Məhkəmə qərarları › İş №e-2(006)-3152/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3152/2022

30.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3152/2022 30.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, Əliyeva Aynurə, X6, X8 və X4 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, Əliyeva Aynurə, X6, X8 və X4 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsi, 21 saylı evin 49-cu mənzilindən çıxarılmaqla həmin mənzilin boşaldılması, həmçinin cavabdehdən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsi, 21 saylı evin 49-cu mənzili əvvəlcə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olmuşdur. Lakin, xx.xx.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsi, 21 saylı evin 49-cu mənzil İddiaçı xüsusi mülkiyyətinə keçmiş, eyni zamanda kredit kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi bağlanmış ipoteka müqaviləsinə əsasən həmin mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı mənzil üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixində dövlət reyestrində qeydə alınmış, bu barədə reyestrdən çıxarış verilmişdir. Mənzil hazırda İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlandığı tarixdən sonra Cavabdeh həmin mənzildə bir müddət orada yaşaması aralarında razılaşdırılmışdır. Lakin, sonradan dəfələrlə Cavabdeh mənzilin boşaldılması ilə bağlı dəfərlərlə xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də hazırda bununla bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Daha sonra İddiaçı xx.xx.2022-ci il tarixdə “tələbin həcminin dəyişdirilməsi barədə” ərizə təqdim edərək, cavabdehlər Cavabdeh, Aynurə Əliyevanın, X2, X5 və X3 İddiaçı mülkiyyətində olan Bakl şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsi, 21 saylı evin 49-cu mənzilindən çıxarılmaqla həmin mənzilin boşaldılması, həmçinin cavabdehdən məhkəmədə iddia qaldırmaq çün ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə dəqiqləşdirməni AR Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olduğundan icraata qəbul etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə yazılı teleqram ünvanlayıb, səhhətində yaranmış problemlə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 135 saylı reyestr kitabının 12490 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, satıcı-Cavabdeh ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 02 avqust 2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********67-05301-093008 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı-ipoteka qoyanın- İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olanxx.xx.2022-ci il tarixli, 13№-li "xxxx" MTK tərəfindən verilən cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsi 21 saylı evin 49-cu mənzilində hal-hazırda Cavabdeh, Əliyeva Aynurə, X6, X8 və X7 yaşayır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, ünvan 1 əvvəlcə hazırki iş üzrə Cavabdeh mülkiyyətində olmuş, daha sonra xx.xx.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, həmin mübahisəli mənzil Cavabdeh tərəfindən 270.000 manata İddiaçı satılmış və onun kredit müqaviləsinin təminatı kimi həmin mənzil elə həmin müqaviləyə əsasən də ipoteka saxlayan- "xxxx" ASC-yə ipotekaya qoyulmuşdur. Hal-hazırda həmin mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Hazırki iş üzrə cavabdehlər Cavabdeh (hazırki iş üzrə caavbdeh), Aynurə Əliyeva (arvadı), X6, X8 və X7 isə həmin mənzildə hal-hazırda yaşayırlar. Hazırda İddiaçı özünün xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 747-ci məhəllə, ev 21 ünvanında yerləşən 49 saylı mənzildən Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılmasını tələb edir. Həmin mənzil iddiaçıya satılsa da və mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsus olsa da, hazırda cavabdehlər Aynurə Əliyeva (arvadı), X6, X8 və X7 həmin mənzili boşaltmamışlar, mənzildən çıxmamışlar və iddiaçıya təhvil verməmişlər. Həmçinin bütün cavabdehlər göstərilən qanunun tələblərini pozaraq, hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmışlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənzilə mülkiyyət hüququ iddiaçıya keçdiyindən, cavabdehlərin hazırda iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları, mənzildən çıxmamaları və mənzilin boşaldılmaması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməli, mənzil cavabdehlərdən Aynurə Əliyeva (arvadı), X6, X8 və X1 qanunsuz sahibliyindən geri alınmalı, cavabdehlər Aynurə Əliyeva (arvadı), X6, X8 və X3 həmin mənzildən çıxarılmaqla mənzil boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh, Əliyeva Aynurə, X6, X8 və X7 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsi, 21 saylı evin 49-cu mənzilindən çıxarılmaqla həmin mənzil boşaldılmalı, iddia qaldırmaq üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh, Əliyeva Aynurə, X6, X8 və X7 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsi, 21 saylı evin 49-cu mənzilindən çıxarılmaqla həmin mənzil boşaldılsın. İddia qaldırmaq üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar