəd taxt, 2 ədəd dolabça, 1 ədəd masa, 6 ədəd miz, 1 ədəd balaca servant, 1 ədəd beşik, 1 ədəd uşaq dolabçası, 1 ədəd notebook və qab-qacaq dəsti iddiaçının mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 56 saylı evin 57 saylı mənzilindən çıxarılmalı və mənzil iddiaçıya təhvil verilməli; hüquqi yardım göstərilməsi üçün xərc kimi qeyd olunan 1.000 manatın 500 manat hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 56 saylı evin 57 saylı mənzilindən çıxarılsınlar və mənzil İddiaçı təhvil verilsin. Cavabdeh1 məxsus cehiz və şəxsi əşyaları olan 1 ədəd dolab (şifonyer), 1 ədəd trümo, 1 ədəd taxt, 2 ədəd dolabça, 1 ədəd masa, 6 ədəd miz, 1 ədəd balaca servant, 1 ədəd beşik, 1 ədəd uşaq dolabçası, 1 ədəd notebook və qab-qacaq dəsti iddiaçının mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 56 saylı evin 57 saylı mənzilindən çıxarılsın. Vəkilə çəkilən xərcə görə 500 (beş yüz) manat cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar