Məhkəmə qərarları › İş №e-2(006)-2634/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2634/2025

19.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2634/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 64 saylı evin 19 saylı mənzilindən qeydiyyatdan çıxarılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya mənzilə istifadə hüququnun itirilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun həmin maddəsinin məzmununa görə şəxs yaşayış yeri üzrə qeydiyyatdan həmin Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanları tərəfindən çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair (məcburetmə haqqında iddia) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən iş ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırkı tələbə ümumi məhkəmədə baxıla bilməz. Çünki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin məzmununa əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması, onun həmin yaşayış sahəsinə istifadə hüququnun olmadığı təqdirdə, inzibati orqanın funksiyalarını icra edən müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Belə olan halda, iddiaçıya izah edilməlidir ki, o, cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə müvafiq Polis İdarəsinə müraciət etmək, həmin dövlət orqanının vəzifəli şəxsinin qərar və ya hərəkətlərindən (hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə tələbinə uyğun iddia ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. İddiaçıya müvafiq tələblə əlaqədar müvafiq qeydiyyatı aparan orqana (Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə) və inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malik olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("Hökumət ödəniş portalı", qəbz nömrəsi: **********, tarix: xx.xx.2025, saat: 09:22:00) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, o, müvafiq tələblə əlaqədar inzibati orqana və ya məhkəmə aidiyyəti üzrə müraciət etmək hüququna malikdir. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar