Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2679/2023 03.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Azərişıq» ASC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azərişıq» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərişıq ASC-nin qanunsuz hərkətləri nəticəsində ona dəymiş maddi zərər kimi 3.500 manat, mənəvi zərərin əvəzi olaraq 2.500 manat məbləğində pulun, həmçinin dövlət rüsumu kimi ödənilmiş 80 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 mart 2023-cü il tarixdə Gədəbəy rayon Elektrik Şəbəkəsinin əməkdaşları sayğacda artıq kilometraj olmasını bəhanə gərirərək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşyış evinin elektrik xəttini kəsmişlər və sayğacın plombunu qırmışlar. Elektrik enerjisi ilə bağlı heç bir borcu yoxdur. Lakin, buna baxmayaraq heç bir əsas olmadan mülkiyyətində olan evin elektrik enerjisini bərpa etmirlər, artıq xeyli müddətdir ki, evdə işıq yanmır, soyuducuda olan məhsullar xarab olub, evdə elektrik enerjisinin olmaması maddi cəhətdən zərbə vurmaqla yanaşı, həmdə mənəvi cəhətdən də həm ona həmdə ailə üzvlərinə zərbə vurur. Həmçinin qeyd etmişdir ki, 2007-ci ildə də Gədəbəy rayon Elektrik Şəbəkəsinin əməkdaşları qanunsuz olaraq mülkiyyətində olan evin elektrik xəttinin kəsmişlər və onların qanunsuz hərəkətləri nəticəsində həmin dövrdə ona xeyli miqdarda ziyan dəymişdir. Məhz bu səbəblərdən də, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etməklə bildirmişdir ki, istifadə etdiyi elektrik enerjisinə görə vaxtında ödənişlər aparmış və heç bir borcu olmamışdır. Buna baxmayaraq fərdi yaşayış evinə elektrik xəttini 2008-ci ildə 1 il 3 ay müddətinə və 2023-cü ilin mart ayında 2 ay 4 gün müddətinə kəsmişlər. Sayğacın dəyişdirilməsinə etirazının səbəbi həmin sayğacda problemin olmaması ilə əlaqəli olmuşdur. Mənəvi zərərin tələb olunmasında səbəb isə ürəyində ciddi problemlərin yaranması olmuşdur. Məhkəmədə cavabdehin nümayəndəsi X7 işə mahiyyəti üzrə baxılmasını tələb etməklə, iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, "xxxx" ASC tərəfindən saygaclar yeni smart kart sayğacları ilə əvəzləndikdə istehlakçıların buna razılığı tələb olunmur. Köhnə sayğaclar laboratoriya şəraitində yoxlanılarkən sayğaca müdaxiləni müəyyən etmək mümkün olmur. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən əmlak İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan aktdan görünür ki, 01 mart 2023-cü il tarixdə İddiaçı mərhum həyat yoldaşının qara bayram adlanan yas mərasimi ilə əlaqədar Gədəbəy rayonu Arıqdam kənd sakini X2 630 manata 45 kq mal əti, 100 manata 10 kq pendir, 45 manat 30 litr qatıq, 30 manata 20 litr süd almışdır. Bundan başqa elə həmin tarixdə İddiaçı mərhum həyat yoldaşının qara bayram adlanan yas mərasiminin təşkili ilə əlaqədar Gədəbəy rayonu Sovetkənd sakini X1 540 manat 30 kq qoyun əti, Gədəbəy rayonu Arabaçı kənd sakini X4 600 manata 30 kq inək yağı, Gədəbəy rayonu Qumlu kənd sakini X6 isə 80 manata 200 ədəd yumurta və 150 manata 100 kq kartof almışdır. Həmçinin 01 mart 2023cü il tarixdə İddiaçı mərhum həyat yoldaşının qara bayram adlanan yas mərasimi ilə əlaqədar Gədəbəy rayonunda yerləşən Bazardan 40 manata 80 dəst göy-göyərti və 200 manat meyvə almışdır. Lakin 02 mart 2023-cü il tarixdə 04 may 2023-cü il tarixə kimi İddiaçı yaşadığı evən yəni ünvan 3 ünvanında yerləşən evdə işıq yanmadığından İddiaçı mərhum həyat yoldaşının qara bayram adlanan yas mərasimi ilə əlaqədar aldığı məhsullar xarab olmuşdur. Həmçinin evdə işıq olmadığı üçün İddiaçı məcbur olub işıq motorundan istifadəsinə görə 300 manata 300 litr benzin və 100 manata 20 litr maşın yağı almışdır. Həmçinin işıq olmadığına görə İddiaçı evində olan 2 ədəd soyuducudan biri xarab olmuş və həmin soyuducunun işlək vəziyyətə gətirilməsi üçün 200 manat pul lazımdır. Bundan başqa 2 ay 4 gün ərzində İddiaçı evində işıq yanmadığı üçün ailəsinin gündəlik təlabatlarını qarşılamaq 385 manat dəyərində ərzaq məhsulları, ət, meyvə və sair məhsullar almışdır. İş materiallarında olan qəbzdən görünür ki, **********00433 saylı abunə kodu üzrə (abunəçi İddiaçı) xx.xx.2023-cü il tarixə olan borc 2.92 manat qeyd edilmişdir. İş materiallarında olan Gəncə şəhər birləşmiş xəstəxanası publik hüquqi şəxs kardioloji xəstəxana tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə həmin xəstəxanada “dilatasion kardiomiopatiya QDÇİİİ F/s” diaqnozu ilə ambulator həkim müqayinəsində olmuş və xəstəyə uzunmüddətli müalicə təyin olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı evə elektrik enerji sayğacının dəyişdirilməsi zərurəti yaranmış, lakin iddiaçı buna etiraz etməklə onun əvəzləşdirilməsinə razılıq verməmiş, sonradan yaşadığı ünvana elektrik enerjisinin verilməsi dayandırılmışdır. İddia tələbinin mahiyyəti isə ondan ibarətdir ki, yuxarıda qeyd olunan əsaslar səbəbindən iddiaçının soyuducusunda mövcud olan ərzaqlar xarab olmaqla ona maddi zərər və bunun nəticəsi olaraq da ona və ailə üzvlərinə həmçinin mənəvi zərər də dəymişdir. Maddi zərərin əvəzinin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, iş üzrə iddiaçı cavabdeh tərəfindən ona ümumilikdə 3.500 manat məbləğində zərərin vurulmasını iddia etsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və onun qarşısında cavabdehin məsuliyyəti müəyyən edilməmişdir. İddia ərizəsinə qonşular tərəfindən tərtib edilmiş akt əlavə edilmişdir ki, məhkəmə həmin aktı sübut kimi mötəbər hesab etmir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Prosessual qənaət prinsipi baxımından məhkəmə iddia tələbinin “dəymiş mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi əsas yəni “dəymiş maddi ziyanın ödənilməsi” hissəsindən törəmə tələb olduğundan və həmin tələb təmin edilmədiyindən məhkəmə bu hissədə iddia tələbini təmin etməməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə araşdırması zamanı iddiaçı mənəvi zərərlə əlaqədar məhkəməyə sübut təqdim edə bilmədi. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “Azərişıq»ASC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-2679/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2679/2023
03.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver