Məhkəmə qərarları › İş №e-2(006)-334/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-334/2025

20.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-334/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh “Mercedes Benz CLA 250” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 250 (iki yüz əlli) manat məbləğində sığorta ödənişi, ödənilmiş 30.00 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidməti haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Hyundai Tucson” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz CLA 250” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəcədə “Mercedes Benz CLA 250” markalı, ** SD *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq “Mercedes Benz CLA 250” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 250 manat məbləğində sığorta ödənişini həyata keçirmişdir. xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyinə görə iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən ödənilmiş 250 (iki yüz əlli) manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır.

3. Cavabdeh etiraz ilə məhkəməyə müraciət etmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

a) Məhkəmə prosesi:

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 məhkəmə iclasında iştirak etməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, işlərin çoxluğu ilə əlaqədar iddiaçı tərəfin məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Ali Məhkəmənin mövqeyinə əsasən, mülki hüquq pozuntusu nəticəsində zərər vurulmasının təsdiqi üçün inzibati xətanın törədilməsi ilə bağlı qərarın olması vacib deyildir. İş materiallarından məlumdur ki, cavabdeh hadisə vaxtı içkili olmuş və mülki hüquq pozuntusu törətmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib bildirdi ki, hadisə nəticəsində qarşı tərəfə çox az zərər dəysə də, o, 300 manat məbləğində pulu qarşı tərəfə (sevgilisinə, nişanlısına) vermişdir. O, evə gedəndən sonra pivə içmiş, buna görə də müayinənin nəticəsi düzgün olmamışdır. Yazılmış cəriməni isə maşını satan zaman məcbur qalıb ödəmişdir. Qeyd etdiklərinə əsasən, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının nümayəndəsinin ərizəsini, iddia ərizəsini və cavabdehin etirazını nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

8. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 15:00 dəqiqədə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli – “Hyundai Tucson” markalı, 10MK026 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdehdur, o, hadisə baş verən anda sərxoş olmuşdur. Yol-nəqliyyat hadisəsində “Mercedes Benz CLA250” markalı, 99SD250 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir (mülkiyyətçisi - X5, hadisə zamanı idarə edən X2).

9. xx.xx.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, saat 15:45-də edilmiş müayinə nəticəsində Cavabdeh sərxoş olması müəyyən edilmişdir.

10. Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında İXP ******* №-li, xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Cavabdeh həmin tarixdə saat 15:00-da “Hyundai Tucson” markalı, 10MK026 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1, 333.1 və 333.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir.

11. İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2021-ci il tarixli 099066 nömrəli sığorta aktından görünür ki, xx.xx.2020-xx.xx.2021-ci il ərzində icbari sığorta növündə sığortalanmış “Hyundai Tucson” markalı, 10MK026 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən xx.xx.2021-ci ildə törədilmiş sığorta hadisəsi nəticəsində “Mercedes Benz CLA250” markalı, 99SD250 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin məbləği 250 manat təşkil edir. Ödənişin verilmə üsulu köçürmə, faydalanan şəxsin X6 olması göstərilmişdir.

12. xx.xx.2021-ci il tarixli 7453 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC-nin hesabından “xx.xx.2021-ci il tarixli 099066 nömrəli sığorta aktına əsasən sığorta ödənişi” təyinatı ilə PAT********** nömrəli sığorta müqaviləsi üzrə X3 hesabına 250 manat məbləğində pul köçürülmüşdür.

13. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli hesabatdan görünür ki, “Mercedes Benz CLA250” markalı, 99SD250 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 250,00 (120 manat dəmirçi işi, 130 manat rəngsaz işi) manatdır.

14. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziyadan görünür ki, sərxoş vəziyyətdə yol-nəqliyyat hadisəsi törətdiyinə görə vurulmuş ziyanın ödənilməsi tələb edilmişdir.

15. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

16. İş materiallarında, həmçinin, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri və digər sənədlər də vardır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

17. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh mülkiyyətində olan “Hyundai Tucson” markalı, 10MK026 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin vaxt sözügedən nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari qaydada sığortalanmışdır.

18. Cavabdehin hadisə zamanı sərxoşluğu müəyyən edilmiş və o, hadisədə təqsirli bilinmişdir. Belə ki, inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli protokol tərtib edilərək, cavabdehin Azərbaycan Respublikası İXM-nin 327.1, 333.1 və 333.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə inzibati cərimə edilməsi qərara alınmış, cavabdehin özünün izahatına əsasən müəyyən edilmişdir ki, o, həmin cəriməni ödəmişdir.

19. Hadisə nəticəsində “Mercedes Benz CLA250” markalı, 99SD250 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 250 manat məbləğində zərərin əvəzi iddiaçı tərəfindən zərərçəkən şəxsə ödənilmişdir.

20. Hazırda iddiaçı cavabdehin sərxoşuluğuna görə onun təqsiri nəticəsində baş vermiş hadisə üzrə sığorta ödənişi kimi ödədiyi 250 manat məbləğində pulun subroqasiya qaydasında, həmçinin, məhkəmə xərcinin də cavabdehdən tutularaq ona ödənilməsini; cavabdeh isə sığorta hadisəsi nəticəsində müvafiq avtomobilə cüzi zərər dəydiyini, özünün qarşı tərəfə 300 manat pul verdiyini, habelə hadisədən sonra pivə içdiyinə görə sərxoş olmasının müəyyənləşdirildiyini mübahisələndirərək, iddianın təmin edilməməsini xahiş edirlər.

21. Məhkəmə araşdırmaları zamanı cavabdeh zərərin məbləğini mübahisələndirdiyindən, iş üzrə müvafiq ekspertiza təyin edilsə də, iş materialları Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən icrasız geri qaytarılmış, əlavə daha çox xərcə səbəb olacağından özəl qiymətləndirmə şirkətindən rəy (hesabat və s.) alınmasına isə zərurət olmamışdır.

c) Məhkəmənin mövqeyi:

22. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

23. Belə ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh yol-nəqliyyat hadisəsi zamanı sərxoş olduğundan, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və cavabdeh barəsində tətbiq edilmiş həmin cəriməni ödəmişdir. Belə olan halda, zərər çəkənə vurulmuş zərərin əvəzini ödəmiş sığorta şirkətinin cavabdehə qarşı subroqasiya qaydasında irəli sürdüyü hazırkı tələbi məhkəmə tərəfindən əsaslı hesab edilir.

24. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir.

25. Qeyd edilməlidir ki, cavabdeh qarşı tərəfin avtomobilinə daha az miqdarda zərər dəydiyini, lakin özünün 300 manat pulu ödədiyini bildirsə də, bununla bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, etirazının bu dəlilini sübuta yetirməmişdir. Bunun əksinə, iddiaçı iddia edilən zərərin mövcudluğuna dair tərtib edilmiş hesabatı və zərərçəkənə sığorta aktı üzrə ödənişin edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Cavabdehin etirazının əsaslarını sübut etməməsi ilə yanaşı, məhkəmə zərərin məbləğinin cüzi olması, lakin cavabdehin buna görə 300 manat ödəməsi dəlilini ağlabatan saymır. Lap cavabdeh iddia etdiyi kimi qarşı tərəfə 300 manat ödəmiş olsa da belə, bu, onun hadisədə təqsirli olmasını qəbul etməsinə dəlalət edir. Buna görə də cavabdehin hadisə zamanı ayıq olması, evə gələndən sonra alkoqol qəbul edib sərxoş olması və müayinə zamanı bu səbəbdən sərxoşluğunun müəyyən edilməsi barədə dəlillər də məhkəmə tərəfindən ağlabatan sayılmamaqla yanaşı, hadisədən cəmi 45 dəqiqə sonra keçirildiyi göstərilən tibbi müayinənin nəticəsi mötəbər hesab olunur.

26. Göstərilənlərə əsasən, məhkəmə cavabdehin dəlillərini əsassız və formal mülahizələr hesab edir. Əlavə olaraq məhkəmə qeyd edir ki, məhz yüksək təhlükə mənbəyinin sahibi tərəfindən hadisənin törədilməsi aşkar olduqda, həmin şəxs barəsində inzibati xəta icraatının başlanılmaması (iş materiallarında protokolun geri qaytarılmasına dair məhkəmə qərarları olduğundan) onun təqsirliliyini istisna etmir. Belə ki, mülki hüquq pozuntusu nəticəsində zərər vurulmasının təsdiqi üçün yalnız inzibati və ya cinayət məsuliyyəti ilə bağlı hər hansı qərarın olması vacib deyil. Zərərin vurulmasına dəlalət edən bütün digər sübutlar isə hazırkı işin materiallarında mövcuddur.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-21.2-ci maddə. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 926.1-ci maddə. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 936.1-936.2, 936.5-ci maddə. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddə. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddə. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddə. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

28. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Maddə 333.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Maddə 333.3. Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

29. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 25.1, 25.1.2. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

32. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

33. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

34. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa, iddia rədd edilir. Bu halda, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatır, əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına isə ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

35. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

36. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 250 (iki yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir.

37. Məhkəmə xərci ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, iddia təmin edildiyindən hazırki iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Nəticə:

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 250 (iki yüz əlli) manat məbləğində pul, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) bank xidmət haqqının əvəzi İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar