Məhkəmə qərarları › İş №e-2(006)-2626/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2626/2023

21.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2626/2023 21.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı - Mirkişiyev Nurlan Ramiz oğlunun, Cavabdehin nümayəndəsi - Məmmədov Məmməd Əhməd oğlunun iştirakları ilə, İddiaçı Mirkişiyev Nurlan Ramiz oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mirkişiyev Nurlan Ramiz oğlu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təhlükəsizlik qaydalarına kifayət qədər əməl edilməməsi nəticəsində ona vurduğu maddi zərərin əvəzi kimi 8500 manat, habelə mənəvi zərərin əvəzi kimi 8500 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Mirkişiyev Nurlan Ramiz oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, uzun müddətdir ki, cavabdehə məxsus plastik kartlardan (həm kredit, həm debet) istifadə edir. Kartların balansında həm özünə məxsus pul vəsaiti, həm də bank tərəfindən kredit verilmiş vəsait mövcuddur. Bütün bu kartları alan zaman onunla bank arasında istər əyani şəkildə, istərsə də onlayn qaydada müqavilə imzalanmışdır. 18 aprel 2023-cü il tarixdə ona “Whatsapp” tətbiqi vasitəsilə +**********5 mobil nömrəsindən mesaj gəlmiş, mesajda onun Lalafo.az saytında satış üçün yerləşdirdiyi mebeli almaq istəyi bildirilmişdir. Məhsulun hələ də satışda olduğunu bildirdikdə, qarşı tərəf Neftçala rayonunda yaşadığını, məhulu "xxxx"un kuryeri vasitəsilə götürə biləcəyini demiş, etiraz etməmişdir. Bundan sonra həmin şəxs ona internet saytı göndərərək, həmin sayt vasitəsilə ünvanı və pulu köçürməsi üçün bank kartının üzərindəki son 4 rəqəmi qeyd etməyini istəmişdir. Həmin sayta telefonu vasitəsilə daxil olduqda açılan saytın vizual görüntüsü həqiqətən də Azərpoçtun saytını xatırlatmış, hər ehtimala qarşı özünə məxsus, "xxxx" ASC-yə aid, hesabında pul olmayan, sonu 2277 nömrə ilə bitən kartının son 4 rəqəmini həmin sayta daxil etmişdir. Kartın üzərindəki rəqəmlərdən son 4 rəqəmi məxfi məlumat deyil. Məhkəməyə sübut kimi təqdim etdiyi çıxarış məlumatlarında da kartının hətta ilk 6 və son 4 rəqəmi görünür, digər rəqəmlər gizlədilmiş şəkildə əks olunmuşdur. Kartının son 4 rəqəmini daxil etməyindən təxminən 3-5 dəqiqə sonra telefonuna "xxxx"a məxsus nömrədən 3DSecure (təhlükəsizlik) kodları sms şəklində daxil olmuş, heç bir əməliyyat etmədiyi halda ilk öncə hansı səbəblə olduğu bilinmədən kodu təsdiqləməsi, sonrakı smslərdə isə ona məxsus və "xxxx" ASC-yə aid digər kart hesabından pulun çıxarılması ilə bağlı məlumatlar daxil olmuşdur. Məsələ daha dəqiqliyi ilə bundan ibarətdir ki, telefonuna bank tərəfindən təqdim edilmiş 3D-Securexidməti tərəfindən göndərilmiş ilk SMS-də təhlükəsizlik kodunu daxil etməyi istənilmişdir. Təbii ki, əməliyyat etmədiyi üçün bu kodu daxil etməmişdir. Daha doğrusu, buna macal tapmamış ikinci əməliyyatla bağlı SMS almışdır. İkinci SMS-də artıq ona məxsus olan "xxxx" ASC-yə aid digər bank kartından (sonu 0696 olan), hansı ki, bu kart barəsində “Məhsulu alan şəxsə” ümumiyyətlə məlumat verməmiş, sonu 2277 nömrəli kartına 9500 manat pulun köçürülməsini təsdiq etməyi üçün təhlükəsizlik kodu göstərilmişdir. Təbii ki, bu əməliyyatı da təsdiqləməmiş üçüncü əməliyyatla bağlı SMS almışdır. Üçüncü SMS-də 0696 nömrəli kartından 2277 nömrəli kartına köçürülmüş 9500 manat puldan 8500 manatı M10 (ölkədaxili tətbiq) hesabına köçürülməsi qeyd edilmişdir. Yekun nəticə bundan ibarətdir ki, tanımadığı şəxs və ya şəxslər "xxxx" ASC-də olan hesablarına giriş əldə etmiş, iradə ifadəsi mövcud olmadan hesabları arasında 9500 manatlıq köçürmə əməliyyatı aparmış, sonda isə kartından 8500 manat məxaric edilmişdir. Bütün bu SMS bildirişlər bank tərəfindən ona 1 dəqiqə içində ard-arda göndərilmiş, SMS-lərdə göstərilən təsdiqləmə kodları tərəfindən qətiyyən daxil edilməmişdir. Baş vermiş cinayət hadisəsi ilə əlaqədar həmin anda cavabdehin qaynar xətti ilə əlaqə saxlayaraq məlumat verdikdə, cavabdehin əməkdaşı köçürmənin ölkədaxili hesab üzrə aparıldığını, narahat olmamağını, 5 iş günü ərzində əməliyyatın təsdiqlənmə zərurəti olduğunu və pulunun geri qaytarılacağını bildirmişdir. Bununla kifayətlənməyib dərhal DİN-nin 102 xidmətinə də məlumat vermişdir. Cinayət hadisəsini törətmiş şəxslərin tapılması üzrə Abşeron Rayon Polis İdarəsində ərizəsi üzrə cinayət işi istintaqı başlamışdır. Hazırki iddiasının banka yönəlməsində əsas ondan ibarətdir ki, bank onun hesabları üzrə məlumatlarını gizli saxlamalı olduğu halda, bu təhlükəsizliyin təmin edilməsi üçün kifayət qədər addım atmamış, nəticədə cavabdehə aid bütün hesabları dələduzların əlinə keçmişdir. Və yaxud, hesabı üzrə onun iradəsi ziddinə əməliyyatlar məhz bankın özü tərəfindən icra edilmişdir. Cinayət əməlinin kim və ya kimlər tərəfindən törədilməsinin müəyyənləşdirilməsi nə mülki məhkəmə icraatının predmeti deyil, nə də onun vəzifəsi deyil. Bu məsələyə cinayət müstəvisində hüquqi qiymət veriləcəkdir. Lakin, bankın xidmətindəki bu boşluqlar nəticəsində ona 8500 manat maddi, eləcə də dəyəri pulla ifadə edilə bilməyəcək həddə mənəvi zərər dəymişdir. Mərhum atası 1-ci Qarabağ müharibəsi veteranıdır və 2012-ci ildə vəfat etmişdir. Banka etibar etdiyi pul vəsaiti ona dövlət tərəfindən verilmiş sığorta pulu (qan pulu) və özünün çətinliklə yığdığı vəsaitdir. Bu pulu bank hesabına daxil edərkən bankın daha etibarlı olduğunu düşünmüş, həmçinin bütün hesabları üzrə bank tərəfindən təqdim edilən “3DSecure” təhlükəsizlik xidmətini aktiv etmişdir. Yəni hesabları üzrə istənilən əməliyyat onun icazəsi (təsdiqləməyim) olmadan icra edilə bilməzdi. Hesabından onun təsdiqi olmadan pulun çıxarılması 3D-Secure xidmətinin lazımınca işləməməsi, bütün hesabları barədə üçüncü şəxslərin məlumat əldə etmələri isə Bankın təhlükəsizliyində problemlər olmasının ifadəsidir. Həmçinin, hadisə barəsində dərhal banka məlumat vermiş, aldığı cavabda 5 iş günü ərzində pulunun qaytarılması ilə bağlı tədbir görüləcəyi bildirilmiş (həmin danışıq həm bank tərəfindən, həm də onun telefonu ilə qeydə alınmışdır), lakin 5 iş gününün sonunda yenidən banka zəng edərək, nə tədbir gördüklərini maraqlandıqda, bankın əməkdaşı köçürmənin ölkədaxili əməliyyat olduğunu, pulun qaytarılması üçün yalnız polisə müracət etməli olduğu bildirilmişdir. Yəni, bank iki dəfə ayrı-ayrılıqda ziddiyyətli məlumat vermişdir. Bank kartının üzərindəki 16 rəqəmli kodun son 4 rəqəmi məxfi məlumat deyil. Ümumiyyətlə, bir çox ölkədaxili köçürmələr məhz kartın üzərindəki 16 rəqəm vasitəsi ilə həyata keçirilir. Bu rəqəmlərin əldə edilməsi heç də çətin olmur. İstənilən ödəmə terminalı (Milliön, Emanat və s.) qarşısında ödəniş qəbzləri onlarladır. Bütün bu qəbzlərdə də ödəniş edilmiş kartın ən azı son 4 rəqəmi öz əksini tapır. Hesabına bu 4 rəqəm vasitəsilə daxil olmaq mümkün olsaydı, o zaman minlərlə vətəndaşın hesabından bu kimi əməliyyatların edilməsi çox sadə olardı. Bütün bunların qarşısını almaq isə birbaşa olaraq Bankın öhdəliyi idi. Hesab edir ki, ona dəymiş mənəvi zərər vurulmuş maddi zərərdən az deyil. Belə ki, Birinci Qarabağ Müharibəsinin veteranı, mərhum qazi atasına görə ona dövlət tərəfindən verilmiş pulun məlum hadisələr nəticəsində oğurlanmasının onda, ailə üzvlərində necə stress yaşatdığı, onun utancdan ailəsinin üzünə baxa bilməməsi, gözünün önündə yaşlı anasının keçirdiyi hisslər və s. ən azı ona dəymiş maddi zərərlə bərabər tutulmalı, buna görə də, mənəvi zərərin həcmi də 8500 manat müəyyən edilməlidir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində qeyd edir ki, ona tanımadığı şəxs tərəfindən vatsap vasitəsi ilə zəng edilərək iddiaçı tərəfindən Lalafo.az saytına yerləşdirilmiş mebeli almaq istədiyini və bunun üçün onun dəyərini ödəmək niyyətində olduğunu bildirmişdir. Bundan sonra ona həmin şəxs tərəfindən "xxxx" MMC-yə məxsus internet səhifəsi göndərilmiş və iddiaçı həmin səhifəyə daxil olaraq içərisində pul olmayan kartına məxsus son 4 rəqəmi həmin saytda qeyd etmişdir. Bundan sonra ona məxsus digər kartdan pul çıxarılmışdır. Mirkişiyev Nurlan Ramiz oğlu Bankın müştərisidir. Həmçinin o, "xxxx" ASC-nin mobil bank tətbiqi olan “Birbank” tətbiqindən istifadə edir. Nurlan Mirkişiyev özünə məxsus olan +**********93 mobil nömrə ilə Birbank mobil tətbiqindən qeydiyyatdan keçmiş və təyinatı üzrə istifadə etmişdir. Lakin o, dələduz tərəfindən ona göndərilmiş linkə (sayta) daxil olmuş və kartının Pan nömrəsini və digər məlumatları həmin sayta daxil etmişdir. Dələduz isə Nurlan tərəfindən sayta daxil edilmiş məlumatlardan (həmçinin onun tərəfindən dələduza verilmiş məlumatlardan) istifadə edərək onun Birbank qeydiyyatını başqa cihaza (İphone 12) dəyişmişdir. Birbank tətbiqinin qeydiyyatını dəyişmək üçün təsdiq kodu mütləq şəkildə qeyd edilməlidir. Əks halda dəyişiklik baş tutmayacaqdır. Bankdaxili yoxlama aparılarkən sözügedən kodun Nurlan Mirkişiyevin +**********93 mobil nömrəsinə xx.xx.2023-cü il tarixində göndərildiyi məlum olmuşdur. Əldə edilmiş gizli məlumatlar vasitəsi ilə dələduz, Birbank mobil tətbiqinin qeydiyyatını başqa cihaza dəyişərək iddiaçıya məxsus bank kartları vasitəsi ilə əməliyyatları icra etmiş və pul vəsaitini “M10” tətbiqi vasitəsi ilə Banka məlum olmayan hesaba köçürmüşdür. Əməliyyatların icrası zamanı iddiaçıya 3D təhlükəsizlik kodları göndərilmişdir. İddiaçının qeyd etdiyi formada, yəni kartın yalnız son dörd rəqəmini qeyd etməklə bu tipli dələduzluq əməliyyatının icrasını təmin etmək mümkün deyil. Bunun üçün zəruri digər məlumatların da təqdim edilməsi mütləqdir. İddiaçı isə işin faktiki halları ilə əlaqədar natamam məlumat təqdim etməklə təqsirini gizlətməyə cəhd etmişdir. Bank lazımi təhlükəsizlik tədbirlərini görmüş, lakin iddaçının təqsirli hərəkətləri nəticəsində dələduz ona məxsus gizli saxlanılmalı olan kart məlumatlarını və şifrələri əldə etmiş və Birbank mobil tətbiqinin qeydiyyatını dəyişərək iddiaçının kartlarından istifadə etmiş və həmin kartlarda olan vəsaiti mənimsəmişdir. Belə olduğu halda iddiaçının təqsirli hərəkətləri nəticəsində ona məxsus Birbank tətbiqindən istifadə edilərək götürülmüş vəsaitin hazırda Bankdan tələb olunması əsassızdır. Məhkəmə iclasında iddiaçı Mirkişiyev Nurlan Ramiz oğlu iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Məmmədov Məmməd Əhməd oğlu iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bank kartlarından görünür ki, 4169-7578-5494-2277 saylı və 4169-7388-6820-0696 saylı bank hesabları iddiaçıya məxsusdur. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus 416975******2277 saylı bank hesabından 8500 manat məbləğində vəsait silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında qeyd etmişdir ki, “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.” Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehdə olan iddiaçıya məxsus 4169-7578-5494-2277 saylı bank hesabından 8500 manat məbləğində vəsait silinmişdir. Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlilləri ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Cavabdehdə olan iddiaçıya məxsus bank hesabından silinmənin məhz cavabdeh tərəfindən həyata keçirilməsi, yəni səbəbli əlaqənin olması sübuta yetirilmədiyindən cavabdeh göstərilən hadisəyə görə təqsirli hesab oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə hesab edir ki, iddia üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün tələb olunan şərtlər hazırki mübahisə üzrə mövcud olmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı Mirkişiyev Nurlan Ramiz oğluna aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar